Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda üç bürünc medal qazanıb

 

Böyütmək üçün seçinTailandın Çanq Mai şəhərində 4-16 iyul tarixlərində keçirilmiş 56-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında  Azərbaycan məktəblilərinin uğurlu çıxışı təhsil ictimaiyyətimizi sevindirib. İyulun 14-də Olimpiadanın nəticələri elan olunub. Fuad Qarayevin rəhbərlik etdiyi Azərbaycan komandası 2 bürünc medal və 4 həvəsləndirici mükafat qazanıb. "İstək" liseyinin şagirdləri Məhəmməd Şirinov və Fərid Həsənli bürünc medala layiq görülüblər. Mirəli Əhmədli, Tahir Nadirov, Anar Hüseynov və Fərman Dumanov isə həvəsləndirici yerləri tutublar. Olimpiadada  ABŞ,  Cənubi  Koreya,  Şimali  Koreya, Vyetnam, Avstraliya, İran, Rusiya, Kanada, Türkiyə,  Sinqapur  və s. ölkələrdən olan məktəblilər iştirak ediblər. Amerikalı şagirdlər  komanda  hesabında  Çindən  olan həmyaşıdlarına  qalib  gəliblər.   

56-cı Beynəlxalq Riyaziyyat Olimpiadası əvvəlki illərdən fərqli olaraq məsələ və tapşırıqların xüsusilə çətinliyi ilə yadda qalıb. Lakin şagirdlərimiz komandamızın rəhbərləri - Fuad Qarayev, Elvin Məmmədov, Rəşadət Qədiməliyevın əməyi sayəsində həmyaşıdları arasında fərqlənə biliblər. 

Hindistanın Mumbai şəhərində keçirilmiş Beynəlxalq  Fizika Olimpiadasında da Azərbaycan məktəbliləri uğurla çıxış ediblər. Dünyanın 60-a yaxın ölkəsindən (Almaniya, İngiltərə, Rusiya, ABŞ, Polşa, Avstraliya, Avstriya, Çin, Fransa, Çexiya və s.) 300-ə qədər məktəblinin iştirak etdiyi 46-cı Beynəlxaq Fizika Olimpiadasında Bakıdakı "İstək" liseyinin şagirdi Tural Əliyev bürünc medala layiq görülərək Azərbaycan bayrağını dalğalandırıb. Olimpiadanın favoriti olan Çin məktəbliləri 5 qızıl medal qazanıblar. Amerika, Tayvan, Cənubi Koreya, Rusiya hər biri 4 qızıl, 1 gümüş medal qazanıblar.

Qeyd edək ki, Tural Əliyev 2014-cü ildə Beynəlxalq Jautikov Olimpiadasında (Qazaxıstan) gümüş medal,  2014-cü il Beynəlxalq Fizika Olimpiadasında (Qazaxıstan) bürünc medal, 2015-ci il Asiya Fizika Olimpiadasında (Çin) bürünc medal qazanıb. Turalın qələbələri bununla bitmir. O, həm də 2014-cü il fizika fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısıdır.  2015-ci ildə fizika fənni üzrə Respublika olimpiadasında qızıl medal qazanan Tural həm də "Birincilərin birincisi" adına layiq görülüb.

Tural Hindistandakı qələbəsini sevinclə bölüşür: "Çox şükürlər olsun, Azərbaycan bayrağını yenidən uca zirvələrdə dalğalandırmağa nail oldum".

Turalın müəllimi Rəşadət Qədiməliyev:

- Tural Əliyev çalışqanlığı ilə digər şagirdlərə nümunə ola biləcək şagirddir. Sakit təbiətli və təvazökarlığı onun xasiyyətində öndə duran xüsusiyyətdir. Özündən yaşca kiçik, aşağı siniflərin şagirdlərinə  dərs öyrənməkdə öz müəllimləri kimi dəstək olur. Tural xaricdə oxumaq istəyir. Belə ki, Sinqapurun Nanyanq Texnologiya Universitetinin mexanika mühəndisliyi fakültəsinə qəbul olub. Turalın universiteti müvəffəqiyyətlə bitirib fizika elmi sahəsində yeniliklərə imza atacağına fənn müəllimi kimi inanıram. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov