Xəbər verildiyi kimi, iyulun 9-dan
14-dək Azərbaycan Dövlət İqtisad Universitetində
dekanlar üçün "Tədrisin təşkili" mövzusunda təlim
keçirilib. Universitet tədrisinin dekanlıq səviyyəsində
modelini qurmaq, təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət edən kadr potensialını gücləndirmək və qarşıya
qoyulan vəzifələrin həyata keçirilməsi üçün zəmin
yaratmaq məqsədi daşıyan təlimdə Təhsil Nazirliyinin
Aparat rəhbərinin müavini Yaqub Piriyev ali təhsil
müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
haqqında təqdimatla çıxış edib. Təlim başa çatdıqdan
sonra onun gedişi və nəticələri ilə bağlı Yaqub
müəllimdən qısa müsahibə aldıq. Onu "Azərbaycan
müəllimi"nin oxucularına təqdim edirik.
- "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" və onun bazasında
hazırlanan "Fəaliyyət Planı"na uyğun olaraq Azərbaycan
Dövlət İqtisad Universitetində aparılan islahatları necə
qiymətləndirirsiniz?
- Azərbaycan Dövlət İqtisad Universitetində aparılan
islahatlar "Dövlət Strategiyası"nın bütün beş strateji
istiqamətini əhatə edir və Strategiyanın həyata
keçirilməsi ilə bağlı "Fəaliyyət Planı"na uyğundur. Belə
ki, buradakı islahatlar ali təhsilin keyfiyyətinin
yüksəldilməsinə (tədris plan və proqramlarının əmək
bazarının tələbləri nəzərə alınmaqla
müasirləşdirilməsi), yüksək səviyyəli mütəxəssis
hazırlığına və ali təhsil sisteminin Avropa ali təhsil
sisteminə inteqrasiyasına (Avropanın müxtəlif nüfuzlu
universitetləri ilə ikili diplom layihələrinin həyata
keçirilməsi) yönəlmişdir.
- Azərbaycan Dövlət İqtisad
Universitetində ali təhsil müəssisələrinin dekanları
üçün keçirilən "Tədrisin təşkili" təlim proqramının
faydalarını necə dəyərləndirirsiniz?
- Dekanlarla keçirilən təlimlər ADİU-da növbəti dərs
ilində tədrisin təşkili, idarəolunması, yeni
qiymətləndirmə qaydalarının tətbiqinə və bütövlükdə
təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
- Təlimlərdə dekanlar iş prosesində
qarşılaşdıqları problemləri birgə müzakirə etmək imkanı
qazandı. Əsasən hansı problemlər üstünlük təşkil edirdi
və problem yaradan məqamları aradan qaldırmaq üçün
Təhsil Nazirliyinə nə kimi təkliflər verildi?
- Təlimlər zamanı qaldırılan əsas problemlər tədrisin
kredit sistemi ilə təşkilinin yeni qaydalarının bəzi
nüanslarının şərhlərinə, eləcə də tələbələrin köçürülmə,
xaricolunma, bərpa və akademik məzuniyyətalma qaydaları
və həmçinin bu proseslərin xarici vətəndaşlarla bağlı
məqamları müzakirə olunaraq cavablandırıldı.
- Təlimlərin açılışındakı çıxışınızda
artıq bütün ali təhsil müəssisələrinə maliyyə
muxtariyyəti verildiyini, indi isə akademik
muxtariyyətin verilməsi istiqamətində tədbirlər
görüldüyünü bildirdiniz. Bu sahədə görülən işlər hansı
mərhələdədir?
- Yeni nəsil təhsil proqramları işlənib hazırlanır. Yeni
proqramların tətbiqində ali təhsil müəssisələrinə geniş
sərbəstliklər nəzərdə tutulur. Növbəti tədris ilindən
başlayaraq Dövlət Strategiyasının həyata keçirilməsi ilə
bağlı "Fəaliyyət Planı"na uyğun olaraq ali təhsil
müəssisələrinə ödənişli əsaslarla qəbul planının ləğv
olunması nəzərdə tutulur. Bu halda ödənişli əsaslarla
tələbə qəbulunda ali təhsil müəssisələrinin rolu artacaq.
- Gələcəkdə bu təlimlərin digər ali
təhsil müəssisələrinin dekanları üçün də keçirilməsi
nəzərdə tutulurmu və keçiriləcəyi halda ilk təlimdə
iştirak edən dekanların rolu nədən ibarət olacaq?
- Gələcəkdə bu növ təlimlərin digər ali təhsil
müəssisələrinin təşəbbüsləri əsasında təşkil olunması
çox məqsədəuyğundur. Belə ki, bu bütün ali təhsil
sisteminin inkişafına yönəlik tədbir hesab olunur. İlk
təlimdə iştirak edən dekanlar növbəti təlimlərdə təlimçi
qismində iştirak edə bilərlər.
- Müsahibə üçün sağ olun.
Müsahibəni apardı: Elnarə MƏMMƏDOVA,
Azərbaycan Dövlət İqtisad Universiteti
İctimaiyyətlə əlaqələr şöbəsi |