Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

“Biləndə ki, 700 bal toplamışam...”

 

Prezident təqaüdçüsü, tələbə Arzu Həsənli ilə söhbət  

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
[email protected]
 

Arzu Həsənli  1999-cu il aprelin 2-də Bərdə şəhərində anadan olub.  2015-ci ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi  əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə  ictimai tədbirlərdə  fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışlarında  məktəb-liseyi    layiqincə təmsil edib. Tələbə  Qəbulu üzrə  Dövlət Komissiyasının  (TQDK-nın) 2015-2016-cı tədris ili  üçün  ali təhsil müəssisələrinə  keçirdiyi   qəbul imtahanında ən yüksək nəticə  -700 bal  toplayıb.  Bakı Ali Neft Məktəbinin  “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub.   Ölkə rəhbərinin  müvafiq sərəncamı ilə  Prezident təqaüdünə layiq görülüb.  Bu şad xəbərin sorağı ilə biz də onu aradıq, təbrik edib   bəzi    sualları cavablandırmağı xahiş etdik.  

- 700 bal çox yüksək nəticədir, onu qazanmaq  üçün bilik və  istedad kifayət edir, yoxsa  bəxtin də  gətirməlidir?

- Məncə 700 balı toplamaq üçün xüsusi bir istedada sahib olmaq mütləq deyil, sadəcə gündəlik dərslərə mütəmadi olaraq yaxşı hazırlaşmaq, müəllimlərə diqqətlə qulaq asıb, verilən tapşırıqları vaxtında  və düzgün yerinə yetirmək  kifayətdir. Mən də belə etdim, məktəbə getdiyim ilk gündən etibarən dərslərimə məsuliyyətlə yanaşdım, yuxarı siniflərə keçdikcə qarşıma qoyduğum  məqsədi daha da konkretləşdirdim:  Universitetə ən yüksək balla daxil olmalıyam,- deyə düşündüm və məqsədimə nail olmaq üçün gecə-gündüz çalışdım. Mənim boş vaxtlarım  demək olar  ki, olmayıb.

Hazırlıq müddətində televizora baxmaqdan və başqa əlavə işlərlə məşğul olmaqdan tamamilə imtina etmişdim. Qəbul imtahanından əvvəl keçirilən sınaqların hamısında iştirak etmişəm. TQDK-nın sınaq imtahanlarında  ən yüksək balım 670 olurdu.  Hər sınaqda çətin  mövzular  qarşıma  çıxdıqca həmin mövzuların üzərində daha çox çalışırdım. Şükür ki, çəkdiyim əziyyət hədər getmədi və mənə göstərilən bütün etimadları  700 ballıq nəticə  ilə doğrultdum.

- İmtahandan əvvəl və imtahandan sonrakı  əhvali-ruhiyyən   hansı təəssüratlarla yadda qalıb? Həyəcanlanmırdın ki? Axı, bu, necə olmasa  qəbul imtahanı idi, sınaq imtahanı yox!

- İmtahan  çox yüksək səviyyədə keçdi.  Nəzarətin güclü olması məni tam qane  edirdi.  Doğrusu,  əvvəlcə bir az  həyəcanlı idim. Düz deyirsiniz:  özümə inansam da, müəyyən qədər tərəddüd, həyəcan var  idi. Sual kitabçasını aldıqdan sonra ilk öncə asan suallardan başladım ki, həyəcanım az da olsa keçsin və  məncə  bunun çox köməyi oldu. İmtahandan sonra isə sualların hamısını düzgün cavablandırdığıma əmin oldum. Ancaq biləndə ki, 700 bal toplamışam,  həmin anda  keçirdiyim sevinc hisslərimi sözlə ifadə edə bilmirəm.  Sevincimi ilk olaraq ailəmlə,  daha sonra isə müəllimlərim və başqa yaxınlarımla bölüşdüm. Onlar da mənim bu uğuruma ürəkdən sevinirdilər  və mənə görə fəxarət  hissi keçirirdilər. Valideynlərimin  sevincdən  yaşaran gözlərini görəndə  özümü dünyanın  ən xoşbəxt adamı sayırdım. Çünki bu böyük sevinc hissini onlara mən bəxş etmişdim.

- Niyə məhz bu ixtisası və Bakı Ali Neft Məktəbini  seçdin? Bu seçimi edərkən hansı məqsədləri qarşına qoymuşdun? Yoxsa valideynlərinin  məsləhəti önəmli oldu?

- Düzdür, bu,  olduqca çətin sahədir. Bilirdim ki, BANM-ə qəbul olmaq üçün yüksək bal toplamalıyam və bunun üçün var gücümlə çalışırdım. Həm də ölkəmizdə neft-qaz sənayesi ən inkişaf edən sahələrdən biri olduğuna görə yüksək ixtisaslı mühəndislərə tələbatın çox olduğunu düşünüb “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçməyə qərar verdim.  Niyə məhz  bu ali məktəbi  seçdiyimə  gəldikdə isə, deyə bilərəm ki, BANM-dəki yüksək keyfiyyətli, ingilisdilli təhsilin olması, tələbələrin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar və şərait, gələcəkdə tələbələrin işlə təmin edilməsi, dərslərin  nüfuzlu və peşəkar müəllimlər tərəfindən  keçilməsi məni bura cəlb etdi.  Qəbulda 15 ixtisas kodu verilsə də, mən əminliklə ancaq 1 ixtisas kodunu yazdım, çünki BANM-ə qəbul olub və beynəlxalq səviyyəli mühəndis kimi yetişmək mənim  arzum idi. Və arzuma da nail oldum.

- Arzular tükənmək  bilmir.  Həyat davam etdikcə, arzular da yeniləşir, bir-birini əvəz edir.  Necə deyərlər, arzulardan arzular doğur... 

- Hər bir arzunu reallaşdırmaq üçün, atam demişkən,  gərək  vaxtın, zamanın qədrini biləsən, zəhmətə qatlaşasan, çalışasan  və yenə də çalışasan.  Bu ali məktəbi fərqlənmə  diplomu  ilə bitirib vətənim üçün  ən layiqli mütəxəssis olmağı qarşıma məqsəd qoymuşam.  Sonra isə magistratura üzrə təhsilimi xaricdə davam etdirəcəyəm. Gələcəkdə SOCAR-da işləməyi  arzulayıram.  Çox doğru dediniz ki,  arzular tükənmək bilmir, yaşayarıq, görərik.  Amma eyni zamanda  bilirəm ki, bu arzuları gerçəkləşdirmək üçün  çox  çalışmalıyam.

- Elə gənclər var ki, yalnız xarici universitetlərə qəbul olmaq üçün  ingilis dilini və yaxud sair dilləri  öyrənirlər. Sən necə?

- Dünyagörüşümün inkişafı üçün məhz müxtəlif ölkələrin  informasiyalarını əldə etmək məqsədilə dil bilmək vacib şərtdir.

Söhbətə başlamazdan öncə qarşımda olduqca lətafətli, tərbiyəli, bir az da utancaq bir qızın dayandığını  görsəm də, onunla xüdahafizləşəndə artıq  yetkin bir gənclə həmsöhbət olduğuma əmin oldum. Həyata baxışı, fikir və mülahizələri,  bilik yarışmasının qalibi olan  Arzunun bütün arzularını  reallaşdıracağına məndə tam əminlik yarandı.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov