Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Dövlət Neft və Sənaye Universitetində Azərbaycan-Fransa Universiteti yaradılacaq

 

Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəb ilə Fransanın Strasburq Universiteti arasında ADNSU-da Azərbaycan-Fransa Universitetinin (UFAZ) yaradılmasına dair müzakirələr aparılıb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı, professor və müəllimlər, digər ali təhsil müəssisələrinin, Təhsil Nazirliyinin əməkdaşları, Strasburq Universitetinin prezidenti Alen Beretzin başçılıq etdiyi nümayəndə heyəti iştirak ediblər.

ADNSU-nun rektoru M.Babanlı Azərbaycan və Fransa hökumətlərinin dəstəyi ilə birgə təhsil müəssisəsinin - Azərbaycan-Fransa Universitetinin yaradılmasının əhəmiyyətini qeyd edib, layihə ilə bağlı fikir və təkliflərini bildirib.

Qeyd olunub ki, Azərbaycan-Fransa Universitetinin yaradılması ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir. Yaradılacaq UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasında yerləşəcək. Layihəyə əsasən, burada digər fransız universitetlərinin iştirakı da nəzərdə tutulur. Strasburq Universiteti əhatə olunan sahələrin çərçivəsini genişləndirmə və layihə üçün insan resurslarının toplanması məqsədilə digər fransız ali təhsil müəssisələri ilə əlaqələndirmə sərbəstliyinə malik olacaq. Tədris ilkin mərhələdə tam ingilis dilində aparılacaq. Bəzi ixtisaslarda dərslərin fransız dilində aparılacağı nəzərdə tutulur. İlkin mərhələdə təhsil bakalavriat pilləsi üzrə təşkil ediləcək. Gələcəkdə isə magistr hazırlığı da aparıla bilər. Məzunların dual (ikili) diplomlarla təmin olunması nəzərdə tutulur.

Böyütmək üçün seçinUFAZ 2016-2017-ci tədris ilindən 100 tələbə ilə fəaliyyətə başlayacaq. Təhsil müəssisəsində geologiya və geofizika mühəndisliyi, neft və qaz mühəndisliyi, kimya mühəndisliyi, texnoloji maşın və avadanlıqlar mühəndisliyi ixtisasları nəzərdə tutulur. Gələcəkdə inşaat mühəndisliyi ixtisasının da bu sıraya daxil edilməsi planlaşdırılır. Universitetdə əcnəbi tələbələrin - Fransa və digər ölkələrdən olan vətəndaşların təhsil alması üçün lazımi baza yaradılacaq. Layihəyə əsasən, UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində yüksək idarəçilik və maliyyə hüquqlarına malik müstəqil təhsil müəssisəsi olan qurum olacaq. UFAZ-da idarəçilik Fransa universitetlərində tətbiq olunan prinsiplər əsasında həyata keçiriləcək. Azərbaycan-Fransa Universitetinə təsisçilərin təqdimatı əsasında ölkəmizin Təhsil Nazirliyi və Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi tərəfindən təsdiq olunmuş prezident rəhbərlik edəcək.

UFAZ Azərbaycan və Fransa ali məktəbləri arasında birgə elmi-tədqiqat layihələrini həyata keçirəcək və koordinasiya edəcək.

UFAZ-ın professor-müəllim heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti, tərəfdaş ali məktəblərin ən qabaqcıl əməkdaşlarının və frankfon ölkələrdə təhsil almış yüksək ixtisaslı azərbaycanlı kadrların tədris prosesinə cəlb edilməsi nəticəsində yaradılacaq. Universitetin inzibati idarəçiliyinə və təhsil prosesinə cəlb olunan kadrları üçün Fransa universitetlərində treninq və təlimlər keçiriləcək. Müvafiq ixtisaslar üzrə Fransa və Azərbaycan professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə yay və qış məktəblərinin təşkili nəzərdə tutulur. UFAZ-da Azərbaycanın orta məktəb məzunlarının birbaşa Fransa ali məktəblərində təhsil almalarını təmin edən hazırlıq proqramı, eləcə də ingilis və fransız dilləri üzrə tələbələr və müəllimlər üçün dil hazırlığı kursları təşkil olunacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov