Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Birincilər "Əlifba bayramı"nı qeyd ediblər

 

Böyütmək üçün seçinMayın 26-sı  Bakıdakı 214 nömrəli tam orta məktəbin  I "e" sinfinin şagirdləri, onların müəllim və  valideynləri üçün həyəcan dolu, eyni zamanda sevincli bir gün idi. Ümumtəhsil müəssisəsinin "Sağlam təhsil sinfi"nin balaca fidanları məktəb həyatlarında  ilk  "Əlifba bayramı"nı qeyd edirdilər.

Balacaların bu sevinc və əyləncə dolu tədbirində iştirak etmək istəyən hər bir kəs məktəbin akt zalına toplaşmışdı. Xüsusilə böyük fərəhlə, bəslədiyi ümidlərlə, xəyallarla, ürəyindəki xoş arzularla övladının əlindən tutaraq məktəbə aparan valideynlər indi körpə balalarının əziz bayramına yığışıb, səbirsizliklə övladlarının çıxışlarını gözləyirdilər. Şagirdlər öz sevimli müəllimləri Sevinc Süleymanovanın rəhbərliyi  ilə bu gözəl günə yüksək səviyyədə hazırlaşmışdılar.

Tədbiri məktəbin direktor əvəzi Yaqut Məmmədova açaraq "Əlifba bayramı" münasibəti ilə şagirdləri, müəllimləri və valideynləri təbrik etdi. Rəhbərlik etdiyi ümumtəhsil müəssisəsində bu ildən "Sağlam təhsil- sağlam millət" layihəsi çərçivəsində  3 "Sağlam təhsil sinfi" nin yaradıldığını söyləyən direktor əvəzi adıçəkilən siniflərin üstünlüklərindən, şagirdlərlə burada aparılan məqsədyönlü işlərdən söz açdı. O, "Sağlam təhsil sinfi"nin şagirdlərinə sağlam gələcək, uğurlu təhsil arzulayaraq, hər zaman xoş xəbərlər ilə valideynləri sevindirəcəklərinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra söz birincilərə verildi. Birincilərdən  Leyla Nağızadə, Xədicə Hüseynova, Faiq Hacıyev, Elza İsmayılova, Ruslan Səttarov və başqaları səslərdən, sözlərdən tutmuş hər bir dərsliyin elmi gücü haqqında bir-birindən maraqlı çıxışlar  etdilər, şeirlər söylədilər. Şagirdlərin ifa etdikləri mahnı və rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Balacaların nağıllar əsasında hazırladıqları  səhnəciklər də maraqla izlənildi.

Həmin gün məktəb divarları arasında həyatda ilk kövrək addımlarını atan körpələr həm də  ilboyu  öyrəndiklərinin hesabatını verdilər. Sonda balacalar müəllimləri Sevinc Süleymanova  tərəfindən dərs müddətində yüksək fəallıq, bilik və bacarıq göstərdiklərinə, eyni zamanda  bu bayrama belə gözəl hazırlaşdıqlarına görə diplomla təltif olundular.

Tədbirdə Təhsil Nazirliyinin  Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova   və "Sağlam təhsil - sağlam millət" layihəsinin mütəxəssisi Nigar Şahhüseynbəyova iştirak edirdilər. 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
Foto Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov