Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Bir müəllimin ömür yolu

 

Məşhur ingilis dramaturqu Şekspirin müdrik fikirlərindən birini xatırlamaq istərdik: "Həyat bir səhnədir, insanlar isə aktyorlar. Burada hər kəs öz rolunu oynayır, kimi yaxşı, kimisi isə pis". Həqiqət də budur ki, yaxşılar el-obanın, xalqın hörmət və məhəbbətini qazanır, müxtəlif peşə və sənət sahibi olmaqla təbiətin, kainatın sirlərini açmağın yollarını öyrənən insanlar kimi uca tutulurlar.

Bütün peşə və sənətlər insanlar üçün qiymətli və faydalıdır. Ancaq xalq tərəfindən birmənalı qəbul edilir ki, peşələrin ən şərəflisi, tacı müəllimlik peşəsidir. Həqiqətən, düşünən, düşündürən, yaşatmağın sirlərini öyrədən geniş dünyagörüşü, dərin biliyi, iti zəkası, intellekt səviyyəsi, güclü məntiqi, humanist düşüncələri ilə fərqlənən müəllim insanların sevimlisi olur, onlara elm, təhsil və tərbiyə verir, kollektivin hörmət və məhəbbətini qazanır, xatirələrdə, yaddaşlarda dərin iz qoyur.

Qısa bir müddət ərzində təhsilin dünya standartlarına uyğun qurulmasında, maddi-texniki bazanın möhkəmləndirilməsində, mühazirə və seminar məşğələlərinin müasir tələblərə uyğun yeniləşdirilməsində, kadr işinin keyfiyyətinin yaxşılaşdırılmasında, universitetin zahiri və daxili görünüşünün müasirləşdirilməsində xüsusilə fərqlənən Sumqayıt Dövlət Universitetində aparılan işlərin miqyası diqqəti daha çox cəlb edir. Tələbkar mövqe və kollektivdə dərin hörmət və ehtiramın, səmimiyyətin gözlənilməsi üzərində qurulan universitetin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri işləyən əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü Avtandil Ağbaba (Avtandil Məmmədov) müəllimə xas olan keyfiyyətləri özünə həyat amalı, yaşamaq eşqi seçən ziyalılardan biridir. Ciddi pedaqoji fəaliyyətlə məşğul olan Avtandil müəllimin bu günlərdə 60 yaşı tamam olur.

Alimin yaradıcılıq istiqamətləri müxtəlif aspektli və genişdir. Avtandil müəllimin öz peşəsini dərindən sevən pedaqoq, tədqiqat işləri ilə folklorşünaslıq elminə yeniliklər gətirən alim, bacarıqlı təşkilatçı, tanınmış şair, publisist və gözəl ailə başçısı olması kollektivdə nüfuzunu yüksəltmiş, pedaqoji ictimaiyyətin sevimlisi etmişdir.

Amasiya rayonunun Balıqlı kəndində anadan olan Avtandil Məmmədov ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmiş, əvvəlcə Balıqlı kənd klubunda klub müdiri, sonra Öksüz kənd 8 illik məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Bacarıqlı müəllim olduğunu nəzərə alıb onu 1982-1987-ci illərdə Öksüz kənd 8 illlik məktəbində tədris hissə müdiri vəzifəsinə təyin etmişlər.

Alimin fəaliyyəti 1989-cu ildən Sumqayıt şəhəri ilə bağlanır. Əvvəlcə 11 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, sonra 25 nömrəli məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir.

2000-ci ildən pedaqoji fəaliyyəti SDU ilə bağlı olmuş, əvvəlcə saathesabı müəllim, sonralar 0,5 ştat müəllim, tam ştat müəllim, baş müəllim, dosent işləmiş və 2005-ci ildən kafedra müdiri vəzifəsinə seçilmişdir.

Avtandil müəllimin elmi fəaliyyəti məhsuldarlığı və keyfiyyəti ilə diqqəti cəlb edir. Onun "Ağbabaya gedən yollar" (1993), "Ağbaba şəhidləri" (1998), "Durnalar işığa uçur" (1998), "Oğuz yurdu Güllübulaq" (2001), "Mən torpaq oğluyam" (2003), "Folklorumuz və taleyimiz" (2007), "Aşıq Nəsibin sənət dünyası" (2008), "Mifologiya" (dərs vəsaiti - 2008), "Durnam gedər olsan bizim ellərə" (2009), "Ağbaba-Çıldır aşıq mühiti" kitabları oxucuların marağına səbəb olmuşdur.

Müəllifin 16-ya yaxın qrifli fənn proqramının çap edilməsi, 20 kitabın redaktoru olması və 30 kitaba ön söz yazması, 500-dən çox elmi və bədii-publisistik məqaləsi onun tanınmış bir alim kimi nüfuzunun göstəricisidir.

O, istedadlı alim olmaqla yanaşı, tanınmış pedaqoqdur. Mübaliğəsiz demək olar ki, o, filologiya üzrə əsas elmlərin əksəriyyətinə dərindən bələddir, xüsusilə Azərbaycan dili və ədəbiyyat və folklorun gözəl bilicisidir. Avtandil müəllim mehriban, qayğıkeş və səmimi müəllimdir. Tələbələrinə diqqət göstərməsi, onlara ata nəvazişi ilə yanaşması onun kollektivdə nüfuzunu artırmışdır.

Maraqlı cəhətlərdən biri də budur ki, o, daim axtarışdadır. Onun zəngin kitabxanasının olması təsdiq edir ki, kitab onun üçün ən əziz varlıqdır. O, böyük filosof Bekonun sözlərini həyat amalı seçib: "Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmisidir".

Avtandil müəllim milli-mənəvi və bəşəri dəyərləri qoruyan bir ziyalıdır, folklora, ədəbiyyata, dilə sevgi onun ürəyinin səsidir.

Avtandil Ağbaba poeziya ilə nəfəs alır. Onu oxuculara tanıtdıran və ədəbi ictimaiyyətə sevdirən də poeziyası olmuşdur. Deportasiyaya qədər o, "Ulduz", "Azərbaycan", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Kommunist" və başqa qəzet və jurnallarda, ədəbi almanaxda çıxış etmiş, bir şair kimi onu narahat edən məsələləri poetik misraların sığalına gətirmişdir.

A.Ağbabanın ilk qələm təcrübələri Ermənistan Respublikasının Amasiya rayonunda  çıxan "Əmək" qəzetində çap olunmuşdur. Burada o, qəzetin nəzdində fəaliyyət göstərən "Ağbaba" ədəbi birliyinin ən fəal üzvlərindən biri oldu. "Ağbaba" ədəbi birliyində iştirak edənlərin hamısı azərbaycanlılar idi. Bunu gözü götürməyən erməni millətçiləri 1987-ci ildə müxtəlif bəhanələr uyduraraq onu bağladılar.

Mərhum şairimiz Hüseyn Arifin "Göyçəlilər dağılmayın Göyçədən" şeirinə ilk cavab verənlərdən biri Avtandil Ağbabadır.  Onun 1987-ci ilin noyabrında "Azərbaycan gəncləri" qəzetində çap olunmuş "Bir parçası Ağbabadır bu yurdun" qoşması yüksək vətəndaşlıq pafosu, yurd sevgisi, elə-obaya məhəbbət hissləri ilə zəngindir.

Avtandil müəllimin şeir və poemaları ideya-məzmuna, poetik xüsusiyyətlərinə, incə və zərif ruhuna görə əsl poeziya örnəkləridir. Təsadüfü deyildir ki, onun bədii yaradıcılığı barədə müxtəlif illərdə Hüseyn Arif, Mustafa İsgəndərzadə, Rafiq Yusifoğlu, Hidayət, İslam Türkay, Ağəddin Mansurzadə, Ramiz Əsgər kimi şeir-sənət adamları dəyərli fikirlər söyləmiş, mətbuatda və kitab səhifələrində çıxış etmişlər.

Avtandil müəllimin çoxcəhətli yaradıcılığında publisistika da mühüm yer tutur. Onun publisistik yazıları da ilk dəfə "Əmək" qəzetində işıq üzü görmüşdür.  Sonrakı illərdə o daha da püxtələşmiş, "Azərbaycan müəllimi", "Xalq qəzeti", "Sovet Ermənistanı", "Ekspress", "İki sahil", "Ədəbiyyat qəzeti", "Vedibasar", "Elm və təhsil" və digər qəzet və jurnallarda sanballı yazılarla çıxış etmişdir. A.Ağbabanın elm və sənət adamları, müxtəlif peşə sahibləri ilə apardığı müsahibələr bir qayda olaraq öz aktuallığı və  sanbalı ilə diqqəti cəlb edir. Ümumiyyətlə, Avtandil müəllim nədən yazırsa yazsın, həmişə ürəyinin səsinə qulaq asa-asa yazmışdır. Onun "Vətən səsi", "Ulu Göyçə", "Ağrı dağ" və sair qəzetlərdə didərgin soydaşlarımızın problemləri, dədə-baba ocaqları haqqında, xalqımıza qarşı törədilən fitnəkarlıqlar barədə çap etdirdiyi məqalələri həyəcansız oxumaq mümkün deyildir. Avtandil müəllimin "Ağbaba şəhidləri", "Oğuz yurdu Güllübulaq", "Mən torpaq oğluyam" kitabları çağdaş publisistikamızın yaxşı nümunələrindən sayıla bilər. 

Avtandil Ağbaba ədəbi-elmi, pedaqoji yaradıcılığı ilə bərabər ictimai işlərdə də fəal çalışır. O, SDU-nun Elmi Şurasının üzvü, filologiya fakültəsinin Həmkarlar İttifaqı Komitəsinin sədridir. Sumqayıtda və respublikada keçirilən bir sıra mədəni-kütləvi tədbirlərdə də Avtandil Ağbaba heç vaxt səy və bacarığını əsirgəmir. O, Azərbayacan Respublikası Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvüdür. 2011-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin fəxri diplomu ilə  təltif olunmuşdur. Bu istiqamətdə də Avtandil müəllim xalqımızın haqq səsini beynəlxalq aləmə çatdırır, erməni fitnəkarlığını qəzəb və nifrətlə ifşa edir.

O, mehriban ailə başçısı, qayğıkeş ata və səmimi babadır. Dörd qızı, bir oğlu, səkkiz nəvəsi var.  Övladlarının hamısı ali təhsillidir. Qızları da öz atalarının yolunu davam etdirir, pedaqoji işlə məşğul olurlar.

Mən arzu edirəm ki, Allah Avtandil müəllimə istədiyi qədər ömür bəxş etsin, həyatı uğurlarla və sevinclə dolu olsun.

Yusif ASLANOV,
SDU-nun kafedra müdiri,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov