Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir  

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]
 

Böyütmək üçün seçinAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılan Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945-ci ildə isə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradıldı.   1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə keçirildi və 1954-cü ildə instituta SSRİ xalq artisti Mirzağa Əliyevin adı verildi.  1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırıldı. 1991-ci ildə İncəsənət İnstitutu respublika ali məktəbləri arasında ilk dəfə olaraq universitet statusu qazandı. 1993-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  kimi fəaliyyət göstərən bu ali məktəbdə 6 fakültə, 24 kafedra mövcuddur, 19 ixtisas üzrə isə mütəxəssis hazırlanır. Hazırda universitetdə 2233 tələbə təhsil alır. Onlardan 28-i xarici ölkə vətəndaşıdır.  2014-2015-ci tədris ilində ADMİU-ya 586 nəfər bakalavr və magistr qəbul olub. 2014-cü ildə universiteti bitirən 516 nəfər məzundan 48 nəfəri magistr adını qazanıb. Universitetdə hazırda 133 magistrant, doktorant və dissertant təhsil alır. ADMİU-da 19 nəfər elmlər doktoru, 31 professor, 108 nəfər fəlsəfə doktoru, 83 dosent, 17 nəfər  xalq artisti, 3 nəfər xalq  rəssamı, 27  nəfər  əməkdar artist, 18 nəfər əməkdar  incəsənət xadimi, 2 nəfər əməkdar mədəniyyət işçisi,  3 nəfər  əməkdar rəssam, 1 nəfər əməkdar idman ustası, 2 nəfər əməkdar jurnalist, 6 nəfər əməkdar müəllim, 1 nəfər əməkdar elm xadimi  çalışır. Ötən il universitet əməkdaşlarının xarici jurnallarda  10 məqaləsi dərc olunub. Ali təhsil ocağına 2 may 2014-cü ildən etibarən sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh Əliyeva rəhbərlik edir.

 Maddi-texniki baza

Böyütmək üçün seçin Universitetin 2 tədris binası var. 2014-cü il yeni dərs ili üçün  hər iki tədris binası əsaslı təmir olunub, həyəti abadlaşdırılaraq yaşıllaşdırma işləri aparılıb.

Bu tədris ilinin əvvəlindən iki yeni kompüter auditoriyası yaradılıb. Auditoriyalar proyektorlarla təchiz olunub.

Yeməkxana yenidən qurularaq  tələbələrin istəyi və səsverməsi ilə "Artbufet" adlandırılıb.

Universitetdə "Vernisaj" adlanan kiçik zal əsaslı təmir olunaraq yeni avadanlıqlarla, royal ilə təmin olunub və  2014-2015-ci dərs ilində əksər tədbirlər, konsert və seminarlar, ustad dərsləri, tanınmış rejissor, teatrşünas, kinoşünaslarla görüşlər, yeni film baxışları burada təşkil olunur. Hər iki tədris binasının divarları universitetin müəllim və tələbələrinin rəsm əsərləri ilə bəzədilib.

Universitetdə 2012-ci ildən studiya-pavilyon fəaliyyət göstərir. Bu il studiya-pavilyon üçün yeni avadanlıqlar alınıb və burada rejissor, operator ixtisası üzrə təhsil alan tələbələrin işləməsi, kurs və diplom işlərinin çəkilişləri üçün hər bir şərait yaradılıb.

 İmtahan sessiyası

Böyütmək üçün seçin Fakültələrdə imtahan sessiyası müxtəlif formalarda aparılır. Nəzəri fənlər üçün imtahan yazılı keçir. Aktyorluq, rejissorluq, ifaçılıq, rəssamlıq kimi xüsusi qabiliyyət tələb edən ixtisaslarda bir sıra fənlər üzrə imtahanlar tamaşa, konsert, baxış formasında keçirilir. Belə imtahanlar açıq şəkildə olur və onlarda yalnız komissiya üzvləri deyil, tələbələr, univesitetin müəllimləri, valideynlər də sərbəst şəkildə iştirak edə bilirlər. Bir sıra fənlər üzrə imtahan biletlərində isə  4 sual nəzəri, 1 sual isə praktik olur. Yəni, tələbə həmin suala cavab verərkən fənnə aid tapşırığı əyani göstərir.  İmtahan sessiyasından əvvəl "İmtahan qərargahı" və "qaynar xətt" xidməti yaradılır. Şikayəti olan tələbələr apelyasiya komissiyasına müraciət edə bilər. Onların bütün şikayətləri nəzərə alınır və obyektiv araşdırılır.

 Kitabxana

 Universitetin hər korpusunun öz kitabxanası var. Əsas tədris binasındakı kitabxana bu il yaradılıb. Onun fonduna Azərbaycan, rus və ingilis dillərində 8000-nə qədər kitab daxildir. Kitabxana gündəlik mətbuatla yanaşı, incəsənət və mədəniyyət sahəsi üzrə də bır sıra qəzet və jurnallara abunədir. Kitabxanada oxu zalı fəaliyyət göstərir ki, burada kompüterlər quraşdırılaraq internetə çıxış təmin olunub və  tələbələr istədikləri vaxt dərslə bağlı informasiyaları internet vasitəsilə əldə edə bilərlər. Oxu zalında monitor quraşdırılıb və onun vasitəsilə xarici universitetlərin müəllimləri ilə "açıq dərs"lər keçirilir. Bundan başqa, ustad dərsləri  və təlimlər də təşkil olunur.

Böyütmək üçün seçinDigər korpusun kitabxanasında Azərbaycan və rus dillərində 59 min 400 adda kitab saxlanılır. 1525 nəfər oxucu qeydiyyatdan keçib ki, onlardan da 1213-ü tələbədir. Kitabxana müxtəlif qəzet və elmi jurnallara abunədir. Burada 4 kompüter olan 40 nəfərlik oxu zalı fəaliyyət göstərir. Müxtəlif fakültələrin tələbələrinin diplom işləri kitabxanaya təqdim olunur. Hər dəfə yeni gələn kitabların kitabxanada açıq sərgisi keçirilir. 2014-cü ildə 2470 adda kitab alınıb.

Universitetin müxtəlif kafedralarının nəzdində də kitabxanalar yaradılıb və həmin kitabxanaların fondunda latın qrafikası ilə nəşr olunan bütün kitablar toplanıb. Kinoşünaslıq kafedrasında dünya və Azərbaycan kino nümunələrindən ibarət zəngin film fondu da vardır.

 Elmi-tədqiqat işləri

 Universitetdə sənətşünaslığın 8 elmi istiqaməti üzrə, ümumilikdə isə 11 istiqamət üzrə  tədqiqatlar aparılır. Dərslik,  dərs vəsaiti, elmi-metodiki materiallar, elmi tövsiyələr, məcmuələr üzərində işlənilir. Tədqiqat işi hazırlanarkən keçirilən elmi konfranslar, seminarlar,  müşavirələr və nəşr  olunan  elmi  məcmuələr elmi-tədqiqat  işi aparan  professor-müəllimlərin  elmi potensialının  inkişafına  kömək  edir, işlərinin keyfiyyətinə  müsbət təsir göstərir. Universitetin professor-müəllim  heyətinin  aparmış olduğu  araşdırmalar müasir tələblər   səviyyəsində qurulur  və günün   vacib məsələlərini  özündə əks etdirir.   

Böyütmək üçün seçin2014-cü ildə  20  kafedrada 118 nəfər  professor-müəllim heyəti  tədqiqat işinə  cəlb edilib  və  116 adda  elmi-tədqiqat işi planlaşdırılıb. Onlardan 8-i dərslik, 3-ü dərs vəsaiti, 2-si tədris vəsaiti və 103-ü elmi-tədqiqat işidir. Qeyd edək ki, 2014-cü ilə  planlaşdırılan 116 elmi-tədqiqat işindən 114-ü təhvil verilib. Bundan başqa, ADMİU-da 2014-cü ildə 10 dərslik, 10 dərs vəsaiti, 5 metodik vəsait, 61 fənn proqramı, 9 monoqrafiya,  261 məqalə, 31 tezis dərc olunub.

Artıq 14 ildir ki, universitetin "Musiqi sənəti" fakültəsi "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri"nə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirir.  Konfrans iştirakçılarının tezisləri də məcmuə şəklində dərc olunur.

Universitetdə bu tədris ilindən Magistrantlar Şurası yaradılmış və onun təşkil etdiyi "Disput klub"  fəaliyyətə başlamışdır. Klub doktorant, magistrant və gənc tədqiqatçıların iştirakı ilə elmi tədqiqat işləri, onların məqsəd və vəzifələri, ortaya qoyulan problem, elmi tədqiqat işləri ilə bağlı müxtəlif mövzularda seminarlar  keçirilir. "Disput klub"un hər seminarına fəxri qonaq qismində Ali Attestasiya Komissiyasından, Azərbaycan Milli Elmlər Akademiyasından elm nümayəndələri dəvət olunur.

Universitet Bolonya prosesinə qoşulmuş ali təhsil müəssisələrində  tyutorlara ciddi ehtiyac olduğunu nəzərə alaraq 2014-2015-ci tədris ilində ilk dəfə tyutor kursları təşkil edib. Təlim keçən 7  tyutor  təhsilini müvəffəqiyyətlə başa vurmuş və universitetdə işlə təmin olunmuşlar.

 Elmi jurnalların nəşri

 Universitetdə  "Mədəniyyət dünyası", "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elmi əsərləri" adlı elmi-nəzəri məcmuələr   və  "Mədəniyyət: problemlər və perspektivlər" adlı doktorant və gənc tədqiqatçıların  respublika elmi konfransının materialları  nəşr olunur.

Elmi topluların redaksiya heyətini

n tərkibinə  yerli və xarici ölkələrin  tanınmış elm və incəsənət xadimləri daxildir.

1996-cı ildə  ADMİU tərəfindən təsis edilən  "Mədəniyyət dünyası"  elmi jurnalı  və 2007-ci ildən nəşr olunan "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elmi əsərləri"  "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxil edilib.

 Tələbə Elmi Cəmiyyəti

 Tələbələrin elmi-tədqiqat işi mütəxəssis  hazırlığı  keyfiyyətinin  artırılmasına  xidmət  edir  və tədris  prosesi ilə əlaqəli  şəkildə aparılır. Universitetin bakalavr və magistr pilləsi tələbələrinin, həmçinin doktorant  və dissertantların müasir metodologiyalara  əsaslanan müxtəlif elmi-tədqiqat işinin  formaları reallaşdırılır.  

Böyütmək üçün seçinTədris ilində Tələbə Elmi Cəmiyyətinin əsas fəaliyyət istiqaməti konfrans, seminar və "dəyirmi masa"ların təşkilindən və respublikanın digər ali məktəblərində təşkil olunan elmi tədbirlərdə iştirakdan ibarətdir.

Elmi-tədqiqat və yaradıcılıq-ifa işinin  müxtəlif  sahələrinə universitetin bütün magistr tələbələri və bu sahəyə həvəs göstərən bakalavr tələbələrin böyük bir qismi cəlb olunur. Tələbələr elmi-tədqiqat və yaradıcılıq-ifa işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqə və yaradıcı layihələrdə iştirak edirlər. Bu tədbirlər sırasına gənc tədqiqatçı və tələbələrin konfranslarda uğurlu çıxışlarını, məruzə və tezislərinin nüfuzlu elmi nəşrlərdə dərc olunmasını, təhsildə və elmi-yaradıcılıq sahəsində fərqlənən tələbələrə adlı təqaüdlərin verilməsini və s. aid etmək mümkündür. 

Ötən ilin noyabr ayında  Rusiya İnformasiya Mədəniyyət Mərkəzində "Azərbaycan və Rusiyanın mədəni əlaqələri" mövzusunda elmi-praktik konfrans keçirilib. Dekabr ayında isə kulturologiya fakültəsi üzrə "Mədəniyyət sahəsində sosioloji tədqiqatların təşkili" fənni üzrə tələbə tədqiqatlarının nəticələrinə dair elmi konfrans təşkil olunub. Bundan başqa, ötən ilin dekabrında  ADMİU-nun professor - müəllim heyəti, Tələbə Elmi Cəmiyyəti və "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə "İşğal olunmuş mədəniyyətimiz" adlı elmi-nəzəri-praktik konfrans keçirilib. Ötən il həmçinin Bakı Slavyan Universitetində keçirilmiş "Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri" adlı tələbə elmi-praktik konfransında ADMİU-nun  kulturologiya fakültəsinin tələbələri iştirak ediblər.

2015-ci ilin yanvarında  İnformasiya Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə kulturologiya fakültəsinin III kurs tələbələri Salina Məmmədhüseynova və Ülviyyə Hüseynova Mərkəzdə "Unudulmaz adlar" başlığı altında Anton Pavloviç Çexovun  anadan olmasının 155 illiyinə həsr edilmiş ədəbi görüşdə   çıxış  ediblər.

Fevral ayında isə "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Gənclərin I Beynəlxalq Mədəni İrs və Turizm Forumunu keçirib. Forumda ADMİU-nun tələbələri sertifikatlarla təltif olunublar.

ADMİU 26 fevralda - Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş "Unutma. Unutdurma!" adlı elmi-praktik konfrans keçirib. Universitetimiz 27 fevralda isə Bakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində "Azərbaycan-Rusiya tarixi-mədəni əlaqələri" mövzusunda elmi-praktik konfrans  təşkil edib. 

Beynəlxalq əlaqələr

 90 illik tarixə malik ADMİU Azərbaycanda incəsənət təmayüllü universitetlər arasında  ilk ali məktəbdir. Bu  ali təhsil ocağı Avropa İncəsənət Universitetlər Liqasının (ELİA) üzvüdür. Bundan əlavə, universitet 2008-ci ildən Beynəlxalq Universitetlər Birliyinin, 2013-cü ildən isə Qafqaz Universitetlər Birliyinin (KUNİB) üzvü seçilib.

Bu gün ADMİU ilə 23 xarici ölkənin 55 ali məktəbi arasında sıx əlaqələr yaradılmış və onlardan 27-si ilə müqavilə bağlanılmışdır.

Bu yaxınlarda ADMİU Türkiyənin İzzət Baysal Universiteti, Gaziantep Universiteti arasında "Mövlanə" mübadilə proqramına əsasən müqavilə imzalayıb.

Bu il universitetin kulturologiya fakültəsinin  III kurs   sənətşünaslıq ixtisasında təhsil alan  Ülviyyə Hüseynova  Azərbaycan və Vyetnam dövlətləri arasında bağlanmış müqaviləyə əsasən  Vyetnamın Hanoy şəhərində "Azərbaycan və Vyetnam mədəniyyətlərinin paralelləri" mövzusunda məruzə ilə çıxış etmiş və uğur qazanmışdır.

Bundan başqa, ADMİU-nun 10 tələbəsi,  xalq rəssamı Xanlar Əhmədov başda olmaqla Hindistanda "29 th Surajkund İnternational Craft Mela" Beynəlxalq festivalda  Azərbaycanı təmsil ediblər. Festival 1-15 fevral tarixində  Hindistanın Haryana ştatının Faridabad şəhərində keçirilib. 15 gün davam edən sərgidə tələbələrimiz  xalça və qobelin nümunələrini  nümayiş etdiriblər və diplomlarla təltif olunublar.

Bu tədris ilinin uğurlarından biri də ADMİU-nun Bakı Avropa Liseyi və "Tokyo Cinema" kinostudiyası ilə birgə "Tokyo-Bakı-Cinema" Beynəlxalq Uşaq Məktəbinin yaradılması olub. Bu məktəbin əsas məqsədi uşaqlarda yeni düşüncə tərzini formalaşdırmaq, kino sənətinə peşəkar marağın oyadılması, yüksək səviyyədə gələcək kino kadrlarının yetişdirilməsidir ki, bu məktəbdə uşaqlara dərslərin ADMİU-nun kino sahəsində böyük təcrübəsi olan müəllimlər, eləcə də xarici mütəxəssislər tərəfindən keçirilməsi nəzərdə tutulub. 

"Səda" Tədris Teatrı 

1962-ci ildə institutun nəzdində "Səda" Tədris Teatrı yaradılıb. 1991-ci il fevral ayının 5-də tədris teatrını yeni ünvana köçürmək barədə dövlət tərəfindən sərəncam imzalanıb. Bu gün "Səda" Tədris Teatrının ikimərtəbəli binası, 200 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi, müxtəlif məşq otaqları vardır.

Bu illər ərzində Tədris Teatrının səhnəsində M.F.Axundzadənin "Xırs quldurbasan", "Molla İbrahimxəlil kimyagər", Ə.Haqverdiyevin "Dağılan tifaq", Ü.Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", C.Cabbarlının "Od gəlini", "Aydın", "1905-ci ildə", "Solğun çiçəklər", C.Məmmədquluzadənin "Ölülər", S.Vurğunun "Vaqif", S.Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım yuxudadır", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Büllur sarayda", J.B.Molyerin "Meşşanın zadəganlığı", "Kəndçi adaxlı", "Mizantrop", V.Şeksprin "Otello", "On ikinci gecə", N.Dumbadzenin "Unutma, ana" əsərləri, eləcə də onlarca digər müəlliflərin pyesləri uğurla tamaşaya qoyulub.

Tədris Teatrının spesifik xüsusiyyəti ondan ibarətdir ki, o yarandığı gündən indiyədək sənət laboratoriyası funksiyasını yerinə yetirir. Hər bir sənət müəllimi il ərzində Tədris Teatrında diplom tamaşaları hazırlayır. O cümlədən, tələbələr də I, II, III kurslarda kurs işləri olan  tamaşalar hazırlasalar da, sonda Tədris Teatrında diplom tamaşaları ilə çıxış edirlər.

Son illər ərzində Tədris Teatrı  bir çox tamaşalarla müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq festivallarda uğurla çıxış edərək, mükafat və sertifikatlar almış, laureat adına, hətta incəsənət sferasında ən böyük mükafat sayılan "Qran-pri" mükafatına layiq görülmüşlər. Onlardan Cənnət Səlimova və Fikrət Məlikovun hazırladığı Anton Pavloviç Çexovun "Üç bacı" (İran İslam Respublikasının 20-ci Beynəlxalq tələbə teatr festivalında), Ağakişi Kazımov və Hacı İsmayılovun hazırladığı İlyas Əfəndiyevin "Unuda bilmirəm" (Türkiyə Respublikasında İstanbul Kültür Universitetində keçirilən 2-ci Uluslararası tələbə festivalı), Vidadi Həsənovun hazırladığı "Təmas" Gürcüstan Respublikasında Beynəlxalq Etüd festivalında və  "Adi əhvalat" adlı (Qazaxıstan Respublikası  1-ci beynəlxalq tələbə festivalında) tamaşaları misal çəkmək olar.

Tədris Teatrının bir xüsusiyyəti də ondan ibarətdir ki, burada tez-tez tədbirlər, tələbə festivalları keçirilir, gənc kinorejissorların, operatorların hazırladığı, çəkdiyi işlər nümayiş olunur, diskussiyalar təşkil edilir. Yaradıcılıq axtarışlarının təkmilləşməsi prosesi də məhz burada həyata keçirilir.

Tədris Teatrının ənənələrindən biri də burada mütəmadi olaraq tanınmış sənət adamlarının yaradıcılıq gecələrinin keçirilməsidir. Xaricdən gələn sənətkarların iştirakı ilə tələbələr üçün ustad dərsləri təşkil edilir. Belə tədbirlərdə müxtəlif teatr rəhbərləri tələbələrin diplom tamaşalarına baxıb perspektivli, istedadlı tələbələri teatrlara cəlb edirlər.

Bundan başqa, teatr müxtəlif tədris ocaqlarının qonağı olur. Ötən il dekabrın 28-də Lökbatan qəsəbəsi Ə. Əmirov adına Mədəniyyət Sarayında "Elm çırağı" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "Səda" Tədris Teatrının dəstəyi ilə Lökbatan qəsəbəsi 39 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasında müalicə və tərbiyə alan uşaqlar, eləcə də Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasına üzv olan uşaqlar üçün bədii-əyləncəli Yeni il şənliyi təşkil edilib.

ADMİU-nun "Səda" Tədris Teatrının repertuarında yer alan, tələbələr tərəfindən yüksək sənətkarlıqla ifa olunan V.Qoqolun "Evlənmə" tamaşası  Respublika fizika, riyaziyyat və informatika təmayüllü liseyin, M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin şagird və tələbələri, həmçinin 53 nömrəli  tam orta məktəbin şagirdləri üçün göstərilmişdir.

Martın 5-də isə Bilgəh qəsəbəsi 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri üçün  tamaşa nümayiş etdirilib.  Şagirdlərlə  universitet tələbələrinin  bayram əhvali-ruhiyyəli görüşü  Azərbaycan Dövlət "Yuğ" Teatrında keçirilib.  Respublikanın əməkdar artisti Yaqut Paşayevanın rəhbərlik etdiyi III kursun tələbələri  J.B.Molyerin "Skapenin kələyi"  tamaşasını təqdim ediblər. 

IV kurs tələbələrinin ifasında N.B.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" tamaşası  aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında nümayiş etdirilib və tamaşadan əvvəl gənc müəllim, teatrşünas Elçin Cəfərov  maraqlı məruzə ilə çıxış edib.

 Ustad dərsləri 

2014-2015-ci dərs ili çərçivəsində ADMİU-da tədris olunan ixtisasların yeni metodologiyalarla zənginləşdirilməsi məqsədi ilə "ustad dərsləri" silsiləsinə start verilibdir.

İlk ustad dərsini  Londonda  yaşayıb fəaliyyət göstərən caz-vokal ifaçısı Səbinə Hacıyeva verib.  Bundan başqa, 30 oktyabr-3 noyabr tarixlərində "Bolonya sisteminin incəsənət ixtisaslarının tədrisində tətbiqi" mövzusunda universitetin professor-müəllim  heyəti və  idarəetmə strukturunda çalışanlar üçün təlim məşğələləri təşkil olunub.

Məşğələlərdə universitet rəhbərliyi tərəfindən dəvət edilən, incəsənət yönümlü mütəxəssis hazırlığı  ilə  məşğul olan,  ali təhsil sahəsində Bolonya sisteminin tətbiqi üzrə tanınmış ekspert, Gürcüstan Dövlət İlia Universitetinin professoru, elmlər doktoru,  İncəsənət üzrə Tədqiqatlar  İnstitutunun direktoru Levan Xetaquri   çıxış edib. 

Noyabr ayında da ADMİU-da "Ustad dərsləri" layihəsi çərçivəsində məşğələlər keçirilib. Bu məşğələlərdən birini Barselona Teatr İnstitutunun teatr nəzəriyyəsi və tarixi üzrə professoru Boris Daussa-Paster keçirib. Hindistanda Kerala Kalamandalam Mədəniyyət və İncəsənət Universitetində elmi tədqiqatlar aparan Boris Daussa ustad dərsini  cənubi Hindistanın ştatı olan Keralada XVII əsrdə yaranan ənənəvi dramatik-rəqs sənəti Katxakali ilə nəzəri tanışlığa və bu sənətin praktiki tətbiqinə ayırmışdır.

ABŞ Beynəlxalq  Teatr İnstitutunun və Təhsil Komitəsinin vitse-prezidenti və Kolorado Universitetinin professoru Piter Qoldfarb  müasir aktyorun yetişməsi, yaratdığı obraz, ona münasibəti, hazırlığı mövzusunda nəzəri və praktiki məşğələlər aparıb. Teatr  rejissoru,  yazıçı  və   bəstəkar, "Tumult  İn  the  Clouds"  teatr  şirkətinin  bədii  rəhbəri  və  "Cheek  By  Jow"  şirkətinin  direktor  müavini  Patrik  Kunen də treninqlərini oyun şəklində  apararaq tələbələrlə kiçik tamaşa  hazırlayaraq maraqlı ustad dərsləri keçiblər.

2014-cü il noyabr ayının 18-də ADMİU-da Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosiomədəni fəaliyyətin menecmenti kafedrasının professoru Yelena Makarovanın iştirakı ilə "Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları: müasir tələblər və formalaşmış ənənələr" adlı seminar keçirilib. Seminarda mütəxəssis sosial-mədəni sahələrin inkişafında fəaliyyət mexanizminin yeni texnologiyalarının işlənməsi və kütlə tərəfindən yeni mədəniyyətin yüksək mənimsəmə səviyyəsini təmin edən kulturoloji maarifin effektiv təşkili məsələlərindən danışılıb.

2014-cü ilin dekabr ayında ADMİU-nun "Ustad dərsləri" layihəsi çərçivəsində Gürcüstan İncəsənət Akademiyasının qrim üzrə mütəxəssisi, bir çox tanınmış  beynəlxalq  layihələrin qrim ustası olan Anuka Murvanidze  4 gün ərzində nəzəri və praktiki məşğələlər keçirib.

Xarici mütəxəssislərlə yanaşı, ADMİU-da 25 ildir ki Türkiyədə yaşayıb fəaliyyət  göstərən, Azərbaycan milli xalq çalğı aləti olan balabanı dünyaya tanıdan, virtuoz ifaçı Əlixan Səmədov ifaçılar üçün, Dövlət Pantomim teatrının aktyoru və rejissoru Ceyhun Dadaşov isə universitetin aktyor sənəti fakültəsində təhsil alan tələbələr üçün V.E.Meyerxoldun "Biomexanika təlimi əsasında aktyor tərbiyəsi" mövzusunda iki gün ustad dərsləri keçmişlər.

ADMİU-da  həmçinin onlayn ustad dərsləri də keçirilir. Onlayn vasitəsi ilə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin professoru Leonid Vasilyeviç Konovalov ilə əlaqə yaradılaraq qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılmışdır. Ardıcıl olaraq bir neçə  həftə keçən onlayn dərslər - kino-foto işində materiallar, rəngşünaslıq, nəzəri və təcrübi montaj, kinolent və rəqəmsal informasiya daşıyıcıları ilə bağlı konkret  mövzular əsasında proqramlı şəkildə təşkil olunmuşdur.  İdman, Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FICTS)  Avropa  və  Asiya  üzrə, Türkiyədə  İdman  Filmləri festivalının  rəhbəri, 200-dən  artıq  idman  filminin  rejissoru  olan Can Saraçoğlu  da onlayn ustad dərsi verərək  tələbələrlə  idman  filmlərinin  çəkiliş  prosesi,  düzgün, professional  çəkiliş  heyətinin  təşkili    barədə   fikir  mübadiləsi  aparılmışdır.

Xaricdən universitetə ustad dərsləri və mühazirələrlə çıxış etmək üçün dəvət olunmuş mütəxəssislərdən tanınmış teatrşünas, Almaniyanın Teatr İnstitutu  Mərkəzinin direktoru, professor Yuri Alşitsi də qeyd etmək olar. O, aktyor sənəti, rejissor sənəti və  sənətşünaslıq fakültələrinin tələbələrinə ustad dərsləri verərək təlimlər keçirmişdir.

Böyük Britaniyanın tanınmış muzey eksperti, York şəhərinin incəsənət departamentinin üzvü və York İncəsənət Kollecinin direktoru Şirli Kollinin də 2015-ci il 8-12 mart tarixləri arasında ADMİU-da ustad dərsləri keçirilmişdir. "Ustad dərsləri" layihəsi çərçivəsində  muzey mütəxəssisi "Müasir muzey mütəxəssislərinin hazırlanması: tədrisdə yeni məzmun və formalar", "Təhsil və muzey işçilərinin akkreditasiyası: məqsəd və vəzifələr (Böyük Britaniya təcrübəsi)" mövzularında seminarlar, ustad dərsləri, nəzəri məşğələlər keçirilmişdir.

 Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 

Təşkilat öz tərkibində 6 fakültəni təmsil edən  980 tələbəni birləşdirir. THİK-də 21 nəfərdən ibarət daimi idarə heyəti fəaliyyət göstərir.

Komitə imkansız tələbələrin, eləcə də bir sıra yarışlarda, bilik müsabiqələrində fərqlənən tələbələrin gündəlik pulsuz nahar yeməyi ilə təmin edilməsi, onlara birdəfəlik maddi yardımların göstərilməsi məsələləri ilə məşğul olur, bununla da həm tələbələrin sıxıntılarının aradan qaldırılmasına, həm də onların psixoloji gərginliklərinin qarşısının alınmasına xidmət edir. İmtahanlardan əla qiymətlər alan, ictimai işlərdə fəal iştirak edən 3 tələbəyə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdləri verilir. Komitə 2007-ci ildən etibarən Novruz bayramı və Silahlı Qüvvələr Gününü mütəmadi olaraq müxtəlif regionlarda yerləşən hərbi hissələrdə konsert proqramı ilə qeyd edir. Hər il THİK və idman kafedrasının birgə təşkilatçılığı ilə start götürən "Fakültələrarası futbol çempionatı" keçirilir. 

Muzey 

Muzeydə müəllim və tələbələrin yaradıcılıq işlərindən ibarət kolleksiyalar yer alıb. Rəngkarlıq, qrafika, xalçaçılıq, zərgərlik, heykəltəraşlıq və keramika işləri də fondda qorunub saxlanılır. Hazırda muzeyin fondunda 250-yə yaxın eksponat var.

ADMİU-da yeni dərs ilindən (2014-2015) etibarən tələbələrin işlərindən ibarət sərgilər təşkil olunur. Bura rəsm əsərləri, fotolar və müxtəlif əl işlərindən ibarət sərgilər aiddir. Sərgilər ayrı-ayrı tələbələrin olmaqla yanaşı, konkret bir kursun da işlərindən ibarət olur. Sərgilərdə Azərbaycanın tanınmış rəssamları, incəsənət nümayəndələri iştirak edir.

Bundan başqa, universitetin Təsviri sənət kafedrasının müəllimləri, Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvləri Fəxrəddin Qəhrəmanlı, Tamilla Abdullayeva, Mətin Şərifovun fərdi rəngkarlıq işlərindən ibarət sərgiləri də təşkil olunmuşdur. 

Tələbə işi 

2014-cü ilin sentyabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinin tələbələri Tural  Ağayev və Tərlan Dadaşzadə Rusiyanın Tomsk şəhərində keçirilən "Enaktus" beynəxalq liderlik məktəbində iştirak ediblər. Maraqlı məşğələ, treninq, mühazirələrlə keçən məktəbdə Rusiya, Qazaxıstan, Azərbaycan, Qırğızıstan,  Tacikistandan, İspaniya, Çili, Niderland və Hindistandan nümayəndələr iştirak edib. Tələbələr bundan əvvəl də "Enaktus" yarışlarında iştirak edərək diplom və kuboka layiq görülüblər. Tomsk Universitetində keçirilən liderlik məktəbində də çox maraqlı və faydalı layihələri ilə çıxış edən tələbələr hər kəsin diqqətini cəlb etməyi bacararaq sertifikat alıblar.

Universitetin   "Musiqi  sənəti"  fakültəsinin   İnstrumental  ifaçılıq kafedrasının  I kurs  tələbəsi  Natəvan  Dinikayeva  "RENAISSANCE  FESTIVALS"  yaradıcılıq  mərkəzinin  təşkil  etdiyi   "Christmas Lights" ("Milad  işıqları")    adlanan  XIV  Beynəlxalq  festivalın çərçivəsində  keçirilən  müsabiqədə  "İnstrumental  musiqi"   nominasiyası üzrə qalib olub. Macarıstan,  Ukrayna,  İsrail, Çin, Belarus, Rusiya və  başqa  ölkələrin  nümayəndələrinin  iştirak  etdiyi  müsabiqə Macarıstanın  Balatonfüred   şəhərində baş tutub. İfaçının çıxışı   münsiflər  heyəti  tərəfindən  ifaçılıq  texnikası,  repertuar  seçimi  və artistizm  meyarları  üzrə   dəyərləndirilib.

Yeni il ərəfəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səda" Tədris Teatrında tələbələrin ifasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında hazırlanmış müzikl nümayiş olunub. Layihədə poemanın süjet xəttinin çağdaş dövrümüzə uyğun olaraq təsvir olunması diqqət çəkir. Belə ki, müzikl hip-hop, muğam, meyxana və rep janrlarını özündə uğurla birləşdirə bilmişdir.

Ötən ilin dekabrında ilk dəfə olaraq  Azərbaycan Dövlət  Mədəniyyət  və İncəsənət  Universitetində  dünya  dramaturgiyasının  parlaq  nümayəndələrindən  olan  Uilyam  Şekspirin  450 illik  yubileyinə  həsr olunmuş beynəlxalq videofestival keçirilib. Festivalda  tanınmış dünya rejissorları ilə yanaşı, Azərbaycanın  novator  teatr  rejissoru  Vaqif  İbrahimoğlunun  quruluş  verdiyi   "Otello"  tamaşası da   nümayiş etdirilib. Dekabr ayının 14-nə qədər davam edən videofestivalda  dünya kino və teatrının parlaq nümunələri tələbələrə təqdim edilib.

ADMİU-nun "Aktyor sənəti ifaçılığının tarix və nəzəriyyəsi" ixtisası üzrə  təhsil alan I kurs  magistr tələbəsi  Pərvanə Rzayeva ATV kanalında keçirilən "Aydın səs" qiraətçilər müsabiqəsinin qalibi olub. Münsiflər heyəti Azərbaycanın tanınmış incəsənət xadimlərindən ibarət olan müsabiqəyə 500 nəfər qatılıb və onlardan 18 nəfəri 5 turda iştirak edib. Sonda 4 nəfər  final mərhələsinə keçərək  birincilik  uğrunda mübarizə  aparıb. İştirakçılar əruz, heca vəznlərində, sərbəst şeirdə qabiliyyətlərini göstərərək, məşhur bədii əsərlərdən monoloqlar söyləyib, dublyajda müxtəlif obrazları canlandıraraq aktyorluq məharətlərini sərgiləyiblər. Universitetin  tələbəsi  Pərvanə Rzayeva  final mərhələsində münsiflər  heyəti  tərəfindən  770 balla  qiymətləndirilərək  müsabiqənin  qalibi  elan olunub.

2014-2015-ci dərs ilində universitetdə də tələbələr arasında  ilk dəfə olaraq "Bədii qiraət" və "Etüd" müsabiqəsi keçirilib. Tələbələrin fəallıqla qatıldığı hər iki müsabiqə 3 turda keçərək qaliblər münsiflər heyəti tərəfindən müəyyən olunub. Qaliblər "Səda" Tədris Teatrında keçirilən Qala gecədə mükafat və diplomlarla təltif edilərək onlara qalibiyyət gətirən etüd və bədii qiraət nümunələrini  nümayiş etdiriblər.

ADMİU-da  tələbələrin  qrafik işləri və əl işindən  ibarət sərgi keçirilib ki, sərgidə I Avropa Oyunlarında təmsil olunacaq idman növləri və Avropa Oyunlarına aid 30-a yaxın iş sərgilənmiş və bu sərgi Bakıda fəaliyyət göstərən bir çox qurumlarda, eləcə də Yasamal Rayon  İcra Hakimiyyətində, orta ixtisas məktəblərində, kolleclərdə, Azərbaycan Dövlət Pedaqoji Universiteti, "Təfəkkür" Universiteti, Bakı Ali Neft Məktəbi  və başqa təhsil müəssisələrində nümayiş olunmuşdur.

ADMİU-da  yeni dərs ilindən "Nə? Harada? Nə zaman?"  klubu da fəaliyyət göstərir. Universitetin iki komandası 2014-cü il oktyabr ayının 18-19-u Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən keçirilən "Nə? Harada? Nə zaman?" yarışında iştirak edən ümumilikdə 52 komandadan  ilk 10-luqda yer almışdır.  Noyabr ayının 29-30-u isə 6 fakültənin komandasının iştirakı ilə ADMİU-da fakültələrarası "Nə? Harada? Nə zaman?" oyunu keçirilmişdir.

2015-ci il Gənclər günü ilə bağlı  ADMİU-nun "Aktyor sənəti" fakültəsinin II kurs tələbəsi Xədicə Novruzova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükafata layiq görülmüşdür. 

İdman 

2013-2014-cü illərdə keçirilən kütləvi idman tədbirlərində Tələbə Gənclik İdman Cəmiyyətinin  təqvim planında göstərilən 17 idman növünün  12-sində ADMİU-nun tələbələri iştirak ediblər.

Universitetin müəllimlərdən ibarət idman komandası Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar  İttifaqı Respublika Komitəsinin  birgə keçirdiyi  ali məktəblər arasında  ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş spartakiadasında  5 idman növü üzrə iştirak edib.

Bundan başqa, ADMİU-da ulu öndər Heydər Əliyevin  90 illik yubileyinə həsr olunmuş fakültələrarası  spartakiada  qol güləşi üzrə ADMİU-nun yığma komandası Texniki Universitetin yığma komandası ilə yoldaşlıq görüşü keçirib.

2015-ci il fevralın 20-də tələbələrin idman növlərinə olan həvəsi və  Bakıda keçirilən müxtəlif idman tədbirlərində iştirak etmək üçün müraciətləri nəzərə alınaraq ADMİU-da "Səda" idman klubu yaradılıb. Klubun müdiri əməkdar məşqçi, professor Ağayusif Qurmanov təyin olunub. Klub artıq  ali məktəblər  arasında nərd yarışı təşkil edib.

ADMİU-nun "Səda" idman klubu  universitetin Musiqi sənəti fakültəsinin dosenti, respublikanın əməkdar artisti, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının və respublikanın "Nərd" Federasiyasının idarə heyətinin üzvü, dəfələrlə universitetdə keçirilən  nərd yarışlarının qalibi Vamiq Məmmədəliyevin mükafatı uğrunda professor-müəllim heyəti arasında açıq birincilik keçirilib. 9 ali məktəbdən 82 professor-müəllimin qatıldığı yarışlarda I yerə Azərbaycan İnşaat və Memarlıq İnstitutunun baş müəllimi Minayə Xəlilova, II yerə ADMİU-nun dosenti, tanınmış aşıq Əhliman Rəhimov (aşıq Əhliman) və III yerə  Bakı Slavyan Universitetinin  baş müəllimi Şirinbər Əliyev layiq görülüblər.  Qaliblər kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.  Klubun təşkil etdiyi bütün yarış və tədbirlər  Azərbaycanın tanınmış və  qabaqcıl idmançıları, Avropa, dünya çempionlarının da iştirakı ilə keçir.

Universitetdə "İlin müəllimi" müsabiqəsi keçirilir. Müsabiqədə müəllimin ümumi fəaliyyəti və həmin ildə etdiyi hər hansı bir yenilik nəzərə alınır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov