Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Ötən dərs ilində təhsil müəssisələrinə 9 min ədəd kompüter və noutbuk verilib

 

Yusif ƏLİYEV, 
"Azərbaycan müəllimi"
[email protected]
 

Böyütmək üçün seçin"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın dördüncü strateji istiqaməti müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət üzrə görüləcək əsas işlərdən biri təhsil müəssisələrində informasiya - kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun bərqərar edilməsidir.  Məlum olduğu kimi, son 10 ildən artıq bir müddət ərzində təhsil müəssisələrinin İKT vasitələri ilə təmin olunması istiqamətində çox böyük işlər görülmüş, iki dövlət proqramı  qəbul olunaraq həyata keçirilmişdir. 

Nəticədə ölkə üzrə bütün pillələrdən olan tədris müəssisələri müasir kompüterlərlə, digər İKT avadanlıqları ilə əsasən təmin olunmuş, təkcə  ümumtəhsil sistemində şagird-kompüter nisbəti 20:1-ə çatdırılmışdır. 2014-2015-ci tədris ilində də bu istiqamətdə aparılan işlər davam və inkişaf etdirilmiş, təhsil müəssisələrinin kompüter avadanlığı və digər rəqəmsal avadanlıqlarla təmin edilməsi, mövcud şəbəkə avadanlığının və proqram təminatının fasiləsiz işlək vəziyyətdə saxlanması üçün texniki dəstək xidmətləri göstərilməsi, təhsil işçilərinin bu vasitələrlə iş üzrə bilik və bacarıqlarının artırılması diqqət mərkəzində saxlanılmışdır.

Belə ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən aldığımız məlumata görə, ötən dərs ilində ümumilikdə təhsil müəssisələri 6000 ədəd Monoblok Lenovo stolüstü kompüter, 3000 ədəd noutbuk, 700 ədəd proyektor və 1377 ədəd interaktiv elektron lövhə ilə təmin olunmuşdur.

Bakı şəhəri, Abşeron rayonu və digər şəhər və rayonlarda 1846 təhsil müəssisəsinə, CİSCO SMART net Service vasitəsilə təhsil müəssisələrində yerləşən şəbəkə avadanlıqlarına, eyni zamanda, "Elekton məktəb" layihəsi çərçivəsində 43 təhsil müəssisəsində quraşdırılmış proqram təminatının fasiləsiz işlək vəziyyətdə qalması üçün texniki dəstək xidmətləri göstərilmişdir.

Respublika üzrə 200 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş, 1765 təhsil müəssisəsi Fiber-Optik, ADSL və simsiz rabitə kanalları ilə təhsil sisteminin korporativ İntranet və İnternet şəbəkələrinə çıxışla təmin edilmişdir.

Müxtəlif fənlərə aid elektron tədris resursları, multimedia məzmunlu video dərslər, təhsil üzrə simulyasiyalar və elektron testlər hazırlanması və www.e-resurs.edu.az  portalında yerləşdirilməsi istiqamətində də bir sıra addımlar atılmış,  biologiya, riyaziyyat, fizika və kimya fənləri üzrə 26 ədəd elektron dərs, milli tədris fənləri üzrə 30 ədəd elektron tədris resursu, 106 ədəd videodərs, 300 ədəd təhsil üzrə simulyasiyalar, 28000-dək elektron test olan baza hazırlanıb istifadəyə verilmişdir.

Məlumat və Resurs Mərkəzinin bütün serverləri lisenziyalar, təhsil müəssisələrində olan kompüterlər isə lisenziyalı "Bitdefender SRL" antivirus proqramları ilə təmin olunmuşdur.

Təhsil sisteminin 900 nəfər inzibati idarəetmə heyəti üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninqlər keçirilmişdir.

"I şagird: 1 kompüter" təhsil modelinin orta ümumtəhsil məktəblərində reallaşdırılması üzrə 650 nəfər müəllim treninqlərə cəlb olunmuşdur.

Təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə 700 nəfər müəllim üçün treninqlər təşkil olunmuşdur.

Müəllim və inzibati idarəetmə heyətindən 450 nəfər mentorluq üzrə, ibtidai siniflərdə dərs deyəcək 1200 nəfər, Milli Təhsil Məlumat Bazasının istifadəsi üzrə 375 nəfər müəllim üçün treninqlər keçirilmişdir. Eyni zamanda distant təhsilə cəlb olunmuş şagird, valideyn və müəllimlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair treninqlər təşkil olunmuş, bu məqsədlə 50 müəllim, 160 şagird və 160 valideyn heyəti treninqlərdən keçmişdir.

Ayrı-ayrı təhsil müəssisələrinin İKT avadanlığı ilə təchiz olunması istiqamətində də iş aparılmış, 132-134 nömrəli təhsil kompleksində yaradılmış xüsusi sinif otağı 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatlı elektron interaktiv lövhə və printerlə, akademik Zərifə Əliyeva adına liseyin bir sinif otağı 42 ədəd  noutbuk, 1 ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet, 1 dəst elektron interaktiv lövhə, 1 ədəd lazer printeri, 2 ədəd rəqəmsal kamera, 4 ədəd monitor, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd elektron kürsü, səs gücləndiriciləri, mikrofon, lisenziyalaşdırılmış anti-virus və kontent idarəedici alət, Bakı şəhər 23 nömrəli tam orta məktəb 30 ədəd (ASUS T100) planşet, 1 ədəd (Erson EB585wi)  proyektor, 1 ədəd desktop server və 1 ədəd noutbukla, 220 nömrəli məktəb-liseydə yaradılmış İKT əsaslı pilot sinif otağı 30 ədəd (hər şagird üçün) "Transformer Book" və 1 ədəd (müəllim üçün) "Transfomer Book Trio" ilə təchiz olunmuşdur.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində və "Elektron məktəb" layihəsində iştirak edən təhsil müəssisələrində şəbəkə və İKT avadanlıqlarının quraşdırılması istiqamətində işlərə başlanmışdır. Belə ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə 53,  Bakı Şəhəri üzrə  Təhsil İdarəsinə 115, Təhsil Problemləri İnstitutuna 136, təhsil müəssisələrinə 960 şəbəkə avadanlığı və 6222 kompüter, Bakı Kompüter Kollecinə 17 şəbəkə avadanlığı və 208 kompüter, Gəncə Şəhər Təhsil İdarəsinə 9 şəbəkə avadanlığı və 23 kompüter, Sumqayıt Şəhər Təhsil Şöbəsinə 12 şəbəkə avadanlığı və 84 kompüter, rayon təhsil şöbələrinə 26 şəbəkə avadanlığı və 40 kompüter verilmiş və onların quraşdırılmasına başlanılmışdır.

Ali təhsil müəssisələrində ödənişli təhsil alan tələbələr üzrə proqram təminatının hazırlanmasına da start verilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov