Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Daha 50 məktəb təmayülləşmə üzrə eksperimentə başlayır

 

Seçilmiş tədris ocaqları buna hazırdırmı? 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"
[email protected]
 

Böyütmək üçün seçinSon illər ölkəmizdə ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış mühüm addımlardan biri də tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayüllər üzrə təşkilinə başlanılmasıdır. 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə öz əksini tapmış bu məsələnin reallaşdırılmasına 2011-ci ildən start verilib və ilkin mərhələdə 5, sonralar bu sıraya  əlavə olunan 3 məktəbdə eksperiment aparılıb. Təhsil Nazirliyi ötən müddətdə həmin pilot məktəblərində əldə olunmuş müsbət nəticələri və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsinin xüsusi qeyd olunmasını nəzərə alaraq yeni dərs ilində sözügedən pilot müəssisələrin şəbəkəsinin daha da genişləndirilməsini zəruri sayıb  və bununla əlaqədar xüsusi əmr imzalanıb. 8 iyun 2015-ci il tarixli həmin əmrlə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunması nəzərdə tutulan yeni pilot ümumi təhsil müəssisələrinin siyahısı və X-XI siniflərinin 2015-2016-cı tədris ili üçün tədris planları təsdiq olunub. Əmrdə habelə eksperimentin təşkili ilə bağlı müvafiq strukturlara bir sıra tapşırıqlar  verilib.

Bir neçə gündən sonra yeni dərs ili başlayır. Bəs pilot məktəbləri yeniliyin tətbiqinə nə dərəcədə hazırdırlar? Təhsil Nazirliyinin sözügedən əmrinin icrası yönündə nə kimi işlər görülüb? Suallarımıza aydınlıq gətirmək üçün Bakı şəhəri üzrə seçilmiş pilot məktəblərin bir neçəsi ilə əlaqə saxladıq.

 

Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbi bu il 4  doqquzuncu sinif bitirərək X sinfə keçib. Həmin siniflərin bütün şagirdləri və onların valideynləri ilə görüşlər keçirilərək  məsələnin mahiyyəti, nazirliyin bu barədəki əmrinin məzmunu onlara çatdırılıb, fikir mübadiləsi aparılıb. Əmrin 4-cü maddəsi ilə əlaqədar isə xüsusi izahat verilərək şagird və valideynlərin diqqətinə çatdırılıb ki, təmayül siniflərini bitirmiş şagirdlərin tam orta təhsil haqqında attestatlarına hər təmayül üzrə təsdiq olunmuş tədris planlarındakı fənlərdən aldıqları yekun qiymətlər yazılacaq, tədris olunmamış fənlərin qarşısında  "-" (tire) işarəsi qoyulacaqdır.

Şagirdlər və valideynlər təmayülləşməni çox razılıqla qarşılayıb. Nəticədə şagirdlərin arzusu və akademik göstəriciləri nəzərə alınmaqla 4 sinifdən riyaziyyat-iqtisadiyyat təmayülü üzrə bir sinf yaradılıb. Bu sinifdə dərs demək üçün daha hazırlıqlı və təcrübəli müəllimlər seçilib.

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına liseydə də aparılacaq eksperimentə nümunəvi hazırlıq işləri görülüb. Liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov bizimlə söhbətində bildirdi ki, rəhbərlik etdiyi lisey statuslu ümumtəhsil məktəbində tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili ideyası və bu ideyanın gerçəkləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən atılan addım müsbət qarşılanıb. Yenilik istər pedaqoji kollektiv üzvlərinin, istərsə də şagirdlərin və onların valideynlərinin ürəyincə olub.

Fikrət müəllim onu da vurğuladı ki, tədris müəssisələri lisey olduğundan və burada tədris təmayülləşmə əsasında fərqli tədris planı ilə aparıldığından eksperimentə hazırlıq işləri onlar üçün o qədər də çətin olmayıb. Liseyin bu il 6 IX sinfi olub. Müvəffəqiyyətlə tam orta təhsil səviyyəsinə keçmiş həmin siniflərin şagirdləri arasında sorğu  aparılaraq onların arzuları, meyil və maraqları öyrənilib. Sorğuların nəticələrindən aydın olub ki,  şagirdlərin əksər hissəsi II və IV ixtisas qruplarına üstünlük verirlər. Həmin sorğulara şagirdlərin cavabları və eləcə də  buraxılış imtahanlarının nəticələri və valideynlərin razılığı müvafiq istiqamətlər üzrə təmayül siniflərinin yaradılması üçün əsas götürülüb. Liseydə iki istiqamət üzrə - riyaziyyat-iqtisadiyyat və təbiət fənləri istiqamətləri üzrə təmayül sinifləri yaradılıb.

Müvafiq seçim etmiş şagirdlər və onların valideynləri ilə söhbətlər aparılaraq tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilinin əsas məqsədi, mahiyyəti və əhəmiyyəti onlara çatdırılıb.

Valideynlərə izah olunub ki, təmayül siniflərinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planlarında təmayül fənlərinə ayrılan saatların miqdarının  artırılması, ümumilikdə isə tədris olunan fənlərin sayının azaldılaraq  8 (riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdə) və 10-a (təbiət fənləri təmayüllü siniflərdə) endirilməsi, nəticədə dərs həftəsinin 30-32 saat həcmində müəyyənləşdirilməsi şagirdlərin daha keyfiyyətli təhsil almalarına şərait yaradacaq.

Liseylərində yüksək hazırlıqlı, yenilikçi müəllimlərin çalışdığını deyən F.Xəlilov buna baxmayaraq təmayüllər üzrə tədrisi səmərəli təşkil və şagirdlərə keyfiyyətli təhsil verilməsini təmin etmək üçün müəllimlər arasında da seçim aparıldığını, təmayül siniflərində dərs demək üçün seçilmiş müəllimlərin öyrədici təlimlərə cəlb olunduğunu söylədi. Direktor onu da diqqətə çatdırdı ki, liseyin təmayül sinifləri olmayan qalan 4 sinfində isə tədris Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş fərdi tədris planları ilə aparılacaq.

Tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili barədə qərar Bakı şəhəri 70 nömrəli tam orta məktəb-liseydə də təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış  mühüm addım kimi qiymətləndirilib. Təmayülləşmə üçün zəruri olan ilkin şərtlər- müvafiq maddi baza, yüksək səviyyəli təchizat, xüsusən də İKT ilə təminat bu tədris ocağında da mövcud olduğundan o, eksperiment aparılan ümumtəhsil müəssisələrinin sırasına daxil edilib. Məktəb-liseyin direktoru Nazim Qasımovun bildirdiyinə görə, bu tədris ocağı müasir kompüter avadanlığı, elektron lövhələr, digər İKT vasitələri ilə tam təchiz və İnternetə çıxışla  təmin edilib. Burada bütün sənədləşmə işləri, təhsili idarəetmə orqanları ilə əlaqə onlayn formada aparılır. Məktəb-liseyin kollektivinin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili ideyasını dəstəkləməsinin və bununla bağlı aparılan eksperimentə daha hazırlıqlı şəkildə başlamasının bir səbəbi də burada son 3-4 ildə lisey siniflərinin fəaliyyət göstərməsi və onlarda bir sıra təmayül istiqamətlərinin tətbiq olunmasıdır. Direktor bildirdi ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün ən səmərəli yollardan biri olan tədrisin təmayüllər  üzrə təşkili məktəb-liseyin 3 sinfində reallaşdırılır. Bu siniflərdən bu il məzun olan şagirdlər ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstəriblər. Onlardan 31-i 500-dən, 16 nəfəri isə 600-dən yüksək bal toplayıb. 3 nəfərin isə göstəriciləri 650 bal səviyyəsindən yüksək olub.

Təbii ki, bütün bunlara görə də 70  nömrəli tam orta məktəb-liseydə eksperimentə hazırlıq işləri tez və yüksək səviyyədə aparılıb. Bu il tədris ocağının 9-cu siniflərini  bitirən 121 nəfər şagird, onların müəllimləri və valideynləri ilə aparılan söhbətlərdə şagirdlərin arzu və istəkləri, meyil və maraqları, eləcə də  qabiliyyətləri öyrənilib. Nəticədə məktəb-liseydə təklif olunan 4 təmayül istiqamətindən 3-ü  - texniki, riyaziyyat-iqtisadiyyat və humanitar  istiqamətlər üzrə təmayül sinifləri yaradılıb. Bu siniflərdə 75 şagird təhsil alacaq. Son illər şagirdlər arasında 4-cü ixtisas qrupuna maraq azaldığından təbiət fənləri üzrə təmayül  istiqamətini seçənlər də az olub və bu istiqamət üzrə sinif yaradılmayıb. Qalan 41 şagird  tam orta təhsil səviyyəsində təhsillərini adi siniflərdə davam etdirəcəklər.

Nazim Qasımov artıq təmayül siniflərində dərs deyəcək müəllimlərin də müəyyənləşdirildiyini bildirdi. Aparılan seçimə görə hər təmayül sinfində təmayül fənlərini müxtəlif müəllimlər tədris edəcəklər. Direktor bizimlə söhbətində tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi ilə bağlı başlanan eksperimentin  yüksək nəticələr verəcəyinə, yaxın gələcəkdə bu prosesin ölkənin bütün tam orta təhsil məktəblərində tətbiq ediləcəyinə əminliyini bildirdi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov