Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2015 - №17

 

Xəlil Rza Ulutürklə bağlı xatirələr

 

Bu dəfə "Ömrün gizli səhifələri"ndə həyatını bir amala, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, övladını vətən yolunda qurban vermiş istiqlal şairimiz Xəlil Rza Ulutürkdən danışacaq, ömür kitabını  həyat yoldaşı Firəngiz Ulutürklə birlikdə vərəqləyəcəyik. Redaksiyamızın qonağı olan Firəngiz xanımla çay süfrəsi arxasında söhbətə başlayırıq.

- Bir insan və müəllim olaraq Xəlil Rzanı necə təsvir edərsiniz?

- Xəlil gözəl insan, gözəl həyat yoldaşı idi. O, mənə bir dəfə də olsun səsini qaldırmayıb. Onda o qədər nəzakət var idi. O həm də çox gözəl müəllim idi. Tələbələri hər gün onu evə qədər ötürürdü. Dərs keçdiyi zaman İsmayıl Şıxlı öz tələbələrini onun auditoriyasına gətirirdi. Ədəbiyyatla məşğul olan uşaqların hamısı Xəlilin dərsinə tələsərdi.

- Necə tanış olmusunuz?

- Tibb Universitetində təhsil alırdım, amma qandan qorxurdum. 6 ay sonra atamdan xahiş etdim ki, ixtisasımı dəyişsin, tarix fakültəsində oxuyum. O da mənim həkim yox, siyasətçi olmağımı istəyirdi. Nəticə etibarı ilə atam razılaşdı və  imtahan verib, keçdim tarix fakültəsinə. Bacım o zaman filologiyanın nəzdində olan jurnalistika fakültəsində Xəlillə bir yerdə oxuyurdu və nəşriyyatda işləyirdi. Günortadan sonra dərsə gəlirdi. Anam bacım üçün yemək qoyurdu. Mən də gedirdim onların auditoriyasına, yeməyi verib, qaçırdım öz dərsimə. Bu gediş-gəlişdə Xəlil məni görmüşdü. Həmişə dostları ilə məni güdürdü. Bir dəfə tənəffüsə çıxanda rəhmətlik Qulu Xəlilov yaxınlaşdı mənə. Dedi, az nə istəyirsən bu gədədən, niyə imkan vermirsən bir  kəlmə söz desin.

Xəlilin bizim auditoriyaya tez-tez gəlməsi qrupdakı oğlanların xoşuna gəlmirdi və onlar Xəlillə bəzən mübahisə də edirdilər. Hətta bir dəfə Xəlil də dostları ilə birləşib (Bəkir Nəbiyev, Qulu Xəlilov hamısı bir kursda oxuyurdu) qrup yoldaşlarımdan birini döymüşdü. Bu da böyük problemlər yaratmışdı, onun universitetdən qovulması məsələsi gündəmə gəlmişdi. Sonra rektor Əlövsət Quliyev hər iki tərəfi barışdırıb məsələni həll etmişdi.

Xəlil mənim ürəyimcə idi, məktublar yazırdı mənə, oxuyurdum. Onun mənəvi dünyasını mənə yazdığı məktublardan tanıdım. O zaman cavab yaza bilmirdim. İndiki İqtisad Universitetinin korpusunda oxuyurduq. Universitetin qarşısında böyük tut ağacı var idi. Dərsdən çıxanda hamıdan qabaq görürdüm dayanıb orda. Valideynlərimə hörmət edirdim, onların istəmədiyi birinə hə deyə bilməzdim. Amma sonra atam Xəlillə görüşdü, onu tanıdı və razı oldu. 

- Toyunuz nə vaxt oldu?

- 1956-cı ildə toyumuz oldu, 1957-ci ildə Xəlili göndərdilər Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna. Anama dedi ki, narahat olma özümə yer edim, gəlib Firəngizi də aparacağam. O zaman Nəriman Həsənzadəni də Xəlillə bir yerdə göndərmişdilər oxumağa. Onun həyat yoldaşı da Sara xanım idi. Dedilər ki, siz sonra birlikdə gələrsiniz. İki ay sonra Sara və mən bunlara demədən getməyə qərar verdik. İnstitutun yataqxanasını gedib tapdıq. Onlar bizi görüb necə sevindilər. Dedim ki, belə alacaqdın məni, elə oturmuşdum atamın evində də. Saranı Nərimanın yanında qoyduq yataqxanada, bizim üçün də ora yaxın bir evdə otaq tutdular. Xoş günlərimiz olub orda. Şeirlər yazırdı, mən də onun şeirlərinə irad tuturdum. Deyirdim Xəlil, səni tutacaqlar.

- Uşaqlığından nə danışırdı?

- Kitabdan əl çəkməyib, bütün vaxtını kitaba həsr edib. Mirzə Cəlili, Sabiri oxuyub. Atası deyirdi ki, çox zəhmətkeş uşaq idi. Həyətimiz gül-çiçəklə, mer-meyvə ilə doludur, hamısını Xəlil əkib.

- İlk şeirini nə vaxt yazmışdı?

- Yaradıcılığa "Kitab" şeiri ilə başlayıb 1948-ci ildə (qeyd dəftərini götürür və şeiri oxuyur).

Ey mənim dostum, ey bilik xəzinəsi.

Sənsən körpə qəlbimin ilhamı, təranəsi

Doğma ana məktəbə, qədəm qoyduğum gündən,

Ömrümün yollarına çıraq etdim səni mən

- Oxuduğum qədəri ilə, o, Yazıçılar Birliyində çıxış edəndə bir çoxları salondan qaçırmış...

- Sabir Rüstəmxanlının bir məqaləsi var, deyirdi ki, Xəlili başa düşən çox idi, amma ondan qorxan da çox idi. Elə ki, eşidirdilər ki, Xəlil Rza çıxış edəcək, çoxu o iclasdan qaçırdı ki, görməsinlər ki, o da ordadır. Qəsbkarlara qarşı vuruşurdu. Mübarizliyinə görə onu bütün xalq sevirdi. Oğlum deyirdi ki, atamızı güllələyəcəklər. Xəlil Rza əsas etibarı ilə Lefortovo həbsxanasından gələndən sonra Ulutürk adını aldı. 1960-cı illərdən başlayaraq onu inqilab şairi kimi tanıyırdılar.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Belə şeirlərinə görə istiqlal şairi adını aldı, Lefortovodan qayıdanda isə Ulutürkü də əlavə etdilər. Düzdür o, 1990-cı ildə tutulmuşdu, amma artıq 1988-ci ildən deyirdilər ki, sən Ulutürksən. Adını xalq qoydu onun. Yadıma gəlir ki, Rəfiq Zəka öz yazdığı şeirində Xəlilə Ulutürk kimi müraciət edib.

- 60-cı illərdə onu işlədiyi Pedaqoji Universitetdən uzaqlaşdırırlar. O günləri necə xatırlayırsınız?

- Universitetin rektoru Xəlili çağırıb dedi ki, bizə tapşırıq verilib ki, səni tələbələrin içinə buraxmayaq. Ən yaxşı müəllimlərimdən birisən, ürəyim ağrıyır. O zaman rektor deyir ki, səni birdəfəlik çıxara bilmərəm. Sənə kömək edə bilərəm ki, sən doktorluq ezamiyyətinə gedirsən. Belə bir ərizə yaz mənə. Xəlil də ərizəni yazdı.

- İşdən çıxarılandan sonra çətin günləriniz olub?

- Çox olub, amma mən hökumətə minnətdar idim ki, Xəlili işdən çıxardılar. Ona deyirdim ki, ay kişi, mənim də savadım var, apar məni işə qoy. Sən otur yaz. Qoy onlar yalvarsın sənə. Sən doktorluğunun üstündə işlə. Nəhayət, doktorluğunun üstündə işlədi və bitirdi. Amma müdafiə etməyə imkan vermədilər. Yazırdılar ki, müdafiə etməyə qoyulmasın, çünki  o millətçi şairdir. O zaman da xəlilsevərlər ərizə yazıb, müraciət etmişdilər ki, Xəlilə Dövlət mükafatı verilsin. İclas keçirildi, amma verilmədi.

1986-cı ilə qədər Xəlil müdafiə edə bilmədi. 1986-cı ildə kiçik oğlum əsgər idi. Moskvaya onu görməyə getdik. Oteldə qalanda mərhum Heydər Əliyevə zəng etdik. Danışdılar, Xəlil dedi ki, sizin üçün kitablarımdan gətirmişəm. Amma bilin ki, mən müdafiə edə bilmirəm. Məni dərs deməyə də qoymurlar. Dedi, Xəlil, narahat olma, Bakıya qayıdan kimi doktorluğunu da müdafiə edəcəksən, mən də sənə əməkdar incəsənət xadimi adını indidən verirəm. Sən millətçi şair  deyilsən, millətini sevən şairsən. Təki Azərbaycanın sənin kimi 10 şairi ola. Sevinə-sevinə qayıtdıq Bakıya, gördük ki, qapımıza teleqramlar qoyulub. Xəlili müdafiəyə çağırırlar. Həm müdafiə etdi, həm "Əməkdar incəsənət xadimi" adını aldı. Xəlil əqidə şairi idi, onu heç bir var-dövlətlə aldatmaq olmazdı.

- O zaman DTK evinizə gəlmişdi?

- Özü evdə olmayanda, telefonumuzu düzəltmək adı ilə gəlib dinləmə cihazı qoyublar. Yazıçılar İttifaqından bir nəfər dedi ki, Firəngiz, ehtiyatlı olun, sizin bütün danışdıqlarınızı dinləyirlər. "Əməkdar incəsənət xadimi" adı veriləndən sonra, həmin telefonu düzəldən adam gəldi dedi ki, bağışlayın, Xəlil müəllimdən üzr istəyirəm, məni məcbur elədilər.

- Neçə övladınız var?

- İki. Biri şəhid olan oğlum Təbriz, digəri isə hazırda Fövqəladə Hallar Nazirliyində işləyir. Onlar balaca olanda futbola baxıb, səs-küy qaldırırdılar. Xəlil də digər otaqda işləyirdi. Çağırırdı məni, Firəngiz, sən uşaqlara de ki, bir az sakit olsunlar. Mən xətirlərinə dəymək istəmirəm. Deyirdim ki, özün de. Deyirdi, yox. Biz indidən onların qabağını alsaq, onlar nə vaxt xoşbəxt olacaqlar. Nə bilirsən onlar necə olacaq, həyat necə olacaq. Qoy ata evində olan o sevinci görsünlər. İnanın uşaqlar o qədər çoxbilmiş idi ki, onu aldadırdılar.

- Millətçi şair idi Xəlil bəy. Evinizə şairlərin, ya mübariz insanların toplandığı vaxtlar olub?

- Bəlkə mənə görə gətirmirdi (gülür). Çünki mən ictimai elmlərdən dərs deyirdim. Bəlkə də fikirləşirdi ki, arvadı işə düzəltdirmişəm bunu da çıxarıb atarlar bayıra.

- Xəlil bəy günün hansı saatlarında yazırdı şeirlərini?

- Sağlam vaxtı olanda gecələr də işləyirdi. Amma xəstələnəndən, onda şəkər əmələ qələndən sonra ayaqları kösöy kimi olurdu. Amma yenə otururdu stolun qırağında yazırdı. Deyirdim ona həmişə, Xəlil, tutacaqlar səni. Bu cümləni bir az yumşaq yaz. Deyirdi ki, onun canı elə bu cümlədədir də.

- Yazandan sonra şeirlərini ilk kimə oxuyurdu?

- Özü həmişə mənə müraciət edirdi. Sonra deyirdi ki, gərək sənə deməyəydim. Oxuduqca misraların yanında sual işarəsi qoyurdum. Məndən sonra sual işarələrini pozurdu. Deyirdi, Firəngiz, qələmi bu qədər bərk basma, redaktorun yanına aparanda dördgözlə baxır. Arada bir deyirdi ki, Firəngiz, vaxtın olanda bu şeirləri yazarsan. Mənə verdiyi şeirlər məhəbbətə aid olurdu. Oxumurdum axı, başım qalmışdı öz dərslərimin, kitabların yanında. Amma indi bəzi məhəbbət şeirlərini oxuyuram. Ürəkdən ağlayıram. Deyirəm, can ay Xəlil, səni heç sevindirmədim, təşəkkür etmədim ki, mənə bu cür yüksək qiymət verirsən. Məhəbbət şeirlərini, o vəfat edəndən sonra oxumuşam. İndi oxuyanda çox əzab çəkirəm. Çox qəribə xüsusiyyəti var idi. Cəmiyyətə çıxanda bəzənib-düzənməz, sığallanmazdı.

- Ən yaxın dostu kim idi?

- Ən yaxını Qulu Xəlilov idi.

- Özünün sevimli yazıçı-şairi kimi idi?

- 55 kitab çıxarmışam Xəlil barədə. Bax Xəlil kimləri oxumayıb ki.

Söhbətin bu yerində meydanlarda, xalqın önündə olan Xəlil Rzadan danışmaq istəyirəm. Axı o gecə-gündüz ölümün gözünə dik baxan insan idi.

- O meydanlara gedəndə mənim müəllim yoldaşlarımın çoxu gəlib deyirdi ki, ay Firəngiz, Xəlili bir az geri çək, hökumətə qarşı gedir. Tutacaqlar. Axşam gəlirdi evə. Deyirdim, Xəlil, yenə nə oyun çıxarmısan? Deyirdi ki, neyləmişəm? Xalqa qurtuluş yolunu göstərmək lazımdır. Xalqa dostu da, düşməni də tanıdıram.

Xalq onu necə qarşılayırdı. "Azadlıq", "Silahlan", "Dəli dağ" kimi şeirləri dillər əzbəri idi. Vəfatından əvvəl mənə dedi ki, ay Firəngiz, başqa maşına heç vaxt minmə, mənim düşmənlərim çoxdur. Səni də məhv edərlər.

- 1990-cı ildə həbs olundu. Nə qədər həbsdə qaldı?

- 8 ay 16 gün. Sumqayıtda Svetlana Məmmədovanı, Mursakulovu öldürmüşdülər. Akademiyada onların 7-ni verirdilər. Yanvarın 26-sı idi. Xəlil də orda çıxış etməyə getmişdi. Xəlil çıxış edəndə, iki-üç nəfər əllərində onun şəkli girib zala baxırlar. Bir nəfər gəlir ki, Xəlil müəllim, yaxşı olar çıxasınız. İki nəfərin əlində sizin şəkilləriniz var. Dedi ki, mən həmin adamın sözünə qulaq asmadım, davam etdirmək istədim. Sonra başqa adam da gəldi ki, Xəlil müəllim, arxa qapıdan çıxın ki, sizi tutmasınlar.

Bunu arxa qapıdan çıxarırlar. Minir Mikayıl Mirzəyevin maşınına. Mikayılla Gəncliyə qədər gəlirlər, amma maşın bunları izləyir. Gəncliyin kuruqunda bunu saxlayırlar. İki nəfər əlində tapanca düşürürlər maşından. Soruşurlar ki, silahın varmı? Əllərin qaldırır yuxarı, deyir ki, silahım əllərimdir. Mikayılı da, Xəlili də tuturlar. Bunları gətirirlər DTK-ya. Mikayılı gecə saat 12-də buraxırlar, Xəlili saxlayırlar. Gecəyarısı təyyarəyə mindirib, Moskvaya göndərirlər. Salırlar Lefortovo zindanına.

- Azadlığa necə çıxdı?

- Necə? Firəngizin gücü ilə. Nərimanov rayonunun komendantına zəng elədim. Dedim ki, ərimi aparıblar, xəbər yoxdur.

Burada Xəlili kimlər sevirdi, onların yazılarını yığdıq, "Xalq şairinə azadlıq" kitabını dərc etdik. Getdim yazıçı Anarın yanına. Yazıçı Əzizə Cəfərzadənin rəhbərliyi ilə müdafiə komitəsi yaradıldı. Mütəmadi olaraq Moskva ilə əlaqə saxladılar. Mən də hər ay Moskvaya gedirdim.

- Həbsxanada onunla görüşmüsünüz? İcazə verirdilər?

- Əlbəttə. Moskvada DTK-nın rəhbəri Vladimir Kruçkovun yanına getmişdim. Mənə dedi ki, səni də basacağam onun yanına. Necə əsəbləşdisə, əlini vurdu stola, stolun üstündəki hər şey dağıldı. İnan ki, o dünyaya gedib-gəldim. Həbsxanada görüşəndə gərək rusca danışardıq. Onun üçün qara çörək aparırdım. Deyirdim ona ki, Xəlil, qara çörək gətirmişəm, onun yan tərəfini kəsəcəyəm. Çörəyin kənarında balaca papirus kağızda yazıram "Xəlil, müdafiə komitəsi təşkil etmişəm, narahat olma", "Xəlil, bu yaxında sənə kömək olacaq".

İyul ayında Anar onu görməyə getmişdi. Bunu Xəlil özü daha yaxşı yazmışdı, mən oxuyub ağlamışdım. Deyir ki, əlim-ayağım əsdi, eşidəndə Anar gələcək. Elə bildim ki, bir boşqab plov yedim. Onun gəlişi mənə ruh yüksəkliyi gətirdi. Mən ona nə göndərirdimsə, hamısına şeir yazırdı. Gündəliklərini oxuyanda bir şeir çıxdı qabağıma, məzmunu belə idi. Firəngiz, sənin əzabkeşliyin, qayğıkeşliyinin qarşısında mən nə etməliyəm ki, azad olum, sənə səadət gətirim.

- Xəstəliyi həbsxanadan sonra şiddətləndi?

- Həbsxanadan gələndən sonra Almaniyaya, Fransaya, Türkiyəyə müalicəyə getmişik. Ora da gedəndə Heydər Əliyev həmişə tapşırıq verirdi ki, Xəlilin müalicəsi üçün nə lazımdırsa edilməlidir. Ona heç vaxt demədim ki, niyə xəstəsən. Həmişə deyirdim ki, biri yataq xəstəsi olur, biri də ki, kitab xəstəsi. İndi neynəyək, həyat belədir. Sonuncu dəfə Türkiyədə müalicə olunurdu. Türkiyə günlərindən kitab yazırdım. Gündəliklərini oxuyanda bu misralar qarşıma çıxdı.

Sən bəxtimə göylərdən enmiş,

İlahi bir mələk, gözəl bir xanım,

Yüz cür qüsurumun yüzdə birini,

Heç yerdə, heç vədə üzə vurmadın.

Ən azından bu sözlərinə görə ona təşəkkür etməliydim.

- Bir yerdə oxumuşdum ki, oğlunuz Təbriz şəhid olanda Xəlil bəy deyib ki, vətən sağ olsun.

- Ay sağ ol. Çoxu elə ona görə xəstələndi, bütün dərdi içəri vurdu, qaraciyərə. Cəmiyyət qarşısında dik durdu. Çünki insanlara vətənpərvərlik, vətən üçün mübarizə aşılamaq istəyirdi.

- Necə oldu ki, Təbriz döyüş bölgəsinə getdi?

- Əsgərlikdə Murmansk vilayətinə getmişdi. Ordan Xəlilə məktub yazdı ki, ata burada bizə kölə kimi baxırlar. Mən burda qala bilmirəm. Bir də gördük gecəyarı qaçıb gəlib. Zibil yeşiyini çıxaran maşına pul verib ki, zibil qutularının yanında məni gizlət qapıdan çıxar. Sonra özüm çıxıb gedəcəyəm. Gecəyarı gördüm qapının zəngi basılır. Qorxdum, soruşdum kimdir? Mama, mənəm qorxma. Açdım qapını. Dedik ay bala, tutacaqlar səni. Getdim Xəlili çağırdım. O da dedi ki, ay Təbriz, vətən torpağıdır, xidmət elə. Təbriz də dedi ki, ora bizim vətənimiz deyil. Xəlil Bakı komendatına zəng elədi. O da dedi ki, eybi yox, burda kağız düzəldib onu əsgərliyə göndərərik. Göndərdilər cəbhə bölgəsinə, kəskin vuruşlar gedən yerə. Şəhidlərimizin nəşini öz tərəfimizə keçirdəndə (istəməyib ermənilər tərəfdə qalsın) başından vurulub. Təbrizin yas məclisində mənə dedi ki, Firəngiz, gözlərin aydın olsun, sən xalqın qarşısında alnıaçıq, başıuca anasan. Təbriz vətən yolunda, xalqımızın yolunda, azad torpağımız uğrunda döyüşlərdə həlak oldu. Biz heç kəsdən qorxmuruq. Heç kəsdən oğlumuzu gizlətmədik. Eləcə də Sevincə (Təbrizin həyat yoldaşı) müraciət etdi. Bu cümlələri demək o qədər asandır ki, amma içəridə ürəyin yanır, ağlayırsan (səsi titrəyir, gözləri dolur). Nəysə...

- Övladlarınızın adını kim qoymuşdu?

- İksini də Xəlil. Təbriz onun dərdi idi. Təbrizlə birləşmək, bütöv Azərbaycan yaratmaq onun arzusu idi. Mənə elə gəlir ki, kimin Xəlillə salamı olub, o adamların hamsının qəlbində vətən sevgisi var. Vəssəlam.

- Son günlərini necə xatırlayırsınız?

Sualıma şeirlə cavab verir

Sən bəlkə də evimin yeganə sevincisən

Üstündə olmasa da, özün ləlsən, incisən

Şərikli xəzinəmiz əvvəl gündən səndədir.

Səadətim sevincim gülən gözlərindədir.

Saçlarına qış qonur, ruhun bahar yaşında

Süfrəm, səadətimsən ocağımın başında.

Xəstəxanada yatanda, qəm-qüssə onu boğanda yazıb bu şeirləri. Vəfat edəndə Mərkəzi Klinik Xəsrəxanada idi. Bizi yanına buraxmırdılar. Bilirdik ki, ümid yeri yoxdur. Son günlərində deyirdi ki, mən onsuz da əbədiyəm.

Söhbətimizin son akkordları vurulur. Əbədi şairin həyat yoldaşı özü də ona şeir həsr edib. Həmin şeirdən bir bəndlə  vərəqlədiyimiz ömür səhifəsi sona yetir.

Firəngiz Küskünəm dərd qəmdir yüküm,

Fil çəkməz bu dərdi, de necə çəkim.

Kəbəm, qibləgahım, ey Ulutürküm,

Kəsilib gümanım, ümidim mənim. 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov