Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Azərbaycan Dövlət Aqrar Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Azərbaycan Dövlət Aqrar Universitetidir 

Rüfanə GÜNƏŞ
[email protected]
 

Böyütmək üçün seçinMaddi-texniki baza

 Aqrar Universitet 6 tədris korpusundan ibarətdir. Hazırda universitetdə struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahə elmi-tədqiqat laboratoriyası, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, əsaslı kitabxana, elektron kitabxana, mətbəə və "Aqrar mütəxəssis" qəzetinin redaksiyası, 7 fakültə, 30 kafedra fəaliyyət göstərir.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində baytarlıq nəzarəti xidməti tərəfindən universitetə bütün avadanlıqları ilə birlikdə baytarlıq-sanitariya ekspertizası laboratoriyası, "Aqrolizinq" ASC tərəfindən 16 adda yeni xarici kənd təsərrüfatı texnikası, o cümlədən NEW HOLLAND markalı taxılyığan kombayn, Belarus MTZ-892 traktoru, kotan, toxumsəpən, çiləyici, kartof basdıran, bağlıq və üzümlükdə cərgə arasını becərən frez, mineral gübrəsəpən, rotorlu və bıçaqlı otbiçən, pnevmatik toxumsəpən, kartofqazan və s. verilib. Mühəndislik fakültəsinin kafedralarında uzun müddət istifadə edilməyən, nasaz halda olan 3 ədəd traktor, 2 ədəd yük avtomobili, 1 ədəd KAMAZ və 1 ədəd yükünü özüboşaldan avtomobil əsaslı təmir edilərək işlək vəziyyətə gətirilib, 1 ekskovator alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə universitetə 3 ədəd "Hyundai" markalı avtobus, 1 ədəd "Peugeot", 1 ədəd "Vito" markalı mikroavtobus verilib.

Böyütmək üçün seçinUniversitetin ərazisində maşın-traktor parkı yaradılıb ki, bu parkda avtobuslar, yük avtomobilləri, traktor və müxtəlif markalı müasir kənd təsərrüfatı maşınlarının olması təcrübə məşğələlərinin, sürüş təlimlərinin təşkilinə, tələbələrin müasir texnikanın quruluşuna, nizamlanmasına və istismar qaydalarına dərindən yiyələnməsinə imkan və şərait yaratmaqla yanaşı, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsinə də xidmət edəcək.

İdman salonu əsaslı təmir, lazımi trenajorlarla təchiz edilib və 30 ədəd idman geyim forması, 24 ədəd qədim milli geyim forması alınıb.

1 nömrəli yataqxanada tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət otağı yaradılmış, müasir mebel, internetə qoşulmuş kompüter dəsti, mini-kitabxana, böyük ekranlı televizor quraşdırılıb.

Dövlət proqramının tələblərinə uyğun olaraq tələbə şəhərciyi ərazisində 7 mərtəbəli 514 yerlik mehmanxana tipli müasir tələbə yataqxanasının tikintisi başa çatmaq üzrədir. Digər yataqxananın tikintisi davam etdirilir.

Böyütmək üçün seçinTəkcə 2014-cü ildə 22 smart (interaktiv) lövhə, 102 noutbuk, 16 printer, 27 proyektor, proyektor üçün 4  pərdə, 11 elektron tərəzi, 96 mikroskop, 65 kompüter dəsti, 9 konfrans masası, 35 kompüter masası, 250 tələbə masası, 15 qulaqcıq, 2 qoruyucu kamera, 500 stul İSO, 1 kabinet dəsti, 2 tennis stolu, 20 kürsü, 20 plastik lövhə alınıb.

Mühəndislik fakültəsinin tədris korpusu şəhərin ən böyük binalarındandır ki, burada 2 fakültə, böyük idman salonu, bir neçə struktur bölmə fəaliyyət göstərir. Korpusda əsaslı təmir və abadlıq işləri başa çatdırılmışdır. Binanın foye, dəhliz və pilləkənlərinə mərmər döşənmiş, fasad hissəsi müasir səviyyədə gözəlləşdirilmiş, yeni tədris avadanlıqları alınmış, tədris binası cari tədris ilinin başlanğıcında müəllim və tələbələrin istifadəsinə verilib. Tədris korpusu üçün 828 masa, 1778 stul və digər tədris avadanlıqları alınıb.

Bütün tədris korpuslarına universitetin daxili imkanları hesabına videokameralar quraşdırılıb.

 İmtahan sessiyası

 Payız və yaz semestrlərinin imtahan sessiyalarının Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinin tələbləri əsasında tam aşkarlıq şəraitində keçirilməsi məqsədi ilə lazımi sayda müasir kompüter dəsti alınıb. Bu da sessiyalarda imtahanların kompüterlər vasitəsilə qəbul edilməsinə imkan yaradır.

Böyütmək üçün seçin"Elektron universitet" layihəsi çərçivəsində mühəndislik korpusunda 150 kompüter dəstindən ibarət 2 auditoriya ayrılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət nəzarət qrupu təşkil olunub, valideynlərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb. Bütün kurslarda imtahanlar test üsulu ilə aparılır.

 Kitabxana

Əsası 1929-cu ildə qoyulan ADAU-nun əsaslı kitabxanası ümumiyyətlə, elmin və xüsusən kənd təsərrüfatı elminin çoxşaxəli sahələrinə aid nadir inciləri qoruyub saxlayır. Əsaslı kitabxana ADAU-nın professor-müəllim heyətinə, tələbələrə, habelə gənc tədqiqatçılara xidmət göstərir. Kitabxananın fondunda 700 min nüsxəyə yaxın müxtəlif adlı dərslik, elmi və bədii ədəbiyyat oxucuların istifadəsindədir. Respublikanın müxtəlif bölgələrində aqrar sahə üzrə çalışan mütəxəssislər və elmi - tədqiqat işçiləri də vaxtaşırı bu kitabxana fondundan bəhrələnirlər.

Kitabxanada bir oxu zalı fəaliyyət göstərir. ADAU-da həmçinin Elektron kitabxana yaradılıb ki, burada Asiya, Avropa,  Afrika və Yaxın Şərq ölkələrinin, Türkiyə, Avstraliya, Yeni Zelandiya və Sakit okean hövzəsi ölkələri, FAO Catalogue, Kanada və Meksika və Latın Amerikası ölkələrinin kitabxanalarından faydalanmaq mümkündür. Həmçinin rus və Azərbaycan dillərində müxtəlif qəzetlərdən və elmi jurnallardan da istifadə etmək olar. 

Böyütmək üçün seçinElmi-tədqiqat işləri və əldə edilən uğurlar

 ADAU-nun professor-müəllim kollektivi 2015-2017-ci illərdə "Torpaqların münbitliyinin yaxşılaşdırılması, qorunması, meliorasiyası və suvarma texnologiyalarının öyrənilməsi, kənd təsərrüfatı bitkilərinin genefondunun toplanması, toxum və ting istehsalı, əkinçilikdə müasir becərmə texnologiyalarının işlənməsi, yeni heyvan cinslərinin yaradılması, damazlıq işlərinin təşkili, heyvandarlıqda xəstəliklərə qarşı profilaktik tədbirlərin hazırlanması, bitkiçilik və heyvandarlıq məhsullarının daşınması və saxlanması, kənd təsərrüfatının bütün sahələrində istifadə olunan texnikaların səmərəliliyinin artırılması, fermer təsərrüfatlarının idarə olunmasını və kənd təsərrüfatı məhsullarının iqtisadi təhlili" istiqamətlərində elmi-tədqiqat işlərini davam etdirirlər.  Bu işlərin yerinə yetirilməsində 31 kafedra,  2 sahəvi laboratoriya və 534 əməkdaş iştirak edir.

2014-cü ildə ADAU əməkdaşları tərəfindən 1 monoqrafiya, 23 dərslik, 20  dərs vəsaiti, 24  broşür, 1750 məqalə ( bunlardan 132 xaricdə), 3  tövsiyə, 13 elmi əsərlər məcmuəsi, 151 proqram nəşr edilib. Ötən il 1 nəfər elmlər doktoru, 9 nəfər isə fəlsəfə doktoru adına layiq görülüb.

Seleksiyanın "Qızıl fondu" hesab edilən 68 başlanğıc material pitomnikində 312 nümunə seçilib, həmin nümunələr kolleksiya, hibrid və seleksiya pitomniklərində səpilib, onlar üzərində fenoloji müşahidələr, sünbül və dərz analizləri aparılıb. Yeni yaradılmış "ADAU-80" qarğıdalı sortunun toxumları çoxaldılaraq bir çox rayonların qabaqcıl təsərrüfatlarına  təhvil verilib.

Böyütmək üçün seçinBeynəlxalq "CİMMUT" proqramının metodikasına uyğun olaraq bir sıra ölkələrdən, o cümlədən Türkiyədən gətirilmiş 50 nümunə sınaqdan keçirilib. 2014-cü ildə ADAU əməkdaşları tərəfindən "Məhsuldar"  qarğıdalı, "Qismət" Tritikale və "Qırmızı buğda" yumşaq sortlarının rayonlaşdırılması  Respublika Sort Sınaq Stansiyasında davam etdirilib.

Bağçılıq kafedrasının əməkdaşları 2014-cü ildə 3 üzüm sortunu rayonlaşdırmaq üçün  Respublika Sort Sınaq Stansiyasına təqdim ediblər.

İnək, camış, qoyun və keçilərin süd məhsullarının identifikasiyası, ekspertizası, soyudulması, dondurulması və saxlanması üsulları, saxlanma zamanı onun tərkibində gedən fiziki, kimyəvi və bakterioloji dəyişikliklər öyrənilib.

"Baytarlıq və balıqçılıq təsərrüfatı işi" ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsində "Qapalı balıq yetişdirmə tədris təcrübə laboratoriyası"nın tikintisi başa çatdırılıb.

Kənd təsərrüfatı məhsullarının qurudulması üçün sadə və ucuz günəş kollektorlarının texniki şərtləri işlənib hazırlanıb və onun əsasında Rusiyada Texniki Rezin Məmulatları EİB-də orijinal qurğu hazırlanaraq sınaqdan çıxarılıb.

Böyütmək üçün seçin Yeni laboratoriyalar

 Təkcə 2014-cü ildə linqafon kabineti, "kimya", "əczaçılıq və BSE", "fizika və riyaziyyat" kafedraları üçün laboratoriyalar, "bitkiçilik və bitki mühafizəsi" kafedrasına isə fitopatologiya üzrə "KARMALAB" laboratoriyası quraşdırılıb.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ərazisində balıqçılıq və balıq təsərrüfatı işi ixtisası üzrə mütəxəssis hazırlıq keyfiyyətinin yaxşılaşdırılması üçün 1 ədəd 126 kub.m-lik yeraltı hovuz hazırlanıb, 16 ədəd yerüstü hovuz (hər biri 24 kub.m) quraşdırılmışdır. 8 hovuzda hazırda balıq  yetişdirilir.

Laboratoriya Türkiyə mütəxəssisləri tərəfindən quraşdırılıb. Laboratoriyada tələbələr balıq kürüsünün alınması, mayalandırılması mərhələsindən başlayaraq balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak edəcək, həmçinin müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi texnologiyasına da yiyələnəcəklər.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində "Quşçuluq tədris-təcrübə mərkəzi" yaradılıb. Mərkəzin yaradılmasında məqsəd quşçuluq sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

Təməli 2013-cü ilin noyabr ayında qoyulan quşçuluq tədris mərkəzi 2014-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. Tədris mərkəzi 3000 baş broyler cücəsinin yetişdirilməsi üçün nəzərdə tutulub.

Bu mərkəzdə birinci və ikinci kurs tələbələri quşçuluqda işin birinci praktik bacarıqlarını əldə edərək laborantlar kimi tədris təcrübəsini keçəcəklər. Üçüncü kursun tələbələri - kiçik elmi işçilər, briqadirlər, seleksiyaçılar, quşun yemləndirilməsi üzrə mütəxəssislər, baytar həkimləri yeni istehsal təcrübəsini orta əlaqənin mütəxəssislərinin dublyorları kimi keçməlidirlər.

Quşçuluq tədris mərkəzinin əməkdaşlarınin tədqiqatlarının materialları əsasında istehsalata tövsiyələr hazırlanır.

"Balıqçılıq və balıqçılıq təsərrüfatı işi" ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində "Qapalı balıqyetişdirmə  laboratoriyası" yaradılmış  və iki növdə 2 mindən çox balıq yetişdirilməsinə başlanıb.

 Beynəlxalq əlaqələr 

ADAU tələbə və müəllimlər üçün Erasmus Mundus INFINITY, TEMPUS- SuToMa, "Mövlanə" Mübadilə Proqramı, Vaynştefan proqramının, həmçinin müəllimlər üçün olan TEMPUS FLEPP layihəsinin iştirakçısıdır.

Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşavirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları Çində təşkil edilmiş kənd təsərrüfatının müxtəlif problemlərinə həsr olunan silsilə seminarlarda iştirak edirlər. Hər biri 20 gün olan və cari ilin noyabr ayına kimi davam edəcək seminarların bütün xərcləri (viza xərcləri istisna olmaqla) Çin Hökuməti tərəfindən ödənilir. Hər bir seminarda 5 nəfər əməkdaşın iştirakına icazə verilməklə,  xarici dil bilikləri olan gənc müəllim və doktorantların iştirakının təmin olunmasına üstünlük verilir.

Avropa İttifaqının TEMPUS proqramı dəstəyi ilə həyata keçirilən FLEPP  (Foreign Language Education for Professional Purposes) layihəsi ilə əlaqədar 15 dəst kompüter, 1 ədəd proyektor, 2 ədəd printerlə universitetin dillər kafedrasının nəzdində xüsusi auditoriya yaradılıb.

23-24 aprel 2015-ci ildə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qara dəniz regionu ölkələri ali məktəblərinin rektorlarının 11-ci konfransının sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Assambleyasının qərarına əsasən Azərbaycan Dövlət Aqrar Universiteti təşkilata üzv qəbul olunub. Təşkilat dünyanın 12 ölkəsinin 120 universitetini özündə birləşdirməklə, üzvlər arasında təhsil, elmi-tədqiqat və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi missiyasını yerinə yetirir. Hazırda Gəncə şəhərindən yalnız Azərbaycan Dövlət Aqrar Universiteti qeyd olunan təşkilatın tamhüquqlu üzvüdür. 

İctimai təşkilatlar 

Azad Həmkarlar İttifaqı Komitəsi. Azərbaycan Dövlət Aqrar Universitetində həmkarlar ittifaqı təşkilatı 1929-cu ildən fəaliyyət göstərir. Hazırda ittifaqın 1013 üzvü var. İttifaqın fəaliyyəti müxtəlif istiqamətlidir. İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, müəssisənin rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafelərini təmsil etməsi, kollektiv danışıqların aparılması, kollektiv müqavilənin bağlanması və onun yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əməyin mühafizəsinə, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə   ictimai nəzarətin təşkili və s. kimi müxtəlif səpgili işlər görürlər.

ADAU Həmkarlar İttifaqı  Komitəsinin 11 üzvü var. Komitənin   nəzdində 5 fakültə və 3 şöbə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.  

Tələbə Azad Həmkarlar İttifaqı Komitəsi 

Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetdə 1935-ci ildən fəaliyyət göstərir. Komitənin fəaliyyət istiqamətlərinə həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, hüquqlarının və mənafelərinin müdafiəsi, həmkarlar ittifaqı üzvlərinin, onların ailə üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların təqaüd təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətinin, asudə vaxtının səmərəli təşkili, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi daxildir. 

Tələbə Elmi Cəmiyyəti 

Tələbə Elmi Cəmiyyəti (TEC) universitet daxilində yaradılmış ictimai təşkilat olub, universitetin elmi  işlər üzrə prorektoruna tabedir. TEC-in şurası və redaksiya heyəti  mövcuddur.  TEC-in Şurası universitetdə olan bütün fakültələri təmsil etməklə 20 nəfərdən ibarətdir. Yəni, şuraya hər fakültənin tələbə elmi cəmiyyətinin sədri, onun rəhbərliyi altında fəaliyyət göstərən komitə üzvləri və bir qrup əlaçı tələbələr daxildir. TEC 30 kafedrada müxtəlif ixtisas istiqamətli elmi dərnəklər əsasında fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi tələbələrin elmə meyilinin və öz ixtisasları üzrə biliklərinin artırılmasıdır.

Cəmiyyətin vəzifələrinə tələbələrin elmi marağının artırılması ilə bağlı tədbirlər, intellektual oyunların təşkili, fənn olimpiadalarında tələbələrin iştirakının təmini, fakültədaxili yarışların keçirilməsi, əlaçı və yaxşı qiymətlərlə oxuyan tələbələrin müvafiq kafedralara istiqamətləndirilməsi, elmi seminar və konfransların təşkili, fəal tələbələrin bu konfranslarda iştirakının təmin edilməsi, tələbələrin elmi məqalələrinin nəşr edilməsi daxildir.  

Tələbə Gənclər Təşkilatı 

ADAU-da TGT  2005-ci ildən fəaliyyət göstərir. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə və təşkilatın əsasnaməsinə uyğun fəaliyyət göstərir.

Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

Tələbələrin sosial problemlərinin həlli istiqamətində, eləcə də tələbələr arasında maarifləndirmə işlərinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi, respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin iştirakını, tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, "dəyirmi masa"ların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskusiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi də təşkilatın işinə daxildir. 

Tələbə həyatı - Enactus 

Azərbaycan Dövlət Aqrar Universitetinin "Enactus" (SIFE) komandası ilk olaraq 2008-ci ildə yaranıb. 2009-cu ildə keçirilən yarış zamanı respublika çempionu adını qazanıb. Almaniya Federativ Respublikasında Dünya kuboku yarışında Azərbaycanı təmsil edib. 2012-ci ildə MDB dövlətləri arasında keçirilən "SIFE SİLK ROAD" adlı Beynəlxalq konfransda universitetlərarası dörd komanda içərisində Azərbaycan Dövlət Aqrar Universitetinin "Enactus" (SIFE) komandası seçilib və bütün komanda üzvləri sertifikatla təltif olunub. 2012-ci ildə isə Milli çempionatda iştirak edərək "SPRİT of SIFE" (SIFE-ın ruhu) kubokunu əldə etmiş və "İlin komandası" nominasiyasında fərqlənmişdir.

2013-cü ildə isə milli çempionatda iştirak edərək "Ən güclü region komanda" adına və həmçinin komandanın yarışda təqdim etdiyi layihələrdən biri olan "Qida məhsullarının təhlükəsizliyi" layihəsi münsiflər heyətinin  üzvləri tərəfindən "İlin ekoloji və sosioloji layihəsi" fəxri diplomu ilə mükafatlandırılıb.

Hazırda ADAU-nun "Enactus" (SIFE) komandası başqa ölkələrin komandaları və digər universitetlərin tələbələri ilə də əməkdaşlıq edir.  ADAU "Enactus" (SIFE) komandası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Almaniyanın GTZ şirkəti, Elba MMC, "Çinar Otel" İstirahət Mərkəzi, "My Way otel", "Pal Market" , "Kəpəz Alçı" MMC, AURA PARK və başqa sponsorlarla layihələr həyata keçirib. Layihələrdən bir neçəsi bitsə də "Virtual Market",  "Yaşıl Çay" "TRASEKA" (Qədim İpək yolu ) layihələri davam edir.

 Məzun yarmarkası 

Hər il universitetdə məzun yarmarkası təşkil olunur. Yarmarkalarda rayonların icra hakimiyyətləri, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti və digər orqan və təşkilatların tabeliyində olan firma, müəssisə və təşkilatın nümayəndəsi iştirak edir, məzunlarımıza yüzlərlə vakant iş yeri təklif olunur. Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunmasi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq" ASC-nin təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada respublikanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 15-dən çox şirkəti, 500 nəfərdən çox iş axtaran məzun iştirak edib.  

ADAU-nun uğurları 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin həyata keçirilməsi qrantların yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədilə ilk dəfə olaraq keçirilmiş "Universitet qrantı" müsabiqəsində Azərbaycan Dövlət Aqrar Universitetindən təqdim olunmuş "Azərbaycanın qərb bölgəsində meyvə-tərəvəz bitki genetik ehtiyatlarının müəyyənləşdirilməsi və səmərəli istifadənin təşkili" və "Üzümün başlıca xəstəlik törədiciləri - Oidium (Uncinula necator) və Milyunun (Plasmopara viticola) erkən diaqnostikasının təşkilində DNT əsaslı texnologiyanın tətbiqi" layihələrdə qalib olub.

Təhsil Nazirliyinin "İctimai Təşəbbüslərin dəstəklənməsi layihəsi" çərçivəsində Azərbaycandan Kənarda Təhsil Almış Məzunlar Təşkilatının hazırladığı Azərbaycanda ali məktəblərin reytinq cədvəlinə əsasən universitet Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri arasında 1-ci və respublikada 7-ci yeri tutub. Universitetin tələbələrdən ibarət "Enactus" komandası 30-31 may 2015-ci ildə Bakı şəhərində keçirilmiş tələbələrin azad sahibkarlıq fəaliyyəti proqramı üzrə X milli çempionatın qalibi olaraq Cənubi Afrika Respublikasında keçiriləcək beynəlxalq çempionatda ölkəmizi təmsil etmək hüququ qazanıb.

Universitetdə mütəxəssis hazırlığı aparılan ixtisaslara peşəyönümü üzrə abituriyentlərin maarifləndirilməsi məqsədilə alimlər Gəncənin və rayonların orta məktəblərində pedaqoji heyət və buraxılış sinif şagirdləri ilə görüşlər keçirir.

Bununla yanaşı, universitetin fəaliyyətini əks etdirən 20 dəqiqəlik film AzTV, ATV, Kəpəz TV və Tovuz TV vasitəsilə yayımlanıb, AzTV-nin "Günün nəbzi" proqramında universitet rəhbərliyi nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirilib.

2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını əla qiymətlərlə başa vuran əyani təhsil forması üzrə 236 əlaçı tələbədən  53-ü öz arzusu ilə "2 fevral-Azərbaycan gəncləri günü" münasibəti ilə yeddi gün müddətində respublikamızın Qax və Zaqatala rayonlarının istirahət  mərkəzlərinə qış tətilinə göndərilib.

Universitetdə aqrar sahə üçün mütəxəssis hazırlığı ilə yanaşı çoxlu sayda mədəni-kütləvi tədbirlər keçirilib. Bu tədbirlər tələbələrin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarında müstəsna əhəmiyyət kəsb edir.

Bu il Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Milli Qəhrəman, Azərbaycanın igid oğlu Mübariz İbrahimovun doğum günü münasibətilə Biləsüvar rayonuna səfər təşkil olunub.

Mayın 6-da Azərbaycan Dövlət Aqrar Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsinə həsr olunmuş "Azərbaycanda aqrar sektorun yeni infrastrukturu: aqro parklar, onların yaradılmasının zəruriliyi və innovasiyalı inkişafda rolu" respublika elmi-praktik konfransı keçirilib. Həmçinin 23-24 oktyabrda universitetdə Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsinə həsr olunmuş "Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər" mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. 

Mərkəzlər 

Distant və Əlavə Təhsil Mərkəzi 2008-ci ildə yaradılıb. Mərkəzdə aşağıdakı şöbələr fəaliyyət göstərir:

* Yenidənhazırlanma şöbəsi

* İxtisasartırma və təkmilləşdirmə şöbəsi

* Distant təhsilə xidmət şöbəsi

* Əhaliyə pullu xidmət şöbəsi   

Yenidənhazırlanma şöbəsi  

Yenidənhazırlanma şöbəsində təhsil - xalq təsərrüfatının ayrı-ayrı sahələri üçün mütəxəssislərin diplomdansonrakı təhsilinin yenidən hazırlanma formasının həyata keçirilməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu və bu istiqamətdə olan mövcud normativ sənədlərə uyğun aparılır. Həmin qaydalar bu sahədə fəaliyyət göstərən tədris müəssisələrinin (strukturlarının) işini tənzimləmək, eləcə də diferensiallaşdırılmış proqramlarla çevik strukturların yaradılması və bununla da müxtəlif istehsalat sahələri, iqtisadiyyatın ayrı-ayrı strukturları, konkret idarə, müəssisə və təşkilatların mütəxəssislərə olan tələbatının ödənilməsi məqsədini daşıyır.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar istehsalatın müxtəlif sahələrində əmələ gələn dəyişikliklər nəticəsində yeni yaxın ixtisaslı mütəxəssislərə yaranan tələbatı adi qaydalarla ödəmək mümkün olmadığından ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, eləcə də tək-tək vətəndaşlarla bağlanmış müqavilələr əsasında xüsusi statusu olan tədris müəssisələrində yenidən hazırlanır.

Yenidənhazırlanma təhsili, baza təhsilinə müvafiq olaraq əyani formada 9-18 ay, distant və axşam formada 18-24 ay ola bilər. Təhsil haqqı ixtisaslara uyğun olaraq fərqlənir.

Yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vuran müdavimlərə universitetin Dövlət Standartlarına uyğun diplomu təqdim olunur.

 İxtisasartırma və təkmilləşdirmə şöbəsi

 İxtisasartırma və təkmilləşdirmə şöbəsində kənd təsərrüfatı kadrlarının peşə ustalığının və elmi nəzəri biliklərinin genişləndirilməsi, elm və texnikanın ən yeni nailiyyətlərinin mənimsənilməsini və kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunması məqsədi ilə respublikanın kənd təsərrüfatı mütəxəssisləri üçün Kənd Təsərrüfatı Nazirliyinin göndərişi və ya vətəndaşlarla bağlanmış fərdi müqavilələr əsasında müxtəlif sahələr üzrə (baytarlıq, zootexnika, mexanikləşdirmə, elektrikləşdirmə, aqronomluq, bitki mühafizəsi, meliorasiya, ekologiya, kənd təsərrüfatının iqtisadiyyatı, aqrar siyasət və s.) ixtisasartırma kursları təşkil edir.                                 

 Distant təhsilə xidmət şöbəsi

 Distant və Əlavə Təhsil Mərkəzində mövcud olan təhsil formalarından ən çox tələb olunan distant təhsil olduğu və həmin təhsil formasının müasir informasiya texnologiyaları və xüsusilə internetlə bağlılığı və digər özəllikləri nəzərə alınaraq mərkəzdə Distant təhsilə xidmət şöbəsi yaradılıb. Şöbə distant təhsilin təşkili üçün bütün lazımi avadanlıqlar, texnoloji vəsaitlər və proqram təminatı ilə təmin edilib. Hazırda şöbə təhsilin elektronlaşdırılma, elektron kitabxananın, müəllim və tələbələrin elektron məlumat bazasının yaradılması ilə məşğuldur.

 Magistr hazırlığı mərkəzi 

Magistr hazırlığı mərkəzi ADAU-nun Elmi Şurasının qərarına əsasən yaradılıb. Mərkəzin məqsədi ölkədə yüksək ixtisaslı mütəxəssislərə olan tələbatın təmin edilməsi, elmi-pedaqoji və elmi-tədqiqat sahəsi üçün kadrların hazırlanmasından ibarətdir. Magistr hazırlığı mərkəzi dövlət təhsil standartlarına uyğun olaraq təhsilin verilməsini, magistrantların müvəffəqiyyət dərəcəsinə cari, aralıq və yekun attestasiyanı təşkil edir.

Mərkəzə 17 istiqamətin 44 ixtisaslaşması üzrə magistrant qəbulu aparılır. Hazırda Magistr hazırlığı mərkəzində 120 nəfər magistrant təhsil alır ki, onlardan 78 nəfəri əyani, 42 nəfəri isə qiyabi şöbə üzrə olmaqla 8 nəfəri xarici ölkələrin (İraq və Türkiyə) vətəndaşlarıdır.

Magistrantların təhsili ilə 40-dan çox professor və universitetin alimləri məşğuldur. Onların rəhbərliyi ilə magistrantlar ixtisasları üzrə magistrlik dissertasiyası üzərində işləyir, aparılan elmi-tədqiqatların nəticələri respublikanın və xarici ölkələrin elmi nəşrlərində dərc olunur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov