Müəllimlərin hazırladığı rəqəmsal interaktiv tədris
resurslarının (RİTR) təhlili
Fəranə ƏLİYEVA,
Qərb Universiteti nəzdində orta məktəbin tarix fənn
müəllimi,
edu.mimio.az saytının tarix və coğrafiya fənləri üzrə
eksperti
Ülviyyə ƏHMƏDOVA,
"Smart Technologies" şirkətinin direktoru
Bu
gün təhsildə həm forma, həm də məzmunca ciddi
dəyişikliklər gedir: beynəlxalq təcrübənin son
nailiyyətlərinə əsaslanan müasir milli təhsil sistemi
yaradılır. Hər bir müəllim təhsilin millətin taleyində
oynadığı rolu və əhəmiyyətini dərk edərək üzərinə düşən
böyük məsuliyyəti hiss etməlidir. Bu da müəllimdən işinə
və icra etdiyi vəzifələrinə daha böyük məsuliyyətlə
yanaşmasını tələb edir: peşəkarlıq səviyyəsi üzərində
daim çalışmalı, tədris etdiyi fənləri və metodikanı
mükəmməl bilməli, yenilikləri daim izləməli və
mənimsəməli, geniş erudisiyaya malik olmaqla yanaşı
tədris prosesini yüksək səviyyədə təşkil etməyi
bacarmalıdır.
İnformasiya-kommunikasiya texnologiyalarının tədrisin
və ümumilikdə, gündəlik həyatımızın ayrılmaz hissəsi
olduğu indiki şəraitdə açıq vahid informasiya təhsil
məkanının (İTM) yaradılması gündəmdə vacib məsələ kimi
durur. İTM-in əsas vəzifəsi - məktəbəqədər təhsil
pilləsindən başlayaraq, şagird, tələbə, müəllim və
yüksək ixtisaslı mütəxəssislərə qədər - hər bir
istifadəçini müvafiq tədris resurslarından geniş və
sərbəst yararlanmaq imkanı ilə təmin etməkdir. Geniş
çeşidli və keyfiyyətli tədris kontentinin mövcudluğu,
rəqəmsal interaktiv təhsil resurlarının (RİTR) dərsdə
istifadəsi təhsilin keyfiyyətini əks etdirən, eyni
zamanda tədrisin inkişafına bilavasitə öz təsirini
göstərən vacib və zəruri amillərdən biridir.
Son illər ərzində Azərbaycanın təhsil ocaqlarının
əksəriyyəti yeni nəsl interaktiv avadanlaqlar (interaktiv,
elektron, "ağıllı" lövhələr) ilə təchiz olunmuşdur və
olunmaqdadır. Bu gün müəllimlərimizdən bu
avadanlıqlarla sərbəst işləmək, eyni zamanda avadanlığın
xüsusi proqram təminatından istifadə edərək RİTR
hazırlamaq və dərslərində aktiv tədbiq etmək bacarıqları
tələb olunur.
2010-cu ildə edu.mimio.az saytı yaradılıb və
müəllimlərimizin istifadəsinə verilib. Bu təhsil
portalının əsas vəzifəsi ölkəmizin müxtəlif bölgələrinin
müəllimləri tərəfindən hazırlanmış interaktiv rəqəmsal
dərs resurslarını paylaşaraq portalın sayəsində onları
müvafiq tələblərə cavab verən tədris kontenti ilə təmin
etməkdən ibarətdir. Bu sahədə əldə edilmiş təcrübəni
nəzərə alaraq tarix fənn üzrə interaktiv resursları
təhlil etmək istərdik.
Artıq 7-ci sinif daxil olmaqla fənn kurikulumları tətbiq
olunur. Təbii ki, hər bir yenilikdə olduğu kimi, bu
sistemin də uğurla həyata keçirilməsi çox şərtlərə
bağlıdır və bu şərtlərin başında insan amili, yəni
müəllimin şəxsiyyəti durur. Etiraf etməliyik ki, bu
prosesin təhsilimizdə mükəmməl tətbiq olunması üçün
müəllimin bəzən müəyyən məsələlərə baxışlarının
dəyişilməsi lazımdır. Nə qədər çətin gəlsə də, xüsusi
ilə də orta yaşlı müəllimlərimiz üçün, artıq dərsin
quruluşunda ənənəvi və ya formal yanaşma unudulmalı,
yeni metod və üsullar mənimsənərək gündəlik səriştələrə
və davamlı təcrübəyə çevrilməlidir. İndiki dövrün
müəllimi işinə, ilk növbədə, yaradıcı yanaşaraq dərsini
tədqiqatçılıq zəminində həyata keçirməlidir. Hazırlanmış
yüzlərlə interaktiv dərs resursu göstərir ki,
müəllimlərimiz böyük yaradıcı potensiala malikdir, onlar
yeniliklərə qarşı açıq, yeni ideya və metodları
mənimsəməyə hazırdır. Eyni zamanda indiki mərhələdə hələ
də müəllimlərimizin yetərincə böyük qisminin zəif
nöqtələri, "zəif bəndləri" var ki, onlara işlərində mane
olur.
Tarix fənninin tədrisində müasir dərsin imkanları çox
genişdir. Bu imkanlardan mükəmməl yararlanıb tətbiq
etmək üçün müəllim lazımı qədər fənnin tədris
metodikasına, dərsin quruluşuna, mərhələlərinin tam və
doğru əks olunmasına diqqət yetirməlidir. Təbii ki, eyni
zamanda bu vacib məsələlər müəllimin hazırladığı dərs
resursunda da öz əksini tapmalıdır.
Məlumdur ki, motivasiya müasir dərsin mühüm
mərhələlərindən biridir. Tarix fənninin tədrisində
dərsin mərhələlərinin pozulması daha çox motivasiya
mərhələsində müşahidə olunur. Bir çox hallarda müəllim
RİTR hazırlayarkən motivasiya olaraq dərsin mövzusu ilə
bilavasitə əlaqəsi olmayan nümunələri verir və bunu
mövzunun Azərbaycan tarixi fənninə aid olduğu ilə
əsaslandırır. Məsələn, 9-cu sinifdə "Quba xanlığı"
mövzusunu keçərkən bu cür motivasiyanın verilməsi nə
dərəcədə məqsədəuyğundur? Və ya, məsələn, 9-cu sinifdə
keçilən "Şəki xanlığı" mövzusunda hazırlanmış dərsə
motivasiya olaraq Şəkiyə həsr olunmuş videoçarx
yerləşdirilir ki, burada Şəkinin indiki görüntüləri,
gəzməli yerləri, mətbəxi və s. nümayiş olunur. Bu cür
motivasiya, məsələn, 5-ci sinifdə verilə bilər, amma
9-cu sinif şagirdləri üçün çox bəsitdir.
Məlumdur
ki, motivasiyanın nə qədər maraqlı olmasından dərsin
gedişi və nəticəsi, effektiv alınması, şagirdlərin
fəallığı və mövzuya maraq göstərməsi birbaşa asılıdır.
Bu səbəbdən təlim zamanı motivasiya mərhələsinin uğurlu
alınması üçün aşağıdakı şərtlərə əməl olunması
məqsədəuyğundur: 1. Motivasiya sualı qeyri-adi, maraqlı,
cəlbedici, hətta deyərdik ki, sövqedici olmalıdır.
Hazırlanan resursda istifadə edilən video, audio,
animasiya, foto, rəsm təsvirləri və s. kimi multimedia
materialları bu nöqteyi-nəzərdən seçilməlidir. 2.
Dərsin məqsədinə yönəldilməli, bilavasitə məzmuna və
mövzuya uyğun qurulmalıdır. Dərsin mövzusu ilə bağlı
öncə mənimsənilmiş biliklər nəzərə alınmalıdır. 3.
Fərziyyələri söyləmək, mövzunun adını, sonra da tədqiqat
sualını müəyyənləşdirmək üçün şagirdlərə imkan verilməli
və bunun üçün müəyyən vaxt nəzərə alınmalıdır. Sağdakı
sütunda verilmiş şəkillərdə motivasiya üçün 5 nümunə
təqdim olunur.
Bəzən müəllim hətta dərsin mövzusunu müəyyənləşdirmədən,
qeyd etməyərək birbaşa tədqiqat sualına keçir. Bu halda
tədqiqat sualının qoyuluşu da düzgün olmur.
Mövzu açıqlanarkən tədqiqat sualını verməyi
müəllimlərimiz bəzən unudur və birbaşa qruplara tapşırıq
verirlər. Digər tez-tez rast gəlinən səhv: müəllim
tədqiqat sualını sadəcə formal olaraq resursda qeyd
edir, yəni metodiki tərəfdən düzgün müəyyənləşdirib
ifadə edə bilmir, sualı dərsin növbəti mərhələləri ilə,
məsələn, nəticənin çıxarılması ilə əlaqələndirmir.
Tədqiqat sualının düzgün qoyulması üçün şəkillər
sütununda verilmiş nümunələr müəllimləri
istiqamətləndirə bilər.
Maraqlı, yaddaqalan, cəlbedici motivasiya və ya tədqiqat
sualı formal yanaşma ilə alınmaz, müəllim dərsin bu
vacib mərhələsini qurarkən yaradıcılığını, geniş
erudisiyasını, necə deyərlər, "işə salmalı" və əlbəttə
ki, vaxt sərf etməlidir. Bəzən müəllimlərimiz tam
orijinal iş hazırlayaraq yüksək səviyyədə
yaradıcılıqlarını nümayiş etdirirlər (Şəkillər
sütunundakı "Müəllimlərin yaradıcı işi üçün nümunələr"ə
bax).
Kobud səhvlərə təlimin forma və üsulları seçilərkən də
rast gəlinir. Belə ki, müəllim təlimin formasını "qruplarla
iş" kimi qeyd edir, amma dərsin gedişində aydın olur ki,
heç qruplar üçün tapşırıqlar hazırlanmayıb.
Bəzən "qrup işi" təlim formasını seçən müəllim qruplara
eyni sayda tapşırıq vermir. Yaxud qruplar üçün nəzərdə
tutulan tapşırıqlar fərqli tipli və fərqli çətinlik
səviyyəli tapşırıqlardan ibarət olur. Məsələn, şəkillər
sütunundakı sonuncu iki nümunə kimi.
Məsələn, müəllim dərsdə dörd qrupdan üçünə Venn diaqramı
və digər cədvəllərlə iş verir, amma dördüncü qrupa -
hekayə yazmağı tapşırır, nəzərə almır ki, bu cür
tapşırıq (esse, inşa) müəyyən qədər zaman və hazırlıq
tələb etdiyinə görə ümumiyyətlə dərsdə deyil, evə
verilsə daha məqsədəuyğun olar.
Qruplar üçün tapşırıq hazırlayarkən, müəllim nəzərdə
saxlamalıdır ki, tapşırıqların həlli üçün qruplara eyni
vaxt verilir və qrup işləri eyni meyarlar əsasında
qiymətləndirilir. Deməli, tapşırıqların sayı, onların
növü, çətinlik səviyyəsi, ayrılan vaxt eyni olmalıdır.
Dərsin mərhələlərinin pozulması, düzgün qurulmaması
dərsin nəticəsinə necə gətirib çıxara bilər? Belə
olduqda, dərs, əlbəttə ki, alınmır və gözlənilən
nəticədən heç söhbət gedə bilməz.
Dərsin növbəti mərhələlərinin qurulması və onların
interaktiv resursda əks olunması ilə bağlı məsələlər
növbəti yazımızda şərh ediləcəkdir.
P.S.
Məqalədə aşağıda adları verilən müəllimlərin hazırladığı
resurslardan istifadə olunub: Nuriyyə İlyasova "Şəki
xanlığı"; Sevinc Əliyeva "...Gülüstan qalası, yoxsa
Azərbaycan"; Leyla Bayramova "Azərbaycan - ən qədim
yaşayış məskəni"; Hamlet Əliyev "Ərəb xilafətinin
yaranması və onun tənəzzülü"; Elçin Atakişiyev "İkinci
Dünya müharibəsi", Şəbnəm İmamverdiyeva "İlk müstəqil
Azərbaycan xanlığı"; Ülviyyə İsmayılova "Qədim Misir";
Şirincan Məmmədova "Finikiya"; İlhamə Rəhimova "Tunc
dövrü"; Təranə Bədəlova "Qirdimanskoe qosudarstvo.
Djavanşir"; Zümrüd Həsənquliyeva "XV əsrdə Azərbaycanda
ictimai-iqtisadi həyat və mədəniyyət"; Elnarə Rüstəmova
"Azərbaycan xanlıqları"; Əzət Balayeva "Səfəvilər
dövləti"; Leyla Əhmədova "Quba xanlığı"; Vüsalə
Şahmuradova "Zaxvat azerbaydjanskix zemel"; Gülbəniz
İbrahimova "Yunan şəhər - dövlətlərinin tənəzzülü.
Makedoniyalı İsgəndər"; Amənə Kərbəlayeva - "Qədim Roma
dövləti" (resurs saytda yerləşdirilməyib). |