Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Müəllim-tədqiqatçının yeni kitabı çapdan çıxıb

 

Pedaqoq-tədqiqatçı Hacı Tofiq Seyidzadə pedaqoji fəaliyyətə başladığı 1969-cu ildən anadan olduğu Sədərək kəndinin tarixinin, mədəniyyətinin tədqiqi, yaradıcı insanlarının üzə çıxarılması üçün geniş araşdırmalar aparıb və artıq təqaüddə olmasına baxmayaraq indi də bu gərəkli və şərəfli  işi  davam etdirir. Bu araşdırmaların nəticəsi olaraq pedaqoq-tədqiqatçının indiyədək 57 kitabı və məqaləsi işıq üzü görüb.

Hacı Tofiq Seyidzadənin apardığı araşdırmaların bir istiqamətini Sədərək məktəbinin məzunu olan yaradıcı insanların -  müəllim, alim, şair və publisistlərin üzə çıxarılması təşkil edir. Onun həmin yöndəki son araşdırmalarının nəticələri bu günlərdə "Təknur" nəşriyyatı tərəfindən çapdan buraxılmış "Sədərək şairləri" adlı beşinci kitabında toplanıb. 150 səhifəyə yaxın olan kitabda Sədərək məktəbinin məzunları - yaradıcı insanlar haqqında məlumat və onların yaradıcılığından nümunələr geniş yer tutur. Kitabın "Onlarla fəxr edirik"  adlı ayrıca bir bölməsində isə Sədərək məktəbinin tarixi, bəzi müəllimləri, xaricdə təhsil alan məzunları, idmançıları və digər sənət sahibləri haqqında yazılar yer alıb.

***

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin "Natavan" klubunda tədqiqatçı- pedaqoq Hacı Tofiq Seyidzadənin 7 kitabının təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin dosenti Nazim Mirzə Hacı Tofiq Seyidzadə haqqında danışıb,  onu bacarıqlı jurnalist-publisist, yorulmaz araşdırıcı kimi səciyyələndirib, indiyədək onun 57 kitabının çapdan çıxdığını, o cümlədən Böyük Vətən Müharibəsində iştirak etmiş 462 sədərəkli haqqında 6, Aşıq Yusif Cəfərov barədə 5, Sədərək şairləri haqqında isə 5 kitabın müəllifi olduğunu bildirib. Diqqətə çatdırıb ki, dəyərli araşdırmalarına görə qardaş Türkiyədə Beynəlxalq Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professoru adına layiq görülmüş Hacı Tofiq Seyidzadə "Qızıl qələm" media mükafatı laureatı, Avropa Kitab Nəşr Evinin qızıl medalçısıdır.

Sonra ADPU-nun müəllimi Saleh Taleh, şair Oqtay Rza, AMEA Folklor İnstitutunun əməkdaşı, dosent Nizami Muradov, Abşeron Rayon Mədəniyyət Evinin direktoru Məmmədkərim Səmədov, şair Əli Təbib Həsənoğlu, əmək veteranı Məmməd Əhmədov və b. çıxış edərək Hacı Tofiq Seyidzadənin yaradıcılığından, apardığı çoxistiqamətli araşdırmalarından, onların nəticəsi kimi araya-ərsəyə gəlmiş kitablarının əhəmiyyətindən danışıb, məhsuldar  tədqiqatçıya uğurlar arzulayıblar.

Tədbirin sonunda söz alan H.T.Seyidzadə təqdimat mərasiminə qatılanlara və haqqında xoş sözlər deyən çıxışçılara minnətdarlığını bildirib. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov