Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Bölgə xəbərləri

 

Şagirdlərə "Xocalı soyqırımı" kitabı paylanılıb 

Gəncə Dövlət Universitetinin professor və müəllimlərinin məqalələrindən ibarət "Xocalı soyqırımı" kitabının təqdimatı olub.

Gəncə Dövlət Universitetindən  aldığımız məlumatda  bildirilir ki,  tədbirdə ali təhsil ocağının prorektoru Asif Cavadov, kitabın redaktorları,  professor Həsənbala Sadıqov və Cavid Bağırzadə çıxış edərək XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı kitabda verilmiş məqalələrdən danışıblar.

Sonra yığıncaqda iştirak edən orta məktəb müəllimlərinə və şagirdlərə kitabın nüsxələri paylanılıb.

Gəncə Şəhər Təhsil İdarəsinin metodmərkəzinin müdiri Söhrab Hacıyev  müəlliflərə minnətdarlıq edərək bu kitabın həm müəllimlərin, həm də şagirdlərin faciə ilə bağlı daha çox maarifləndirilməsi üçün lazımi dərs vəsaiti olduğunu diqqətə çatdırıb.


 "Narkomaniya əleyhinə mübarizəni birlikdə aparaq" 

Bərdə rayonunun ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə "Narkomaniya əleyhinə mübarizəni birlikdə aparaq" devizi ilə silsilə tədbirlər keçirilir.

Təhsil şöbəsindən aldığımız məlumatda bildirilir  ki, rayon gənclər və idman idarəsinin  birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri Zümürxan kənd tam orta məktəbində  baş tutub.

Tədbirdə çıxış edənlər narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən geniş bəhs ediblər. Vurğulanıb ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, uşaq və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Diskussiya şəklində keçən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Oğuzda məktəbin yeni binasının açılışı olub 

Rayon təhsil şöbəsinin metodisti E.Əzimli tərəfindən verilən məlumata görə, rayondakı  2 mərtəbəli, 220 şagird yerlik T.Babayev adına Yaqublu kənd tam orta məktəbinin yeni tədris binasının açılış mərasimi olub.  Tədbirdə məktəbin direktoru İmran Verdiyev,  XI sinif şagirdi Əfsanə Babayeva,  Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Atakişiyeva və məktəbin valideyn komitəsinin sədri Sevil Manafova çıxış edərək təhsilə göstərdiyi  diqqət və qayğıya   görə  Prezident  İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Astarada  rayon birinciliyinin qalibləri mükafatlandırılıb 

Astarada "Şahin" hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilib. Təhsil şöbəsindən bildirilir ki, rayon gənclər və idman idarəsi, təhsil, mədəniyyət və turizm şöbələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən və doqquz gün davam edən rayon birinciliyində ümumtəhsil məktəblərini təmsil edən 29 komandanın 434  üzvü qələbə uğrunda mübarizə aparıb.

Astara şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən yarışların final mərhələsində birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq Şiyəkəran kənd 2, Astara şəhər 3 nömrəli və Siyaku kənd tam orta məktəblərinin komandaları tutublar.

Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin komandası aprelin 21-22-də Cəlilabad rayonunda keçiriləcək zona yarışlarında Astara rayonunu təmsil etmək hüququ qazanıb.

Qaliblərə diplom, fəxri fərman və qiymətli hədiyyələr verilib.


"Narkomaniya əsrin bəlasıdır" 

Biləsuvar Rayon Təhsil Şöbəsindən  aldığımız məlumatda  bildirilir ki,  məktəblərdə maarifləndirmə xarakterli tədbirlərə başlanılıb. Bu tədbirlərin keçirilməsində məqsəd bəşəriyyətin bəlasına çevrilən narkomaniyanın fəsadları barədə şagirdləri məlumatlandırmaqdır.

Belə tədbirlərdən biri Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbdə keçirilib. "Narkomaniya əsrin bəlasıdır" mövzusunda keçirilən tədbirdə respublikamızda narkotik vasitələrin dövriyyədən çıxarılması və belə təzahürlərə qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verilib, narkomaniyanın fəsadlarından danışılıb.

Son illər narkotik vasitələrdən istifadə edənlərin sırasında yeniyetmələrin sayının artdığı da təəssüflə qeyd olunub və belə vərdişlərə qarşı mübarizə aparmaq üçün müəllim və şagirdlər ayıq-sayıq olmağa çağırılıb.


Göyçayda 434 məktəbli qüvvəsini sınayıb 

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə Göyçay Peşə Liseyində "Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.

Peşə liseyindən bildirilib ki, turnirdə rayonun 31 orta ümumtəhsil məktəbinin VIII-X sinif şagirdlərindən ibarət komandaları bacarıqlarını nümayiş etdiriblər. Yarışa ümumilikdə 434 məktəbli qatılıb. Məktəblilər sıra hazırlığı, maneələri dəfetmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Yarışda  şəhər 1 nömrəli  tam orta məktəbin komandası I, 3 nömrəli tam orta məktəbin şagirdləri II, 4 nömrəli tam orta məktəbin "şahin"ləri isə III yeri tutublar. Birinci yeri tutan komanda aprelin 21-də Kürdəmirdə keçiriləcək "Şahin" hərbi-idman oyunlarının zona yarışında iştirak edəcək.


Məktəblilərə ümummilli liderin həyatı və fəaliyyəti barədə ətraflı məlumat verilib 

Böyütmək üçün seçinSumqayıtdakı Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzusunda keçirilən növbəti "açıq dərs"də Qubadlı rayonunun Mərdanlı və Saray kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.

Şəhər təhsil idarəsindən   bildirilib  ki, ötən ilin noyabr ayından başlayan dərslərə indiyədək rayonun 31 ümumtəhsil məktəblərindən 400 şagird qatılıb. Həmin şagirdlərdən 85-i Bakı şəhərində, 46-sı  Abşeron rayonunda, 269-u isə Sumqayıt şəhərində fəaliyyət göstərən məktəblərin şagirdləridir.

Məktəblilərə ümummilli liderin həyatı və fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycançılıq məfkurəsinin formalaşması, milli kadrların yetişməsi, müstəqil dövlət təsisatlarının yaranmasında ulu öndərin müstəsna xidmətləri qeyd edilib.

Bildirilib ki, "açıq dərs"lərin təşkilində məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarını, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunu və xidmətlərini öyrənmək və bütün bunları gənc nəsillərə çatdırmaqdır. Diskussiya şəraitində aparılan "açıq dərs"də şagirdlərin sualları cavablandırılıb.

Sonda şagirdlər ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olub, sənədli filmə baxıblar.


Kürdəmirdə "Şahin" hərbi-idman oyununun rayon birinciliyi keçirilib 

Böyütmək üçün seçinRayon təhsil şöbəsindən   redaksiyamıza  daxil olan məlumatda  qeyd olunur ki, ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında "Şahin" hərbi-idman oyununun Kürdəmir rayon birinciliyi keçirilib. 

Yarışın keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərinin şagirdlərində vətənimizin müdafiəsi ilə bağlı mənəvi-psixoloji keyfiyyətlərin gücləndirilməsi, məktəblərdə döyüş və vətənpərvərlik  ənənələrinə sadiq olan şəxslər və əsl vətəndaşlar yetişdirmək olub.

Rayon təhsil şöbəsinin müdir əvəzi Xəqani Qurbanov   yeniyetmə gənclərin gələcəyin əsgərləri kimi Silahlı Qüvvələrdə hərbi xidmətə layiq şəxsiyyət kimi tərbiyə olunmasını  onların vətəndaşlıq borcu olduğunu qeyd etməklə yarışda iştirak edən hər bir komanda üzvünə uğurlar arzulayıb.

Bildirilib ki, "Şahin"  hərbi-idman oyununun rayon birinciliyində 43 ümumtəhsil məktəbinin komandası birincilik uğrunda mübarizə aparıb. Hərbçi mütəxəssislərin daxil olduğu hakimlər heyətinin yekun qərarına əsasən  Çöhranlı kənd tam orta, şəhər 6  və  1 nömrəli  tam orta məktəblərinin komandaları müvafiq olaraq I-II-III yerlərə layiq görülüblər.


"Sağlam həyat naminə erkən nikaha yox deyək" mövzusunda tədbir 

Böyütmək üçün seçinCəlilabad Rayon Təhsil Şöbəsindən  verilən  məlumatda  bildirilir ki, rayonun Sabirabad kəndindəki 1 nömrəli tam orta məktəbdə "Sağlam həyat naminə erkən nikaha yox deyək" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət və polis işçiləri, valideynlər, məktəbin yuxarı sinif şagirdləri və  ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları  erkən nikahla bağlı filmə baxıblar.

Sonra  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirin məqsəd və vəzifələrindən danışıb. Komitə tərəfindən hazırlanmış "Heydər Əliyev və dövlət qadın siyasəti" kitabı haqqında tədbir iştirakçılarına məlumat verən S.Qəhrəmanova komitədə "Valideyn məsuliyyəti haqqında" Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb.

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mövzu ilə bağlı məruzə edib.

Tədbirdə çıxış edənlər erkən nikahların qarşısını almaq məqsədilə təkliflərini bildiriblər.


Mingəçevirdə "Məktəbli kuboku" velosiped yarışı keçirilib 

Böyütmək üçün seçinMingəçevir  Şəhər Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məktubda  bildirilir ki,  Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin birgə təşəbbüsü ilə  məktəblilərin Əlağa Şıxlinskinin xatirəsinə həsr olunmuş "Məktəbli kuboku" velosiped yarışı keçirilib.

Şəhər stadionu ərazisində keçirilən yarışda 13 məktəbin komandası iştirak edib. İlkin mərhələdən sonra finala vəsiqə qazanan 4 komanda müəyyənləşib. Həlledici yürüşdə  bütün rəqiblərini qabaqlayan 2 nömrəli məktəbin komandası yarışın qalibi olub. 13 nömrəli tam orta məktəbin kollektivi II, 3 nömrəli tam orta məktəbin velosipedçiləri isə III yeri tutub.

İlk 3 yeri tutan komandalar AVİF tərəfindən kubok, medal, diplom və pul mükafatları ilə təltif ediliblər.

 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov