Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

“Seçdiyim ixtisas dünyada ən önəmli sahə hesab olunur"

 

Böyük Britaniyanın London İmperial Kollecinin tələbəsi Nərmin Talıbova ilə söhbət 

Oruc MUSTAFAYEV,  
“Azərbaycan müəllimi”
[email protected]
 

Böyütmək üçün seçinNərmin Talıbova 1986-cı il avqustun 23-də Bakıda anadan olub.  Bakıdakı Xarici Dillər Təmayüllü Gimnaziyada oxuyub. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil olub.  2010-cu ildə universiteti pediatr -neonatoloq ixtisası üzrə bitirib və həkim -intern kimi fəaliyyətə başlayıb. İnternatura pilləsini bitirdikdən sonra Mərkəzi Klinik Xəstəxananın Uşaq Mərkəzində yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası şöbəsində assistent-neonatoloq kimi fəaliyyətini davam etdirib.  2014-cü ildən etibarən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  çərçivəsində Böyük Britaniyanın  London  İmperial Kollecinin Tibb Məktəbində  magistr  dərəcəsi üzrə təhsil alır.  Nərmin Talıbova ilə söhbətimizə orta məktəb illəri ilə körpü saldıq.  

“Fənlər arasında heç bir  fərq qoymamışam” 

- Məktəb illərimi, müəllimlərimi sevə-sevə xatırlayıram. İlk müəllimlərimlə bağlı şanslı olduğumu düşünürəm. Orta məktəbdə oxuyarkən bütün fənləri eyni dərəcədə öyrənməyə çalışmışam,  fənlər arasında heç bir  fərq qoymamışam və bunun qəti  əleyhinəyəm.  Deyə  bilərəm ki, insanın dünyagörüşünün düzgün  inkişafı  üçün hər bir fənnin öz rolu var.  Bunun faydasını isə şəxsi təcrübəmdə gördüm. Hazırda  ingilisdilli  ölkədə magistr təhsili alıram və eyni vaxtda  fransızdilli ölkədə  təcrübə  keçirəm. Xarici dilləri bilməyim həm xaricdə təhsil imkanımı genişləndirdi, həm də avropalı  həmkarlarımla  ünsiyyət qurmaqda  üstünlüyüm  oldu.  Qeyd edim ki, məktəbimiz humanitar yönümlü  idi  və rayon üzrə hər zaman ən yaxşı abituriyent göstəricilərinə malik  idi. İxtisas seçimimə gəlincə  nə qədər təəccüblü olsa da,  heç vaxt həkim olmağı arzulamamışam. XI sinifdə qərarımı ani dəyişib texniki profilli fənlər üzrə hazırlığa başladım. Bu qərarımın səbəbi ailə yaxınlarımızdan birinin xəstələnməsi və bizim də çarəsiz qalmağımız idi.  “Gec olmadan həkim olmalıyam” dedim və çox qısa müddət ərzində böyük əzm, qətiyyətlə  hazırlaşdım və hədəfimə çatdım. Nəticədə, Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə daxil oldum.

 “Xaricdə təhsil almaq hər zaman arzum olub” 

- Müxtəlif  illərdə Türkiyənin universitet xəstəxanalarında qısamüddətli treninqlərdə  olmuşam.  Bu  da sonrakı illərdə həm ixtisas seçimində, həm də xaricdə tibbi təhsil almaq ideyamın formalaşmasında  müstəsna rol oynayıb.  Xaricdə təhsil almaq hər zaman arzum olub, lakin  Dövlət Proqramına müraciət edənə qədər  bu, ancaq arzu idi.  Qeyd etdiyim kimi, qısamüddətli kurslar və yerli imkanlar ilə müəyyən bir inkişafı əldə etdim, amma hədəfini yüksək tutan və qazandıqları ilə heç vaxt qane olmayan bir insan olaraq, təcrübədən keçmiş,professional tibbi təhsilə ehtiyacım olduğunu hiss etdim. Valideynlərim  ən  böyük  dəstəyimdir, onların  güvəni məni dayanmadan çalışmağa və ən yaxşılardan olmağa həvəsləndirib.  Qeyd edim ki, ölkəmizdə gənclərə  göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi kimi Dövlət Proqramının əhəmiyyəti  böyükdür.   Dövlət Proqramının potensiallı gənclərimizin gələcək karyera uğrunda çox mühüm layihə olduğunu düşünürəm və  şəxsi təcrübəmə dayanaraq  bundan  tam əminəm. Xüsusilə, bir tibb təhsili alan tələbə üçün  bunun vacibliyini  ifadə etmək mümkün deyil.   Düşünürəm ki, Dövlət Proqramının ölkəmizə  qazandırdığı  gənc kadrları gələcəkdə ayrı-ayrı sektorlarda əldə olunmuş uğurları ilə  görə biləcəyik. Dövlət Proqramından  müsbət rəy almağımı akademik karyeram yolunda  atılan ən uğurlu addımlarımdan biri kimi dəyərləndirirəm.

 “Kitab oxumaq ən sevdiyim məşğuliyyətimdir” 

- Yaşadığım və təhsil aldığım  London beynəlmiləl şəhərdir.  Burada dünyanın müxtəlif  ölkələrindən  insanların olduğunu nəzərə alsaq, özünü yad hiss etmək çətindir. Londonun insanları da səmimidi, yardimsevərdir.  Tələbə yoldaşlarımın  bir çoxu  əcnəbilərdir və onlarla da kifayət qədər səmimi münasibətimiz var.  Əvvəllər də  başqa ölkələrdə yaşamaq təcrübəm olduğundan Londona, buranın insanlarına alışmaq  mənim üçün çətin olmadı.

Tələbə həyatımdan da çox məmnunam, çünki  inkişaf  etdiyimi hiss edirəm.  Ölkələrin tarixi  ilə  çox  maraqlanıram  və  xosbəxtlikdən  İngiltərədə bir çox muzeylər ödənişsizdir  və  çox  zəngindir, mən də  bu  fürsətdən istifadə  edib  boş vaxtlarımda  muzeyləri  kəşf  edirəm və dincələ-dincələ Avropa tarixini  öyrənirəm.  Həftəsonları  Temza çayının sahilində kitab oxumaq ən sevdiyim məşğuliyyətimdir. Şəxsi təcrübəmə dayanaraq deyə bilərəm ki, dünyagörüşümün formalaşmasında mütaliə etmək çox əhəmiyyətlidir və hətta bir çox hallarda əsər qəhrəmanlarından cəsarət aldığımı belə xatırlayıram.

 “Seçdiyim ixtisas ən önəmli sahə hesab olunur” 

- London İmperial Kolleci həm dünyanın, həm də Böyük Britaniyanın   ən yaxşı ali təhsil müəssisələrindən biridir.   Kollec dünya universitetləri reytinqində  (Times Higher Education World University Rankings 2015-2016) 8-ci yerdədir. 

Düşündüm kü,  bir  halda ki  xaricdə təhsil almaq istəyirəm, o zaman  bu ali məktəb  ən yaxşılardan biri olmalıdır.  İxtisasıma gəlincə, mən pediatr-neonatoloqam və hazırda pediatriya üzrə magistr təhsili alıram. İşimi,  körpələri  sevirəm, bu  da  mənə  yorulmadan, bezmədən çalışmağa, oxumağa  stimul verir.

Hələ Ankara Universitetində keçdiyim kurs zamanı yenidoğulmuşların reanimasiyası və intensiv terapiyasının nə qədər çətin və aktual olduğunu gördüm. Təəssüf ki, o körpələrin həyat mücadiləsi yetkin insanlar kimi deyil,  elə ilk doğulduqları andan, ana qucağında deyil,  küvezdən və ventilyasiya cihazından başlayır və onların bu savaşda professional köməyə ehtiyacları var.  Məncə, dünyada hər 30 saniyədən  bir yarımçıqdoğulmuş körpəni itirmək gerçəkliyi bu ixtisasın nə qədər qlobal olduğunu ifadə etməyə kifayət edir.  Buna görə də seçdiyim ixtisas dünyada ən önəmli sahə hesab olunur.  Qeyd edim ki, bir ölkənin sağlamlıq  göstəricisi nə qədər önəmlidisə, mənim peşəm də ən azı  o qədər vacibdir.  “Körpələr gələcəyimizdir” deyirik, mən də sağlam gələcəyimiz üçün çalışıram. Yenidoğulmuşlar və körpələr, eləcə də analar  arasında ölüm hallarının azalıb və ya çoxalması bilavasitə  biz pediatrların məsuliyyətindədir. Hərçənd ki, artıq inkişafını izləmək mümkün olmayan tibb elminin yeni nailiyyətləri bu göstəriciləri azaltmaqda bizə dəstək ola bilər. Təbii ki, ixtisaslaşmış kadrlara və mərkəzlərə ehtiyacımızın vacibliyini inkar etmirəm. Əminəm ki,  xaricdə  təhsil alan həkim həmkarlarımla  birlikdə  Avropa tibb  təcrübəsinin Azərbaycan səhiyyə sisteminə inteqrasiyasını reallaşdıra bilərik.

 “Professorlarımızla sərbəst görüşə bilirik” 

- Təhsil  ocağının professor-müəllim heyəti ilə münasibətlərimiz çox səmimi və işgüzarlığı ilə seçilir.   Əslində biz tələbələrlə, həkim olduğumuzdan, daha çox həmkar, əməkdaş kimi davranırlar  və  hər  hansı  çətinliklərlə üzləşdiyimizdə  bizə  çəkinmədən öz dəstəklərini  təklif edirlər.  Diqqətimi çəkən ən maraqlı məqamlardan biri professorlarımızla  çox rahat görüş təyin edib, onların məsləhətlərini ala bilməkdir.  Dünyanın fərqli ölkələrindən çox  sayda  əcnəbi  tələbə qəbul etdiklərindən  problemlərimizi bizdən  də yaxşı bilirlər  və  qeyri-adi motivasiya  etmək qabiliyyətləri var.  Konkret  bir  mövzü  üzərində  diskussiyadan sonra  görməli olduğum işin modelini artıq canlandırmış oluram  və keçilən mövzu və ya problemli məsələ  artıq mənə əvvəlki  kimi çətin gəlmir, məni öz səylərimdə uğurlu olacağıma inandıra bilirlər.

Kollecdə dərslər interaktiv mühazirələr üzərində proqramlaşdırılıb. Bütün mühazirə materialları eyni zamanda universitetin qruplar üçün nəzərdə tutulmuş mövzular lövhələrdə (“blackboard”)  yerləşdirirlir və tələbənin istədiyi zaman təkrar dinləmə şansı olur.  Digər tərəfdən,  yazılı imtahanlar  üçün universitet  bütün tibbi materiallara çıxış imkanı verir ki, bu  da yazılı imtahanlara hazırlaşmağı xeyli asanlaşdırır.

 “Təhsilə qoyulan investisiyaların ən uğurlusu” 

- Britaniyada akademik təhsil alıram və deyə bilərəm ki, Britaniya bu kurslarla özünün  PhD tələbələrini, alimlərini və elmə yenilik gətirəcək kadrlarını seçir. Odur ki,   gələcək həmkarlarımın da belə bir şansa malik olmasını istərdim.

Məncə, təhsilə qoyulan investisiyaların ən uğurlusu xaricdə təhsildir.  Hər bir tələbə oxuduğu və ya araşdırdığı mövzu üzrə mütəxəssis olur  və  nəzərə alsaq ki, Dövlət Proqramı  bütün prioritet ixtisaslar üzrə tələbələri qəbul edir, bunun ölkənin iqtisadi-mədəni inkişafı,  konkret ixtisasım üzrə  desəm,  sağlam genofondumuzun yaranması və qorunması naminə  böyük əhəmiyyət kəsb etdiyini deyə bilərəm. Tələbənin xarici ölkə mühitində yaşaması, oxuması,  qazandığı təcrübə, problemlərə  professional yanaşma  strategiyası, komanda ruhu, uğuruna inam və s. yalnız avropalıların yaşadığı mühitdə elə avropalılardan öyrənməklə təcrübəyə çevrilə bilər. Yeni dostluqların, münasibətlərin tələbələrin istər gələcək karyerasında, istərsə də akademik təhsilinin davamı üçün müəyyən prespektivlər vəd etdiyini düşünürəm. 

Azərbaycanın elmi uğurları ilə tanınmasını istəyirəm 

- Gənclərimizin dünyanın reytinqli universitetlərində təhsil almasına, şübhəsiz ki, müsbət yanaşıram və bu mövzuda gənc həkimlərimizə əlimdən gəldiyi qədər dəstək olmağa hazıram. Əmin olduğum bir şey var - insan nə qədər intellektual olursa,  bir o qədər də alicənab, sadə olur və bildiklərini, təcrübəsini  insanlarla paylaşmaqdan çəkinmir. 

Qeyd edim ki, Dövlət Proqramı xətti ilə İngiltərədə təhsil alan azərbaycanlı tələbələrin sayı  kifayət qədər çoxdur, təbii ki,  bu,  diasporanın sərhədlərini genişləndirən faktorlardandır və mən də İngiltərədəki səfirliyimizdə Təhsil Nazirliyinin  nümayəndələrinin təşkil etdiyi görüşlərdə iştirak edirəm, onlarla qayğılarımızı paylaşırıq və onlar da mümkün olduğu qədər  bizə böyük  dəstək olurlar. Xüsusilə, bayramlarda doğma insanları görmək çox xoş olur və tələbələrimiz də bu görüşlərin təşkilində aktiv iştirak edirlər. Qeyd etdiyim kimi, İngiltərədə təhsil alan potensiallı tələbələrimiz özlüyündə Azərbaycanın xaricdə təbliği üçün ən uyğun faktordur.   Belə ki,  dövlətimizin təhsilə diqqət və qayğısı, geniş miqyasda investisiya ayırması  professorlar və tələbə yoldaşlarım tərəfindən təqdirəlayiq qarşılanır.  Heç  bir  sərvət  elmdən  üstün deyil  və Azərbaycanın gənc mütəxəssislərinin  öz elm və bacarıqları ilə ölkəmizi ən layiqli şəkildə təmsil edə biləcəyini düşünürəm. Avropanın Azərbaycanı elmi uğurları ilə tanımasını istəyirəm!

 Gələcək planlarıma gəlincə,  hər zaman kliniki  karyeram ilə yanaşı, akademik karyeramın olmasını da arzulamışam.  Dövlət Proqramı sayəsində bunu gerçəkləşdirə bildim, amma tibb elminin sərhədləri hər gün daha da genişlənir və mənim də gənc həkim olaraq borcum bununla ayaqlaşmaq, Azərbaycanda sağlam gələcəyimiz naminə əlimdən gələni əsirgəməmək və təhsilimi davam etdirməkdir.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov