Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

2015-ci  ilin Nobel mükafatı laureatlarının adları açıqlandı

 

İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları  Komitəsi ənənəyə uyğun olaraq  ayrı-ayrı elm sahələrində  2015-ci  ilin  Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Hər il  oktyabrın ilk günlərində Nobel həftəliyi (5-12 oktyabr) çərçivəsində tibb və fiziologiya, fizika, kimya, ədəbiyyat üzrə laureatların adları açıqlanır.

Oktyabrın 5-də  İsveçin  Karolinsk İnstitutu  ilk olaraq  fiziologiyatibb üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.  www.nobelprize.org  saytının  məlumatına əsasən,  2015-ci il fiziologiya və tibb üzrə Nobel mükafatına   iri  qurd hüceyrələrinin  yaratdığı infeksiyalara qarşı yeni müalicə metodlarını kəşf etdiklərinə görə Amerika alimi Uilyam Kempell (William C. Campbell) və  yaponiyalı Satoşi  Omura  (Satoshi Omura), eləcə də malyariya ilə yeni mübarizə metodlarını kəşf etmiş Çin alimi Yu Tu  (Youyou Tu) layiq görülüblər.  Mükafatın   (953 min ABŞ  dolları) yarısı  Uilyam Kempell və Satoşi  Omura arasında bölüşdürüləcək, yarısı isə çinli alimə çatacaq.  "Bu iki kəşf  hər il milyonlarla insanı məhv edən çox ağır xəstəliklərlə mübarizədə  bəşəriyyətə  öz töhfəsini verib.  Bu kəşfin nəticələri insanların əzablarının azaldılması və  sağlamlığının yaxşılaşması baxımından ölçüyəgəlməzdir", -  deyə Nobel komitəsinin saytında yerləşdirilmiş məlumatda bildirilir. 

Uilyam Kempell və Satoşi Omura bütün dünyaya geniş yayılmış qurdların-parazitlərin (Onchocerca volvulus - çay korluğu) törətdiyi xəstəliklərin  effektiv müalicə üsullarını axtarıblar. Nobel mükafatı laureatları "fil xəstəliyi" adı ilə tanınan dəhşətli   elefantiyazis xəstəliyinin   (bağırsaq qurdlarının yaratdığı) müalicəsində uğur əldə ediblər. Onlar limfatik sistemin xəstəlikləri və dağıdıcı qurdlarla mübarizədə çox keyfiyyətli avermektin adlı dərman kəşf ediblər.  Çin alimi Yu Tu   ağcaqanadların  xüsusi forması olan Anopheles-lərin geniş yaydığı malyariyanın müalicəsində əldə etdiyi uğurlara görə mükafata layiq görülüb. O, malyariya xəstəlikləri nəticəsində ölüm hallarını  azaldan artemisinin maddəsini  kəşf edib.  Bu maddə yüz  milyonlarla insanın  həyatını xilas edib. Maraqlıdır ki, alim bu dərmanı  adi  alaq otu sayılan birillik yovşandan alıb. 

Qeyd edək ki, 2015-ci ildə tibb və fiziologiya sahəsində mükafatı almaq üçün 327 alimin namizədliyi irəli sürülüb ki, onlardan 57-si ilk dəfə namizədliyini verib.

***

Oktyabrın 6-də  Stokholmda İsveç Kral Elmlər Akademiyası  tərəfindən  fizika üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Nobel komitəsinin  qərarına  əsasən,  bu il fizika sahəsində ali mükafata Kanada fiziki Artur Makdonald və Yaponiya alimi Takaaki Kadzita  layiq görülüblər.  Nobel komitəsinin saytında qeyd olunur ki,  mükafat  fiziklərə neytrinonun kütləyə malik olmasını sübut edən neytrino rəqslərinin kəşfinə görə verilib.  İsveç Elmlər  Akademiyası bildirib ki, bu kəşf  materiyanın əsas  strukturu, onun tarixi,  Kainatın gələcəyi  barədə  bizim bütün  təsəvvürlərimizi  dəyişib.  Beləliklə də alimlər onilliklər ərzində fiziklərin öyrənməyə çalışdığı mühüm  bir problemi həll edə biliblər.  Laureatlar  həlledici eksperimentlər həyata keçirərək neytrinoların metamorfozlarını sübuta yetiriblər. Bu isə yalnız o halda mümkündür ki, neytrino  kütləyə  malikdir.  "Elementar zərrəciklər fizikası üçün  bu tədqiqat tarixi hadisədir",-deyə Nobel komitəsinin məlumatında deyilir. Alimlər sübuta yetiriblər ki,  neytrinolar Günəşdən Yerə hərəkət istiqamətində öz xassələrini dəyişirlər.  Bu kəşf neytrinonun kütləyə malik olduğunu sübut edir. Neytrinonların xassələrinin öyrənilməsi və tədqiqi uzaq astronomik obyektləri  tədqiq etməyə   və  astrofiziki proseslərin dinamikasını daha yaxşı anlamağa kömək edir. T.Kadzita  atmosfer neytrinosunu Yaponiyanın Super-Kamiokande  detektorunda, A.Makdonald isə Günəş neytrinosunu Kanadanın Sadberi rəsədxanasında tədqiq edib.  Hər iki alim neytrino ossilyasiyasını (neytrinoların bir qisminin myuon və tau neytrinolarına çevrilməsi) aşkar ediblər.

***

Oktyabrın 7-də İsveçin Nobel Komitəsi 2015-ci ildə kimya üzrə ali elmi mükafatın sahiblərinin adlarını elan edib. Nobel komitəsinin məlumatına əsasən, bu il kimya üzrə Nobel mükafatı İsveç alimi Tomas Lindal, amerikalı Pol Midriç və hazırda Amerikada yaşayan Türkiyə alimi Əziz Səncərə verilib. Nobel komitəsinin  mətbuat üçün açıqlamasında bildirilib ki,  alimlər  DNT-nin "təmiri" və genetik informasiyaların qorunub  saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər. Professor Tomas Lindal 1970-ci illərdə DNT molekulunun dağılmasının və bu prosesin qarşısının alınmasının mümkünlüyünü, Əziz Səncər DNT-də bir sıra genetik qüsurların aradan qaldırılması üsulunu  kəşf  edib. Amerikalı professor Paul Modriç hüceyrələrin bölünməsi zamanı DNT-də yarana bilən qüsurların hüceyrədaxili proseslər hesabına yoxa çıxmasını sübut edib. Professor Modriç hüceyrədaxili mexanizmlərin DNT-də yarana biləcək qüsur və zədələrin sayını 1000 dəfə azaltdığını göstərib.

Xatırladaq ki, Ə.Səncər elm sahəsində Nobel mükafatı alan ilk türdür.   Türkiyənin 11-ci prezidenti  Abdullah Gül özünün twitter səhifəsindən Əziz Səncəri təbrik edərək  "bu torpaqların yetişdirdiyi bir dəyər olan professor Ə.Səncərin bu uğurunun  alimlərimiz üçün  ilham qaynağı olacağına inanıram" deyib. 

***

Oktyabrın 8-də  Stokholmda İsveç Kral Elmlər Akademiyası  tərəfindən  ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı  açıqlanıb.  Yüksək mükafata Belarus yazıçısı  və jurnalist  Svetlana Aleksiyeviç layiq görülüb.  İsveç Akademiyasının daimi  katibi Sara Danius bəyan edib ki, yazıçı bu mükafata "nəsrindəki çoxşaxəli səslənişə, iztirab və cəsarəti əbədiləşdirdiyinə görə"  layiq görülüb. S.Aleksiyeviçin adı  2013-cü ildən başlayaraq  3 dəfə Nobel mükafatına namizəd irəli sürülüb. Onun ən məşhur əsərləri  arasında "Müharibənin qeyri-qadın üzü",  "Sink oğlanlar"  və  "Çernobl duası" və "Sekond-hənd zamanı" ,  "Ölümlə ovsunlanmışlar" var.  "Müharibənin qeyri-qadın üzü" povesti qısa vaxt ərzində 2 milyondan artıq  tirajla çap olunub.   Svetlana Aleksiyeviç ədəbiyyat üzrə Nobel mükafatını qazanmış sayca 14-cü qadın olub. Kitabları 19 dilə çevrilib. Onun yazdığı pyeslər Fransa, Almaniya və Bolqarıstanda nümayiş olunub.   67 yaşlı yazıçı bir çox beynəlxalq mükafatların sahibidir.  II Dünya, Əfqanıstan müharibəsi, Çernobl faciəsi, SSRİ-nin dağılması barədə reportajlar hazırlayıb.  

***

Oktyabrın 9-da Osloda 2015-ci il Nobel  sülh mükafatı laureatının  adı  açıqlanıb.    Nobel Mükafatları  Komitəsinin  qərarına əsasən, 2015-ci ilin Nobel sülh mükafatına  "2011-ci ilin yasəmən inqilabından sonra Tunisdə plüralist demokratiyanın binasına öz həlledici töhfəsi üçün" Tunis  Milli  Dialoq  Kvarteti (Tunis National Dialogue Quartet) layiq görülüb.  Mükafatın  verilməsi barədə qərarı  elan edərkən  Norveç Nobel Komitəsinin sədri Kasi Kullmann Five deyib ki, qrup 2011-ci ildən sonra "plüralistik demoktariyanın qurulmasına həlledici töhvə" verib. Nobel komitəsinin  məlumatında bildirilir ki, Tunis cəmiyyəti ciddi  siyasi, iqtisadi və təhlükəsizlik çağırışları və təhdidlərlə üzləşib.  Komitə ümid edir ki, bu mükafat  Tunisdə demokratiyanın qorunub saxlanması  istiqamətində  öz töhfəsini verəcək və Yaxın Şərqdə, Şimali Afrikada, dünyanın digər bölgələrində sülh və demokratiyanı  dəstəkləyən  qüvvələri ruhlandıracaq.   Bundan əlavə, mükafat Tunis xalqına ünvanlanıb,  məhz bu ölkənin xalqı bir sıra təhdidlərə baxmayaraq milli birliyin əsasını qoyub. Tunis Milli Dialoq Kvarteti inqilabdan sonra ölkədə vətəndaş qarşıdurmasına son qoymuş, insan azadlıqlarının qorunması və demokratiyanın inkişafında mühüm rol oynayıb. 

***

Ənənəyə uyğun olaraq laureatların mükafatlandırılması mərasimi 2015-ci il dekabrın 10-da Alfred Nobelin anım günündə keçiriləcək. Laureatlara mükafatın təsisçisinin əksi təsvir olunmuş qızıl medal, diplom və 8 milyon İsveç kronu və ya 953 min ABŞ dolları məbləğində pul mükafatı veriləcək. Qeyd edək ki, mükafatlar 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib.


Fiziologiya və tibb üzrə laureatlar

Uilyam K.Kempell (William C. Campbell)  Amerika vətəndaşıdır. 1930-cu ildə İrlandiyanın Ramelton şəhərində anadan olub. 1952-ci ildə Dublin  Universitetinin Trinitti Kollecini bakalavr dərəcəsi üzrə   bitirib. 1957-ci ildə ABŞ-ın Medisson-Viskonsin Universitetinin  fəlsəfə doktoru  elmi dərəcəsini  alıb. 1957-1990-cı illərdə  Merk farmasevtik şirkətinin  Terapevtik  Tədqiqatlar İnstitutunda çalışıb.  Baş elmi işçi, daha sonra direktor  kimi elmi tədqiqatlara rəhbərlik edib.  O, hazırda Nyu-Cersi ştatının  Medison şəhərindəki Dryu Universitetinin  fəxri elmi əməkdaşıdır.  Ali  mükafata layiq görülməsi barədə məlumatı  səhər yuxuda ikən alan U.Kempell  Nobel komitəsinin  xəbəri çatdıran  nümayəndəsinə "Siz , yəqin zarafat edirsiniz", - deyib. 

 

Satoşi Omura  (Satoshi Omura)  Yaponiya vətəndaşıdır. 1935-ci ildə Yaponiyanın Yamanasi prefekturasında anadan olub. 1963-cü ildə Tokio Universitetinin magistr dərəcəsini, 1968-ci ildə farmokologiya elmləri  namizədi,  1970-ci ildə isə kimya elmləri namizədi elmi adını alıb.  1963-1965-cı illərdə Yamanasi Universitetinin elmi işçisi kimi fəaliyyət göstərib.  1965-ci ildə  Kitasato  Universitetində elmi  tədqiqatçı kimi fəaliyyətə başlayıb. Farmokologiya və kimya üzrə iki doktorluq dərəcəsi alan S.Omura  1975-2000-ci illərdə  Kitasato Universitetinin professoru olub. 2007-ci ildən Kitasato Universitetinin fəxri professorudur. 2008-2012-ci illərdə universitetin fəxri prezidenti seçilib. Yaratdığı innovativ metodlar ona 470-dən artıq bioloji aktiv maddə əldə etməyə imkan verib.  Nobel komitəsinin saytına verdiyi  ilk müsahibədə alim ali mükafata layiq görülməsi xəbərini  çox təəccüblə qarşıladığını, bununla belə,  çox xoşbəxt gün yaşadığını  deyib.

Yu Tu (Youyou Tu)  Çin vətəndaşıdır. 1930-cu ildə Çində anadan olub.  O,  1955-ci ildə Pekin Tibb Universitetinin farmokologiya  fakültəsini bitirib. 1965-1978-ci illərdə  Çin Ənənəvi Tibb Akademiyasının Xalq Təbabəti İnstitutunda  professor-assistent işləyib,  1979-1984-cü illərdə  dosent,   1985-ci ildən isə  institutun  professorudur. 2000-ci ildən Çin Ənənəvi Tibb Akademiyasının  fəxri  professorudur. Alimin hazırladığı dərmanlar Dünya Səhiyyə Təşkilatı tərəfindən malyariya xəstəliyinə  tutulmuş xəstələrin müalicəsində tətbiq olunur.  O,   Dünya Mədəni Şurası tərəfindən təsis olunan Albert Eynşteyn mükafatına (1987-ci il), fundamental tibbi tədqiqatlara görə Albert Lasker mükafatına (2011-cü il)  layiq görülüb. Y.Tu  tibb sahəsində Nobel mükafatı almış sayca 12-ci qadındır.  Nobel komitəsinin  saytına verdiyi müsahibədə  85 yaşlı alim ali mükafata layiq görülməsini "Milli bayram üçün ən yaxşı xəbər" adlandırıb.


Fizika üzrə laureatlar

Takaaki Kadzita  (Takaaki Kajita) Yaponiya vətəndaşıdır. 1959-cu ildə  Saytama  şəhərində anadan olub.  1981-ci ildə Saytama Universitetini bakalavr dərəcəsi üzrə bitirib.  1986-cı ildə Tokio Universitetində fəlsəfə doktoru kimi fəaliyyətini  davam etdirib.  1988-ci ildən Tokio Universitetinin Kosmik Radiasiya Tədqiqatları İnstitutunda çalışıb. 1992-ci ildə professor köməkçisi işləyib, 1999-cu ildə isə professor elmi adı alıb. Hazırda  Yaponiya Kosmik Tədqiqatlar İnstitutunun direktoru və Tokio Universitetinin professorudur. Nobel komitəsinin saytına verdiyi  ilk müsahibədə alim ali mükafata layiq görülməsi barədə məlumatı   "İnanılmaz dərəcədə  xoş xəbər!" adlandırıb.  "Mən sevinc içindəyəm, lakin nələr baş verdiyini  hələ  tam anlaya bilmirəm".  T.Kadzita Nobel mükafatına layiq görülmüş 24-cü yapondur.

Artur B. Makdonald (Arthur B. McDonald) Kanada vətəndaşıdır. 1943-cü ildə  Kanadanın Ontario vilayətində  anadan olub. 1964-cü ildə Dalhauzi Universitetinin (Kanada)  fizika fakültəsini  bakalavr, 1965-ci  ildə magistr səviyyələri üzrə bitirib. 1969-cu ildə  Kaliforniya Texnologiya İnstitutunun  fəlsəfə doktoru olub.   1970-1982-ci illərdə Ottava şəhərində nüvə tədqiqatları laboratoriyasında çalışıb. O,  1989-cu ildən Sadberi (Kanada ) Fizika və Neytron Rəsədxanası İnstitutunun direktorudur.  1982-1989-cu illərdə Prinston Universitetinin professoru kimi  fizikanı tədris edib.  Hazırda  Kuins Universitetinin (QueenTs University) fəxri professoru, eləcə də Kaliforniya Texnologiya İnstitutunun professorudur. Alim neytrinonun dəqiq kütləsini  hesablamağı arzu edir. Onun sözlərinə görə, fizikada artıq həqiqət anı yetişib. Ali elm mükafatına layiq görülməsinə gəlincə, alim "fizika üzrə Nobel mükafatı almaq böyük şərəfdir" deyib.


Kimya üzrə laureatlar

Tomas Lindal (Tomas Lindahl) İsveç vətəndaşıdır, biokimya alimi, xərçəng xəstəlikləri üzrə tədqiqatçıdır. 1938-ci ildə İsveçin Stokholm şəhərində anadan olub.  1964-1967-ci illərdə Prinston   və Rokfeller  universitetlərində elmi tədqiqatlarla məşğul olub.  1969-cu ildə İsveç Karolinsk İnstitutunun fəlsəfə doktoru elmi adını alıb.  1978-1982-ci illərdə Geteborq Universitetinin tibb və kimyəvi fiziologiya fakültəsinin  müəllimi işləyib. 1981-ci ildə Böyük Britaniyaya köçüb və   baş elmi işçi kimi Xərçəng İnstitutunda (Cancer Research)  fəaliyyətə başlayıb.  1984-2007-ci illərdə Böyük Britaniya Elmi-Tədqiqat Xərçəng İnstitutunda laboratoriya rəhbəri olub.  Onun rəhbərliyi ilə laboratoriya DNT-nin bərpası üzrə aparıcı mərkəzə çevrilib.  İsveç, Norveç Elmlər akademiyalarının, London Kral Cəmiyyətinin üzvü olan alim hazırda Frensis Krik İnstitutunda tədqiqatçı qrupun fəxri rəhbəridir.  

Pol Modriç (Paul Modrich)  ABŞ vətəndaşıdır. 1946-cı ildə Nyu-Meksika ştatında anadan olub.  1968-ci ildə  Massaçusets Texnologiya İnstitutunu bakalavr səviyyəsi üzrə başa vurub.  1973-cü ildə ABŞ-ın Stenford Universitetinin  fəlsəfə dokroru elmi adını alıb.  1976-cı ildən Dyuk  Universitetinin Xərçəng İnstitutunda  işləyir. 1984-cü ildən biokimya professoru, 1988-ci ildən  əməkdar tibb professorudur.  1994-cü ildən Amerikanın nüfuzlu   Hovard  Houz  Tibb İnstitutunun tədqiqatçısıdır.   Eyni zamanda Şimali Karolina Dyuk Universitetinin Tibb məktəbinin  biokimya professorudur. ABŞ Milli Elmlər Akademiyasının  üzvü olan P.Modriç tələbəlik vaxtlarından genetikaya maraq göstərib.

Əziz Səncər (Aziz Sancar) Türkiyə əsilli ABŞ  vətəndaşıdır. 1946-cı ildə Türkiyənin  Savur  vilayətində   anadan olub.  1971-ci ildə İstanbul Universitetinin tibb fakültəsini bitirib.  Universiteti bitirdikdən sonra 2 il kənddə həkim işləyib. 1973-cü ildə  Amerikanın Dallas ştatındakı Texas Universitetinin molekulyar biologiya fakültəsinə daxil olub.  1977-ci ildə  doktorluq elmi dərəcəsi alan Ə.Səncər  Yel Universitetində DNT-nin bərpası  sahəsində tədqiqatlarda iştirak edib.  1982-ci ildən  Çimali Karolina Çapel-Hill Universitetinin tibb məktəbinin biokimya və biofizika professorudur.

Professor  Əziz Səncər xərçəng xəstəliyi sahəsində apardığı mühüm tədqiqatları ilə bütün dünyada tanınan alimdir. Qeyd edək ki, doktor Ə.Səncər xaricdə apardığı  tədqiqatları sayəsində Amerika Elmlər Akademiyasının  üzvü seçilən 3 türkdən biridir.

Ədəbiyyat üzrə laureat

Svetlana Aleksiyeviç 1948-ci il may ayının 31-də Ukraynanın İvano-Frankovsk şəhərində anadan olub. Atası  belarus, anası ukraynalı olan Svetlananın ailəsi sonradan Belarusa köçüb. Bir müddət orta məktəbdə tarix və alman dili müəllimi işləyib.  S.Aleksiyeviç  1972-ci ildə Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.  O,  Belarusun bir çox mətbu orqanlarında çalışıb. Bir sıra qəzetlərdə çalışdıqdan sonra Minsk şəhərində yayımlanan "Neman" ədəbiyyat jurnalında müxbir kimi işləyib. 1983-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü olan Aleksiyeviç 2000-ci ildən etibarən İtaliya, Fransa və Almaniyada yaşayıb.  Son iki ildə isə o, Belarusa köçüb.   Ədəbiyyat  üzrə yeni  Nobel mükafatı laureatı jurnalistlərə ilk  açıqlamasında yüksək mükafata layiq görülməsi xəbərinin onun üçün gözlənilməz olduğunu bildirib.  "Mən xəbəri çox güclü şəxsi sevinc və həyəcan içində qarşıladım".

Yazıçı Nobel mükafatını necə xərcləyəcəyi barədə jurnalistlərin suallarına cavab olaraq bildirib ki,  "bu mükafatla azadlığımı təmin edəcəyəm. Mən kitablarımı çox uzun müddətə yazıram.  Buna isə vəsait tələb olunur - səyahət etmək, yazmaq, çap etdirmək. İndi mən  pulu haradan əldə etmək barədə düşünməyərək rahat  işləyə bilərəm".   "Faciənin poetikası mənim üçün çox  vacibdir.  Mən sadəcə reallıq parçası  ələ keçirmək,  kim olduğumuzu və hara getdiyimizi  yazmaq istəyirəm".

Yazıçını Belarus prezidenti Aleksandr Lukaşenko da təbrik edib. "Sizin yaradıcılığınız təkcə belaruslular deyil,   dünyanın bir çox ölkələrində oxucuları biganə qoymayıb", - deyə A.Lukaşenkonun təbrik məktubunda bildirilir.

 


Sülh üzrə laureat 

Tunis Milli Dialoq Kvarteti  (Tunis National Dialogue Quartet) 2013-cü ilin yayında yaradılıb. Kvartet Tunis cəmiyyətində 4 aparıcı  vətəndaş təşkilatını  özündə birləşdirib: Tunis  Həmkarlar  Cəmiyyəti,   Tunis Sənayeçilər Konfederasiyası, Tunis İnsan Haqları Liqası,  Tunis Vəkillər Birliyi.  Bu təşkilatlar Tunis cəmiyyətində müxtəlif sektor və dəyərləri  -  işçilərin həyatı və firavanlığı,  insan  haqları  və azadlıqlarının qanuniliyi  prinsiplərini təmsil edir.  Bütün bunları əsas tutan  təşkilat  cəmiyyətdə vasitəçi kimi  öz rolunu inkişaf  etdirərək ölkədə  sülh və  demokratiyanın inkişafına nail olub.  İlk dəfədir ki, Nobel komitəsi  dördlüyü ayrı-ayrı deyil,  vahid təşkilat kimi yüksək mükafata layiq görüb. 

Qeyd edək ki, Nobel sülh mükafatı "xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə görə" verilir.  Bu vaxta qədər ümumilikdə 95 fərd və 23 təşkilat Nobel sülh mükafatına layiq görülüb.  

Qeyd edək ki, 2015-ci il Nobel sülh mükafatına 278 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərdən 49-u ictimai və beynəlxalq  təşkilat, 227-si isə ayrı-ayrı şəxslərdir. Bu, Nobel sülh mükafatı tarixində qeydə alınmış ikinci ən böyük siyahıdır. 

Oruc MUSTAFAYEV, 
"Azərbaycan müəllimi"
[email protected]

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov