Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 
Maarif fədailərimiz

Rəşid bəy Əfəndiyev

 

Azərbaycan xalqının həyatında, inkişafında, ictimai fikir tarixində, millətinin maariflənməsində mühüm rolu olmuş şəxsiyyətlərin gənc nəslə təqdim edilməsi olduqca əhəmiyyətlidir.  XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi, pedaqoji və ədəbi fikrin inkişafında mühüm xidmətləri olan Rəşid bəy Əfəndiyev də məhz belə görkəmli şəxsiyyətlərdəndir.  Oxuculara təqdim olunan bu yazıda maarifpərvər insanın həyat və çoxşaxəli fəaliyyətinin əsas məqamlarına toxunulur, onun əvəzsiz xidmətlərindən söz açılır. 

Azərbaycan maarifçilik ənənəsinin görkəmli davamçısı 

Azərbaycan maarifçilik ənənəsinin görkəmli davamçısı, dövrünün qabaqcıl ziyalılarından olan Rəşid bəy Əfəndiyev 1863-cü ildə Şəkidə (Nuxada) ruhani ailəsində anadan olmuşdur. Kiçik yaşlarında mollaxanada təhsil alan Rəşid bəy 1873-1878-ci illərdə Nuxa qəza məktəbində təhsilini rus dilində davam etdirib. 1878-ci ildə Zaqafqaziya Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsinə daxil olub. Təhsil aldığı müddətdə elmi biliklərə marağı və çalışqanlığı ilə hər zaman diqqəti cəlb edib. Azərbaycanın maarifpərvər ziyalılarının yetişməsində böyük rol oynamış Zaqafqaziya Qori Müəllimlər Seminariyasının ilk məzunlarından olan və Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunu bitirən Rəşid bəy Əfəndiyev bütün ömrünü pedaqoji işə həsr edib, böyük rus pedaqoqu K.D.Uşinskinin  ilk praktik ardıcılı kimi tanınıb. 

Pedaqoji fəaliyyəti 

19 yaşlı Rəşid bəy seminariyanı bitirdikdən sonra ilk pedaqoji fəaliyyətə Qəbələdə  başlayıb. O, burada çalışdığı 8 il ərzində əhalinin adət-ənənəsi, yaşayış tərzi, mənəvi-psixoloji durumu, folkloru və maddi-mənəvi abidələri ilə maraqlanırdı. Rəşid bəy məktəblərdə dərs vəsaiti olmadığından öz tədqiqatları, araşdırmaları nəticəsində əldə etdiyi müəyyən məlumatları şagirdlərə öyrədir, onlarda xalqa məhəbbət, vətən sevgisi, milli təəssübkeşlik hissi, elmi biliklərə böyük maraq və həvəs oyatmağa çalışırdı.

Azərbaycan məktəblərində tədrisin dövrün tələblərinə uyğun olmasını istəyən Rəşid bəy Əfəndiyev yazırdı: "...Mən anladım ki, köhnə məktəb dağılmalıdır. Bu isə yalnız Uşinskinin yeni üsulla olan dərs kitabları kimi öz məktəbimiz üçün ana dilində dərs kitabları tərtib etməklə mümkündür".

Şərəfli tarixi keçmişə, zəngin mədəni irsə, adət-ənənəyə malik olan xalqın cəhalət və dini xurafat məngənəsində ağır həyatı onu sıxırdı. O, çıxış yolunu elmi biliklərin, maarif və mədəniyyətin yayılmasında, xalqın özünü dərk etməsində, öz gücünə və gələcəyinə inamında görürdü. Rəşid bəy Əfəndiyevin bütün bilik və bacarığını xalqın maariflənməsi işinə, elmi və ədəbi yaradıcılığa həsr etməsi məhz bu böyük vətəndaşlıq duyğuları ilə bağlı idi.

Böyütmək üçün seçinMaarifpərvər insan  1888-1890-cı illərdə Nuxa bölgəsi ətrafında, Xaçmaz kəndində yeni məktəb yaradaraq  orada ana dilini və rus dilini tədris edir. 1892-ci ildə onu Tiflis şəhərindəki müsəlman məktəbinə müəllim vəzifəsinə göndərirlər. Müəllimliklə yanaşı, o, həm də Qafqaz Müsəlmanları Ruhani İdarəsində katib müavini işləyir. Müftinin "Ömər məktəbi"ndə müəllim kimi çalışır.

 Azərbaycan məktəbləri üçün ana dilində dərslikləri  

Tiflis ictimai mühiti onun dünyagörüşündə ciddi  dönüş yaradır. Rəşid bəy Əfəndiyev Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsilini davam etdirir. Millətinin savadlı olması işində yorulmaz  fəaliyyət  göstərən görkəmli maarifçi   məktəblərdə dərs vəsaitinə olan ehtiyacı aradan qaldırmaq üçün ana dili dərs kitablarını yazıb nəşr etdirmək arzusunu həyata keçirmək istəyir. A.O. Çernyayevskinin "Vətən dili" dərsliyi, xüsusilə dahi rus yazıçısı   Lev Tolstoyun "Əlifba", "Yeni əlifba", "Riyaziyyat" və "Oxu" kitabı ilə tanışlıqdan sonra Azərbaycan məktəbləri üçün ana dilində dərslik yaratmaq fikrinə düşür, uşaqların oxu və yazı prosesində qrammatik qaydalarla tanış olmaları prinsipi əsasında "Uşaq baxçası"adlı əlifba kitabı yaradır.  Lev Tolstoyun hekayə və məqalələrindən də tərcümə edərək "Uşaq baxçası" dərsliyinə daxil edir. Bu ilk dərslik böyük tirajla İstanbulda çap olunur. Həmin dərslik Azərbaycan dilində təhsil verən bütün dövlət və xüsusi tədris məktəblərində istifadə etmək üçün Qafqaz Təhsil Dairəsi tərəfindən bəyənilmiş və 4 dəfə 90 min nüsxə  nəşr edilmişdir.

Rəşid bəyin ikinci məşhur dərsliyi "Bəsirət-ül -ətfal"dır. O, Qori Müəllimlər Seminariyasının  Azərbaycan şöbəsinə müəllim təyin olunarkən həmin şöbənin  tələbələri üçün Azərbaycan dilində mükəmməl bir ədəbiyyat yox idi. Buna görə də görkəmli ziyalı hələ Tiflisdə işlərkən tərtib etdiyi ədəbi-qiraət kitabını 1901-ci ildə "Bəsirət-ül-ətfal" adı ilə Bakıda 2000 nüsxə çap etdirmişdir.

Dövründə yazıçı kimi də tanınan Rəşid bəy adıçəkilən dərsliklərlə yanaşı, "Qan ocağı", "Qonşu qonşu olsa, kor qız ərə gedər", "Rüstəm və Zöhrab", "Saqqalın kəraməti", "Şəki", "Xəzan və bahar", "Pul dəlisi", "Tiflis səfərləri", "Qadınların sport dəstəsi", "Qızıl gül" və s. kimi bədii əsərləri də yazıb çap etdirmişdir. Bu əsərlərdə də  maarifçilik ideyaları özünün geniş  əksini tapmışdır. Tanınmış ziyalı həmçinin  Puşkinin, Jukovskinin, Krılovun, Lermontovun, Qoqolun, L.N.Tolstoyun  əsərlərindən tərcümələr də etmişdir. 

Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin müəllimi 

Rəşid bəy Əfəndiyev sovet dövründə Şəkiyə qayıdaraq burada  oğlan və qız seminarıyaları təşkil edib, həmçinin Pedaqoji  Məktəbin direktoru olub. O, eyni zamanda SSRİ Elmlər Akademiyasının  Azərbaycan filialının elmi işçisi kimi pedaqoji  və ədəbi sahədə axtarışlarını davam etdirib.

Öz sevimli müəllimlik peşəsi ilə məşğul olan tanınmış pedaqoq, dramaturq Azərbaycan I  Ölkəşünaslıq Qurultayının nümayəndəsi və Etnoqrafiya Cəmiyyətinin Şəki şöbəsinin elmi katibi seçilmişdir.

Bu maarifpərvər insanın dərs dediyi yetirmələri arasında çoxlu sayda   dövrümüzün tanınmış  simaları - milli mədəniyyətimizin, elmimizin aparıcı mütəxəssisləri, alimləri və incəsənət xadimləri vardır.  Azərbaycanın görkəmli musiqi xadimləri olan Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məhz  Rəşid bəyin tələbələri olmuşdur.

Olduqca vətənpərvər, xalqının maariflənməsində əvəzsiz xidmətləri olan Rəşid bəy Əfəndiyev 1942-ci ildə 79 yaşında Şəkidə vəfat edib. 

Rəşid bəy Əfəndiyevin nəsil şəcərəsi 

Rəşid bəy Əfəndiyev nəslindən çıxan demək olar ki, hər bir kəs bu soy- kökə layiq, görkəmli  ziyalılar, xalqımızın inkişafına öz töhfələrini verən  şəxslər kimi tanınıblar.  Belə ki, onun millətimizə bəxş etdiyi iki oğlu, 4 qızı mükəmməl təhsil görmüş adlı-sanlı ziyalılar olmuşlar. Böyük oğlu Məmməd bəy Əfəndiyev  (1887-1977)  görkəmli riyaziyyatçı, professor, əməkdar elm xadimi kimi bütün ömrünü Azərbaycanda riyaziyyat elminin inkişafına həsr etmişdir. Nadir  adlı digər oğlu məşhur  həkim-cərrah kimi tanınmışdır.

Böyük qızı Maral Əfəndiyeva-Nəbiyeva  (1889-1967) atası kimi bütün ömrünü xalq maarifi işinə həsr etmiş, Tərtərdə, Qarğabazarda (indiki Füzuli rayonu), Şəkidə ilk Azərbaycan qız məktəblərinin yaradılmasında və şərəfli pedaqoji fəaliyyəti ilə gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynamışdır.

Rəşid bəyin Azərbaycan, rus, fransız dilini mükəmməl bilən qızı Mahtaban Əfəndiyeva-Rüstəmova (1900-1972) 1915-ci ildə Şəkidə açılmış "Müqəddəs Nina" qız gimnaziyasında müəllim işləmiş, 1920-ci ildə Şəkidə Darülmüəllimat yaradılanda onun ilk müdiri olmuş, sonralar Oğuzda rus və fransız dillərindən dərs demişdir.

Digər qızı Cəmilə Əfəndiyeva-İbrahimbəyli (1902-1978) isə Şəkidə və  Bakıda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Rəşid bəy Əfəndiyev şəcərəsinin digər davamçıları da bu gün təhsilimizin, elmimizin inkişafında, o cümlədən  cəmiyyətin müxtəlif sahələrində fəaliyyətlərini uğurla davam etdirərək bu maarifpərvər insanın  adına layiq olmağa çalışırlar.    

Maarif  xadiminin xidmətləri hər zaman qiymətləndirilib 

Görkəmli maarif  xadimi seminariyadakı səmərəli xidmətlərinə görə  Qafqaz Təhsil Dairəsi tərəfindən medalla təltif olunmuş, 1916-1917-ci illərdə isə  onu İrəvan Quberniyası Xalq Məktəblərinin inspektoru vəzifəsinə təyin etmişlər. O, burada qəza və üsuli-cədid məktəblərində təlim-tərbiyə işlərinə, tədrisin keyfiyyətinə nəzarət etməklə yanaşı, eyni zamanda qısamüddətli ixtisasartırma kursları təşkil edib.

1917-ci ildə  Tiflis Mərkəzi İdarə (komissariatın) rəisi Həmid bəy Şaxtaxtinski Rəşid bəyə xüsusi məktubla müraciət edərək Naxçıvanda və Ordubadda  müəllimlik kurslarının təşkil edilməsini xahiş edir. 1918-ci ildə  o, Qazax seminariyasına direktor təyin olunur.

1918-ci ildə daha sonra tanınmış ziyalı Bakı şəhərinə dəvət alaraq, xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsi işinə cəlb edilir. Rəşid bəy Bakı Kişi Seminariyasının direktoru işləməklə  yanaşı, Maarif  Nazirliyi yanında əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edib. 

Xalqımız və dövlətimiz Rəşid bəy Əfəndiyevin vətən qarşısında əvəzsiz xidmətlərini hər zaman yüksək qiymətləndirmişdir. Şəkidə Tarix-diyarşünaslıq muzeyinə, 10 nömrəli tam orta məktəbə, habelə kitabxana və küçəyə bu əvəzsiz şəxsiyyətin adı verilmişdir. Vaxtilə yaşadığı mənzil  ev muzeyi kimi qorunur. Onun  60, 70 illik yubileyləri keçirilmiş, əsərləri kütləvi tirajla nəşr edilmişdir.

1964-cü ildə isə Azərbaycan SSR  Maarif  Nazirliyinin, Yazıçılar İttifaqının və Azərbaycan Pedaqoji İnstitutunun təşəbbüsü ilə  görkəmli pedaqoq və yazıçı  Rəşid bəy Əfəndiyevin anadan olmasının 100 illiyi təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə keçirilən yığıncaqda Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi Mehdi Hüseyn, Azərbaycanın maarif naziri Mehdi Mehdizadə, respublikanın görkəmli alimləri A.Abdullayev, Ə.Seyidov, Ə.Abdullayev,  xalq şairi Süleyman Rüstəm, yazıçı Sabit Rəhman  çıxış edərək  yubilyar haqqında xatirələrini söyləmişlər.

Ulu öndər Heydər Əliyev  xalqımızın maarif və mədəniyyətinin, elmimizin inkişafında görkəmli rol oynamış şəxsiyyətlərin vətən, xalq qarşısında xidmətlərinə böyük qiymət vermiş, onların ad günlərinin, yubileylərinin qeyd edilməsini həmişə diqqət mərkəzində saxlamışdır. 

Hazırda ölkə başçısı cənab İlham Əliyev də  bu gözəl ənənəni  davam etdirərək, elm, təhsil və mədəniyyətin tərəqqisi işində əvəzsiz xidmətləri olan ziyalıların yubileylərinin dövlət səviyyəsində keçirilməsi üçün diqqət və səyini əsirgəmir. 

Dahi şəxsiyyət Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanında XIX əsrin ortalarından etibarən Azərbaycan dili dərslikləri yazan görkəmli yazıçıların sırasında Rəşid bəy  Əfəndiyevin də adı çəkilir. Bundan başqa,  ölkə başçısı İlham Əliyevin  23 may 2012-ci il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair  Dövlət Proqramı haqqında" sərəncamında  da ana dili ilə bağlı yeni-yeni dərsliklərin, lüğətlərin və sanballı elmi tədqiqatların meydana çıxması, bu sahədə görkəmli ziyalılarımız  Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Sultan Məcid Qənizadə, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli  və başqaları ilə yanaşı Rəşid bəy Əfəndiyevin də  mühüm xidmətləri olduğu qeyd olunur.

Azərbaycan xalqının ictimai fikir tarixində  görkəmli pedaqoq, həmçinin  dramaturq, tərcüməçi  və etnoqraf  kimi qalan Rəşid bəy Əfəndiyevin 2013-cü ildə anadan olmasının 150 illiyi tamam olub. Ömrünü  millətinin maariflənməsinə həsr edən  bu maarif xadiminin həyat və fəaliyyəti gənc nəsil üçün örnəkdir.  

Samirə KƏRİMOVA,
Azərbaycan müəllimi,

[email protected] muallim.edu.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov