Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2015 - №16

 

Bölgə xəbərləri

 

"Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda "dəyirmi masa"

Böyütmək üçün seçinAzərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında   ulu öndər  Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar  "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"nı filialın direktoru Tünzalə Yusifova açaraq vurğulayıb ki, ümummilli  lider Heydər Əliyev daim gəncliyə böyük ümid bəsləyib. Ulu öndər Azərbaycanın gələcəyinin gənc nəsildən asılı olduğunu  deyirdi.

Gənclərimizin hərtərəfli inkişafı, beynəlxalq aləmə inteqrasiyası vacib məsələlərdən biri kimi ümummilli lider Heydər Əliyevi daim düşündürürdü.  Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də gənclər siyasətini uğurla reallaşdırır. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

"Dəyirmi masa"da çıxış edənlər bildiriblər ki, ulu öndər bütün fəaliyyəti dövründə gənc nəslə öz qayğısını əsirgəməyib, onların ictimai-siyasi həyatda fəal iştirakı, sosial ehtiyaclarının təmin edilməsi, yüksək səviyyədə təhsili, hüquqlarının müdafiəsi, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görüb.

Tədbirin sonunda I kurs tələbəsi Aysel Mahmudlu Zəlimxan Yaqubun "Bir dahi gəldi dünyaya" şeirini söyləyib.


Yevlaxlı məktəblilər Heydər Əliyev irsini dərindən öyrənirlər Böyütmək üçün seçin

Yevlax Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda  bildirilir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı tərəfindən "Heydər Əliyev irsi öyrənilir" layihəsinə başlanılıb. Layihə çərçivəsində rayonun ümumtəhsil məktəblərində tədbirlər keçirilir, "Ulu öndər müstəqil Azərbaycanın qurucusudur" mövzusunda məruzələr edilir. Kövər və Xaldan kənd tam orta məktəblərində keçirilən tədbirlərdə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, gənclər birliyinin sədri Ariz Mikayılov və başqaları çıxış edərək, ulu öndərin zəngin və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, onun məqsədyönlü siyasəti sayəsində ölkə həyatının bütün sahələrində əldə olunan uğurlardan geniş bəhs ediblər.

Sonda mövzu ətrafında sual-cavab keçirilib, fərqlənən şagirdlər mükafatlandırılıblar. Tədbir zamanı şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən bukletlər paylanıb.


AMİ-nin Zaqatala filialında müharibə veteranları ilə görüş 

Azərbaycan  Müəllimlər İnstitutunun Zaqatala filialında faşizm üzərində qələbənin 70 illiyi münasibətilə  ədəbi-bədii musiqili tədbir  keçirilib. Filialın direktoru, professor O.Rzayev çıxış edərək rayon icra hakimiyyəti ilə birgə reallaşdırılan tədbirin gənclər üçün ciddi məzmun daşıdığını bildirib,  görüşə gələn   veteranları salamlayıb.

Rayon Müharibə Veteranları Şurasının sədri Ənvər Kərimov ölkə rəhbərliyi tərəfindən istər İkinci Dünya, istərsə də Qarabağ müharibəsi iştirakçılarına, burada həlak olmuş, itkin düşmüş şəxslərin ailələrinə və övladlarına göstərilən yüksək qayğıdan söz açıb.


Dahi rus şairinin yubileyinə həsr olunmuş olimpiada 

Şirvan Şəhər Təhsil Şöbəsindən  aldığımız məlumatda  qeyd olunur ki, şəhərdə VII Respublika rus dili olimpiadasının zona mərhələsi keçirilib. Yarışda 8 rayondan olmaqla 70-ə yaxın şagird iştirak edib. Şagirdlər iki mərhələdə,  yazı və ifadəli oxudan imtahan veriblər.  Hər il keçirilən ənənəvi rus dili olimpiadası bu il dahi rus şairi Sergey Yeseninin 120 illik yubileyinə həsr olunub.

 Tədbirdə çıxış edənlər  olimpiadanın əhəmiyyətindən  danışıblar. Daha sonra  Sergey Yeseninin həyat və fəaliyyətindən, onun Azərbaycanda keçirdiyi günlərdən, habelə bu dövrdə yaratdığı əsərlərdən bəhs edən film nümayiş olunub. Olimpiadanın gedişinə və şagirdlərin seçiminə şəhər ictimaiyyətindən təşkil olunmuş münsiflər heyəti nəzarət edib.


Məktəbdə müharibə veteranı ilə görüş keçirilib 

Şirvan şəhər A.Hüseynzadə adına 4 nömrəli tam orta məktəbdə  faşizm üzərində qələbənin 70 illiyi  münasibətilə  şəhər Müharibə Veteranları Şurasının sədri Musa Quliyevlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru G.Həsənov qonağı salamlayaraq faşizm üzərində qələbənin 70 illiyinin hər yerdə olduğu kimi Şirvanda da geniş qeyd edildiyini bildirib. Məktəbin tarix müəllimi Şükür İzzətoğlu çıxış edərək bildirib ki, faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqınıın əməyi unudulmamalıdır. Qələbənin qazanılmasında Bakı nefti, Bakı neftçiləri başlıca rol oynayıb.  Müəllim Ə.Əhmədov vaxtı ilə Şirvan şəhərindən müharibəyə  yola düşmüş  döyüşçülər haqqında məlumat verib. Qeyd edib ki, müharibənin ağır vaxtlarında həmyerlilərimiz böyük qəhrəmanlıqlar göstərib, ağır döyüşlərdə iştirak ediblər.

Şirvan Şəhər Müharibə Veteranları Şurasının sədri Musa Quliyev çıxışında qeyd edib ki, 1942-ci ildə ordu sıralarına çağırılıb. Qısa hərbi hazırlıq keçdikdən sonra cəbhəyə gedib. Ağır döyüşlərdə  yaralanıb, müalicədən sonra yenidən cəbhəyə qayıdıb. Fəal döyüşçü kimi orden və medallarla təltif olunub. Hazırda şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edir.


Lənkəran şəhər 8 nömrəli məktəbdə oxu aylığı 

Lənkəran Şəhər Təhsil Şöbəsindən  redaksiyamıza  daxil olan məlumatda   qeyd  edilir ki, ümumtəhsil məktəb sagirdlərinin oxu vərdislərinin və mütaliə mədəniyyətinin formalaşmasıyla bağlı  təhsil nazirinin müvafiq əmrinə əsasən  şəhər 8 nömrəli tam orta məktəbdə oxu aylığı keçirilib, sagirdlər arasında müxtəlif nominasiyalarda müsabiqələr elan olunub. Tanınmış şairlərdən Ağamir Cavad, Ziyafət Əkbərov və Xatirə Xatunla şagirdlərin görüşü təşkil edilib.  Valideynlərin  iştirakı ilə baş tutan görüsdə müsabiqədə qalib gəlmiş sagirdlər fəxri fərmanlarla  və qiymətli hədiyyələrlə  təltif olunublar.

Sonra  monitorda "Lənkəran ədəbi mühit tarixinə qısa səyahət" adlı videoçarx nümayis etdirilib.  Tədbirdə çıxış edən şairlər təhsil ocağında, şagird və müəllimlərin əhatəsində olmalarından böyük məmnunluq hissi duyduqlarını bildirərək, şagirdlərə kitaba məhəbbətin, mütaliə vərdişlərinin formalaşmasının çox vacib bir şərt olduğunu çatdırıblar.

Sonda məktəbin direktoru A.İbrahimov çıxış edərək gələn qonaqlara şagirdlərlə  birgə olduqlarına və səmimi söhbətlərinə görə minnətdarlıq edib və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.


Neftçala məktəbliləri respublika fənn olimpiadasında üçüncü olublar 

Neftçala Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, respublikanın fənn olimpiadalarının final turunda  coğrafiya fənni üzrə I yeri tutmuş Nizami Gəncəvi adına Neftçala şəhər 3 nömrəli  tam orta məktəbin XI sinif şagirdi İlham Hacıbala oğlu Səmədovun uğuru  təhsil  işçilərinin  böyük sevincinə səbəb olub.

Eyni zamanda neftçalalı məktəblilər fənn olimpiadasında üçüncü yerə sahib olublar. Aprelin 28-də rayonda respublika üzrə fənn olimpiadalarının yekunlarına görə üçüncü yerə layiq görülən rayon məktəbliləri ilə görüş keçirilib. Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev şagirdləri qazandıqları yüksək nəticə münasibətilə təbrik edib, onlara təhsildə yeni uğurlar arzulayıb.

Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov çıxışında istedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadalarının müstəsna rol oynadığını  bildirib. Neftçala məktəblilərindən biri qızıl, dördü gümüş, ikisi bürünc medal qazanıb, Təhsil Nazirliyinin diplom və hədiyyələrinə layiq görülüblər. Qeyd olunub ki, rayonun 51 ümumtəhsil məktəbində 10 minə yaxın şagird oxuyur və onların təlim-tərbiyəsi ilə 1500-dək müəllim məşğul olur.  Ali məktəblərə qəbul olunanların sayına görə Neftçalanın respublika üzrə üçüncü yerdə olması  və ötən tədris ilində 220 məzunun tələbə adını qazanması, 8 nəfərin 600, 41 nəfərin 500 baldan yuxarı nəticə göstərməsi də təlim-tərbiyədə keyfiyyət dəyişikliyinin göstəricisi kimi xarakterizə olunub.

Şagirdlər onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.   Sonda olimpiada qaliblərinə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.


Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub 

Böyütmək üçün seçinKürdəmir Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda   bildirilir ki,   R.Quliyev adına 5 nömrəli  tam orta məktəbdə xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı  Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri açan məktəbin direktoru Sadəddin Novruzov dövlətimizin başçısı İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı xatırladıb və bunun görkəmli şairin irsinə verilən qiymətin bariz nümunəsi olduğunu qeyd edib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Minarə Məmmədova bildirib ki, B.Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirməklə başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim dostlarım" adlı ilk kitabında toplanan lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Daha sonra diqqətə çatdırılıb ki, B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri, şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, ispan, macar dillərinə tərcümə edilib.

Sonda şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib və  ədəbi-bədii kompozisiya  nümayiş etdirilib.


Beyləqanda təlimlərə start verilib 

Böyütmək üçün seçinBeyləqan Rayon Təhsil Şöbəsinin verdiyi məlumata görə, Təhsil Nazirliyinin dəstəyi ilə  "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" (BGMSİ) İctimai Birliyi tərəfindən  "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi" çərçivəsində  rayonda   "Yeni kurikulum və  inklüziv təhsil" üzrə təlimlərə start verilib.

Layihənin əsas məqsədi  rayonda müxtəlif məktəblərdə çalışan pedaqoji kadrların inklüziv təhsil üzrə peşəkarlıq səviyyəsinin, bilik və bacarıqlarının  artırılmasıdır. Bu məqsədlə hər birində 30 nəfər olmaqla 2 ayrı qrupda  müəllimlər üçün təlimlər  keçirilməklə yanaşı, müəllimlərin sağlamlıq imkanları məhdud uşaqlar üçün  yaradılmış  günərzi qayğı və inklüziv təhsil mərkəzlərinə səfəri və mübadilə-çarpaz görüşləri təşkil edilərək onların praktiki fəaliyyətlərinə dəstək  olacaqdır. Layihəyə cəlb edilmiş təcrübəli təlimçi Nərminə Əkbərova təlim ərzində iştirakçılara yeni kurikulum, kurikulumun strukturu və prinsipləri, öyrənmə tərzləri, perspektiv və cari planlaşdırma, fəal təlim forma və üsulları, inklüziv təlimdə kurikulum, bərabərlik prinsipi, inklüziv təhsil üzrə fəaliyyətlər, fəal təlim metodları, aktiv terapiyaya psixoloji hazırlıq, müəllimin psixi və mənəvi hazırlığı, tibbi və sosial model və sair haqqında təqdimatlar edəcəkdir.  Bütövlükdə təlim fəal və interaktiv iştirakçılıq, ekspertlərlə müzakirələr, təqdimatlar, qrup işləri, rollu oyunlar, audivizual görüntülər vasitəsilə  həyata keçirilir. Təlimin ilk günü iştirakçılar öz ideya və düşüncələrini, təcrübələrini bölüşüblər.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov