Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

"Altı yaşlı uşağın çantası üç kiloqramdan çox olmamalıdır"

 

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direktoru, əməkdar elm xadimi, ATU-nun I uşaq xəstəlikləri kafedrasının professoru  Surxay Musayevlə müsahibə 

Uşaq və  yeniyetmələrin sağlamlığının  hər bir cəmiyyət və dövlət üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsi bizə yaxşı məlumdur.  Təsadüfi deyil ki, uşaqların  sağlamlığı dövlətin barometri, indikatoru adlanır.  Uşaq sağlamlığı, eyni zamanda bütövlükdə cəmiyyət və dövlət haqqında fikir yürütməyə əsas verən sahədir. Onu  da xüsusi vurğulayaq ki,  uşaq və  yeniyetmələrin sağlamlığı ilə bağlı məsələlər  bizim ölkəmizdə də hər zaman aktual olaraq qalmaqdadır.  Elə  Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direkroru, əməkdar elm xadimi, ATU-nun I uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayevlə görüşümüz  zamanı da son illər uşaq və yeniyetmələrin sağlamlığı ilə bağlı məsələlərə, valideynləri maraqlandıran bir sıra məqamlara toxunmağa çalışdıq. 

- Professor, son dövrlərdə uşaqların sağlamlığı ilə bağlı ölkəmizdə aparılan işlər barədə bir qədər məlumat verməyinizi xahiş edirik.

-  İlk olaraq onu qeyd edim ki,  uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Bu istiqamətdə onlarla qanun və qərar qəbul olunmuş, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2013 və 2014-cü illərdə iki çox önəmli sənəd-"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına  dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"  təsdiq olunub. Bütövlükdə səhiyyə ilə bağlı qəbul edilmiş 10-dan çox Dövlət Proqramının hamısında uşaqların sağlamlıq  problemlərinə  xüsusi yer ayrılmış,  2009-cu il  "Uşaq ili" elan olunmuşdur. Səhiyyə Nazirliyinin apardığı ardıcıl və məqsədyönlü işlər nəticəsində uşaq sağlamlığı ilə bağlı bir çox nailiyyətlər əldə etmişik.

- Görülən müsbət  işlər göz qabağındadır.  Ancaq təəssüflə etiraf edək ki, uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı bir sıra problemlər  hələ də mövcuddur. 40 ildən artıq uşaqların sağlamlığı ilə məşğul olan bir pediatr kimi sizdən uşaq və yeniyetmələrin sağlamlıq durumu barədə bir qədər ətraflı məlumat almaq istərdik.

- Sualınıza cavab olaraq  mən bir sıra statistik rəqəmləri açıqlamaq  istərdim. Belə ki,  "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa  uyğun olaraq uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində 1957174 uşaq müayinə olunub və 657096 (33,6%) uşaqda xəstəlik aşkarlanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə,  xəstəliklər daha çox 6-17 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 162876 nəfəri 5 yaşa qədər, 446790 (68%) nəfəri isə  məktəbyaşlı uşaqlar (6-17 yaş) olub.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar"  2012  və 2014-cü il rəsmi statistik məcmuələrinə  istinadən qeyd etməliyəm ki, 2007- 2013-cü illəri əhatə edən bir dövr ərzində uşaqlar arasında  bir sıra xəstəliklərin artması müşahidə olunub. Belə ki, əgər 2007-ci ildə hər 10.000 nəfər 17 yaşınadək uşaqda sinir sisteminin xəstəliklərinə 136,4 hallarda rast gəlinirdisə, 2013-cü ildə bu göstərici artaraq 183,8-ə çatmışdır.

Həmin müddət ərzində uşaqlarda  göz  xəstəlikləri 112,7-dən 156,3-ə, tənəffüs orqanlarının xəstəlikləri 2222,6-dan 2732,6-ya, həzm sistemi xəstəlikləri 267,1-dən 386,1-ə, sümük-əzələ sistemi xəstəlikləri 34,3-dən 43,4-ə, qan dövranı xəstəlikləri 70,7-dən 95,4-ə qədər artmışdır.

Ümumiyyətlə, uşaqlarda xroniki xəstəliklərin ilk artma tempi 7-10 yaşlarına təsadüf edir. Xəstəliklərin yaranmasında irsi, ətraf mühit, ekoloji, sosial, tərbiyə və digər amillərin də rolu var.

- Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər hansılardır?

- Bilirsiniz, uşaqlarda xəstələnmənin artma tendensiyası məhz məktəb dövrünə düşür. Təhsil sistemində çalışanlar "məktəb xəstəlikləri" anlayışı ilə tanışdırlar. Bu o xəstəliklərdir ki, daha çox uşaqlarda məktəb illəri ərzində inkişaf edir. Bunlardan tənəffüs, həzm, dayaq-hərəkət, sinir və göz xəstəliklərini qeyd etmək olar. Aydın məsələdir ki, bu və ya digər xəstəliklərin məktəblilərdə əmələ gəlməsi və ya inkişafı ilə bağlı məsuliyyəti yalnız məktəbin və təhsil texnologiyalarının üzərinə qoymaq düzgün olmazdı. Burada digər amillər də rol oynayır. Ancaq uşağın sağlamlığının qorunması məsələsində ilk növbədə məsuliyyət valideynlərin üzərinə düşür. Bizim bu gün  çox peşəkar, olduqca  savadlı  həkimlərimiz var. Üzümü valideynlərə tutub deyirəm ki, uşaqlarınızı mütəmadi olaraq həkim müayinələrindən keçirin. Uşağınızın sağlamlığı ilə bağlı hər hansı bir narahatlıq keçirdiyini görürsünüzsə dərhal həkimə müraciət edin. Vaxtında müraciət, düzgün diaqnoz övladınızın bir çox xəstəliklərdən qorunmasında əhəmiyyətli rol oynayır.

Son illər xüsusilə  uşaqlar arasında bronx-ağciyər xəstəliklərinə (pnevmoniya, bronxit, bronxiolit) daha çox rast gəlinir. Çox təəssüf  ki, həmin xəstəliklər məktəbəqədər yaşlı uşaqlarda daha geniş yayılmışdır. Uşaqlar arasında ürək, qan-damar, sinir sistemi xəstəliklərinin  də yayılmasının şahidiyik ki, bu əsasən irsi keçir  və ya sonradan yaranır.

Dövrümüzün ən böyük problemi olan oturaq həyat tərzini də qeyd etmək istərdim. Elm və texnikanın inkişafı insanların, xüsusən  uşaqların fiziki aktivliyinin xeyli dərəcədə azalmasına səbəb olmuşdur. Halbuki, fizioloqların fikrincə, uşaqların fiziki fəallığa tələbatı böyüklərə nisbətən iki dəfədən artıqdır. Aparılan tədqiqatlar göstərmişdir ki, 75%  uşaqlar hipodinamiyadan əziyyət çəkir və gələcəkdə də həmin uşaqlarda daha çox ürək -damar, sinir, onkoloji və endokrin sistemlərin patologiyasına rast gəlinir. Hipodinamiya uşaqlarda orqan və sistemlərin normal inkişaf  və  fəaliyyətinə mənfi təsir göstərir.

- Payız  fəslinin gəlişi  uşaqlar, xüsusilə kiçikyaşlı uşaqlar arasında anginanın (el arasında buna çox vaxt boğaz ağrıları da deyirlər) artmasına da səbəb olur. Bəzi valideynlər uşaqlarının birdəfəlik bu ağrılarına son qoymaq üçün boğazında  artıq "ət" var deyib, tez onu kəsdirir, bəzən isə ehtiyac duymayaraq  müalicə etdirirlər. Bir pediatr kimi valideynlərə nə məsləhət görərdiniz? Bu "ət" mütləq kəsilməlidirmi?

- Ehtiyac yaranmazsa, xeyr.  El arasında boğazda "qlanda" deyilən damaq badamcıqları əslində insan orqanizminə  müxtəlif xəstəliklərin daxil olmasının qarşısını almaq kimi mühüm bir funksiyanı yerinə yetirir. Bu zaman onların özü sadə dildə desək, xəstələnir, lakin xaricdən ötürülən mikrobların orqanizmə daxil olmasına imkan vermirlər, bir növ möhkəm qoruyucu rolunu oynayırlar.  Həmin vaxt həkimin məsləhəti ilə damaq badamcıqlarını müalicə yolu ilə sağaltmaq olur. Amma bir zaman gəlir ki, damaq badamcıqları artıq öz funksiyasının öhdəsindən gələ bilmir və daxil olan mikroorqanizmlər, xüsusilə boğaz yolunda toplanmış streptokoklar artıq orqanizmə, qana və ya birbaşa ürək,  qan-damar sisteminə daxil olur, ürək qişalarını, qapaqları və yaxud orqanizmə keçirsə oynaqları, digər orqanları zədələyir. Əgər,  belə deyək, soyuqlamış damaq badamcıqları müxtəlif terapevtik müalicələrlə, fizioterapevtik  üsulların köməyi ilə sağalmırsa, qoruyucu funksiyasını  yerinə yetirə bilmədiyi təqdirdə qeyd etdiyimiz "artıq ətə" çevrilir. Məhz bu zaman cərrahi müdaxiləyə ehtiyac yaranır.

Bəzən valideynlər səhlənkarlıq göstərərək  uşaqlarının  boğazı ağrıyarkən anginadır deyib üstündən heç nə olmamış kimi keçirlər. Ən dəhşətli hal isə  odur ki, bəzən boğazı ağrıyan  uşağı həkimə deyil, türkəçarə ilə məşğul olan birinin yanına  apararaq həmin şəxsin xəstənin boğazını əli ilə basmağına imkan yaradırlar. Bu bilirsiz, boğaz yolunu zədələməklə yanaşı, bir çox infeksiyaların yaranmasına səbəb ola bilər. Ona görə də mən bu məsələlərdə valideynlərdən həssaslıq göstərməyi, uşaqlarının səhhəti ilə bağlı  yalnız həkim göstərişinə müvafiq olaraq hərəkət etməyi tövsiyə edirəm.

- Artıq yeni tədris ili başlayıb. Valideynləri narahat edən məsələlərdən biri də məktəb çantalarının ağırlığı, uşaqların bu yüklənmiş çantaları daşımaqda çətinlik çəkmələridir. Bir həkim kimi  sizdən öyrənmək istərdik ki, yaşına görə hər bir uşaq  neçə kiloqram ağırlığında çanta daşıya bilər?

- Siz artıq uzun illərdir ki, məni narahat edən bir məsələdən söz açdınız. Mən hər gün demək olar ki, bax həmin ağır çantaları daşıyan məktəbliləri  və ya bu missiyanı yerinə yetirən ata-anaları görür və onları müşahidə edirəm. Təbii  ki, bu fiziki cəhətdən formalaşmaqda olan uşaq və yeniyetmənin onurğa sütununda patoloji dəyişikliklərə səbəb olur, qamətində, duruşunda, yerişində belə  əməlli-başlı problem yaradır. 6 yaşında uşağın çəkisi 18-24 kq arası olmalıdır. Bu yaşda, daha dəqiq desək, orta normal çəki 20 kq hesab olunur. Həmin çəkiyə malik uşağın daşıyacağı çanta 2, ən yuxarısı 3 kq olmalıdır. Bundan artıq uşağı yükləmək olmaz. Yuxarı siniflərdə də çantanın ağırlığı  maksimum 5 kq olmalıdır. İstənilən yaşda olan şagirdlər hər iki çiyinə taxılan çantalardan istifadə etməlidirlər. Ən uyğunu iki çiyinə taxılan ("rukzak") çantalardır. Çantanın eni uşağın çiyinlərinin eni ilə təxminən eyni olmalıdır.  Bir çiynə taxılan çantalar uşaqlarda çiyin, boyun, qamət əyriliyinə, skoliozun inkişafına səbəb olur. Çanta alarkən onun ortopedik olmasına diqqət yetirilməlidir.

Mən düşünürəm ki, məktəblərdə hər sinfin öz kitab fondu olsa, şagird ona lazım olan kitabları məktəblə ev arasında daşımaqdan azad olar. Elə sinifdə olan fonddan dərs kitablarını götürüb istifadə edə bilər. Öz kitablarından isə uşaq evdə istifadə etsin.

- Son vaxtlar ölkəmizdə uşaqlara vurulan peyvəndlərə münasibət birmənalı deyil. Bəziləri bu peyvəndlərin vacib olduğunu, bəziləri  isə onların vurulmasının o qədər də zəruri olmadığını söyləyirlər. Sizin buna münasibətiniz necədir?

- Təbii ki, bu peyvəndlərin vurulmasının tərəfdarıyam. Bu gün Azərbaycanda, inkişaf etmiş ölkələrdə olduğu kimi, 11 yoluxucu xəstəliyə qarşı peyvənd tətbiq olunur.

Siz bir fikirləşin, uşaqlar üçün nəzərdə tutulmuş peyvəndlər vurulmasaydı, onlar hansı xəstəliklərlə üz-üzə qalacaqdılar? Uşaqlarımızın sağlam böyüməsini istəyiriksə  onlar  müəyyən yolxucu xəstəliklərdən sığortalanmaq üçün mütləq peyvənd olunmalıdırlar. Təbii ki, əgər uşaqda heç bir əks-göstəriş olmazsa.

Valideynlər əgər kiminsə sözü ilə övladlarının peyvənd etdirilməsindən imtina edirlərsə, mən deyərdim ki, bu olduqca yanlış bir addımdır. Onlar əslində  uşaqlarının  sağlamlığına bir növ  qəsd  edirlər. Buna görə də mən tövsiyə edərdim ki, valideynlər uşaqlarını peyvənd  etdirməkdən çəkinməsinlər. Əksinə, vaxtlı-vaxtında  bu peyvəndlərin vurulmasında özləri maraqlı olmalıdırlar.

- Surxay həkim, Təhsil Nazirliyi Milli Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə "Sağlam təhsil-sağlam millət " layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra ümumtəhsil müəssisələrində "Sağlam təhsil sinif"ləri yaradılıb. Bununla bağlı sizin fikrinizi bilmək istərdik.

- Bir həkim kimi Azərbaycan məktəblərində həyata keçirilən bu layihəni tam dəstəkləyir və mən də bunu təhsilalanların sağlamlığının qorunması istiqamətində atılan ən mühüm addımlardan biri kimi dəyərləndirirəm. Onu da deyim ki, bizim həm ATU-nun əməkdaşları, həm də rəhbərlik etdiyim Azərbaycan  Tibb Universitetinin  Tədris-Terapevtik Klinikasının həkimləri bu layihədə təhsil işçiləri ilə birlikdə fəaliyyət göstərir, mütəmadi olaraq  Azərbaycan məktəblilərinin sağlamlıq vəziyyətlərini öyrənmək üçün onlar arasında  müayinələr keçirirlər. Şəxsən mən özüm  Bakı şəhəri 23 nömrəli tam orta məktəbdəki "Sağlam təhsil sinif"lərində  şagirdlər üçün yaradılan şəraitlə yaxından tanış olmuşam və buradakı sağlam təhsil mühiti olduqca xoşuma gəlib.

Şagirdlərin yüksək təhsil almaları ilə yanaşı, birbaşa sağlamlığına yönələn bu layihənin uğurlu nəticələr verəcəyini düşünürəm.Təhsil Nazirliyinin həyata keçirdiyi bu layihəni şəxsən biz həkimlər təqdir edirik. Deyərdim ki, "Sağlam təhsil-sağlam millət" layihəsi həkimlərimizin istər uşaqlarla, istərsə də onların valideynləri ilə ünsiyyətdə  olmalarına  əlverişli imkan və şərait yaradır ki, bu da xüsusilə təhsil həyatı keçirən böyüməkdə olan gənc nəslin sağlamlığı ilə bağlı  tibbi-maarifləndirmə işlərinin aparılmasında əhəmiyyətli rol oynayır.

- Müəllimlərə, valideynlərə tövsiyəniz?

- Mən həkim, eyni zamanda həm də müəlliməm. Müəllimlik sənəti mənim üçün həmişə şərəfli və müqəddəs olub. Vaxtilə orta məktəbdə, daha sonra isə ali məktəbdə təhsil aldığım illərdə ideallaşdırdığım müəllimlərim olub və indinin özündə də  hər auditoriyaya girəndə onlar gözümün önündə canlanır. Müəllimlərimdən  əxz etdiklərimi tələbələrimə çatdırmağa çalışıram. Mən bu günün müəllimlərini də öz şagirdləri tərəfindən hər zaman hörmətlə anılmasını,  onlardan görüb-götürə biləcəkləri keyfiyyətləri qoruyub saxlamağı tövsiyə edirəm.

Bilirsiniz, müəllimlər  təhsil verməklə yanaşı, hər bir  şagirdin həm də ilk həkimi olmalıdır. Şagirdinin sağlamlığını hər zaman diqqətdə saxlamalı, onun  səhhəti ilə bağlı cüzi bir problemi belə nəzərindən qaçırmamalı, vaxtında valideynə  məlumat verməli, onu istiqamətləndirməyi bacarmalıdır. 

Valideynlərin ən böyük arzusu öz övladının yüksək bilik və bacarığa, intellektual səviyyəyə malik olmasıdır. Sual verirəm ki, əgər həmin uşaq sağlam deyilsə, əldə etdiyi bilik onun nəyinə lazımdır? Bir müddət keçəndən sonra həmin valideyn  xəstə övladının sağlamlığı ilə bağlı problemlərlə üzləşməli olacaq. Ona görə valideynlər  uşaqlarının sağlamlığı, düzgün inkişafı ilə bağlı sonradan çətinliklərlə üzləşməmək üçün ilk növbədə onların səhhətinə  diqqət yetirməlidirlər. Qeyd etdiyim kimi, mütəmadi olaraq uşaqlarını həkim müayinəsindən keçirməli və həkimlərimizə inanmalıdırlar. Belə bir aforizm var: xəstə həkimə inanırsa, bu onun müalicəsinin artıq 50 faizinin uğurlu olduğunu və yaxud başqa cür desək, həkim xəstəni inandıra bilirsə,  bu artıq həkimin müalicəsinin 50 faiz  uğurlu  olduğunu deyir. Mən valideynlərimizə  övadlarının sağlam böyüməsi üçün həkimlərimizlə  məhz belə bir inam və etibar üzərində qurulmuş uğurlu əməkdaşlıq arzulayıram.

- Surxay həkim, gərgin iş rejiminizə  baxmayaraq müsahibəyə vaxt ayırdığınız  üçün oxucularımız adından sizə minnətdarlığımızı bildiririk.

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
s.kerimova@ muallim.edu.az

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov