Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti

 

Böyütmək üçün seçinMəlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam imzalayıb. Bu gün İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti dünyanın  ali tibb təhsili verən ən nüfuzlu  təhsil müəssisələrindən biri kimi tanınır.  Rusiyanın bu qədim ali tibb ocağı ilə oxucularımızı daha yaxından tanış etməyi məqsədəuyğun hesab edirik.   

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti  Rusiyanın təhsil sistemində özünəməxsuz ənənələri olan nüfuzlu  ali tibb təhsili  müəssisəsidir.   Bu təhsil ocağı ölkənin ən qocaman və ən böyük ali  tibb məktəbi olmaqla Moskva İmperator  Universitetinin  varisidir və öz başlanğıcını  1758-ci ildən götürür.  Bu ali məktəb dahi  rus alimi M.Lomonosov və qraf  İ.Şuvalovun təklifi əsasında təşəkkül tapıb.  1758-ci ildə ilk dəfə  qraf  İ.Şuvalovun  Leypsiq Universitetindən dəvət etdiyi kimya, minerologiya və farmokologiya professoru İohan Xristian Kerştenc  tələbələrlə  müntəzəm məşğələlər aparmağa başlayıb. 

Universitetin ilk tibb professorları o illərdə əsasən əcnəbilər olub, yalnız XVIII əsrin 60-cı illərinin ortalarında  tibb fakültəsinə   Moskva  Dövlət Universitetinin  professorlarının imtahanlarından çıxmış və tələbələri  "tibb dərsi öyrətməyə və onları  praktikaya göndərməyə qabil" olan ilk rusiyalı  gənc alimlər  gəlib. Professorlar S.Zıbelin, P.Veniaminov, İ.Veç, F.Politkovskiy, F.Barsuk-Moiseyev  "tibb elmləri"nin Avropa  universitetlərinin  əksəriyyətində qəbul olunmuş qaydalara müvafiq olaraq tədrisinin  ilk təşkilatçıları olublar. Moskva İmperator  Universiteti  ilk dəfə 1792-ci ildə elmlər dərəcəsi təsis etmək hüququ qazanıb, 1794-cü ildə F.Barsuk-Moiseyev tərəfindən Rusiyada tibb sahəsində ilk dissertasiya işi müdafiə olunub.  XVIII əsrin ikinci yarısında tibb fakültəsi 3 kafedradan ibarət olub. Bu illər ərzində 36 məzun hazırlanıb ki, onlardan da 26-sı tibb doktoru, 17-si professor olub.  Bu rəqəmlər o dövrün ölçülərinə görə  nə qədər cüzi olsa da,  bu,  professor-müəllim  kadrlarının varisliyindən xəbər verir ki, onsuz istənilən ali tibb məktəbinin  uğurlu fəaliyyəti mümkün deyildir. 

Böyütmək üçün seçin1804-cü ildə "Moskva İmperator Universitetinin Nizamnaməsi"nin qüvvəyə minməsi Rusiyada tibb təhsilinin  təşəkkülündə çox mühüm mərhələ olub.  Nizamnamə tibb fakültələri nəzdində klinik bazanın təşkili və onun  tələbələrə daxili xəstəliklər, cərrahiyyə və  mamaçalıq peşələrinin öyrədilməsində tətbiqini  nəzərdə tuturdu.  1805-ci ildə tibb fakültəsində Klinik İnstitut adı altında ilk klinikalar açılıb.  Xəstələr üzərində ilk cərrahiyyə əməliyyatları aparan ilk professorlar F.Politkovskaya (terapevtik klinika), F.Giltebrandt (cərrahiyyə) və V.Rixter (mamaçalıq) olublar.  Lakin  tam surətdə klinik tədrisin  tətbiqinə başlanılması  yalnız

XIX əsrin 20-ci illərinin  sonlarında professor M.Mudrovun sayəsində mümkün olub. 1812-ci il Vətən müharibəsindən sonra tibb fakültəsinin  bərpası və genişlənməsi  bu alimin adı ilə bağlıdır.  XIX əsrin 40-60-cı illərində Moskva İmperator  Universitetinin professorlarının təşəbbüsü ilə ali tibb təhsilində islahatlar aparılıb, nəticədə klinik təhsilin yeni mərhələli sisteminə keçid, tələbələrin təhsil müddətinin uzadılması, müstəqil surətdə patoloji anatomiya və patoloji fiziologiya kafedralarının təşkili,  yeni klinik fakültələrin açılması mümkün olub.  Bilavasitə təcrübəli həkimlərin rəhbərliyi ilə ilk təcrübənin  əldə olunması tibb təhsilinin keyfiyyətinin  yaxşılaşmasına yol açıb.  XIX əsrin ikinci yarısı isə Rusiyada klinik  tibb elminin çiçəklənməsi dövrü kimi xarakterizə olunur,  bu dövrdə tibb sahəsində təkcə ölkədə deyil, onun hüdudlarından kənarda da tanınan istedadlı həkimlər yetişməyə başlayıb. XIX əsrin 90-cı illərində Moskvada "Deviçiye pole" adlanan ərazidə  unikal universitet kompleksi istifadəyə verilib və bu vaxta qədər fəaliyyət göstərir.  Tezliklə 13 bina inşa olunaraq, burada  9 elmi-tədris institutu, 710 yerlik 15 kliniki müəssisə yerləşdirilib.  Yeni klinik bazanın yaradılması təşəbbüsü isə Moskva İmperator  Universitetinin professor və müəllimlərinə məxsus olub. 1930-cu ildə həkim kadrların hazırlanması  işi yenidən təşkil  olunub. Tibb fakültəsi Moskva Universitetinin  tərkibindən çıxarılaraq müstəqil ali məktəb kimi yenidən qurulub və Birinci Moskva Tibb İnstitutu adlandırılıb.  1941-1943-cü illərdə müharibə dövründə Tibb İnstitutu bütün professor-müəllim heyəti ilə Ufa şəhərinə  təxliyyə olunub.  Ağır müharibə illərində belə təhsil ocağı 2632 həkim yetişdirib.

Böyütmək üçün seçin1955-ci ildə  Birinci Moskva  Tibb İnstitutuna  İvan Mixayloviç Seçenovun adı verilib. Dahi rus fizioloqunun adı Moskva Universitetinin  tibb fakültəsi ilə sıx bağlı olub. 1867-ci ildə Moskva Universitetini bitirən İ.Seçenov 1891-ci ildə artıq püxtələşmiş alim kimi təhsil ocağına qayıdıb və fiziologiya kafedrasına rəhbərlik edib. Onun səmərəli elmi-tədqiqatçılıq  və pedaqoji fəaliyyəti təkcə fiziologiyanın deyil, bütövlükdə tibb elminin inkişafına böyük təsir göstərib.  XX əsrdə Birinci Moskva  Tibb İnstitutu milli  tibb təhsili sistemində liderlik mövqeyini  qoruyub.  İnstitutun klinik bazası  getdikcə genişlənmiş, ali məktəbin ərazisində iri klinika və elmi-nəzəri məktəblərin təşəkkülü prosesi davam edib. 1990-cı ildə İ.Seçenov adına Birinci Moskva  Tibb İnstitutu adını  dəyişərək Moskva Tibb Akademiyası adlandırılıb.

  XX əsrin 90-cı illərinin siyasi və iqtisadı böhranlarına baxmayaraq  təhsil ocağı özünün kadr potensialını möhkəmləndirə bilib və ölkənin aparıcı  ali tibb  məktəbi  rolunu qoruyub. Akademiyanın professor və müəllim heyəti tərəfindən ali tibbi  təhsilin və diplomdansonrakı  təhsilin dövlət standartlarının  işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində irimiqyaslı işlər görülüb.  Akademiya nəzdində 6 yeni fakültə fəaliyyətə başlayıb. Yeni Elmi-Tədqiqat Mərkəzi inşa olunaraq istifadəyə verilib,  döş cərrahiyyəsi, molekulyar təbabət, ictimai sağlamlıq və səhiyyənin idarə olunması kimi  3 yeni elmi-tədqiqat institutu yaradılıb.

 Universitet bu gün 

2010-cu  il  iyulun 20-də İ.Seçenov adına Birinci Moskva  Tibb Akademiyasına universitet statusu verilib və adı dəyişdirilərək  İ.Seçenov adına Birinci Moskva  Dövlət Tibb Universiteti  (BMDTU)  kimi fəaliyyətini  davam etdirib.    2013-cü ildə bu ali təhsil ocağı 255 illik yubileyini  qeyd edib. 2010-cu ildən  ali məktəbin rektoru Rusiya Tibb Elmləri Akademiyasının  müxbir üzvü, tibb elmləri doktoru, professor Pyotr Qlıboçkodur.  Onun gəlişi ilə Klinik mərkəz yenidən qurulub, tərkibində müxtəlif profilli klinikalar olan 7 universitet xəstəxanası yaradılıb.  Təhsil prosesinə yeni ixtisaslar daxil edilib: biotexnologiya, biomühəndislik və bioinformatika, kliniki psixologiya, pediatriya, sosial iş, iqtisadiyyat və səhiyyə müəssisələrinin idarə olunması.  2011-ci ildə sosial təbabət, tibbi sığorta  və səhiyyənin iqtisadiyyatı elmi-tədqiqat institutları, əlavə peşə təhsili institutu, "Gələcəyin tibbi" innovativ təhsil proqramları mərkəzi  yaradılıb. BMDTU  bu gün  tibb və əczaçı kadrların hazırlanması, attestasiyası və ixtisasartırması üzrə  ən iri elmi-tədris kompleksidir.  Tədris prosesi fundamental axtarış və tətbiqi elmi tədqiqatlar, əhaliyə yüksək səviyyəli tibbi yardımın göstərilməsi, tibb və əczaçılıq elminin  nailiyyətlərinin təbliği  ilə sıx bağlıdır. Universitet   Rusiyanın  tibb və əczaçılıq üzrə ali məktəblərinin tədris -metodik birliyinə rəhbərlik edir. 

  Birinci Moskva Dövlət Tibb Universitetinin tərkibinə  11 mərkəzi klinik-diaqnostik laboratotiya, 3 min yerlik 7 universitet klinik xəstəxanasını, 7 şüa diaqnostika bölməsini  özündə cəmləşdirən, il  ərzində 50 min xəstəyə stasionar  və 300 min nəfərə ambulator xidmət göstərə bilən 16 klinikalararası müalicə-diaqnostik xidmət, tələbələr və əməkdaşlar üçün poliklinikanın olduğu  klinik mərkəz daxildir.   Universitetdə mərkəzi tibbi elmi kitabxana, Tibb Tarixi Muzeyi, stadion,  könüllülər mərkəzi, nəşriyyat, 3 tələbə yataqxanası fəaliyyət göstərir.  Elmi-tədqiqat mərkəzində 40 laboratoriya, 7 elmi-tədqiqat institutu  - molekulyar təbabət, ftizopulmonologiya, farmakologiya, ictimai səhiyyə və səhiyyənin  idarə olunması, E.İ.Marsinovski adına tibbi parazitologiya və tropik təbabət, insanın reproduktiv sağlamlığı və uronefrologiya, tibbi sosiologiya, səhiyyənin iqtisadiyyatı və  sosial təbabətin tibbi sığortası kimi   elmi-tədqiqat institutları fəaliyyət göstərir. 

 Tədrisin təşkili  

Birinci Moskva Dövlət Tibb Universitetinin operativ idarəçiliyində ümumi sahəsi 360 min kvadratmetr olan 19 bina var.  Universitetin ərazisində 20 tədris-müalicə korpusu yerləşir.  Universitetdə Rusiya və xarici ölkələrdən 15000 tələbə təhsil alır.  Nizamnaməyə müvafiq olaraq universitetin strukturuna müalicə, tibbi-profilaktik, farmasevtiv, stomatologiya, ali tibb bacısı  təhsili və psixo-sosial iş, eləcə də həkimlərin ali məktəbdənsonrakı və ali məktəbəqədərki peşəkar təhsili,  səhiyyənin iqtisadiyyatı və idarəolunması, pediatriya  kimi 10 fakültə daxildir.  İnternatura, klinik ordinatura və aspirantura çərçivəsində təhsil bütün klinik ixtisaslar üzrə hər il 3 mindən artıq tələbəni əhatə edir.  İxtisaslaşdırılmış 12 şura iclaslarında hər il 30-a qədər doktorluq və 100 namizədlik dissertasiyaları müdafiə  olunur.  Tədris ili ərzində 13000 dinləyici ixtisasartırma və yenidənhazırlanma kurslarında əlavə təhsil alır. Tələbələrin təhsil müddəti 4 ildən 6 ilə,  diplomdansonrakı   təhsil müddəti isə 72 saatdan 1500 saata qədərdir.  Ölkənin tibb müəssisələri arasında ilk   dəfə bu universitetdə ali tibb bacısı təhsili fakültəsi açılıb.  Universitetin fakültələrində 160 kafedra və kurslar var ki,  onlarda 2 min yüksəkixtisaslı mütəxəssis  çalışır. Elmlər doktoru və elmlər namizədi elmi dərəcəsinə malik müəllimlər 86,5 faz (600 elmlər doktoru və 1000 elmlər namizədi) təşkil edir. Universitetin alimlərindən  100 nəfəri akademik, Rusiya Tibb Elmləri Akademiyası,  Rusiya Elmlər Akademiyası, Rusiya Təhsil Akademiyasının müxbir üzvləridir.  Müəllimlərdən 60 nəfər Rusiya Federasiyasının əməkdar elm xadimi,  56  nəfər əməkdar həkim və əməkdar səhiyyə işçisi, 44 nəfər   əməkdar ali məktəb işçisi, 88 nəfər Dövlət və digər mükafatlar laureatıdır, 191 əməkdaş  beynəlxalq akademiyaların  üzvüdür.

Universitetin təhsil, elmi-tədqiqat və müalicə işi üzrə fəaliyyətinə  ümumi rəhbərlik 180 nəfərdən ibarət Elmi Şura tərəfindən həyata keçirilir.  Elmi Şura universitetin kollektivi tərəfindən professor-müəllim heyəti və tələbələr arasından  5 il müddətinə  seçilir. Elmi Şura universitetin fəaliyyətini nizamlayan lokal aktlar  və nizamnaməni qəbul edir.  Elmi Şuranın hər ay keçirilən iclaslarında kollektivin həyatının mühüm məsələləri müzakirə olunur.

Klinikalarda və klinikalararası bölmələrdə  xəstələrin müalicəsinin yeni diaqnostika  metodlarının işlənib hazırlanması və həyata keçirilməsi, dərman preparatlarının, tibbi texnikanın  sınaqdan keçirilməsi üzrə elmi-tədqiqatlar aparılır.  Universitetin klinikaları özünün yüksəkixtisalı mütəxəssislər heyəti, geniş rentgendiaqnostik spektri, eləcə də angioqrafiya və kompüter-tomoqraf tədqiqatları, güclü laborator və funksional diaqnostika xidməti, endoskopik və ultrasəs diaqnostika, tibbi genetik şöbələri  ilə elmi tədqiqatların aparılması, müasir tibb texnologiyalarının,  səhiyyə praktikasında yeni iş metodları və üsullarının tətbiqi üçün geniş imkanlara malikdir. 

 Azərbaycanlı alim və tələbələri  

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) şüa diaqnostika kafedrasının doktorantı, tibb elmləri namizədi Samir Əliyevdən aldığımız məlumata əsasən, Rusiyanın ən nüfuzlu tibb təhsili ocağında hazırda 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Tələbələrimiz ən çox müalicə işi, stomatologiya, pediatriya, əczaçılıq ixtisaslarında oxuyurlar. 10 nəfər aspirantura, 1 nəfər isə doktorantura pilləsində təhsil alır. Universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alimlər də var. Azərbaycanlı alimlərdən Qan Mərkəzinin müdiri, professor Əliheydər Rəhimovun, Uşaq stomatologiya və ortodontiya kafedrasının müdiri, professor Adil Məmmədovun, Allergologiya və kliniki immunologiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Leyla Namazova - Baranovanın, Kliniki transfuziologiya şöbəsinin müdiri, professor İmnarə Bayraməlibəylinin, 1 nömrəli hospital-cərrahiyyə kafedrasının professoru Abdulla Abdullayevin, Mamalıq, ginekologiya, perinatologiya və reproduktologiya kafedrasının professoru Səfər Həmidovun, Normal fiziologiya kafedrasının müəllimi Kima Abdullayevanın adlarını çəkmək olar.  

"Bakı-2015" Birinci Avropa Oyunlarına dəstək aksiyası  

İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetində Azərbaycanlı Gənclər Klubu fəaliyyət göstərir. Tələbələrimiz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dəstəyi ilə hər il keçirilən  "Qanın milliyyəti yoxdur", "Sağlamlığına əmin ol, xəstəliyə yox de!"  adlı xeyriyyə aksiyalarında və  digər tədbirlərdə fəal iştirak edirlər. Yüzlərlə azərbaycanlı tələbə hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyasında iştirak edirlər.

Qeyd edək ki, "Bakı-2015"  I Avropa Oyunları ilə ələqadar BMDTU-də  bir sıra tədbirlər keçirilib. "Bakı-2015" Birinci Avropa Oyunlarına dəstək məqsədilə RAGT-nın dəstəyi ilə Moskvada keçirilən Universiada çərçivəsində universitetin idman zalında təşkil olunan voleybol yarışında Moskva ali məktəblərini təmsil edən 14 komanda mübarizə aparıb. Yarışın açılışında çıxış edənlər ilk Avropa Oyunlarına hazırlığın gedişindən, Rusiya idmançılarının bu mötəbər idman tədbirinə ciddi hazırlaşmalarından danışıblar. Aprelin 25-də start götürən universiadada voleybol, basketbol, stolüstü tennis, qaçış və mini-futbol yarışları keçirilib. İdman yarışması mayın 10-da "Lujniki" stadionunda mini-futbol üzrə Heydər Əliyev Kuboku uğrunda turnirlə başa çatıb. Bütün yarışların qaliblərinə mükafatlar təqdim olunub. 

Məşhur məzunları

Birinci Moskva Dövlət Tibb Universitetinin məşhur məzunları arasında Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın,  akademik A.Myasnikov adına  Klinik Kardiologiya İnstitutunun ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri, akademik  Renat Akçurinin, Rusiyanın baş kardioloqu,  sovet və rus kardiocərrahı, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin  baş kardiocərrahı, A.Bakulev adına  Ürək-Damar Xəstəlikləri Elmi Mərkəzinin direktoru, akademik  Leo Bokeriyanın,  rus fizioloqu, fiziologiya məktəbinin banisi, Rusiya İmperator Akademiyasının fəxri üzvü İvan Seçenovun,  sovet və rus nefrologiya elminin banisi,  akademik  E.Tareyevin,  dünya ədəbiyyatının klassiki, dramaturq,  yazıçı Anton Çexovun,   azərbaycanlı həkim, jurnalist, ictimai və siyasi xadim, ADR hökumətində parlament sədrinin  müavini olmuş Həsən Məşədi Hüseyn oğlu Ağayevin və b. adlarını  çəkmək olar. 

Fəxri professorları 

Qeyd edək ki, öz fəaliyyətləri ilə təhsil ocağının dinamik inkişafına və beynəlxalq aləmdə tanınmasına töhfə verən xidmətlərinə görə görkəmli  təhsil, səhiyyə, ictimai-siyasi xadimlərə, müxtəlif təşkilatların nüfuzlu rəhbərlərinə  universitetin Elmi Şurasının qərarı ilə  BMDTU-nun Fəxri professoru adı verilir. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 1988-ci ildə bu ali məktəbi  əla qiymətlərlə bitirib. 2012-ci ildə isə  dünyaşöhrətli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb. Universitetin rəhbərliyi Mehriban  Əliyevanın xüsusi xidmətlərini yüksək qiymətləndirərək səhiyyə, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilməsi haqqında qərar qəbul edib: "Bizim üçün xüsusilə əhəmiyyətli və xoşdur ki, ali məktəbimizin məzunu olan xanım Mehriban  Əliyeva öz fəaliyyəti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini beynəlxalq miqyasda tanıdır və onun nüfuzunu artırır".  2012-ci il aprelin 13-də Mehriban Əliyevaya "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru"  Diplomu və Xatirə nişanı təqdim edilib. Təntənəli təqdimat mərasimi Azərbaycanın birinci xanımının məzunu olduğu BMDTU-da yerləşən Tibb Tarixi Muzeyinin binasında keçirilib. BMDTU-nun rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Pyotr Qlıboçko qeyd edib ki, universiteti 1988-ci ildə əla qiymətlərlə bitirmiş Mehriban Əliyeva ali məktəbin fəxridir və çox sevindirici haldır ki, o, bu gün də doğma elm ocağını unutmur, universitetlə əlaqə saxlayır, onun problemlərinə böyük diqqətlə yanaşır. 

Qeyd edək ki, tibb aləmində böyük nüfuz sahibi olan alim və ictimai xadim məzunları ilə beynəlxalq miqyasda tanınan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına bu vaxtadək yalnız 6  nəfər - dünya şöhrətli kardioloq, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Çazov və dünya şöhrətli ürək cərrahı, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya, tibb və fiziologiya sahəsində Nobel mükafatı laureatı avstraliyalı professor  Barri Ceyms Marşall, ABŞ-ın Florida ştatındakı  Klivlend klinikasının  rəhbəri, professor Stiven Veksner, Çinin Xarbin Universitetinin rektoru, professor Yan Baofen layiq görülüblər.   

Beynəlxalq nüfuzu 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti dünyanın tibb təhsili verən ali məktəbləri arasında xüsusi yer tutur.   1989-cu ildə  elmi və tədris-metodik potensialının hərtərəfli təhlili əsasında UNESCO   dünyanın ali tibb məktəblərinin reytinq cədvəlini tərtib edib.  Əlamətdar haldır ki, Birinci Moskva Dövlət Tibb Universiteti  sıralamada yalnız Paris Sorbonn Universitetindən sonra ikinci yeri tutub.  2014-cü ildə "Ekspert RA" agentliyi tərəfindən ali məktəb "C" reytinq sinfi  əldə  edib ki, bu da məzunların hazırlanmasında "yüksək səviyyə"  deməkdir.  Qeyd olunmalıdır ki, BMDTU Rusiya və MDB-nin ali tibb məktəbləri arasında ən yüksək nəticə göstərib.  Universitet  digər ölkələrin ali tibb məktəbləri ilə əməkdaşlıq edir. BMDTU Beynəlxalq Universitetlər Assosiasiyasının  üzvüdür.  Birbaşa müqavilələr və razılaşmalar əsasında universitet  ABŞ, Almaniya, Norveç, Niderland və digər ölkələrin ali məktəbləri ilə əməkdaşlıq edir.  Universitet hər il 300 əməkdaşını xaricə elmi ezamiyyətə göndərir,  xarici ölkələrdən 100-ə yaxın mütəxəssis qəbul edir, fəal surətdə tələbə mübadiləsi aparır. Müxtəlif  beynəlxalq təşkilatlarla tərəfdaşlıq edən universitetin bir sıra əməkdaşları Dünya Səhiyyə Təşkilatının ekspertləridir. Dünyanın aparıcı alimləri mühazirə oxumaq üçün universitetə gəlirlər.  2012-ci ildə  universitetdə  tibb və fiziologiya sahəsində Nobel mükafatı laureatı, avstraliyalı həkim Barri Ceyms Marşallın mühazirələri təşkil olunub.

Birinci Moskva Dövlət Tibb Universitetinin şüarı latınca "Primus inter pares"dır. Latıncadan tərcümədə "Bərabərlər arasında birinci" anlamını  verən bu söz universitetin indiki statusuna tam uyğundur. Belə ki, Rusiyanın digər ali tibb məktəblərinin əksəriyyətinin əsası  BMDTU-nun məzunları tərəfindən qoyulub.

Birinci Moskva Dövlət Tibb Universiteti bugünkü  müasir informasiya texnologiyaları və yeni təhsil standartları şəraitində də öz uğurlu fəaliyyətini davam etdirməkdədir.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov