Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Akademikin direktor olduğu məktəb

 

Dünyada qeyri-adi məktəblərin sayı bir o qədər də çox deyil. Məktəblərin əksəriyyəti standart nəticələr almaqla standart tədris metodikalarından istifadə edirlər, lakin başqalarından çox  fərqlənən və haqqında əfsanələr qoşulan məktəblər də mövcuddur. Rusiya Federasiyasının Krasnodar diyarındakı Tekos kəndində məşhur Şetinin məktəbi  onlardan biridir.  Mart ayının əvvəllərində Rusiya Təhsil Akademiyasının akademiki, yenilikçi pedaqoq Mixail Petroviç Şetininin dəvəti ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun işçi qrupunun tərkibində onun direktor olduğu Rusiya Təhsil Akademiyasının federal ümumtəhsil müəssisəsində - Uşaq və yeniyetmələrin şəxsiyyətinin kompleks formalaşması üzrə lisey - internatda olduq.

Mixail Petroviç Şetininin adı mətbuat və televiziya sayəsində cəmiyyətin böyük heyranlıqla və sevinclə kəşf etdiyi yenilikçi-pedaqoqların pleyadasına aiddir. Onların dövrümüzdə meydana çıxmaları heç də təsadüfi deyildir: M.P.Şetininin axtarışları yeni pedaqogikanı - insan yetişdirmək haqqında elmin əleyhinə, yəni ictimai biliyin yeni sahəsində uzun illər elmə xidmət göstərən "durğunluq pedaqogikasının" əleyhinə  əməkdaşlıq pedaqogikasını  yaratmışdır. Bu cür dramatik əksdurma nəticəsində - dəftərxana qədər darıxdırıcı olan, uşağın və pedaqoqun şəxsiyyətini boğan məktəbin əvəzinə - uşaqların və yetkin insanların bərabərhüquqluluğu əsasında yeni məktəb təşəkkül tapır. Bəs hansı məktəb qalib gələcəkdir?  Bizim nöqteyi-nəzərimizcə, Şetinin təhsildə dahi kəşfə imza atmışdır. O, təhsilin yeni məzmununu kəşf etmişdir. O öz məktəbində, pedaqogika sahəsində həyat tərzini elə qurub ki, bu həyat tərzi təhsilin məzmununa çevrilmişdir. Əlbəttə, burada proqramlar, tədris fənləri var, uşaqlar riyaziyyatı və biologiyanı öyrənirlər, lakin bu materialdır və onun məzmununu Tekosun həyat tərzi təşkil edir. Evlərin tikintisi, qidanın əldə olunması, məskənin müdafiəsi və qorunması, incəsənət, qarşılıqlı ünsiyyət və s. Şetinin dərs prosesində müxtəlif uşaqların müstəsna fərdi templəri ilə irəliləmələrinə  nail olmuşdur. Buna görə də Şetinin məktəbinin şagirdi fizika fənnindən IX sinif proqramı üzrə təhsil alsa da, memarlığı ali məktəb proqramı əsasında öyrənə bilər. Bu isə fasiləsiz təhsil deməkdir. Bunu kim edə bilərdi? Bunu nəinki həyata keçirmək, düşünmək,   təsəvvür etmək belə çətindir. M.P.Şetininin yenilikçi metodikası kompleksli təhsilin məkanının yaradılması əsasında qurulmuşdur. Bu məkan yaradıcı şəxsiyyətin təşəkkülü üçün vacib olan həyati prosesləri   pedaqoji fəaliyyət sahəsinə, alınan bilikləri sərbəst qavranma atmosferinə daxil edir. Düşünmək olar ki, Şetininin  rəhbərlik etdiyi Uşaq və yeniyetmələrin şəxsiyyətinin kompleks formalaşması üzrə lisey - internatı ideya nöqteyi-nəzərindən A.S.Makarenkonun "məktəb-emalatxanası"nın davamıdır. Pedaqoji prosesin mərkəzində mənəvi-əxlaqi inkişaf dayanır. Yeni tipli məktəbin vəzifəsi bütün zəruri biliklərə, bacarıqlara, vərdişlərə və fəal sosial mövqeyə malik olan şəxsiyyəti tərbiyə etməkdən ibarətdir. M.P.Şetinin liseyinin çərçivələri daxilində şagirdlərin yaradıcı potensialını ardıcıl şəkildə açıqlayan proqramlar vəhdət təşkil edir: xüsusi təhsil - bədii, musiqili, xoreoqrafik, idman və əmək əsaslı. Fənlərinin tədrisi  "fənləri hərtərəfli öyrənmə"(poqrujenie) metodu ilə - müəyyən müddət ərzində hər bir fənnin konsentrasiyalı şəkildə öyrənilməsi ilə aparılır. İl ərzində şagirdlər hər fənni "hərtərəfli öyrənərək", bilikləri mürəkkəb sxemə əsasən (təxmini təsəvvürlərdən yaradıcı təsəvvürlərə kimi) mənimsəyirlər. "Fənn" dərsləri  "obrazlı" (musiqi, rəssamlıq) və "hərəki" (xoreoqrafiya, idman, əmək) dərslər ilə əvəz olunur. Şagirdlər pedaqoqun köməkçisinə çevrilir və məşğələlərin keçirilməsinə kömək edirlər. Qarşılıqlı tədris və kollektiv yaradıcı fəaliyyət yeni təhsil modelinin fərqli cəhətlərindən biridir. Şagirdə fərdi yanaşma müxtəlif yaşlı qrupların xeyrinə sinif-dərs sistemindən imtina etməyə kömək göstərir. Burada hər kəs məcburiyyət və qiymətləndirmə olmadan fərdi sürətlə təhsil alır. Fənlərarası əlaqələri açıqlayan və ətraf aləmin tam şəkildə qavranmasını formalaşdıran elmi tədqiqatların şagirdlər tərəfindən sərbəst keçirilməsi təşviq olunur.

Məktəbin tarixinə nəzər salsaq görərik ki, boş yerdə (sözün həqiqi mənasında, çünki Şetininin məktəbi boş yerdə inşa olunmuşdur) pedaqogikanın tamamilə yeni təşkili baş vermişdir. Mən xüsusi olaraq "yeni pedaqogika" deyil, "pedaqogikanın yeni təşkili" yazmışam. Heç də ona görə yox ki, Tekosda ilk dəfə olaraq bu pedaqogikaya inanaraq onun dərinliyini, təsirliliyini, bütövlüyünü, uşağa doğru yönəlməni hiss etdim. Mənim zənnimcə, Şetinin məktəbinin əsas xüsusiyyəti istənilən iş qarşısında cəsarətdən ibarət olub, Mixail Petroviç Şetinindən uşaqlara və müəllimlərə sirayət edir.  Şetinin məktəbinin şagirdləri, həqiqətən də, hər işin öhdəsindən gəlirlər.

Şetinin məktəbinin əsas ideyasını iki sözlə ifadə etsək, o zaman bu, Şəxsiyyətin inkişafıdır.  Bəli, bu fikir baş hərflə başlanır. Dərrakəli, soy-kökünü və təyinatını bilən şəxsiyyətin tərbiyə olunması - Vətənə xidmətdir. Sinergetika kimi fövqəl tapşırıq  postamentdə dalğalanan hər hansı bir şüar deyildir. Bu şüar məktəbin yüzlərlə gündəlik işlərində realizə olunur. Şetininçilər üçün yaşamaq - hər gün və hər dəqiqə inkişaf etmək imkanıdır. Eyni zamanda bütün istiqamətlərdə inkişaf etmək: məktəb və ali məktəb proqramının mənimsənilməsi, ağlın çoxcəhətliliyini inkişaf etdirmək bacarığı, ətrafdakı insanlarla münasibətlərin qurulması, gözəlliyin və ahəngdarlığın bu dünyaya  bəxş olunması.

Şetinin məktəbinin unikallığı hələ 1999-cu ildə UNESCO-nun onu dünyada ən yaxşı məktəb kimi elan etməsindən, sadəcə Rusiya Federasiyasının əməkdar müəllimi, professor, Rusiya Təhsil Akademiyasının akademiki, yenilikçi pedaqoq Mixail Petroviç Şetininin minilliyin ən görkəmli şəxsiyyətlərinin sırasına daxil olmasından ibarət deyildir. Şetinin məktəbinin unikallığı məktəbin müstəsna olaraq - dünyaya açılan, dünyadan ən yaxşılarını götürərək dünyaya ən yaxşılarını da  qaytaran sistem olmasından ibarətdir. Bu da pedaqogikanın ilkin arzusu - uşağın sərhədsiz inkişafı üçün şərait yaradan sevgi və xeyirxahlıqla zəngin olan məkanın yaradılmasında təzahür edir.

Şetinin liseyinin müəllimləri təlim prosesi haqqında "Öyrətmək" lazım deyil, - deyirlər.  "Bunun əvəzinə tədqiqatların aparılması ilə bağlı tapşırıq verilməlidir. Onun yerinə yetirilməsi üçün də vasitələrin verilməsi vacibdir". Burada ilk dərs və zəng yoxdur. Siniflərin əvəzinə - müxtəlif yaşlı uşaqların birlikləri (elmi-istehsalat pedaqoji birlikləri) fəaliyyət göstərir.

Müəllimlərin və daha inkişaf etmiş şagirdlərin arasından seçilmiş ekspert mütəxəssislər "modulları" - məlumatlarla zəngin və ideal şəkildə qavranan dərs materialını işləyib hazırlayırlar. Burada hər şey: həm böyük videoekranlarda nümunəvi sxemlər, həm planşetlər, həm də tədris filmləri kömək ola bilər. Fənn öyrədilmir, şagirdlər özləri fənni "hərtərəfli öyrənirlər"(poqrujenie). Bu diqqətin cəmlənməsini tələb edir, lakin bu cür hərtərəfli öyrənmələr nəticəsində şagird bir il ərzində orta məktəb kursunun bütün həcmini mənimsəyərək, onunla  bağlı istənilən imtahanı verə bilər.

Şetinin məktəbinin bir xüsusiyyəti də burada eyni zamanda hər kəsin - "öyrənənin" və "öyrədənin"  mövzunu qavramalarından ibarətdir - biliyini başqaları ilə də paylaş! Digər fənləri hərtərəfli öyrənən başqaları isə öz biliklərini səninlə paylaşacaqlar. Həmçinin nəinki dərsliyin məzmununu, eləcə də fənnin digər fənlər ilə qarşılıqlı əlaqəsini - yəni sistemli biliyi bütün müxtəlifliyi ilə təqdim edəcəklər. Bu prosesin necə maraqlı və rahat olduğunu, özüm də iştirakçısı olduğum 35 dəqiqəlik dərs - "poqrujenie" zamanı hiss etdim.

Geniş və işıqlı bir otaqda beş-altı masa qoyulub. Uşaqlar hər masanın ətrafında bir neçə cüt olaraq əyləşiblər. Dərsi bir müəllim idarə edir, ancaq dərs keçmir. Hər bir cüt isə müəllim və şagirddən ibarətdir. Məni bir cütlük öz yanına dəvət etdi. Əyləşdim. Şagirdi Vladislavla birgə ana dilini oyrənməyi təklif edən 13 yaşlı "müəllim" biologiya, kimya, fizika və ana dili fənləri arasında dərin inteqrasiya yaradaraq rus dilininin leksikasını mənə "mənimsətdi", həm də bir neçə dəqiqə ərzində!  Qeyri-adi bir dərs idi... Əsas müəllim isə 10 dəqiqədən bir suallar vasitəsilə (hər cütlüyə bir sual verərək) prosesi və şagirdlərin cavablarını dəyərləndirir. Məktəbin konsepsiyası elə qurulmuşdur ki, bütün biliklər fraqmentar deyil, bütöv olmalı və şagird planetdə baş verən bu və ya digər hadisələrin qarşılıqlı şəkildə əlaqədar olduğunu, bir-birilərinə təsir göstərdiklərini başa düşməlidir.

Elmləri sonradan da - ali məktəb səviyyəsində öyrənmək mümkündür. Şetinin məktəbi Rusiyanın bir sıra ali məktəbləri ilə qarşılıqlı fəaliyyət göstərir. Burada daimi işləyən müəllimlərlə yanaşı, nəinki ölkənin, eləcə də xarici ölkələrin iri ali təhsil müəssisələrinin mütəxəssisləri də məruzələr ilə çıxış edirlər.

Şetinin məktəbində adi məktəblərin tədris planlarında olmayan "fənlər" də mövcuddur. Məsələn, kulinariya. Burada uşaqlara aşpazlığı  öyrədirlər. Buna görə də hər bir şagird attestata əlavə kimi aşpaz-konditerin də diplomunu ala bilər. Və ya xalq sənətini götürək. Jostov və Xoxlom naxışlarını öyrətmək üçün  vilayətin istehsalat naxışları üzrə ustası şetininçilərin görüşünə gəlir. Belə çıxır ki, orta təhsildən savayı, hər bir şagird daha bir neçə peşəyə yiyələnərək minimum iki ali təhsil alır. Burada qavramaqda sərhəd yoxdur. Sən maraqlandığın hər şeyi öyrənə bilərsən və ən əsası - bu biliyi verən şəxsi tapa bilərsən.

Şetinin məktəbinin uşaqları bu cür gərgin dərs prosesinin öhdəsindən necə gəlirlər? Birincisi, Şetinin sistemi üzrə iş prosesində uşaq həm müəllim, həm də şagird rolunda çıxış edir. Sırf fərdi təhsil trayektoriyası hər kəsin müxtəlif potensialını açıqlayır. İkincisi, şagirdlərdən birinin dediyi kimi, "burada məlumatın qəbulu daha da sürətlənir" - yəni, sözsüz təqdirəlayiq ab-hava, həqiqətən də, yorulmaz tədqiqatçılar yetişdirir. Üçüncüsü, məktəb qaydalarından biri: bir dəqiqəni də unutmamaq. Tədris prosesinin ardıcıllığı materialın bütünlüklə qavranılmasına imkan verərək digər fənlərlə əlaqəli dərin və möhkəm təsəvvürləri formalaşdırır. Dördüncüsü, fəaliyyətin daimi əvəz olunması - fənnin dərinliyinə nüfuzetmə, rəqslər, əmək, sənət, döyüş sənəti, yenidən fənnin dərinliyinə nüfuzetmə, xor, idman məşğələləri gecəyə kimi davam edir, qavrama prosesini fəallaşdırır.

Lisey-internatda qədim, milli ənənələr gələcək məktəbin obrazının əsasını təşkil edir, lakin ən əsası  - bu, uşağa qarşı münasibət, tanınmış və qədim nəslin və ümumilikdə bütün bəşəriyyətin layiqli və səlahiyyətli nümayəndəsinə qarşı olan münasibətdir. Məktəb qeyri-stabil Qafqaz regionunda yerləşsə də, bu məktəbdə Baltikyanı ölkələrindən, Belarusdan, Ukraynadan, Rumıniyadan, Çexiyadan, Slovakiyadan, Qaraçay-Çərkəzdən və Rusiya Federasiyasının bir çox regionlarından gələn müxtəlif millətlərin nümayəndələri yaxşı münasibət qurmuşlar.

Buna görə də Şetinin məktəbində ağıllı, hazırlıqlı, mehriban və çox işgüzar  uşaqlar yetişir! Şagirdlərlə ünsiyyət zamanı müəyyən qədər təəccüblənirsən - onlarda gizlin yay kimi daxili təmizlik və ciddilik, buradan da hər bir sözə və hərəkətə xüsusi diqqət gizlənir.

Şetinin məktəbinin əsas prinsiplərindən biri kimi siniflərin olmamasını, müxtəlif yaşlı uşaqların eyni proqramı öyrənə bilməsini göstərmək olar. Hər şey materialın mənimsənilməsi sürətindən asılıdır. Dərs deyən müəllim yoxdur. Orada materialı mənimsəmiş uşaqlar dərs deyirlər, məşğələlərin həyata keçirilməsinin dəqiq sistemi, konkret vaxtı da yoxdur. Həmçinin məktəbdə ayrı-ayrı kabinetlər də yoxdur. Məşğələlər məktəbin ərazisindəki istənilən rahat məkanda  aparılır və bu məktəbdə qiymət müəyyən olunmur. Qarşılıqlı tədris şagirdlərə daimi informasiya mübadiləsində iştirak etmək imkanı verir. Müxtəlif sürətlə inkişaf edən istənilən yaşlı uşaqlar sinifdənxaric müəllimin köməyi ilə "sinxronlaşma" mərhələsindən keçir. Bu da onların təhsili və inkişafının sürətini kəskin şəkildə artırır.

Məzunların çoxu məktəbi 13-15 yaşlarında bitirir və ali təhsil müəssisəsinə daxil olurlar. Bir çoxları liseydə qalaraq dərs deyirlər.

İstənilən tədris modelinin əsas elementi məqsədin qoyuluşundan ibarətdir. Əgər məqsəd aydındırsa, o zaman biliklərin mənası vardır. Klassik, ənənəvi pedaqogikanın məqsədi  bilik, bacarıq və vərdişlərin verilməsidir. Bu, Y.A.Komenskiyə görə, qavrayışın üç səviyyəsidir. Birinci səviyyədə təfəkkür, ikinci səviyyədə yaddaş, üçüncü səviyyədə isə əllər işləyir. Qeyri-klassik, humanist pedaqogikanın məqsədi şəxsiyyətin inkişafından ibarətdir. Hər bir şagird xasiyyətin və istedadın səciyyəvi xüsusiyyətlərinin inkişafına şəxsən yönəlmişdir. Humanist pedaqogikanın metodiki əsasları müasir dövrün pedaqoqu, Rusiya Təhsil Akademiyasının akademiki, Ş.A.Amonaşvili tərəfindən "Həyat məktəbi" kitabında gözəl göstərilmişdir: "Sinergetik pedaqogika ənənəvi və humanist metodikadan ibarət olub, inamı oyadır və şagirdi mənəvi inkişafa doğru yönəldir".

Bu məktəbin nümunəsindən göründüyü kimi, əgər ənənəvi pedaqogika riyaziyyat kursunun öyrənilməsinin məqsədi kimi fənnin əsas anlayışları ilə tanışlığı, bu anlayışların mənimsənilməsini nəzərdə tutursa sinergetik pedaqogika dünyagörüşünün formalaşması, vətənpərvərliyin və milli şüurun, mənəvi başlanğıcın və şəxsiyyətin inkişafı, təhsil sisteminin yaradıcı quruculuğuna doğru yönəlmə, Vətənin mənfəəti naminə insanlara qulluq etmək cəhdi kimi məsələləri ehtiva edir. M.P.Şetininin lisey-internatının müəllimləri bu cür yanaşmadan pedaqoji tədris prosesi əsasında istifadə edirlər. M.P.Şetinin sinergetik pedaqogikanı obrazlı olaraq bu cür müəyyən edir: "Bizim zənnimizcə, biliyin əldə edilməsi, biliyin təqdim olunması və alınması kimi qarşılıqlı soyuq əlaqədə baş verə bilməz. Bu hər zaman emosional, birbaşa hüsn-rəğbət, birgə iştirak, birlikdə fikirləşmə tələb edən prosesdirE Əgər bilikdə sevgi, həqiqəti qavramaq cəhdi varsa, deməli, biliyin mənası vardır. Əgər bilik bütün digər hallarda həyatın işıqlı başlanğıcını təsdiq edirsə, deməli, bu bilik məhsuldar,  konstruktiv, qurucudur. Əgər bilik şəxsiyyəti möhkəmləndirir, inkişaf etdirirsə, deməli, biliyin mövcud olmağa haqqı vardır" .

Sinergetik metodologiya şagirdi üçölçülü məkanda təsvir edir. Absis oxu - dünyanın ən klassik, ənənəvi pedaqoji təsviridir. Ordinat oxu - qeyri-klassik, humanistdir. Fəzanın ənginliyinə doğru yönələn ox - sinergetik olub, həqiqətə daha yaxındır. Vətənə xidmət, yaxınının rifahı naminə  və əsas ümumi prinsipə xidmət bu oxun əsasını təşkil edir.

XIX əsrdə V.İ.Vernadski tərəfindən yeni "noosfera" termini daxil edilərək, şüurun bir sahəsi kimi şərh olunmuşdur. O, bizim nöqteyi-nəzərdən "eqreqor" anlayışına daha yaxın olub, ətraf məkanın psixosferası kimi çıxış edir. V.İ.Vernadski yazır: "İnsan ilk dəfə olaraq real şəkildə anladı ki, o - planetin sakinidir. O, nəinki ayrıca şəxsiyyət, ailə və ya nəsil, dövlət və ya ittifaq aspektindən, eləcə də planetar aspektdən də düşünməli və hərəkət etməlidir. Təbiətin məhvinin cəmiyyət üçün nəinki iqtisadi zərərə, eləcə də mənəvi ziyana səbəb olduğunu  və bizim təbiətə münasibətimizdən nəsillərin gələcəyinin asılı olduğunu hiss etməmək olmur".

Noosfera mədəniyyəti, dünyagörüşü, noosfera məktəbi, təhsili və tərbiyəsi, mənəvi internet və ona adekvat olan elektron təhsili - açar sözlər olub, onların təməli üzərində üçüncü minilliyin məktəbi qurulur və onun həyat tərzini əcdadlarımız bir sözlə ifadə edir - tərz.  Bizim dövrümüzün demokratik səviyyəli təhsil sistemi bütün vətəndaş cəmiyyətinin maraqlarına xidmət edir, yeniyetmələri ideoloji, dünyagörüşü planında  (hökmranlıq və xalqçılıq) və ya "sabitlik - qayda - inkişaf" planında tərbiyə etmir, yalnız sırf praktiki tapşırıqlar qoyur: biliklərin əldə olunması şəxsi mənfəətlərə nail olmaq üçün şəxsi məqsəd kimi çıxış edir, lakin dəyərlər ilk növbədə, ideoloji, daha sonra isə idraki və intellektual olmalıdır.

Təhsil son iyirmi-otuz il ərzində yeganə ideyaya istinad edir. Bu ideyaya əsasən dünya haqqında məlumatın alınmasının yeganə metodu - elmi metod olub və demək olar ki, bütün aparıcı pedaqoqlar uzun illər ərzində mənasız təhsil proqramlarını tərtib etmişdilər.  Ş.A.Amonaşvilinin qeyd etdiyi kimi, yalnız L.N.Tolstoy, C.Dyui, Y.Korçak, R.Ştayner və K.Uşinski elmi fənlərin öyrənilməsinə məktəb təhsilində daha sadə yer ayırırdılar. Bəlkə bizim təhsil sistemində də məzmunun sadələşdirilməsinin, yüngülləşdirilməsinin vaxtı çatıb?

Uşaq və yeniyetmələrin hərtərəfli kompleks formalaşması üzrə lisey-internat məktəbində məktəbin direktoru, Rusiya Təhsil Akademiyasının akademiki M.P.Şetinin buna artıq nail olmuşdur.       

M.P.Şetininin lisey-internatında hər iş yüksək peşəkarlıqla yerinə yetirilir. O, deyir: "Hər işi keyfiyyətlə yerinə yetirmək - bu, təhsilimizin və həyatımızın sistemi, metodologiyasıdır. Döşəməni yumaq, kartofu təmizləmək, elmi yaratmaq, ona yiyələnmək - bir sözlə, hər bir işdə yüksək keyfiyyətli nəticələrə nail olmaq lazımdır. Əbədiyyət anlardan yaranır və hər bir anı faydalı işlə məşğul olmaqla yaşamaq lazımdır".

Lisey şagirdlərinin təxminən üçdə-biri 12-15 yaşlarında tam orta məktəbi bitirmək haqqında diplom alaraq pedaqogika, tarix, hüquq və memarlıq-tikinti ixtisası üzrə ali məktəb proqramlarını mənimsəyirlər. Onlardan bir qismi 16-18 yaşlarında ali təhsil müəssisəsini bitirmək haqqında diplom alaraq, digərləri qiyabi aspirantura vasitəsilə ixtisaslarını artırır və namizədlik dissertasiyalarını müdafiə edirlər. Lisey-internat Şimal-Qafqaz regionunun, eləcə də Rostovun, Çelyabinskinin, Tomskun, Sankt-Peterburqun və Moskvanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlığı həyata keçirir.

M.P.Şetinin  müəllimləri uşaqlara düzgün fikirləşməyi, elmi-təcrübələr keçirməyi və mürəkkəb məişət problemlərini həll etməyi öyrətməyin vacibliyini dərk edir. Hazırda lisey-internatda fizika, kimya və biologiya laboratoriyaları fəaliyyət göstərir və burada lisey şagirdləri yaradıcı və mental qabiliyyətlərini nümayiş etdirirlər. Tədris proqramları tədris materialının  səviyyələrə əsasən öyrənilməsini nəzərdə tutur və onlar şagirdlərin yaş qruplarına uyğun olur. Hər bir səviyyədə ümumilikdə bütün mövzunun öyrənilməsi nəzərdə tutulmuşdur. Şagirdlərin yaş səviyyələrindən asılı olaraq, təlim planlaşdırılır (fərdi inkişaf planı), orta məktəb kursu ərzində dövlət proqramının tələbləri səviyyəsində, məsələn, bütün riyaziyyatın hərtərəfli öyrənilməsi nəzərdə tutulur. Yaş həddindən, hazırlıq və fəallıq səviyyəsindən asılı olaraq şagirdlər bu və ya digər səviyyəli proqramı öyrənirlər. "Potensialların yaşa görə müxtəlifliyi" müəyyən təhsil gərginliyi yaradaraq, hər bir məktəblinin qabiliyyətini maksimal səviyyədə realizə etməyə imkan  verir. Sinergetika komponenti tədris fəaliyyətinin məqsədlərini dərk etməklə əlaqədar məsələlərin geniş dairəsini əhatə edir. Şagirdlərin refleksləri tədris işini nəinki gələcək tələbatlara istinadən, eləcə də bu günün tələblərinə əsasən qurmaqda kömək edir.

Ənənəvi məktəb baş-beynin sol yarımkürə mərkəzləri üçün gərginliyin qeyri-bərabər qaydada paylanmasında və verbal-səs təfəkkürünün inkişafına əsasən ixtisaslaşır. Bu, V.F.Bazarnının qeyd etdiyi kimi, uşaqların sağlamlığı üçün zərərli olmaqla, bir sinifdən digər sinfə keçid zamanı daha tez yorulmalarına səbəb olur. Beyin yarımkürələri narahat vəziyyətdə olur və sönür; sol yarımkürənin fəaliyyəti, cəbri təfəkkür geri qalır. Sağ yarımkürə - intuitiv, obrazlı, yaradıcı təfəkkür isə adi məktəbdə heç oyanmır. Bu, M.P.Şetinin məktəbinin müəllimlərinin yaradıcı kollektivi tərəfindən yaxşı başa düşülür. Buna görə də dərs ilinin planında obrazlı-emosional və zehni dövrün fənləri bərabər qaydada təqdim olunur.

M.P.Şetinin məktəbi sözün əsl  mənasında icmadır. Bu lisey-internat böyük kəndli ailəsini xatırladır və bu ailədə ən balaca ailə üzvünə böyük diqqətlə və məhəbbətlə yanaşırlar. Məktəbdə siniflər və eyniyaşlı uşaqların qrupu, zənglər, dərslər yoxdur - sanki burada sakit ev şəraiti hökm sürür. Ümumi maraqlar, məqsədə doğru canatma, ruh yüksəkliyi, yaxınına məhəbbət, qarşılıqlı yardım, nizam-intizam və mütəşəkkillik, Vətən hissinin yüksək anlamı və valideynlərin, əcdadların, babaların xatirəsinə hörmət; paxıllıq, nifrət və şöhrətpərəstlik hissinin  olmaması - lisey-internatda dini birlik, dini iman ab-havası yaradaraq insanı, ətraf mühiti və məktəbin bütün kollektivini vahid bütövlük kimi əlaqələndirir. Həvəs ab-havasında mürəkkəb tədris prosesində sinergetik-icma pedaqogikası uşağı sevgi ilə doydurmağa cəhd edir və məhz o, öz gücünə inanmağa sövq edərək, onun mənəvi inkişafına yardım göstərir.

Məktəbin həyatını, müəllim və şagirdin qarşılıqlı münasibətlərini müşahidə edərkən Mixail Petroviçin artıq diqqət cəlb etmədən şagirdinə necə yanaşdığının, onu qucaqladığının, yeniyetməyə uzun müddət  sakitcə nəyi isə izah etdiyinin və onunla öz oğlu arasında heç bir fərq qoymadığının şahidi oldum. Sevgi ab-havası, Tekosun güclü kollektiv birliyi lisey-internatın məkanını zənginləşdirir. "Tekos" sözü çərkəz dilində - "gözəllik vadisi" deməkdir: qəsəbə möhtəşəm Qafqaz dağlarının arasında Gəlinciyin yaxınlığında yerləşmişdir.

Bəli, Şetinin məktəbi - prinsipial olaraq fasiləsiz təhsilin real modelinin işlənib hazırlanmasını həyata keçirən yeni tipli dövlət müəssisəsidir: məktəbin müqavilə əsasında əməkdaşlıq etdiyi uşaq bağçası və ibtidai məktəb, orta məktəb və texniki peşə məktəbi, incəsənət məktəbi, idman-sağlamlıq kompleksi, dərs-istehsalat sahələri və ali təhsil müəssisələri var. Ruhuna görə isə bu - soy məktəbidir. Soykökünü, Vətən tarixini tanımaq - hər bir insanın şüurlu həyatının zəruri keyfiyyətidir. Hər bir xalq öz yolunu tapmalı, gələcəyi olan uşaqlarının çiçəklənməsi üçün şərait yaratmalıdır.

Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi akademik M.P.Şetininin bu məktəb-layihəsini milli təhsil layihələrinə qarşı irəli sürülən tələblərə cavab verən layihə kimi tanımışdır.

     Mixail Petroviç Şetinin öz sözləri ilə desək,  "Bütün idrak fəaliyyəti elə bir şəkildə təşkil olunmalıdır ki, uşaqlar yaşamağa hazırlaşmasın, sadəcə yaşasınlar. Ağciyərlər nəfəs almağa hazırlaşmır, onlar nəfəs alır... Soy yaddaşı bu sərhədsiz dünyada yaşamağın müxtəlif yolları haqqında ən keyfiyyətli məlumatlardan ibarətdir. Buna görə də uşağa kömək edə biləcəyimiz yeganə hal - cari vaxtda özünü realizə etməkdə ona kömək etməklə yanaşı, özünü ifadə etməyin dilini və üsulunu tapmaqda da ona yardım etməkdən ibarətdir. O, bu gün və indi də özünü əbədiyyətdə ifadə edəcəyi kimi ifadə etməlidir". 

Afaq ƏLİYEVA,
Təhsil Nazirliyinin Milli Oiymətləndirmə üzrə məsləhətçisi,
TPİ-nin Əlavə təhsilin
kurikulumu şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov