Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

Məktəbdə şairlə görüş şagirdlərdə xoş ovqat yaratdı

 

Bakıdakı Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə  "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası təhsil nazirinin əmrinə müvafiq olaraq tez-tez   tədbirlər keçirilir.

Bu günlərdə məktəbdə şairlər Musa Yaqub, Ramiz Qusarçaylı və bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramovla keçirilən  görüş də həmin silsilədən növbəti tədbir idi. "Biliyə aparan yeganə yol mütaliədir" mövzusunda  tədbiri məktəbin direktoru Səkinə Məmmədova  açaraq  qonaqları  salamladı və dəvətlərini qəbul edib görüşə təşrif buyurduqlarına görə onlara pedaqoji kollektiv adından minnətdarlığını bildirdi.  Qeyd etdi  ki, ötən həftə  məktəbdə "Nağıllar dünyası" adlı rəsm sərgisi də keçirilib. Həmin sərgi  şagirdlərdə mütaliəyə maraq oyatmaqla  yanaşı onlarda nağıl qəhrəmanlarını təsvir etmək bacarıqlarını da üzə çıxarıb. Şagirdlər  nağıl personajlarının maketlərini  hazırlayıb  nümayiş etdiriblər. Əl işləri bəyənilən şagirdlər diplomlarla   mükafatlandırılıb.

Sonra tədbirin aparıcısı, məktəbin dil-ədəbiyyat müəllimi Aynur Mustafayeva Musa Yaqubun yaradıcılığı barədə ətraflı məlumat verdi.   Qeyd etdi ki, "Təbiət şairi" adlandırılan  Musa Yaqub  təbiətlə bağlı olan, təbiətin füsunkarlığından məftun qalan bir lirik şairdir.

Qiraət ustası Ağalar Bayramov şairlərin bir neçə şeirini  ifa edərək iştirakçılarda  xoş ovqat yaratdı.

Sonda söz Musa Yaquba verildi. O, məktəblə bağlı xatirələrini iştirakçılarla bölüşdü və bir neçə  şeirini söylədi. Şagirdlərin ifasında  şairin "Təbiət mənimlə danışır" və başqa şeirləri səsləndirildi.  Məktəbin tarix müəllimi Bəsti Ağayeva da şairin "Bu  dünyanın qara daşı göyərməz" şeirini özünəməxsus ustalıqla ifa etdi.

Yaradıcılığında vətənpərvərlik mövzusuna yer ayıran şair Ramiz Qusarçaylı da görüş zamanı seçmə şeirlərindən bəzi nümunələri öz ifasında təqdim etdi.

Xoş əhvali-ruhiyyə ilə başlanan tədbir həmin  notlarla da  sona yetdi. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov