Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2015 - №19

 

Məktəblilər "Buzovnam mənim" layihəsini təqdim ediblər

 

Böyütmək üçün seçinVətənpərvərlik tərbiyəsinin əsasında vətənə sevgi, məhəbbət hissləri durur. Vətəni sevmək üçünsə gərək, hər şeydən əvvəl, onu dərindən tanıyasan, yeraltı və yerüstü sərvətlərinə yaxından bələd olasan. Bu mənada təhsil müəssisələrində aparılan vətənpərvərlik tərbiyəsi işinin əsas istiqamətlərindən birini ölkə və diyarşünaslıq işləri, şagirdlərə anadan olduqları kənd, şəhər, yaşadıqları ölkə haqqında geniş məlumatlar verilməsi, doğma yurdun onlara daha dərindən tanıdılması təşkil edir. Əlbəttə, bu prosesdə şagirdlərin özlərinin  bilavasitə yaxından iştirakı, onların diyarşünaslıq işlərinə bir tədqiqatçı, araşdırıcı kimi qoşulması daha səmərəli nəticələr əldə etməyə imkan verir.

Şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verən, bu məqsədlə maraqlı və rəngarəng tədbirlər keçirən Bakı şəhərinin Buzovna qəsəbəsində yerləşən H.İsgəndərov adına 206 nömrəli tam orta məktəbdə də bu məsələ daim diqqətdə saxlanılır, şagirdlər diyarşünaslıq və ölkəşünaslıq işlərinə yaxından cəlb olunurlar.

Bu günlərdə məktəbdə həmin istiqamətdə aparılan işlərin nəticələrinə həsr olunmuş maraqlı bir tədbir keçirilib: məktəbin IX-X sinif şagirdləri birgə hazırladıqları "Buzovnam mənim" layihəsini təqdim ediblər. Ədəbi-bədii kompozisiya şəklində hazırlanan tədbirdə öncə layihənin rəhbəri və əsas aparıcıları olan IX sinif şagirdləri Ləman Şıxəliyev və Fikrət Səmədzadə məktəb rəhbərliyi tərəfindən tədbirə dəvət olunmuş kənd ağsaqqalları Hacı Soltan, Nazim Əliyev, Ağsaqqallar Şurasının üzvləri Ramiz Cabbarov, Aydın Həsənzadə, Fikrət Səmədzadə, Məzahir Səmədzadə, şair Azər Buzovnalı, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, YAP Xəzər Rayon təşkilatının aparat rəhbəri İlham Məmmədov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, tarix elmləri doktoru, professor Təvəkkül Səlimov, əməkdar artist Mirzə Məmmədov, TPİ-nin şöbə müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Natiq Axundov, Xəzər RİH Buzovna qəsəbəsi üzrə nümayəndəsi Balaş Cəmilzadəni və Bilik Fondunun nümayəndələrini salamlayaraq onları məktəblərində görmələrindən məmnunluqlarını bildiriblər.

Sonra şagirdlər layihəyə əsasən  Buzovna toponimi, onun etimologiyası, Buzovnanın tarixi-mədəni abidələri, görkəmli elm xadimləri, ədib və şairləri haqqında geniş məlumat veriblər.

Tədbirdə Buzovnada fəaliyyət göstərmiş xalq teatrının yaradıcılıq uğurlarından bəhs olunub. Kəndin repressiya qurbanları kiçik səhnə ilə yad olunub. Səhnələşdirilmiş parçada əsas rolun ifaçısı Ləman Qurbanova öz çıxışı ilə tədbir iştirakçılarını heyrətləndirib. Şagirdlər Buzovna kəndi haqqında yazılmış şeirlər söyləyib, rəvayətlər danışıblar. Tədbirin dekorasiyası da maraq doğurub. Belə ki, Buzovnanın elm xadimləri, şəhid oğullarına həsr olunan stendlər tədbir iştirakçılarında dərin  təəssürat yaradıb.

Məktəblilərin çıxışları başa çatdıqdan sonra söz alan qonaqlar şagirdlərin maraqlı təqdimat hazırladıqlarını və onu məharətlə təqdim etdiklərini bildirib, belə səviyyəli və maraqlı tədbir hazırladıqlarına görə onlara, eləcə də məktəbin direktoru, əməkdar müəllim Mətanət Əhmədovaya təşəkkürlərini  bildiriblər.

Çıxışlarda şagirdlərin,  xüsusən də X sinif şagirdi Şirəli Məmmədovun ifası xüsusilə qeyd olunub, onların yüksək istedad nümayiş etdirdikləri vurğulanıb.  Çıxış edənlər habelə kəndin qədim tarixindən  söz açıb, layihə haqqında təəssüratlarını bölüşüblər. Belə tədbirlərin şagirdlərin tərbiyəsində önəmli yer tutduğu vurğulanıb.  

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov