Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Bölgə xəbərləri

 

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 70 illiyi qeyd edilib 

Böyütmək üçün seçinŞamaxı  şəhərindəki İncəsənət Təhsili Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 70 illiyinə həsr olunan konfrans keçirilib. Rayon təhsil şöbəsindən  daxil olan məlumatda qeyd olunub ki, tədbirdə institutun 30 əməkdaşı, rayon ziyalıları, ümumtəhsil məktəblərində çalışan coğrafiya müəllimləri, Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının əməkdaşları iştirak ediblər.

Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov rəhbərlik etdiyi elm ocağının yaranma tarixi, 70 illik fəaliyyəti dövründə qazanılan nailiyyətlər, coğrafiyanın əhatə etdiyi tədqiqat sahələri barədə geniş məlumat verib. Qeyd edilib ki, 1937-ci ildə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının tərkibində yaradılan coğrafiya sektorunun bazasında 1945-ci il mayın 1-də Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutu təşkil olunub. Uzun tarixi yol keçən institut ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra elmi fəaliyyətini iki mühüm elmi problem üzərində qurub. Bunlardan birincisi Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri, respublikanın konstruktiv və regional problemləri, səhralaşma prosesləri, ikincisi isə Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekoloji şəraitin tədqiqidir.

R.Məmmədov daha sonra institutun ayrı-ayrı şöbələri və bu şöbələrin elmi istiqamətləri, kadr hazırlığı, beynəlxalq əlaqələri barədə geniş məlumat verib. Konfransda  müxtəlif mövzularda məruzələr dinlənilib.

Sonda dinləyiciləri maraqlandıran qlobal istiləşmə, təbii su ehtiyatlarının azalması təhlükəsi barədə suallar cavablandırılıb.


Bilik Fondu Xaçmazda "Ev kitabxanası" layihəsinin qaliblərini mükafatlandırıb 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məktəblilər arasında keçirdiyi müxtəlif məzmunlu müsabiqələri davam etdirir. Belə tədbirlərdən biri də Xaçmaz rayonunda keçirilən "Kitabi-Dədə Qorqud" dastanı haqqında inşa müsabiqəsi olub.

Xaçmaz Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumatda  bildirilir ki, müsabiqədə müxtəlif məktəblərin şagirdləri iştirak ediblər. Məktəblilərin "Kitabi-Dədə Qorqud" dastanı haqqında yazdıqları inşalar münsiflər heyəti tərəfindən yoxlanılaraq qaliblər seçilib. Mükafatlandırma mərasimi M.Məhəmmədov adına 4 nömrəli tam orta məktəbdə keçirilib. Qaliblərə təşəkkürnamə və qiymətli hədiyyələr, fərqlənən bütün iştirakçılara isə kitablar hədiyyə olunub. Tədbirdə Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu təmsil etdiyi qurumun yaranması, fəaliyyəti, gördüyü işlər barədə geniş məlumat verib. "Kitabi-Dədə Qorqud" dastanının əxlaq və mənəviyyat göstəricisi olduğunu xatırladan C.Musaoğlu dastandakı qəhrəmanlar, toponimlər, işlənən ifadələrin bu günlə səsləşdiyini qeyd edib. Məktəbin direktoru, fondun yerli nümayəndəsi Akif İsmayılov bildirib ki, Bilik Fondu yaranandan cəmiyyətin maariflənməsi istiqamətində çox işlər görüb və bu fəaliyyətə Xaçmaz ictimaiyyəti böyük həvəslə dəstək verməyə hazırdır.

Rayon təhsil şöbəsinin metodisti İmran Müseyibli belə müsabiqələrin şagirdlərin təfəkkürünün formalaşmasında böyük rol oynadığını, təmsil etdiyi qurumun Bilik Fondu ilə birlikdə daha çox layihələrə imza atacağını vurğulayıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin ideyası əsasında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Yaradıcılıq Fondunun birgə layihəsi olan "Ev kitabxanası" ilk dəfə Xaçmaz məktəblərində həyata keçirilib. Müsabiqənin qalibləri  "Ev kitabxanası"na daxil olan üç yazarın kitablarına da sahib olublar. Onlar növbəti mərhələdə bu kitablardan aldıqları təəssüratları yazacaqlar. Ən yaxşı yazı KİV-lərdə dərc olunacaq.


Qaxın İlisu kəndində "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi təşkil olunub 

Böyütmək üçün seçinIDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı çərçivəsində "Ceyranları qoruyaq!" adlı ekoloji yay düşərgəsi keçirib. Qax və Şəki rayonlarından 30-dan çox məktəblinin iştirak etdiyi düşərgə  Qax rayonunun İlisu kəndində təşkil edilib.

Yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgə iştirakçıları ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlandırılıblar. Uşaqlar, həmçinin müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak ediblər.

"Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramı 2010-cu ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunur. Bu illərdə 150 başdan artıq ceyran Şirvan Milli Parkından tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilib. Bu ərazilərdə ceyranların daimi monitorinqi və mühafizə işləri həyata keçirilir.


Xəzər Universitetinin tələbələri Ağsu arxeoloji ekspedisiyasına qoşulublar 

Böyütmək üçün seçinAğsu rayonunun Bəyimli kəndi ərazisindəki Torpaqqala abidəsində arxeoloji qazıntılar davam edir. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən bildiriblər ki, Xəzər Universitetinin tarix və coğrafiya fakültəsinin üç tələbəsi iyunun əvvəllərindən təcrübə keçmək məqsədilə ekspedisiyaya qoşulub.

Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev tələbələrə arxeologiya elminin ümumi inkişaf tarixi, Azərbaycan arxeologiyası, ərazidə son illər aparılan arxeoloji tədqiqatlar, Bəyimli kəndində Mehranilər sülaləsinin ilk qalası hesab olunan Mehrəvan qalasının bu ərazidə lokalizə olunması haqqında geniş məlumat verib. "Miras" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli III-VIII əsrləri əhatə edən Mehrəvan qala-şəhərində aparılan arxeoloji tədqiqatların özünəməxsusluğu, mədəni təbəqə və kvadratlar barəsində danışıb. Qazıntı sahəsinin müəyyən kvadratlarında iri binanın divarlarını, təsərrüfat küplərini təmizləyən tələbələr sənədləşdirmə və materialların sahədən götürülməsi yollarını da öyrənirlər.

Universitetdə öyrəndikləri nəzəri bilikləri qazıntı sahəsində təcrübi fəaliyyətlə möhkəmləndirən tələbələr iyunun sonunadək Mehrəvan qala-şəhərində ekspedisiyanın işində iştirak edəcəklər.


ADAU-nun əməkdaşları Çində təşkil olunan seminarlarda iştirak edirlər 

Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmovdan aldığımız məlumatda bildirilir ki, Çin Xalq Respublikasının Bakıdakı səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşavirliyi ilə əməkdaşlıq çərçivəsində ADAU-nun əməkdaşları  bu ölkədə təşkil edilmiş kənd təsərrüfatının müxtəlif problemlərinə həsr olunan silsilə seminarlarda iştirak edirlər. Hər biri 20 günü əhatə edən və cari ilin noyabr ayına kimi davam edəcək seminarların bütün xərcləri Çin hökuməti tərəfindən ödənilir. Hər bir seminarda 5 nəfər əməkdaşın iştirakına icazə verilməklə xarici dil bilikləri olan gənc müəllim və doktorantların iştirakının təmin olunmasına üstünlük verilir. "İnkişaf etmiş ölkələrdə ixrac olunan kənd təsərrüfatı məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi", "Asiya və Avropa ölkələrində kənd təsərrüfatının bazis texnologiyaları və qənaətcil irriqasiya", "2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə bitki toxumlarının istehsalı və idarə edilməsi", "2015-ci il üçün rusdilli ölkələrdə böyük miqyasda müasir kənd təsərrüfatının idarə edilməsi" mövzularında keçiriləcək seminarlarda universitet əməkdaşlarının iştirakı nəzərdə tutulur.


"Təbiət anadır- qoruyaq onu" mövzusunda "dəyirmi masa" 

İsmayıllı Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, RTŞ-ın  metodisti Sevda İsmayılovanın və şəhər 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Leyla Babayevanın rəhbərliyi ilə  məktəbdə  "Təbiət anadır - qoruyaq onu" mövzusunda "dəyirmi masa" keçirilib.

Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Y.Nuriyev,  RTS-ın baş metodisti H.Əsədov, metodist S. İsmayılova, coğrafiya müəllimləri N.Baxşıyev, G.Asvarova, A.Qasımova, D.Yəhyayeva və şagirdlər diskussiyanı davam etdirərək, mövzu ətrafında öz mülahizələrini söyləyiblər.

Çıxış edənlər bildiriblər ki, biomüxtəliflik bütün bəşəriyyətin sərvətidir və qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə bizim ən yaxşı müttəfiqimizdir. Bu ehtiyatların tükənməsi harada olmasından asılı olmayaraq, yolverilməzdir. Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. İqlim dəyişikliklərinin təsirinin yumşaldılmasi, biomüxtəlifliyin,  bioloji müxtəlifliyin genetik ehtiyatlarının mühafizəsi, öyrənilməsi və davamlı istifadəsi istiqamətində fəaliyyətləri və tədbirləri gücləndirməklə yer kürəsində həyatın qorunmasına və davamlı inkişafa xidmət göstərmiş oluruq.

Sonda  bir daha  vurğulanıb ki, gəlin, bizim  tərkib hissəsi olduğumuz mühiti və bu mühitin ən vacib elementi olan bioloji müxtəlifliyi qoruyaq!


Ağstafada son 10 ildə 15 məktəb binası tikilib 

Ağstafa Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki,  rayonda məktəblərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə 2003-cü ildən bəri 15 yeni məktəb binası tikilib istifadəyə verilib. Ötən dərs ilində təlim-tərbiyə prosesində keyfiyyət amili ön plana çəkilib, şagirdlərin daha keyfiyyətli bilik əldə etmələri üçün müvafiq tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi təmin olunub. Bunun nəticəsidir ki, şagird Qismət Cəfərov qızıl medala, tələbə Zaur Ayralov Prezident təqaüdünə layiq görülüb. "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində iki məktəb və iki müəllim  qalib olub. Cari tədris ilində 1180 nəfər 1-ci sinfə qəbul ediləcək.


Ağcabədidə şahmat turnirinin qalibləri mükafatlandırılıblar 

Ağcabədidə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə gənclər və böyüklər arasında şahmat turniri keçirilib. Təhsil şöbəsindən məlumat verilib ki,  gənclər və idman idarəsinin, təhsil şöbəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 50-dən çox idmançı iştirak edib.

İsveçrə sistemi üzrə keçirilən turnirin yekununda qaliblərə fəxri fərman, diplom və mükafatlar təqdim olunub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov