Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Adı "Qızıl kitaba" yazılmış gənc istedad

 

Çinarə Əzimova  xüsusi  istedad sahibidir. Beynəlxalq müsabiqə və festivallarda uğur qazanan bu qız Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi  Məktəbinin şagirdidir.  

Çinarə Əzimova 2002-ci ildə Bakıda  musiqiçi ailəsində  anadan olub. Uşaqlıqdan skripka ilə məşğul olan  Çinarə 2011-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IV sinfinə daxil olub.  Vokal ixtisası üzrə dosent İradə Xəlilovanın sinfində təhsil alır. 2009-cu ildə  "Gənc ifaçıların Bakı müsabiqəsi"nin laureatı adını qazanan  Çinarə  2013-cü ildə  Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən gənc vokalçıların VIII Beynəlxalq müsabiqəsində Qran-pri mükafatına  layiq görülüb.  Həmin  ildə o, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsinin  vokal ixtisası üzrə laureatı  adını qazanıb. 2014-cü ildə Latviya "Riqa-Simfony" müsabiqəsində də    istedad və və bacarıq nümayiş etdirərək  Qran-pri mükafatına sahib  olub.  2014-cü ildə  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Moskvanın Böyük Kreml Sarayında keçirilmiş "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi  Festivalına qatılıb.  Paytaxt məktəblisi dəfələrlə dövlət tədbirlərində öz istedadını  nümayiş etdirib.  25-30 avqust 2014-cü il tarixlərində Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların V Beynəlxalq müsabiqəsinə  və ispan vokal ustadı  Konçita Badianın xatirəsinə həsr olunmuş Kamera Musiqisi Beynəlxalq Müsabiqəsi keçirilib. Dünyanın 11 ölkəsindən 147 gənc vokalçının qatıldığı müsabiqədə  Çinarə Əzimova da  ölkəmizi təmsil edib  və II yerə layiq görülüb. Sentyabrın 1-də D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında keçirilən qaliblərin təltifolunma mərasimində və yekun konsertində Çinarə Əzimovanın çıxışı böyük maraqla qarşılanıb.

Bir  çox beynəlxalq müsabiqə və festivallarda nailiyyətlər qazanan Çinarə Əzimovanın adı  2015-ci ilin  iyulunda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Çinarə ona  verilən mükafatı  yüksək dəyərləndirir və  deyir ki, öz üzərində səylə çalışacaq, ona verilən etimadı doğruldacaq,  aldığı  təqaüdü  isə musiqi ilə bağlı layihələrə xərcləyəcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov