Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

"Azərbaycanda orta məktəb proqramı çox yüksək səviyyədədir"

 

Kanadanın Vaterloo Universitetinin Prezidenti  təqaüdünə layiq görülmüş azərbaycanlı tələbə ilə söhbət 

Oruc MUSTAFAYEV, 
"Azərbaycan müəllimi"

[email protected]
 

Səfurə Süleymanova 1995-ci il  avqustun 28-də Bakı şəhərində anadan olub.  2002-ci ildə Həzi Aslanov adına 175  nömrəli tam  orta məktəbin 1-ci sinfinə gedib.  2010-cu ildə  imtahan verərək akademik Zərifə Əliyeva adına  liseyin 9-cu sinfinə qəbul olub. 2013-cü ildə  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Kanadanın Vaterloo Universitetinə daxil olub.  2014-cü ildə təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Vaterloo Universitetinin Prezidenti təqaüdünə layiq görülüb.  Qeyd edək ki, Prezident təqaüdü  qiymətləri əla olan I kurs tələbələrinə  verilir.  Ölkəmizi  Kanadanın  ən yaxşı universitetlərindən birində  əldə  etdiyi uğurlarla layiqincə təmsil edən S.Süleymanova ilə söhbətimizə orta məktəb illərindən başladıq.  

"Uşaqlıqdan riyaziyyat fənninə daha çox maraq göstərmişəm"

 Orta məktəb illərində təkcə oxumağa üstünlük verməmişəm, eyni zamanda  3 il qimnastika, 1 il milli rəqslə, 2 il  rəssamlıqla məşğul olmuşam. VIII sinifdə oxuyarkən  valideynlərimə artıq gimnastika ilə məşğul olmaq istəmədiyimi və  yalnız təhsilə üstünlük verəcəyimi dedim.

Oxuduğum  hər iki  məktəbi əla qiymətlərlə bitirmişəm. Liseydə oxuyarkən müxtəlif müsabiqələrdə, debatlarda, eləcə də təhsil ocağının  keçirdiyi xeyriyyə yarmarkalarında iştirak etmişəm. Liseyin təsis etdiyi  Şagird Parlamentinin üzvü olmuşam. Təhsildə və İKT-də nail olduğum uğurlara görə diplomlarla təltif olunmuşam. Uşaqlıqdan riyaziyyat müəllimi olan bibilərimin  şagirdlərə necə həvəslə dərs keçdiklərini izləmişəm və buna görə  də riyaziyyat fənninə daha çox maraq göstərmişəm. Ancaq liseydə oxuyarkən müəllimim Yelena Viktorovnanın dərs keçmək və başa salmaq üslubları məndə coğrafiya fənninə qarşı da maraq oyatmışdır.

 "Seçim prosesi şəffaf və obyektiv keçdi"

 Hələ XI sinifdə  oxuyarkən  bir çox xarici universitetlərin nümayəndələri  məktəbimizə gəlir və bizə universitetləri  barədə məlumat verirdilər. Bu zaman mən də özümü sınamaq qərarına gəldim. Ailəm mənim bu qərarıma tam müsbət münasibət göstərdi və bu qısa, maraqlı yolda çox dəstək verdi. Sənədlərimi toplayaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda  iştirak etməyə qərar verdim.  Seçim prosesi şəffaf və obyektiv keçdi. Xarici ölkədə təhsil alarkən bir fakta əmin oldum ki, hazırda Azərbaycanda orta məktəb proqramı çox yüksək səviyyədədir.

 "Vaterloo Universiteti Kanadanın öndə gedən beş ali məktəbindən biridir"

 Oxuduğum Vaterloo Universiteti yaşadığım şəhərin adını daşıyır.  Əsası 1957-ci ildə qoyulub.  Universitetdə 26 min tələbə təhsil alır. Tələbə şəhərciyi Torontodan 1 saatlıq məsafədə yerləşir. Vaterloo Universiteti Kanadanın öndə gedən beş ali təhsil müəssisəsindən  biridir. Universitetin riyaziyyat, kompüter elmləri, coğrafiya fakültələri dünyada ilk yüzlükdədir.  Kanadanın ən innovativ  ali məktəbi olan Vaterloo Amerikanın ən nüfuzlu universitetləri ilə rəqabət aparır.   Universitetdə bir sıra beynəlxalq proqramlar var ki,  bu da əcnəbi tələbələrə ölkənin ali məktəblərində təhsil almağa imkan yaradır.

Mən hazırda riyaziyyat fakültəsində maliyyənin təhlili və risklərin idarə edilməsi ixtisası üzrə oxuyuram.  Boş vaxtlarımda isə yeni dillər (Koreya dili, xorvat dili, fransız dili) öyrənməklə, ya da öz xobbim ilə məşğul oluram.

Qış tətillərimi əsasən dostlarımla keçirirəm, birlikdə Kanadanı gəzirik, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik və s.

Bir azərbaycanlı tələbə olaraq Kanadada fəaliyyət göstərən diasporamızla sıx əlaqə saxlayırıq. Kanadadakı  Azərbaycan diasporası ilə hər il Xocalı soyqırımını və 20 Yanvar faciəsini tanıtmaq  üçün Ottavadaki Parlamentin qarşısında yürüş keçiririk. Bundan başqa,  2014-cü ildə Toronto şəhərinin Harbour Square Parkında səfirliyin dəstəyi ilə Xocalı soyqırımında şəhid olanların xatirəsinə ağac əkmişik.

"Universitetdə mühazirələrə qatılmaq mütləq deyil"

 Kanadanın bir sıra qabaqcıl ali təhsil ocaqlarında olduğu kimi, Vaterloo Universitetində də mühazirələrə qatılmaq mütləq deyil, hətta bəzi dərsləri onlayn da oxumaq olar. Dərsə aid olan bütün materialları universitetin tələbələr üçün olan learn (tərcüməsi - öyrənmək) adlı onlayn portalından əldə etmək olar.   İmtahan sessiyası  500 nəfərə yaxın tələbə tutan stadionda, ya da auditoriyada keçirilir. 500 nəfər müxtəlif fənlər üzrə sınaqdan keçirilir. Bütün prosesə nəzarətçilər və professorlardan başqa müşahidə kameraları da nəzarət edir.

Kanadanın təhsil  sistemində bir çox yeniliklər vardır. Məsələn, artıq yuxarı kursda oxuyan tələbə aşağı kursda oxuyan tələbəyə dərs deyə bilər,  ev tapşırığını yoxlaya və ev tapşırığının yerinə yetirilməsində kömək edə bilər.  Bu tələbələr, adətən, professorların köməkçiləri olurlar  və tyutorial assistant (köməkçi tyutor) adlanırlar, hətta gördükləri işə görə maaşla təmin edilirlər.  Yuxarı kurs tələbəsi deyərkən ikinci kurs tələbəsini də nəzərdə tuturam.  Bu köməkçilər universitet tərəfindən qiymətlərə əsasən seçilirlər.  Məncə,  bu yenilik tələbələrə həm maddi cəhətdən kömək edir, həm də onlara iş təcrübəsi qazandırır.

Maraqlı olan başqa bir yenilik isə hər tədris semestrinin sonunda professorlar və dərslər haqqında universitet tərəfindən keçirilən anonim sorğudur.  Bu sorğu professorlara öz səhvlərini düzəltməyə imkan verir, universitetin daha da inkişaf etməsində və mühazirələrin daha da maraqlı olmasında kömək edir.

Vaterloo  Universitetində tələbələr öz ixtisaslarını 3-cü kursda oxuyarkən seçirlər. 1-ci və 2-ci kurslarda isə fakültənin  bütün ixtisaslara lazım olan dərslərini öyrənirlər.  Məncə,  bu sərbəstlik tələbələrə düzgün ixtisas seçimində çox kömək edir.

 "Gənclərimizə ixtisas seçimində çox diqqətli olmalarını məsləhət görürəm"

 Xaricdə təhsil gənclərimiz qarşısında geniş üfüqlər açır. Lakin ən vacib məqam odur ki, onlar ölkəmizin inkişafı üçün prioritet sahələri seçsinlər. Gənclərimizin  xaricdə təhsil almaq səylərini tam dəstəkləməklə yanaşı onlara ixtisas seçimində çox diqqətli olmalarını məsləhət görürəm, çünkü seçdikləri ixtisas bir növ onların həyatı boyu məşğul olacaqları işdir. Sevdiyin işlə məşğulsansa, həyatda və karyeranda uğur qazana biləcəksən.

Bu yay iş tapmaq üçün bir çox şirkətə CV-mi yolladım, bir neçə müsahibələrə getdim. Nəhayət  ki,  ilk dəfə təcrübəçi  kimi "Holcim Azərbaycan" şirkətində işə başladım.

Müsahibimiz "Təhsildə uğur əldə etməyin sirri nədədir" sualına belə cavab verdi: 

- Təhsildə uğur əldə etməyin sirri oxumağa qarşı olan həvəs və istəkdədir. Əgər istək və həvəs yoxdursa, uğur əldə etmək çox çətindir.

Gələcək haqqında planlar qurmamağa çalışıram. Hazırda əsas məqsədim təhsilimi uğurla bitirməkdir.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov