Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

“Prezident təqaüdçüsü adını doğrultmağa çalışacağam”

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  tələbəsi Lalə Novruzova ilə söhbət  

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

[email protected]
 

Onunla Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının  1 nömrəli qızlar yataqxanasında görüşdüm. Gəlişimin məqsədini biləndə çox sevindi. Məni də axtarıb tapdığınıza görə təşəkkür edirəm, - dedi. Sonra  özü haqda qısaca da olsa  məlumat  verdi.  1998- ci ildə  Saatlı  rayonunda  anadan olub. Məcburi köçkün ailəsində dünyaya gələn Lalə  Novruzova Biləsuvar rayonunda onlar üçün  salınan 9 nömrəli qəsəbədə yaşayıb və həmin qəsəbədəki  15 nömrəli tam orta məktəbi əla qiymətlərlə  bitirib.  Dəfələrlə   Respublika fənn olimpiadalarında  Azərbaycan dili və ədəbiyyat  fənlərindən II yerlin qalibi olub.  Tələbə  Qəbulu üzrə  Dövlət  Komissiyasının  III ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 700 bal toplayaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına daxil olub. Lalə ilə söhbət edərkən onun çoxlu bədii ədəbiyyat oxuduğu hiss olunurdu. Sualları cavablandıran zaman  söz axtarışına çıxmırdı. Bir az da dilli-dilavər idi...  

- Lalə, yuxarı siniflərə keçdikcə, yəni yaş  artdıqca şagirdin maraq və dünyagörüşü  də  dəyişir. Bu məqamlar  səndə  necə, yaşanıbmı?

- Şübhəsiz.  Uşaqlıq  illərinin  arzuları ilə  sonrakı illərin arzuları  bir-birindən çox fərqlənir. Mən yuxarı siniflərdə oxuyanda artıq özümü bir vətəndaş olaraq hiss edirdim və gələcəkdə layiqli  vətəndaş olmağın vacibliyi barədə  düşünürdüm.  Elə bu arzu da  məni seçdiyim hüquqşünas  ixtisasına  doğru  yönəltdi.  Məzunu olduğum məktəbi yüksək göstəricilərlə başa vurub ali məktəb tələbəsi adını daşımaq üçün çox çalışmalı oldum.  Çalışqan olmasaydım, bu balı heç vaxt qazana bilməzdim.

- Yayın istisində, qışın soyuğunda  repetitor  yanına  getmək  çətin deyildi ki?

- Əlbəttə,  çox  çətin idi. Yolum  uzaq olduğundan çox əziyyət  çəkirdim. Xeyli piyada yol gedirdim.  İki il repetitorların köməyindən istifadə etmişəm.   10-cu sinifdən riyaziyyat və ingilis dili fənlərindən, 11-ci sinifdə isə 5 fəndən kompleks şəkildə hazırlaşmışam. Zəhmətim hədər getmədi. Seçimimdə də  yanılmadım, arzuladığım  ixtisasa qəbul oldum.

- Telefondan, sosial  şəbəkələrdən istifadə etmisənmi?

- Müəllim yanına gedəndə telefonum olub. Sosial şəbəkələrdə heç vaxt olmamışam,  televizora  nadir hallarda baxmışam, internetdən  isə yalnız   dərs üçün lazım olan məlumatlar əldə etmək məqsədilə istifadə etmişəm. 

- Tələbə  Qəbulu üzrə  Dövlət  Komissiyasının  keçirdiyi  sınaq imtahanlarında  700  bal toplaya bilirdinmi?

- Mən orta  məktəbdə daim yaxşı oxumuşam  və yüksək nəticələrimlə fərqlənmişəm. Ancaq  qatıldığım  sınaq imtahanlarında mexaniki səhvlər etdiyim  üçün heç vaxt 700 bal toplaya bilmirdim.  Buna görə də   nəticəm aşağı olurdu.  Amma müəllimlərim mənim savadıma güvənirdilər və deyirdilər ki, heç bir mexaniki səhv etməsəm 700 bal toplaya bilərəm. Mən də onları aradan qaldırdım. Ən əsası odur ki, özümə güvənci artırdım, imtahan  həyəcanını özümdən qovdum.

- Maddi vəziyyətiniz  təhsil almaq  üçün çətinlik yaratmırdı ki?

- Xeyr!  Valideynlərim mənə çoxlu kitablar və testlər alırdılar.  Məncə  maddi vəziyyətin yaxşı və  ya pis olmasının  oxumaqla heç bir  əlaqəsi  yoxdur. Mən  belə düşünürəm.

- Qaçqınlıq həyatı dərslərinə mane olmurdu ki?

- Biz əslən Cəbrayıl rayonunun  Çullu kəndindənik. Əvvəlcə Saatlı rayonunda məskunlaşmışdıq,  sonra isə  Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış 9 nömrəli qəsəbədə məskunlaşdıq.  Orada fəaliyyət göstərən  Cəbrayıl rayonunun  15 nömrəli tam orta məktəbində oxudum.  Çətinliklərə baxmayaraq dərslərimə hər gün sistemli şəkildə  vaxt ayırırdım.  Düşünürsən ki, insan  bütün çətinliklərə  dözməyi bacarmalıdır.

- İmtahanda   maksimum nəticə  göstərəcəyinə  tam əmindinmi?

- Açığını deyim ki,  nə qədər hazırlıqlı olsam da  həyəcan keçirirdim. Çünki  məhz həmin gün  mənim,  necə deyərlər,  gələcək taleyim həll olunacaqdı.  Yanlız  rəsmi cavablar açıqlanandan  sonra 700 bal topladığıma əmin oldum.  Heç bilirsiniz necə sevinirdim?!  Elə bilirdim ki,  bütün dünya   700 bal topladığımdan xəbərdardır. Bax,  arzularım  belə  reallaşdı.  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasına daxil oldum.

- Asudə vaxtlarında  hansı  işlə məşğul olursan?

- Cəbrayıl  rayonundakı Böyük Mərcanlı kənd musiqi məktəbinin fortepiano şöbəsini bitirmişəm. Yorulduğum zaman pianino arxasına keçib  bacardığım mahnıları ifa edirəm.  Klassik musiqini dinləməyi çox  xoşlayıram. Sanki  onda rahatlıq tapıram. İdmanla da məşğul oluram. Voleybol, tennis oynamağı çox sevirəm.

- Yüksək nəticə göstərən  abituriyentlərlə görüşlər keçirilən zaman hansı xoş anları yaşayırdın?

- Fəxarət və qürur hissi  keçirirdim. Oxuduğum məktəbin, müəllimlərimin, ən başlıcası mənə mənəvi dəstək olan,   imtahan  ərəfəsində  çox böyük narahatçılıq hissləri  yaşayan valideynlərimin etimadını  doğrultduğuma  çox sevinirdim.  Həm də mən  Cəbrayıl rayonunun  tarixində ilk dəfə olaraq maksimum nəticə göstərərək  700 bal toplamışdım.  İllərlə çəkdiyim zəhməti ölkə başçısı İlham Əliyev Prezident təqaüdü ilə mükafatlandırdı. Bu,  mənim üçün yalnız qazanılan uğurumun deyil, həm də nailiyyətlərimin davamlı  olmasına stimul  verdi. Bundan sonra da  tələbəlik illərində fəal olmağa, uğurlarımı davam etdirməyə  və  Prezident təqaüdçüsü adını  doğrultmağa  çalışacağam.

- Ev işlərində anana kömək edirdinmi?

- Anam məni bütün ev işlərindən azad etmişdi. Mənim diqqətimi yalnız dərslərimə yönəltmişdi.  Ancaq buna baxmayaraq  az da olsa kömək edirdim. Çünki ev işləri görəndə  mənim beynim dincəlirdi. Nə qədər oxumaq olardı?!

- Təbriklər çox oldumu?

- Cəbrayıl Rayon Təhsil  Şöbəsinin müdiri  Validə  Həsənova, məktəbimizin direktoru  Şamo Şamoyev  eşidəndə ki, 700 bal toplamışam, çox sevindilər. Sinif rəhbərim - kimya-biologiya müəllimim Töhfə Quliyeva  məni təbrik etdi və bağrına basıb öpdü.

- İki aya yaxındır ki, artıq  tələbəsən, çətin deyil ki, tələbə həyatı yaşamaq?

- Dərslərimiz o qədər maraqlı keçir ki,  günlərin nə vaxt ötdüyünü hiss etmirəm.    M.F.Axundov adına  Milli Kitabxananın üzvüyəm.  Keçirilən dərsləri yüksək səviyyədə mənimsəməyə çalışıram. 700 ballıq uğurumu  davam etdirirəm. Ən çox akademiyanın   kitabxanasından istifadə edirəm. Çalışıram ki, müəllimlərimin rəğbətini qazanan  istedadlı tələbə  kimi yadda qalım.  Akademiyanın “Hüquq”, “Debat”  klublarında  iştirak edirəm. Tələbə Gənclər Təşkilatının üzvüyəm.

- Seminarlarda  fəallıq  göstərə bilirsənmi?

- Mühazirələrə qulaq asdıqca dərsləri daha yaxşı mənimsəyirəm. Seminarlarda isə  fəal iştirak edirəm. Müəllimlərim  biliyimi  ən yüksək  sayılan 10 balla qiymətləndirirlər.  Ümumiyyətlə,  dərslərimiz çox maraqlı keçir. Elə gün olur ki, sual-cavab edirik, zəngin vurulduğunu eşitmirik.

- Qış semestrində əlaçı olacağına əminsənmi?

- Əlbəttə,  əminəm.  Tək bu semestri  deyil,  akademiyanı  əla qiymətlərlə bitirməyə, barmaqla göstərilən hüquqşünas olmağa çalışacağam.

- Gələcək abituriyentlərə tövsiyən.

- Demək istəyirəm ki, 700 bal toplamaq mümkünsüz deyildir. İnsan çox səylə çalışdığı zaman  arzusuna, qarşısına qoyduğu hədəfə  nail olur. Heç nədən qorxmasınlar, mükəmməl çalışsınlar ki, arzularına çatsınlar.

- İlk Prezident təqaüdünə nə alacaqsan?

- Bacımla birlikdə xərcləməyi düşünürəm və  ailə üzvlərimə hədiyyələr alacağam. Bacım 8-ci sinifdə oxuyur.  O da dərs əlaçısıdır.  Mənim 700 bal toplamağım  onu da çox həvəsləndirib,  məsuliyyəti birə-beş artıb.

- Gələcək planların.

- Dövlət Proqramı çərçivəsində xaricdə magistr təhsilimi davam etdirmək istərdim. Azərbaycan dövlətinə savadlı, zəkalı, ixtisasını gözəl bilən mütəxəssis lazımdır və mən onlardan biri olmağa çalışacağam.

Lalə Novruzova ilə söhbətdən doymaq olmurdu. Onunla dialoqa girmək həm rahat idi, həm də maraqlı. Verdiyim suallara  cavabları isə   tam əminlik  yaradırdı ki,  bu gün mən gələcəyin  ən gözəl bir hüquqşünası  ilə  həmsöhbət oldum.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov