Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

HÜQUQİ MƏSƏLƏLƏR

Təhsil Nazirliyi cavab verir

 

Sual: Əlavə təhsil nədir və hansı növləri var?

Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsinə əsasən əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.09.2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na görə əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.

İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.

İxtisasartırma təhsilini müvəffəqiyyətlə başa vuran və müəyyən edilmiş krediti toplayan hər bir dinləyiciyə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən vahid formalı sertifikat verilir.

Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir.

Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəffəqiyyətlə keçən hər bir dinləyiciyə tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən vahid formada dövlət sənədi - diplom verilir.

Stajkeçmə və kadrların təkmilləşdirilməsi elmi-pedaqoji, pedaqoji, mühəndis-müəllim kadrları, sənaye, tikinti, iqtisadiyyat, tibb, kənd təsərrüfatı, bütün növ istehsal sahələri və s. kateqoriyadan olan kadrlar üçün əlavə təhsil növüdür. Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət edir. Stajkeçmə və təkmilləşmənin sonunda stajkeçənə və təkmilləşdirilənə əlavə təhsil müəssisəsinin müəyyən etdiyi vahid formada sənəd - stajkeçənə sertifikat, təkmilləşdirilənə arayış verilir.

Təkrar ali təhsil və orta ixtisas təhsili ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Təkrar ali təhsil və orta ixtisas təhsili üzrə proqram və tədris planı əsasında ali (orta ixtisas) təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr (subbakalavr) dərəcəsi və ali (orta ixtisas) təhsil haqqında diplom verilir.

Dərəcələrin yüksəldilməsi təhsili  orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan təhsil növüdür. Dərəcələrin yüksəldilməsi təhsili üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında vahid formalı diplom verilir. Bu halda dinləyicinin orta ixtisas təhsili müəssisəsində topladığı kreditlər və ya tədris olunan fənlərin saatlarına uyğun kredit ekvivalentləri tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydada nəzərə alınır.

Yaşlıların təhsili vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür.   Əlavə təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.

Yaşlıların təhsilinin sonunda mənimsənilmiş proqramın məzmununa, yeni qazanılan ixtisasa uyğun tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş və möhürlə təsdiq edilmiş vahid formada sertifikat və ya diplom verilir.

Sual: "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək istəyən müəllimlərə dair tələblər hansılardır?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 25.02.2008-ci il tarixli 714 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"na görə müsabiqədə iştirak etmək istəyən müəllimlər aşağıdakı şərtlərə cavab verməlidirlər:

1. azı beş il pedaqoji iş stajına malik olması;

2. ixtisasartırma kurslarını keçməsi, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənəd alması;

3. təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi;

4. dərs demək, məşğələ aparmaq üçün ixtisasartırma tədbirlərinə, seminar və treninqlərə cəlb edilməsi;

5. pedaqoji mühazirələrdə, elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməsi, əvvəlki illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin respublika mərhələsində mükafata layiq yer (yerlər) tutması;

6. mətbuatda metodiki məqalələrlə çıxış etməsi, tədris vəsaitlərinin müəllifi olması;

7. tədris etdiyi ixtisas üzrə şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanması, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutması;

8. "Baş müəllim", yaxud "Metodist müəllim" adını alması, dövlət təltiflərinə ("Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Əməkdar müəllim" fəxri adı və s.) layiq görülməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunması;

9. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarları və Azərbaycan Respublikası təhsil nazirinin əmrlərində, yerli təhsil orqanlarının müvafiq sənədlərində səmərəli fəaliyyəti barədə məlumatların olması, qabaqcıl təcrübəsinin müxtəlif səviyyələrdə öyrənilib yayılması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilməsi;

10. informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olması;

11. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən aparılan sorğularda həmin müəllim haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi və müəllimin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər.

Sual: "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsində iştirak etmək istəyən məktəblərə dair tələblər hansılardır?

Cavab: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri"nə əsasən müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri aşağıdakı şərtlərə cavab verməlidirlər: 

1. son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması;

2. son üç ildə ali məktəblərə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması; 

3. müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı; 

4. respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması; 

5. ali təhsilli müəllimlərinin faizinin yüksək olması; 

6. ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması; 

7. təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi; 

8. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsilalanlar arasında aparılan sorğularda ümumi təhsil müəssisəsi haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi və məktəbin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər. 

Sual: Ümumi təhsil müəssisələrinin əmlakı özəlləşdirilə və ya icarəyə verilə bilərmi?

Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 37.6-cı maddəsinə görə dövlət mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri istisna olunmaqla) özəlləşdirilməsi qadağandır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin 10.13-cü bəndinə görə ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" 2010-cu il 19 yanvar tarixli 10 nömrəli qərarı ilə müəyyən edilmiş təhsil müəssisələrinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növləri sırasında təhsil müəssisələrinin əmlakının icarəyə verilməsi nəzərdə tutulmamışdır. 

Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov