Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Heydər Əliyev adına liseydə Bilik günü qeyd olundu

 

Böyütmək üçün seçin Sentyabrın 15-də Bakıdakı Heydər Əliyev adına liseydə Bilik günü qeyd edildi. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət Bayrağının gətirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov əlamətdar gün münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik etdi. Onlara yeni tədris ilində uğurlar arzuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı. Liseyin əldə etdiyi uğurlardan danışan F.Xəlilov bildirdi ki, həmişə olduğu kimi, liseyin məzunları bu il də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər. Bildirdi ki, liseyi ötən tədris ilində 86 nəfər bitirib. Onlardan 84 nəfəri ali məktəblərə qəbulla bağlı sənəd verib və 72-si respublikamızın nüfuzlu universitetlərinə, 3 nəfəri isə xarici universitetlərə daxil olaraq tələbə adını qazanıb. Məzunlardan 12 nəfəri 600-dən, 4 nəfəri 650-dən çox, 23 məzun isə 500-600 arası bal toplayıb. Məzunlardan 2 nəfəri  - Fidan Rəhimli və Nərgiz Yusifova liseyi qızıl medalla bitirib. Qəbul imtahanlarında etimadı doğruldan medalçılar yüksək balla - N.Yusifova "ADA"-ya, F.Rəhimli isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olublar. Məzunlardan Kənan Bağırov Prezident təqaüdünə layiq görülüb. Bundan başqa, liseyin şagirdləri fənn olimpiadalarında, müxtəlif müsabiqə və yarışlarda da təhsil ocağının adını şərəflə daşıyırlar.

Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri Jalə Abdıyeva, Zaməddin Əkbərov tədbirdə çıxış edərək respublikamızda aparılan təhsil islahatlarından danışdılar. Heydər Əliyev adına liseyin respublikamızın qabaqcıl təhsil ocaqlarından olduğunu və uğurlarının ilbəil artdığını diqqətə çatdırdılar. Bilik günü  münasibətilə pedaqoji  kollektivi  və  şagirdləri  təbrik  etdilər.

Tədbirdə liseyin "Zərifə" rəqs qrupu üzvlərinin  Azərbaycan xalq rəqsini oynamaları iştirakçılarda xoş ovqat yaratdı. Birincilər tərəfindən şeirlər səsləndirildi.

Tədbirin sonunda birinci sinif şagirdi tərəfindən yeni dərs ilinin ilk zəngi çalındı.  Birincilər müəllimlərinin nəzarəti ilə "Məktəb illəri" mahnısının sədaları altında liseyin binasına daxil olaraq öz siniflərində  yerlərini tutdular. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov