Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

Gerizəkalılıq, yoxsa disleksiya

 

Bəzən sinifdə qavrama problemi yaşayan şagirdlər olur. Təəssüf ki, müəllim və ailələr tərəfindən belə uşaqların zəka geriliyi olduğu düşünülür və hər kəs onlardan əlini üzür. Belə uşaqlar ardıcıllıq və sadalamalarda çətinlik çəkir, bənzər hərf və ədədləri qarışdırırlar. Bu gün cəmiyyətimizdə bütün bu simptomların daşıyıcısı olan uşaqların zəka geriliyindən əziyyət çəkdiyi qəbul olunub. Əslində isə dil sistemi ilə bağlı olan həmin problem "disleksiya"dır (öyrənmə çətinliyi) və zəka geriliyi ilə əlaqəsi yoxdur. Əksinə, belə uşaqlar üstün zəkalı, bir qismi isə gələcək dahilərdir. Dislektik uşaqlar normal insanın xəyal gücünün ən az iki qatına sahibdirlər. Buna baxmayaraq, onlar dinləmə, danışma, oxu və müzakirədə çətinlik çəkir, özlərini ifadə edə bilmirlər. Ən böyük "düşmənləri" isə kitablardır.

Disleksiya ilə bağlı ilk tapıntılar 1896-cı ildə ingilis həkimi V.P.Morqanın 14 yaşlı oğlanı müşahidə etməsi nəticəsində ortaya çıxmışdır. Məlum olmuşdur ki, bu vəziyyət əsasən oğlan uşaqlarında üstünlük təşkil edir.

Bir çox elm və mədəniyyət dahiləri dislektik olmuş, öyrənmə çətinliyi yaşamışlar. Bu vəziyyət bizi düşünməyə vadar edir. Onların bir neçəsini öz xatirələri ilə nümunə göstərmək istərdim:

Albert Eynşteyn: "Müəllimlərim asosyal olduğumu və ölənədək boş xəyalların arxasınca gedəcəyimi deyirdilər".

Uinston Çörçil: "Məktəb illərində özümü olduqca bezgin və cəsarətini itirmiş hiss edərdim. Özünü tamamilə sinifdən təcrid olunmuş və ya yarışın sonunda hiss etmək ağır idi".

Aqata Kristi: "Ailədəki ən passiv fərd olduğumu düşünürdüm. Təəssüf ki, olduqca haqlıydım. Yazmaq və hecalamaq mənim üçün kabus, tələffüzüm də fəlakət dərəcədə pis idi".

Bu gün dünyanın bir çox ölkələrində disleksiya dərnəkləri fəaliyyət göstərir. Bu dərnəklərdə çalışan təcrübəli pedaqoqlar tərəfindən dislektik uşaqlara dəqiq diaqnoz qoyulur və həm müəllimlər, həm də valideynlər bilgiləndirilir. Nəticədə dislektik uşaqlara fərdi yanaşılır, düzgün təlim metodları seçilir və onlar həyata qazandırılır.

Mən sinfində disleksiyalı şagirdi olan bir sinif müəllimiyəm. Və bu vəziyyətin fərqinə vardığım üçün həm özümü, həm şagirdimi şanslı hesab edirəm.

Əziz müəllimlər və ailələr, biz disleksiyanın fərqinə vararaq gələcək dahiləri kəşf edə, istedadları üzə çıxara bilərik. Onlar həyəcanlı və narahatdır. Onlara inanın, qaranlıq kimi görünən yolda əllərindən tutun, bələdçilik edin. Və əmin olun ki, sonda onlara inanmaqda haqlı olduğunuzu görəcəksiniz. 

Ülkər MƏMMƏDOVA,
Şərur rayonu, müəllim

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov