Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

“Azərbaycan tələbələrində təhsilə, öyrənməyə böyük maraq var”

 

Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti Ziqlinde Hartmann  ilə müsahibə

Alimlərimizin respublikamızın hüdudlarından kənarda Azərbaycanı layiqincə təmsil etmələri danılmaz faktdır. Elm adamlarımızın müxtəlif mövzularda keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda çıxışları, dünyanın bir sıra nüfuzlu ali məktəblərində mühazirələr demələri, dünya alimləri ilə bir araya gəlmələri, onları öz elmi fəaliyyətləri ilə tanış etmələri ölkələr arasında elm və  təhsil sahəsində mübadilənin getdikcə daha da genişlənməsinə əhəmiyyətli təsir göstərir. Son illər xarici ölkələrin alim və mütəxəssislərinin ölkəmizə olan marağı, bizim ali məktəblərimizlə, azərbaycanlı həmkarları ilə əməkdaşlıq etmələri, birgə layihələrin  həyata keçirilməsində xüsusi fəallıq göstərmələri isə bu gün ölkəmizin təhsil sahəsindəki inkişafından, elmimizin Avropanın elm məkanında özünəməxsus yer tutmasından soraq verir. Elə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Bakıda səfərdə olan  Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmannla  söhbətimizdə də hər iki ölkənin təhsil səhəsindəki birgə əməkdaşlıq məsələlərinə, onun buradakı elmi-pedaqoji fəaliyyətinə toxunduq, respublikamızla bağlı təəssüratlarını öyrəndik.   

- Xanım Ziqlinde Hartmann, bir qədər fəaliyyətiniz, Azərbaycanla əlaqələriniz haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirik.

- Mən Almaniyanın Vürtsburq Universitetinin  professoru, eyni zamanda Osvald fon Volkenştayn Cəmiyyətinin  prezidentiyəm. “Orta əsrlər alman ədəbiyyatında məhəbbət mövzusu” kitabının müəllifiyəm.

Sizin ölkə ilə əlaqələrim  ilk olaraq akademik Kamal Abdullayevin təşəbbüsü ilə  vaxtilə rektoru olduğu Bakı Slavyan Universiteti ilə Almaniyanın Yohannes Quttenberq Mayns Universiteti, həmçinin Osvald fon Volkenştayn Cəmiyyəti  arasında imzalanmış müqaviləyə əsasən 8 il öncə “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihəyə imza atılması nəticəsində yarandı. Layihədə adları çəkilən eposların müxtəlif yönlərdən tədqiqinə həsr olunmuş simpoziumların, o cümlədən bir sıra tədbirlərin keçirilməsi öz əksini tapmışdır. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı 10 illik layihənin koordinatoruyam. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi” qəhrəmanlıq dastanlarının araşdırılması işində bilavasitə iştirak etmişəm.

Təxminən on il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində bu günə qədər 3 beynəlxalq  simpozium təşkil olunub və bununla bağlı müxtəlif tədbirlər reallaşdırılıb. 2016-cı ildə növbəti 4-cü simpoziumun keçirilməsinə hazırlaşırıq.

Bilirsiniz, mən Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirirəm. Fikrimcə, dünya dastan yaradıcılığında özünəməxsus yer tutan “Kitabi-Dədə Qorqud” folklor sənəti üçün qiymətli əsərdir, dastanın tədrisi və təbliği önəmlidir.

Beləliklə, 2007-ci ildən mənim sizin ölkə ilə demək olar ki, elmi əlaqələrimin təməli qoyuldu. Bunun üçün ilk növbədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri  Kamal Abdullayevə minnətdaram ki, mənim sizin ölkə ilə yaxından tanış olmağıma imkan və şərait yaratdı. Artıq neçə illərdir ki, BSU-nun daimi qonağına çevrilmişəm,  mütəmadi olaraq BSU-nun filologiya fakültəsinin germanşünas tələbələrinə orta ərslər alman ədəbiyyatından mühazirələr oxuyur, ustad dərsləri keçir, alman dili və ədəbiyyatını tədris edən müəllimlərlə görüşürəm.

- Budəfəki  səfəriniz nə ilə bağlı idi?

- Mən ildə iki dəfə olmaqla sizin ölkənizə səfər edirəm. Azərbaycan Respublikasının  Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində bir sıra ali məktəblərdə professor-müəllim heyəti ilə görüşür, tələbələr qarşısında  mühazirələr oxuyur, ustad  dərsləri keçirəm.  Bu dəfə də mənim Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Xəzər Universitetində tələbə və müəllim kollektivləri ilə belə görüşlərim təşkil olundu. Tələbələr qarşısında  “Orta əsrlər alman ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçdim. Özüm üçün doğma saydığım  Bakı Slavyan Universitetinin yenidən qonağı oldum.

Mənimlə birlikdə Azərbaycana dəvət olunmuş Augsburg Universitetinin  müəllimi Janina Franzke ilə birlikdə  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İlahi oyun” tamaşasını izlədik.Tamaşadan sonra  yaradıcı kollektivlə görüşümüz oldu. Onu da qeyd edim ki, tamaşadan xüsusi zövq aldıq. Azərbaycan təhsili ilə yanaşı, mədəniyyətinizlə tanışlıq məndə sizin ölkənizlə bağlı xoş təəssüratlar yaratdı.

Ümumiyyətlə, Bilik Fondu ilə əməkdaşlıq etmək mənim  üçün çox xoşdur. Bu fondun həyata keçirdiyi layihələr, xüsusilə təhsillə bağlı proqramları olduqca əhəmiyyətlidir.

- Siz Bakı Slavyan Universitetinin fəxri professoru,  2015-ci ildən bu ali təhsil ocağının rektorunun müşavirisiz. Belə bir məsul işdə çalışmaq sizin  üçün ilk növbədə nədir?

- Təbii ki, ilk növbədə məsuliyyət və universitet rəhbərliyinin  mənə olan etimadıdır. Bilirəm ki,   Bakı Slavyan Universiteti paytaxtın nüfuzlu ali təhsil ocaqlarından biridir.  Universitetin rektoru, professor Asif Hacıyevin rəhbərliyi altında burada təhsilinizin inkişafı ilə bağlı çox mühüm işlər həyata keçirilir, xarici ölkələrin tanınmış ali məktəbləri ilə beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi önəm verilir. Bu universitet hər zaman, necə deyərlər, öz prestijini qorumağa çalışır. Mən bunu hər gəlişimdə görürəm və yeni təyinatımla ali təhsil müəssisəsinə bu işlərdə dəstək verməyə qərarlıyam. 

- Budəfəki səfəriniz zamanı   Bakı Slavyan Universiteti nəzdində yaradılmış Germanistika İnstitutunun açılış mərasimi keçirildi. Həmin açılış mərasimində xüsusi fəallığınızı gördük. Onu da bilirik ki, institutun açılmasında sizin də xüsusi  əməyiniz var.  Belə bir institutun yaradılmasında əsas məqsəd nədir?

- SSRİ dövründə heç bir sovet respublikasında germanistika fənni tədris olunmamışdır. Germanistika dil nəzəriyyəsi kimi məhdud səviyyədə olmuşdur. Bu gün isə ilk Azərbaycan  universiteti kimi BSU təşəbbüs göstərərək alman nümunəsi əsasında germanistika fənninin əsasını qoymuşdur. Bu gün biz Azərbaycanda və eləcə də keçmiş Sovet İttifaqı ərazisində ilk Germanstika İnstitutunun açılışını qeyd etdik.

Germanistika İnstitutunun açılmasının  əsas məqsədlərindən biri Avropa universitetləri ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın qurulmasıdır. Bildiyiniz kimi, Avropada kafedra anlayışı olmadığı üçün institut olaraq buna daha çox imkan yaradır. Bu imkanlardan istifadə edərək  gələcəkdə bir çox universitetlərlə əməkdaşlıq yararmaq, tələbə və müəllimlər üçün qrantlar qazanmaq niyyətindəyik. Məndə olan məlumata görə, artıq bu ilin fevral ayında BSU ilə  Almaniyanın Augsburg Universiteti arasında   əməkdaşlıq imzalanıb. Həmin universitetdən üç mütəxəssis mühazirə və seminar keçmək üçün BSU-da olub. İnstitutun yaradılmasında digər  əsas  məqsəd  BSU tələbələrinə alman dilini, o cümlədən qədim və müasir dövr alman ədəbiyyatını mükəmməl şəkildə öyrətməkdir. Mən bu işlərin həyata keçirilməsində azərbaycanlı həmkarlarımın-universitetin professor-müəllim heyətinin, o cümlədən    Germanistika İnstitutunun müdiri, dosent Sevinc Rzayevanın əməyini yüksək dəyərləndirirəm.

- Səfərləriniz zamanı bizim müxtəlif ali məktəblərimizdə müəllim və tələbələr qarşısında mühazirələrlə çıxış edirsiniz. Tələbələrimizin  bilik səviyyəsi sizi qane edirmi?

- Mən sizin tələbələrinizin mükəmməl təhsil almaq arzusunu alqışlayıram. Azərbaycan  tələbələrində təhsilə, öyrənməyə böyük maraq var. Fəaliyyətimin əsas hissəsi  Bakı Slavyan Universiteti ilə bağlı olduğu üçün deyə bilərəm ki, burada təhsil alan gəncləriniz olduqca nikbin və fəaldırlar. Üzunillik müşahidələrimə əsasən onu da qeyd edim ki,  Azərbaycan tələbələri səmimi və xoşagəlimlidirlər. Alman tələbələri professor və müəllimlərlə məsafə saxlayırlar. Düşünürəm ki,  bu, bəlkə də alman tələbələrinin sizin tələbələrdən yaşca böyük olmasından irəli gəlir. Belə ki, Almaniyada 19 yaşından, Azərbaycanda isə  17 yaşından etibarən gənclər tələbə adını qazana bilirlər.

- Səmimilikdən söz düşmüşkən, artıq neçə illərdir ki, necə deyərlər, ölkəmizlə sıx əməkdaşlıq əlaqələriniz var. Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.

- Hər gəlişimdə bu ölkədə  inkişaf, gözəllik görürəm. Azərbaycan xalqı həm səmimi, həm də çox qonaqpərvərdir. Sizin ölkə özünün  əsrarəngizliyi  və möhtəşəmliyi ilə hər zaman  məni cəlb edir desəm, məncə yanılmaram. Bakıdakı binalar mənim çox xoşuma gəlir. Bu binalarda qədimilik qorunub saxlanılıb. Şəhərinizin qarışıq memarlıq quruluşuna malik olması xüsusilə məndə maraq oyadır. Burada qədimiliklə müasirlik  bir-birini tamamlayır.

Mübaliğəsiz deyə bilərəm ki,  ölkənizi ikinci vətənim, özümü isə Azərbaycan vətəndaşı sayıram.  

Müsahibəni apardı: Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”,
[email protected] muallim.edu.az

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov