Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

"Görüş var bir ömrü versən də azdır..."

 

Xalq şairi Zəlimxan Yaqubun oxucularla çox görüşlərinin şahidi olmuşam. Həqiqətən də sadiq oxucuları ilə sevimli şairimizin hər  görüşü çox mənalı və məzmunlu  olur, yaddaqalan tarixə dönür. Şairin özünün də yazdığı kimi:

Görüş var bir ömrü versən də azdır,

Görüş var getməyə adam can çəkir.

Görüş var şadlığı sığmır illərə,

Görüş var fərəhi bircə an çəkir.

Bakının Qaradağ rayonunun Buta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli orta məktəbdə də Zəlimxan Yaqubun oxucularla görüşü yaddaqalan oldu. Görüşü məktəbin direktoru Mehriban Ələkbərova açdı. O, Zəlimxan Yaqubun yaradıcılığı haqqında fikirlərini görüş iştirakçıları ilə bölüşərək dedi: - Zəlimxan Yaqub  müasir Azərbaycan poeziyasının ən çox tanınan və ən çox sevilən nümayəndələrindəndir. O, bizim də sevimli şairimizdir. Bu, həqiqətən də fərəh doğuran, qürur hissi oyadan bir görüşdür. Onun hər şeiri, hər sözü-kəlməsi ruh oxşayır. Elə bu görüş də şairə olan ümumxalq sevgisinin bir nümunəsidir.

Zəlimxan Yaqub yaradıcılığının yorulmaz tədqiqatçısı,  Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu şairin Azərbaycan ədəbiyyatındakı yeri, rolu, mövqeyi və ona ümumxalq məhəbbəti qazandıran möhtəşəm yaradıcılığı ilə yanaşı, fenomenal yaddaşı, ədəbiyyatımızın inkişafındakı xidmətləri haqqında danışdı. 

Tədbirdə məktəblilər Zəlimxan Yaqubun müxtəlif illərdə qələmə aldığı şeirlərindən nümunələr,  "Peyğəmbər" və eləcə də ulu öndər Heydər Əliyevə həsr olunmuş "Böyük ömrün dastanı" poemalarından parçaları əzbərdən səsləndirdilər.

Şair və yazıçılardan Həzi Həsənli, Akif Əhmədgil, Müzahim İsmayılzadə,  Kərim Kərimli xalq şairinin yaradıcılığı haqqında səmimi fikirlər söylədilər və ona həsr etdikləri şeirlərini oxudular. Məktəbin təsviri incəsənət müəllimi Rəxşəndə Məmmədova da şairin yağlı boya ilə çəkdiyi portretini  təqdim  etməklə görüşə bir rəngarənglik qatdı.

Yaz nəfəsli, saz nəfəsli şair ömrü yaşayan, Azərbaycan poeziyasında ölməzlik qazanan Zəlimxan Yaqubun şeirlərinin ən yaxın həmdəmi olan saza meydan verildi. Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflı və aşıq Rəfiqə Göyçəli şairin şeirlərinə köklənən, ruh oxşayan havacatlar üstündə mahnılar ifa etdilər.

Tədbirin sonunda çıxış edən Zəlimxan Yaqubun arzular nidası, duyğular ətri ulduz gözlü şagirdlərin münbit qəlbini isindirdi. Bu istilik, hərarət ürəkdən-ürəyə axdı,  bütün görüş iştirakçılarına sirayət etdi.

Zəlimxan Yaqub məktəbdə təşkil etdikləri görüşə görə Qaradağ rayonunun və 184 nömrəli məktəbin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Şair şeirlərindən nümunələri əzbər söyləyən şagirdlərə fəxri fərmanlar təqdim etdi, bir neçə kitabını və əsərlərinin on üç cildliyini məktəbin kitabxanasına bağışladı. 

Həzi HƏSƏNLİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov