Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Sessiyanın qarşıya qoyduğu vəzifələr müzakirə olunub

 

Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasının müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq iyulun 21-də keçirilən sessiyada müzakirə edilən məsələlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2015-ci ilin birinci yarımili ali məktəb üçün də uğurlu nəticələrlə əlamətdar olub. Muxtar respublika rəhbərinin xüsusi diqqət və qayğısı ilə universitetin maddi-texniki bazası gücləndirilib, universitet xəstəxanasının və Baytarlıq təbabəti ixtisasının yeni binaları istifadəyə verilib. İqtisadiyyat fakültəsi və rektorluğun fəaliyyət göstərməsi üçün yeni binaların tikintisi nəzərdə tutulub. Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə  həyata keçirilən "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsinin tamamlanması bütövlükdə Azərbaycan ali təhsil tarixində əlamətdar hadisədir.

Qeyd olunub ki, dünya təhsil sisteminə inteqrasiyaya, təcrübə mübadiləsinə, beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verən universitetdə dünyanın 80-dən çox tanınmış universiteti ilə əməkdaşlıq əlaqələri qurulub. Burada 360 xarici ölkə vətəndaşı ali təhsil alır. Universitetdə TEMPUS, HUMERİA, "Mövlana"  proqramları çərçivəsində tələbə mobilliyi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Tələbə mübadiləsi nəticəsində universitetin onlarla tələbəsi öz təhsillərini qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif ali məktəblərində, Rusiyada, Gürcüstanda, Cənubi Koreyada, Rumıniyada, Çexiyada davam etdiriblər. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir. Düşünülmüş dövlət siyasəti nəticəsində Naxçıvan Dövlət Universitetinin geniş internet məkanına çevrilməsi, "Elektron universitet" layihəsinin uğurla gerçəkləşdirilməsi, imtahanların elektron test üsulu ilə şəffaf və obyektiv keçirilməsi qazanılan nailiyyətlərdəndir.  9 nəfər AMEA-nın həqiqi üzvü, 5 nəfər AMEA-nın müxbir üzvü, 38 elmlər doktoru, 179 fəlsəfə doktoru, 28 professor, 111 dosentin çalışdığı, 5000-dən artıq tələbənin təhsil aldığı bu ali məktəb fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün ölkədə aparılan təhsil islahatlarından faydalanır.

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası muxtar respublikanın hərtərəfli inkişafının real inikası olmaqla yanaşı, yüksək ixtisaslı kadr hazırlığı, tədrisin müasir standartlar səviyyəsində qurulması, yeni texnologiyalardan və müasir təlim üsullarından istifadə etməklə tədrisdə keyfiyyət dəyişikliklərinə nail olunması istiqamətində qarşıya mühüm vəzifələr qoymuşdur.

Böyütmək üçün seçinYığıncaqda universitetin mühasibat uçotu və maliyyə kafedrasının dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Mehriban İmanova "2015-ci ilin 6 ayında Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına dair", həmin kafedranın müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov "2014-cü il Naxçıvan Muxtar Respublikası büdcəsinin yerinə yetirilmə vəziyyəti" barədə məruzələr ediblər.

Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yığıncağa yekun vuraraq dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsində ali məktəb kollektivinə  uğurlar arzu edib.  

Mehriban SULTAN

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov