Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Kukla Teatrının uşaqlara yay sürprizləri

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimovla söhbət 

Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
[email protected]

Kuklalar, onların arxasında gizlənən böyük adamlar, müxtəlif heyvanların dilindən deyilən sözlər, uşaqlara, hətta böyüklərə verilən maraqlı mesajlar. Bütün bunlarla tanış olmaq istəyənlər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına üz tuta bilərlər. Elə onların fəaliyyəti ilə tanış olmaq üçün biz də teatrın hər kəsə açıq olan qapısını döyürük. Teatra daxil olanda böyük kuklalarla, xalq nağıllarını oxuyanda təsəvvürümüzə gətirməyə çalışdığımız obrazlarla qarşılaşırıq.

Bizi teatrın baş rejissoru Qurban Məsimov qarşılayır. Qurban müəllim deyir ki, hazırda zalda quruluşçu rejissor  Anar Məmmədovun səhnələşdirdiyi Şarl Perronun "Çəkməli pişik" əsərinin məşqləri gedir. Zala daxil oluruq. Səhnədə aktyorlar əllərində kuklalarla məşq edirlər.  Anar müəllim deyir ki, hazır səhnələrimiz də var və tamaşadan bir neçə səhnəni bizim üçün göstərirlər.

Yay mövsümündə olan kiçikyaşlı məktəblilərə hansı tamaşaların nə zaman  göstəriləcəyi ilə bağlı ilk sualımıza Qurban müəllim cavab verir:

- Bunu iyunun 20-dən sonraya nəzərdə tutmuşuq. Adətən tamaşalar cümə, şənbə və bazar günləri göstərilir. Valideynlərin də istirahət vaxtı olsun, uşaqları gətirə bilsinlər deyə. Tamaşaları iş günlərinə salanda tamaşaçı az gəlir. Bir tamaşaya 10, digərinə 200 tamaşaçı gəldiyi zamanlar da olur. Hazırda Avropa Oyunları ilə əlaqədar bəzi tamaşalarda daha çox xarici tamaşaçıları görürük.

Söhbətimizin bu yerində teatrın direktoru Rəşad Əhmədzadə  gəlir, salamlaşırıq, məşq prosesi ilə bağlı məsləhətlərini verir və gedir.

Biz də aktyorlara təşəkkür edirik və  Qurban müəllimin otağına qalxırıq ki, söhbətimizi orada davam etdirək:

-  Bir az teatrınızın fəaliyyəti barədə məlumat verərdiniz:

- Bizim yaradıcı heyətimizdə elə aktyorlarımız var ki, artıq 40 ildir teatrda çalışırlar. Elə aktrisamız var ki, teatrı yaradan Molla ağa Bəbirlini görüb.Teatrın ilk tamaşası 1932-ci ildə "Sirk" tamaşası olub. Ən gənc aktyorlarımız iki ildir çalışırlar. Aktyorlarımız bura ilk gələndə "Oyuq" teatrında məşqlərə başlayırlar ki, kukla texnikasına bələd olsunlar. Əvvəlcə tamaşalarda kiçik, sonra isə böyük rollar oynayırlar. Yaşlı aktyorlarımız da öz təcrübələrini gənclərlə bölüşürlər. Kukla teatrı elə bir yerdir ki, nə qədər yaşlı olursan ol, içindəki uşağı saxlamağı bacarmalısan.

- Hazırda hansı tamaşalar üzərində məşqlər gedir?

- Bir neçə ay öncə bir tamaşa təhvil vermişəm. "Qoca və şir", Azərbaycan xalq nağılının motivləri əsasında "Ağbabanın nağılı" tamaşasını hazırlamışam. Bu tamaşada ilk dəfə böyük kuklalarla işləmişik. Aktyor özü bu halda paltarı bütöv geyinir və maskanı başına taxır. Necə deyərlər, aktyor özü kuklaya çevrilir. Bu paltarın bir çox çətinlikləri olur. Geyim ağırdır, istidir. Obrazı yaxşı yaratmaq aktyorun peşəkarlığından asılıdır. Aktyor Rəhman Rəhmanov Ağbabanı oynayır, eyni zamanda Tamilla xanım onunla dublyordur. Növbəti tamaşada Ağbabanı Tamilla Bünyatova oynayır. Bütün tamaşaçılar elə bilir ki, bu kişidir. Amma sonda maskanı çıxaranda qarşılarında qadın görən tamaşaçılar çox təəccüblənir. Bu tamaşanı bir neçə dəfə oynamışıq. Yəqin ki, növbəti mövsümdən yenidən səhnələşdirəcəyik. Anar Məmmədov Şarl Perronun "Çəkməli pişik" tamaşası üzərində işləyir. Özünüz də gördünüz ki, kuklalar yekunlaşıb. Müəyyən dekor işləri qalıb. Onlar da tamamlanandan sonra tamaşa göstəriləcək.

- Valideyn və uşaqlar başqa hansı tamaşalara baxa bilərlər?

- Birinci Avropa Oyunları getdiyi ərəfədə teatrın ən maraqlı tamaşaları oynanılır. Bu "Karlson", "Çipbollino", "Pinokkionun  sərgüzəştləri", "Qoçaq Əhməd", "Məlikməmməd", "Tıq-tıq və Taq-Taqın nağılı"dır. Məşhur "Tıq-Tıq xanımı götürüb, ona  yeni obraz Taq-Taqı əlavə etdik. Uşaqlar bu obrazı çox sevib. "Qoğal" tamaşası gedir, onu Sankt-Peterburqdan dəvət olunmuş rejissor qurub. Anar Məmmədov "Sehrli üzük" tamaşasını işlədi. Çox maraqlıdır ki, teatr olaraq biz bəzən uşaqların istəyinə uyğunlaşmağa çalışırıq.

- Daha çox hansı tamaşalar sevilir?

- Deməzdim ki, biri digərindən çox sevilir. Amma bəzən fərq də olur. "Göyçək Fatma" uşaqlar tərəfindən çox sevilir. Biz tamaşa quranda artıq uşaqlarla yanaşı böyüklərin də istəyini nəzərə alırıq. Tamaşa zalının yarısı böyüklər olur. Buna görə də səhnədə bütün zövqlər üçün tamaşalar var. "Ağbabanın nağılı"na 2 yaşdan yuxarı uşaqlar baxa bilər.  Səhnədə elə ab-hava yaratdıq ki, hər yer yumşaq oyuncaqlarla dolu idi.

- Hansı ölkə nağıllarına üstünlük verilir?

- Paralel götürürük. Həm yerli, həm xarici. Bəzən elə nağıllar olur ki, bilinmir, Azərbaycandır, ya rus. Ortaq xüsusiyyətlər çox olur. Müasir tamaşaçıya o nağılları sevdirmək lazımdır. Elə tamaşalarımız olur ki, müasir texnologiyalardan istifadə edirik. Bəzən də texnologiyanın müəyyən zərərlərini vurğulamaq üçün mesajlar veririk. Küpəgirən qarının mobil telefonu yoxdur, ona zəng elə. "Xeyr, o canını çox istəyir. Teatrın gücü də ondadır ki, mesaj vermək olur".

- Bəzən teatrlar tamaşaçı azlığından şikayətlənirlər, sizin də belə bir probleminiz varmı?

- Necə deyim, teatr var, gəlmək istəyən də gəlir. Yaxşı tamaşa olanda gəlirlər.

-  Zalın  həmişə dolu olduğu vaxtlar olur?

- Elə günlər olur ki, valideynlər qapını sındırırlar. Zala əlavə oturacaqlar qoyulur. Tamaşaçı istəyirsə şərait yaradırıq. Yay mövsümündə turistlər də teatrımızın qonağı olur. Amma bəzən çox isti olanda uşaqlar şəhərə az çıxırlar. Birdən olur ki, bayırda qar,  boran, çovğundur, amma zal doludur.

Bizdə gün ərzində  3 seans Azərbaycan, bir seans (saat 6-da olan) isə rus dilində oynanılır.

- Yay mövsümü nə zamana qədər davam edəcək?

- İyul ayının ortasına qədər, yeni mövsüm sentyabrdan başlanacaq.

- Bəs uşaqları cəlb eləmək üçün hansısa kampaniyalardan istifadə edirsinizmi, bu məqsədlə təhsil müəssisələrində görüşləriniz olur?

- İndi bir layihə üzərində iş gedir. Müəyyən təşkilatlarla danışıqlar aparırıq. Alınsa, bütün Azərbaycan boyu səyahət planlaşdırırıq. Bizdə tez-tez fiziki imkanları məhdud olan, talassemiyadan əziyyət çəkən uşaqlar üçün "Oyuq" teatrında konsert proqramı olur.

- Yeni mövsüm üçün hansı fərqli planlarınız var?

- Kukla teatrı bizdə daha çox uşaq teatrı kimi tanınıb, yeni mövsümdən böyüklər üçün də tamaşalara quruluş vermək istəyirik. Tamaşaçı elədir ki, səhnədə 10 saniyə içərisində nəsə baş verməsə, o dəqiqə darıxacaq. Və yaxud tamaşaçı interaktivliyi xoşlayır. Kukla tamaşaçı ilə, xüsusilə uşaqlarla birbaşa ünsiyyətə girirsə, bu onların xoşuna gəlir. Uşaq özünü tamaşanın bir hissəsi hesab edir. Tamaşaçı hər dəfə fərqli olur.

- Uşaqların sizin teatra ekskursiya etdiyi zamanlar olub?

- Ayrıca məktəblər olub ki, müəllim gəlib, şagirdlərini gətirib. Onları pərdə arxasına aparmışıq. Hər şeyi göstərmişik.

- Tamaşaçılarınız adətən neçə yaşlı uşaqlar olur?

- Azərbaycanda bunun fərqi yoxdur. Uşaq dünən doğulub, amma valideyn səhəri gün onu qucağına götürüb tamaşaya gələ bilər. Bəzən uşaqların çoxluğu bizim üçün problem olur. Bəzən səhnə tamamilə qaranlıq olur. Bunu hər bir uşaq bir cür qəbul edir. Bəziləri çox qorxur. Elə uşaq var ki, birinci dəfə gəlir, çoxlu uşaq görür, təəccüblənir. Məktəblilər qaranlıq olanda zarafatyana qışqırırlar. Çalışırıq ki, qaranlıq olmasın. Başqa səhnəyə keçidi elə verək ki, qaranlıq tam zülmət olmasın. Bəzən dekorun necə dəyişdiyini real göstəririk. 

- Siz uşaq psixologiyasını da gözəl bilməlisiniz...

- Təbii. Onu bilmək məcburiyyətindəyik. Baxın, stolumun üstündəki kitablara. Bəzən valideynlər gözləyirlər ki, uşağı teatr tərbiyə etsin. Edirik. Amma uşağın tərbiyəsi evdən başlayır. Bizim böyük məsuliyyətimiz var. Eyni zamanda həm gələcək vətəndaşları, həm də gələcəkdə digər teatrlar üçün tamaşaçılar yetişdiririk. Teatr  uşaq bağçasıdır, həm məktəbəqədər təhsil müəssisəsidir, həm də uşaqlar üçün əyləncə məkanıdır. Göstərilən tamaşalar tərbiyəvi əhəmiyyəti ilə də diqqət çəkir. Səhnədə kuklanın hərəkətinə görə valideyn uşağına tərbiyə verə bilir: "bax, görürsən, kukla nə edir, sən belə etmə".

- Sonda valideynlərə nə demək istərdiniz?

- Uşaqların tərbiyəsi ilə ciddi məşğul olsunlar. Onlara diqqət etsinlər.  

Fotalar Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov