Zaqatala
rayonunda 16 yaşadək yeniyetmə və gənclər arasında
şahmat üzrə respublika olimpiadası keçirilib. “A” və “B”
qrupları üzrə yarışlarda 52 rayon, şəhər və təşkilatı
təmsil edən 444 nəfər idmançı (onlardan 76 nəfəri
qızlardır) iştirak edib. Yarışlar Zaqatala Olimpiya
İdman Kompleksində 11 turdan ibarət İsveçrə sistemi üzrə
keçirilib.
Beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun rəhbərliyi
ilə hakimlər kollegiyası tərəfindən idarə olunan
olimpiadanın yekun nəticələrinə əsasən şəxsi hesabda “A”
qrupunda 16 yaşadək oğlanlar arasında I yeri Rüstəm
Bünyatov (Bakı - 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman
Məktəbi), II yeri Vüsal Həsənzadə (Lənkəran), III yeri
Nurlan Hüseynov (Xaçmaz), 16 yaşadək qızlar arasında I
yeri Aynur Kətanova (Naxçıvan MR), II yeri Süsən
Məmmədova (Ucar), III yeri Nəzrin Mirzəzadə
(Lənkəran) tutub.
14 yaşadək oğlanlar arasında I yerə Kənan Əhədzadə
(Lənkəran), II yerə Babək Cəfərli (Gəncə), III yerə
Murad İbrahimli (Sumqayıt), 14 yaşadək qızlar arasında
I yerə Ləman Hüseynova (Sumqayıt), II yerə İradə
Əhmədova (Ucar), III yerə Ləman Hacıyeva (Bakı - 2
nömrəli UGŞİM) layiq görülüb.
“B” qrupunda 12 yaşadək oğlanlar arasında isə I yeri
Altay Eynullayev (Bakı - RİOEUGŞM), II yeri Mirmusa
Feyziyev (Bakı - 3 nömrəli UGŞİM), III yeri Fərhad
Fərhadlı (Sumqayıt), 12 yaşadək qızlar arasında I yeri
Zeynəb İsmayılzadə (Gəncə), II yeri Aydan Hüseynova
(Bakı - RİOEUGŞM), III yeri Ayan Allahverdiyeva
(Lənkəran) tutub.
Yarışın təntənəli bağlanış mərasimində Zaqatala Rayon
İcra Hakimiyyətindən, Azərbaycan Şahmat Federasiyasından
nümayəndələr çıxış edərək qalibləri təbrik ediblər. Yaş
qrupları üzrə və komanda hesabında qalib gəlmiş
idmançılar Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi, Zaqatala Rayon İcra Hakimiyyəti və Azərbaycan
Şahmat Federasiyası tərəfindən müvafiq dərəcəli
diplomlar, medallar, xatirə hədiyyələri, pul mükafatları
və kuboklarla təltif ediliblər. |