Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Türk dünyasının elm sahəsində ilk Nobel mükafatı laureatının uğur hekayəti

 

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
[email protected]

Ötən əsrin əvvəllərindən,  1901-ci ildən başlayaraq  elmin ayrı-ayrı sahələrində ciddi töhfələri ilə seçilən  praktik əhəmiyyətli  kəşflərə görə Nobel mükafatı  verilir. Hər il oktyabrın ilk günlərində dünya elmi ictimaiyyətinin diqqəti Stokholma yönəlir.   Hamı nüfuzlu elm mükafatının  bu il kimə qismət olacağını  gözləyir.  Elm sahəsində yüksək mükafatı artıq neçə illərdir ki, türk dünyası da gözləyir.   Və nəhayət,  2015-ci il oktyabrın ilk günlərində çoxdan gözlənilən an yetişdi. Amerikada yaşayan biokimya professoru  Əziz Səncər türk dünyasında  elm sahəsində ilk dəfə Nobel mükafatına layiq görülmüş bir alim kimi  öz adını tarixə  yazdı.  Amerikanın  Şimali Karolina Çapel-Hill Universitetinin  biokimya professoru  Əziz Səncərin həyatı və elmi mücadiləsi ilk təhsil yollarında kövrək addımlarını  atan məktəbli,  ali məktəblərdə elmin sirlərini öyrənən tələbə,  neçə-neçə gəncə  yol göstərən müəllim, gecə-gündüz  apardığı tədqiqatların  nəticələrini  gözləyən gənc araşdırmaçı üçün əsl örnəkdir.  Əziz  Səncərin zəka, istedad və çalışqanlığın bariz nümunəsi olan həyat yoluna biz də nəzər salaq. 

Uşaqlıq illəri 

Professor  Əziz  Səncər 1946-cı ildə  Türkiyənin Mardın vilayətinin Savur  liçəsində (kəndində) yazmaq-oxumaq bilməyən, ancaq təhsilə çox önəm verən bir ailədə anadan olub.  Ailədə 8 uşaq böyüyürdü, Əziz onlardan 7-cisi idi. Bununla belə, valideynləri uşaqlarının hamısına ilk təhsil vermişdi.  Əziz Səncər ailəsi və ilk təhsil illərini belə xatırlayır: “Anamın və atamın oxu-yazması yox idi,  ancaq  onlar təhsilin çox önəmli olduğunu bilirdilər və uşaqların hamısının təhsil alması üçün əllərindən gələni etmişdilər”.   

Əziz orta məktəbdə oxuduğu illərdə öz bacarığı ilə seçilirdi, lakin futbola da marağı güclü idi. Liseyin futbol komandasının qapısını qoruyurdu. Gənc futbolçulardan ibarət milli komandanın məşqlərinə də dəvət almışdı.  “Futbolçu olmaq mənim ən böyük arzum idi,  hər zaman milli  komandada  oynamaq istəmişdim. Ancaq bir müddət sonra yaxşı bir qapıçı ola bilmək üçün boyumun kifayət qədər hündür olmadığına qərar  verdim və dərslərimlə daha çox məşğul olmağa başladım”.  O,  bütün fənlərə eyni dərəcədə maraq göstərib. “Mən əslində kimyaçı olmağa qərar vermişdim. Ancaq Mardində liseydə oxuyanda dostlarım mənə tibb  üzrə test imtahanlarında özümü sınamağımı istədilər.  İmtahana getdim, həm kimya, həm də tibdən testləri uğurla  verdim.  Sinif yoldaşlarımdan 5-i tibb fakültəsinə girdi. Mən  kimyaya daxil olmaq qərarımı bildirdim.  Onlar isə “Əziz,  gəl birlikdə tibbə gedək” deyərək məni qərarımı dəyişməyə razı saldılar”.

Yaxınlarının məlumatına görə, Əziz Səncər Mardində çox ağır həyat şəraitində oxuyub. O zaman işıq belə yox idi, Əziz isə dərslərini  şam işığında oxuyurdu.  

Şam işığından Nobelə uzanan yol 

İlk, orta məktəb təhsilini Savur və  Mardində tamamlayan Əziz Səncər 1963-cü ildə İstanbul Universitetinin tibb fakültəsinə daxil olaraq oranı 1971-ci ildə başa vurub. Ali məktəbdə oxuyarkən Böyütmək üçün seçinfundamental fənlər üzrə müəllimlərinin  elmi kəşflər barədə söhbətləri  gənc tələbəni həyəcanlandırırdı. Əziz  Səncər  tezliklə biokimya tədqiqatçısı olmağa qərar verib.  İstəyini biokimya müəlliminə söylədikdə, müəllimi  ona  ən azından bir müddət  həkimlik etməsini tövsiyə edib. “Tibdən məzun olan hər kəsin fundamental elmlərlə məşğul olmazdan əvvəl bir neçə il həkimlik etməsində  böyük fayda görürəm” deyən  müəlliminin tövsiyəsinə əməl edən Ə.Səncər ikiillik həkimlik təcrübəsi keçib.  Tezliklə Ə.Səncər başa düşüb ki, tibb onun sahəsi deyil və  biokimyanı öyrənməyə qərar verib. “İkinci kursda oxuyarkən bu yolda irəliləməyə qərar vermişdim. Lakin müəllimlərimdən biri “əvvəlcə doktorluq işini müdafiə edin,  sonra özəlliklə təməl elm sahəsi üzrə ixtisaslaşın” demişdi. Onun tövsiyəsi mənim üçün çox önəmli idi. Amerikaya doktorluq işi dalınca getməyimin də səbəbi bu oldu”.   Türkiyədə təqaüd proqramının qalibi olan Əziz ali  təhsilini  davam etdirmək üçün ABŞ-a gedib.  “Amerika həyatına uyğunlaşmaq çətin oldu.  Müəllimlərlə dil tapa bilmirdim. Çox çalışmaqla bağlı hər hansı problemim yox idi.  Müəllimim çox nüfuzlu alim idi. Hər gün yeni bir fikirlə onun yanına gedirdim. Bir gün mənə “Əziz, müəllim kim, tələbə kim? - mənim sənə deyəcəyimi sən mənə deyirsən” dedi.   Məndə isə “biz türklər hər kəsdən üstünük” kompleksi var idi.  Uşaq deyildim, ancaq o zamankı düşüncəm belə idi.  Con Hopkins Universitetində ingilis dili ilə bağlı problemi həll etdikdən 6 ay sonra mən artıq amerikalılara dərs deyirdim.  Elmi çətinliyim yox idi, sosial problemlərim oldu”,  - deyən alim  Amerikaya getdiyi ilk illəri xatırlayır.   ABŞ-da ilk çətinliklərdən sonra vətənə dönən gənc tədqiqatçı 1 ildən sonra təkrar olaraq ABŞ-a, Çapel-Hill Universitetinə yollanıb. Universitetdə  tədris ingilis dilində idi. Əziz isə fransız dilini öyrənmişdi. Az vaxt ərzində   ingilis dilini mükəmməl surətdə mənimsəyən gənc tədqiqatçı həmkarlarını  və onunla işləyən müəllimlərini  belə təəccübləndirib. Uzaq ölkədə üzləşdiyi bir sıra çətinliklərə baxmayaraq  gənc tədqiqatçı heç vaxt ruhdan düşməyib, inandığı sahədə daha da irəliləməyə  qərar verib: “Bir dəfə ilkin qoyduğum təcrübələrdən biri nəticə verməyəndə  mən öz qabiliyyətlərimə olan ümidlərimi itirməyə başladım.  Hətta vəziyyət elə bir həddə çatdı ki, mən fikirləşdim:”Səndə eksperimental  təcrübələr üçün istedad yoxdur. Sən yaxşı həkim olmusan, niyə də həkimlik praktikasına geri qayıtmayasan? Lakin mən elmdə qaldım”.  O, ABŞ-ın Dallas ştatındakı Texas Universitetində molekulyar biologiya sahəsində  DNT-nin təmiri üzrə doktorluq dissertasiyası müdafiə edib.  Daha sonra Yel Universitetində  DNT-nin bərpası üzrə dosent vəzifəsi alıb.  

“DNT-nin  təmiri” 

1982-ci ildən Şimali Karolina Çapel-Hill Universitetində biokimya və biofizika sahələrində çalışan alim burada DNT-nin təmiri, hüceyrə düzülüşü, xərçəngin müalicəsi  və  vücudun bioloji saatı üzərində çalışıb. Tədqiqatlar gedişində Əziz Səncəri  təəccübləndirən o idi ki,  ultrabənövşəyi şüaların  öldürücü dozalarını  alan bakteriyalar müşahidə olunan diapazonda mavi işıqla şüalandıqdan sonra öz qüvvələrini  bərpa edirlər.  Artıq Texas laboratoriyasında işlərkən Ə.Səncər ultrabənövşəyi şüalanmanın (fotoliaz)  vurduğu zərərin aradan qaldırılmasına cavabdeh olan gen fermentini uğurla müəyyən edə bilib və kodlaşdırıb. 1970-ci illərdə bu kəşf Amerika universitetlərində böyük maraqla qarşılanmışdı.  O,  az sonra öz tədqiqatlarını  Yel Universitetində davam etdirməli olmuşdu. Məhz Yel Universitetində alim ultrabənövşəyi şüalanmadan sonra hüceyrə təmirinin ikinci sisteminin təsvirini  verib.  Fotoliazdan fərqli olaraq ikinci sistemdə bərpa qaranlıq şəraitdə davam edir. 1980-ci ildə Səncər Çapel-Hill Universitetində daimi vəzifə alır və tezliklə  istər bakteriya, istərsə də insan  DNT-sinin təmir olunması problemini  tədqiq etməyə başlayır.  Hələ 2005-ci ildə Türkiyədə keçirilən elmi forumda Ə. Səncərin bu işlərinin Nobel mükafatına layiq olduğunu əvvəlcədən xəbər vermişdilər.  O isə öz açıqlamalarında  “ötən illər ərzində Əhməd Ayıq və Nəim Süleymanoğlu  (məşhur türkiyəli idmançılar) qızıl medal qazananda çox sevinər, onların rəsmlərini otağımda yuxarı başda asardım. Kaş ki,  mən də türk millətinə belə bir şərəf qazandıra biləydim  deyə düşünürdüm. İndi bu uğurlarım türk gənclərini elmə  təşviq edə bilsə,  çox xoşbəxt olaram“,- deyə bildirirdi. Səncər Nobel mükafatı məsələsində “mənim Nobeldə gözüm yox, onu da tələbələrimə verirəm” deyirdi.   

 34 illik zəhmətin bəhrəsi

 Əziz Səncər DNT-nin  təmiri ilə əlaqədar tədqiqatlara tam 34 il əmək sərf edib. Nəhayət, 2015-ci il oktyabrın 7-də İsveç Elmlər Akademiyası yanında Nobel Mükafatları Komitəsi bütün türk dünyasını sevindirən qərarını açıqlayıb: Ə.Səncər DNT-nin təmiri sahəsində xidmətlərinə görə  isveçli alim Tomas Lindal, amerikalı Pol Midriçlə  birgə Nobel mükafatına layiq görülüb. Nobel Komitəsinin mətbuat üçün açıqlamasında bildirilib ki, alimlər DNT-nin “təmiri” və genetik informasiyaların qorunub saxlanılması zamanı molekulyar səviyyəni göstərən üsulun tapılmasına görə bu mükafata layiq görülüblər. Nobel komitəsi alimlərin işlərini yüksək qiymətləndirib. Açıqlamada bildirilib: “Üç alimin sistemli işləri canlı hüceyrələrin necə çalışması ilə yanaşı, irsi xəstəliklər, xərçəng və qocalmanın arxasındakı amilləri anlamaqda böyük rol oynayır.”

Əziz Səncər DNT-də bir sıra genetik qüsurların aradan qaldırılması üsulunu kəşf edib ki,  bu da xərçəngdən əziyyət çəkən xəstələrə sağalmaq ümidi verir.

Professor Əziz Səncərin xərçəng xəstəliyi sahəsində apardığı mühüm tədqiqatlar  bütün dünyada alimlər tərəfindən yüksək qiymətləndirilib.  O, xərçəng xəstəliyində “vücudun ritmik saatı” nəzəriyyəsinin müəllifidir. Ə.Səncər hesab edir ki, “ritmik saat” orqanizmin bütün funksiyalarına nəzarət edir. Mexanizm xərçəng hüceyrələrinin yaranması, bölünməsi və inkişafını da müəyyən edə bilər. Əgər bu saatın işləmə mexanizmi müəyyən edilsə, xərçəng xəstəliklərini müalicə etmək üçün təsirli dərmanlar yaratmaq olar.  

“Bu xəbəri gözləmirdim” 

Əziz Səncər ailəsi 2015-ci il oktyabrın 7-də  Stokholmdan gələn telefon zənginə oyandı.  Telefonun dəstəyini  alimin həyat yoldaşı götürüb. Telefonda olan şəxs həyəcanla Əziz  Səncəri soruşub və çox önəmli bir xəbər üçün onu oyatmağı xahiş edib.  “Yarım saat öncə  (səhər saat 05:00 ) bir telefon zəngi gəldi.  Telefonu yoldaşım  götürdü  və  məni oyatdı.  Mənə dedilər ki, Nobel mükafatına layiq görülməyiniz barədə xəbər almısınızmı və Stokholma mükafatı almağa gələ biləcəksinizmi. Heç gözləmirdim, xeyli çaşbaş qaldım. Məntiqli olmaq və fikirlərimi düzgün çatdırmaq üçün əlimdən gələni etdim. Yoldaşımla bir müddət bir-birimizin üzünə baxdıq. Amma ən gözəl an idi. İllərdir məndən nə zaman Nobel alacağımı soruşurdular və mən bu sualı eşitməkdən yorulmuşdum. Dolayısı ilə ölkəm üçün də ayrıca qürur duyuram.  ...Mənə çox gözəl təhsil verən vətənimdir. Mənə fövqəladə tibb təhsili verdi və buradakı uğurlarımın qaynağı oldu. Bu baxımdan vətənimə çox minnətdaram. Bütün Türk millətinə sevgi və salamlarımı çatdırıram”, -deyə alim Nobel komitəsinin saytına eksklüziv müsahibəsində bildirib. Ə.Səncər bu il Nobel mükafatını, xüsusən də kimya sahəsində almağı gözləmədiyini  deyib.  O,  nə vaxtsa bu mükafatı gələcəkdə,  özü də tibb sahəsində ala bilməsini güman edirdi.  

“Bu kəşf  həyatda mənə ən çox məmnunluq yaşadan  kəşfdir. Xatırlayıram, bu kəşfi etdiyim gün biokimyaçı olan həyat yoldaşıma dedim ki, indiyə qədər tək Allahın bildiyi mühüm bir şeyi bütün dünyada bu an bir mən bilirəm”.

 “Gənclər mənim etdiyimi etməsin”

 Əziz  Səncər  onu  Nobelə qovuşduran böyük elmi yolun təməlinin  ABŞ-da deyil, Türkiyədə qoyulduğunu bildirib.  Xaricdə oxumağa gedən türk gənclərə üz tutan nobelçi alim qeyd edib: “Elmi düşüncəni Türkiyədə öyrəndim. Xarici ölkələrə oxumağa getsinlər, oraları görsünlər, çalışsınlar, lakin mənim etdiyimi etməsinlər,  Türkiyəyə dönsünlər”.  Jurnalistlərlə görüşündə alim xarici ölkələrdə təhsil alan gənc tədqiqatçıların təhsillərini  başa vurduqdan sonra vətənə dönmələrini  tövsiyə edib.

Bizim məmləkətdə çox gözəl bir təhsil var. Türkiyədə ibtidai,  orta məktəblərimiz, liseylərimiz, universitetlərimiz pulsuzdur. Mənə bu imkanlar təmin edildi.  Türkiyədə universitetdə oxuyarkən orada gördüyüm təhsil buradakı universitetlərin səviyyəsində idi.  Türkiyə bizləri çox gözəl təhsillə təmin edir. Bunu Amerikada edə bilməzsiniz.  O baxımdan mən bu mükafata görə məmləkətimə və respublika dövrünün başlatdığı təhsilə borcluyam. Mən buraya gəldim, müvəffəqiyyət qazandım, amma mənə bu təməli verən Türkiyədəki təhsildir.  Mən buraya 1974-cü ildə gəldim, o gəldiyim dövrdə Türkiyənin bugünkü imkanları yox idi. Lakin məni Türkiyə hazırlamışdı. Mən buraya gələndə araşdırma edə biləcək səviyyədə idim”. Nobel aldıqdan sonra da araşdırmalarını fəal surətdə davam etdirəcəyini bildirən alim “elmin sonu yoxdur, araşdırmalarımız davam edəcək” deyib.  Alim Avropa və Amerikada çox bacarıqlı, parlaq türk elm adamlarının olduğunu qeyd edib: “Amerikada Nobel mükafatı ala biləcək səviyyədə tədqiqatlar aparan insanlarımız var. İnşallah onlar da uğur qazanar. Ümidliyəm, başqa Nobel mükafatı alanlarımız da olacaq”.   

Tələbkar, qayğıkeş müəllim 

34 ildir ki, Çapell-Hill Universitetində həftənin 6 günü gündə 12 saat işləyən Ə.Səncər tələbələrini  çox sevir, onlara hər zaman əl tutur. Elmi araşdırmalarda onlara  hərtərəfli dəstək olur.  Diqqət və  qayğısı  sayəsində Türkiyədən Amerikaya gəlmiş onlarla gənc Harvard Universiteti də daxil olmaqla ölkənin nüfuzlu ali məktəblərində, elmi-tədqiqat mərkəzlərində  fəaliyyətlərini davam etdirməkdədirlər. Onun iş kabinetinin  divarları yetirmələri olan  tələbələrinin şəkilləri ilə doludur.  Tələbələri qeyd edirlər ki,  professor  Ə.Səncər çox tələbkar, nizam-intizamı sevən alimdir. Çalışmağı çox sevən alim Amerikaya getdiyi ilk vaxtlarda universitet laboratoriyasında  gündə 16-18 saat tədqiqat aparmaqla məşğul olub, barəsində rektorluğa şikayət edilib və ona mövcud qanunların buna icazə vermədiyi izah olunub.   Əziz Səncər tələbələrinə və tədqiqatlarına o qədər vaxt ayırır ki, bəzən konfranslarda belə  onu az-az  görmək olar.  Çox vacib konfranslara isə laboratoriya xələtində qatılır.  Müəllim həmkarları, professorlar Səncər barədə “o, sadəcə elm fədaisidir” deyirlər. Səncərin laboratoriyasında  hazırda 12 tələbə tədqiqatlar aparır.  Onların arasında türkiyəli gənclər də var.  Ə.Səncər  bir alim, bir tədqiqatçı, bir şəxsiyyət kimi onlar  üçün örnəkdir. 40 ilə yaxındır ki, Amerikada müəllimlik edən nobelçi alim pedaqoji fəaliyyətinin  ilk günlərinə aid bir maraqlı hadisəni açıqlayıb: “Amerika yaxşı bir yerdir, amma yad oldunmu, türk də olsan, çinli də olsan, koreyalı də olsan,  bir çatışmazlığımız var.  Çünki gəlib burada dərs verəcəksən. Ləhcəmiz  hiss olunur.  Amerikalı uşaq bizim söylədiklərimizi başa düşmür.  Xatırlayıram, burada ilk dərsimi verəndə, bilirsinizmi, tələbələrin müəllimlərlə bağlı qiymətləndirmələri olur,  bir uşaq  barəmdə “Onu ilk gəmiyə mindirib,  Türkiyəyə geri göndərin” deyə yazmışdı. Məndə türk ləhcəsi açıqca hiss olunurdu”.   

Akademik sahədə az rast gəlinən  bir uğura  imza atıb 

Əldə etdiyi elmi nəticələri ilə bütün dünya miqyasında  tanınan Ə.Səncər  2005-ci ildə dünyanın ən nüfuzlu elm təşkilatlarından olan Amerika Milli Elmlər Akademiyasının, 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının  həqiqi üzvü  seçilib.  1997-ci ildən bu günə qədər ABŞ-ın Şimali  Karolina Çapel-Hill  Universitetində biokimya və biofizika fakültəsində müəllim işləyən professor  Ə.Səncər  nəşr  etdirdiyi 33 kitab, 300-ə yaxın elmi məqalə və bu məqalələrə edilən 12 mindən çox istinadla akademik sahədə az rast gəlinən  bir uğura  imza atıb. Professor Əziz  Səncər  1984-cü ildə    Amerika Prezidentinin Gənc Araşdırmaçı,  2004-cü ildə Amerika Elm və Sənət Akademiyasının,  2005-ci ildə Amerika Milli Elmlər Akademiyasının, 2006-cı ildə  Türkiyə  Elmlər Akademiyasının, 2007-ci ildə  Türk Koç, 2009-cu ildə Texas Universitetinin  “Seçilmiş məzunlar”,   2014 -cü ildə “Dəvət olunmuş ən yaxşı professor”  mükafatlarına layiq görülüb.  

Nobel mükafatını  “Türk evi”nə  bağışlayacaq  

Əziz Səncər  Kaliforniya Universitetinin professoru olan Gven Boles Səncər ilə evlidir. Gven Səncər Şimali Karolina Çapel-Hill Universitetinin  biokimya və biofizika bölümünün müəllimidir.   Onlar birlikdə  Amerikada oxuyan türk tələbələrə yardım göstərmək  və  Türkiyə-Amerika əlaqələrinin  inkişafına xidmət üçün “Əziz və Gven Səncər Vəkfi”-ni qurmuşlar.  

Əziz Səncər  34 il əmək sərf etdiyi kəşfə görə aldığı Nobel mükafatını   da  “Türk evi”nə xərcləyəcəyini bildirib.  

Türk dünyasına şərəf gətirmiş nobelçi alimə həsr olunmuş məqaləni onun aşağıdakı xatırlaması ilə son vurmaq istərdik. Bu xatırlamada iti zəkası, möhkəm iradəsi, çalışqanlığı sayəsində zəmanəmizin ən görkəmli alimlərindən biri zirvəsinə yüksəlmiş  Əziz Səncərin həyat kredosu əksini  tapıb: 

“Xatırlayıram, 1-2 il əvvəl bir tədqiqatçı həmkarımla  elmi kəşflərin mənəvi və maddi dəyərlərini danışırdıq. Həmkarım mənə bu kəşfə maddi bir qiymət verməyimi istədi. “Sənə on milyon dollar versək, bu kəşfi bir başqasına verərsənmi?” desələr heç düşünmədən “Yox” deyərəm. Çünki kəşf hər cür maddi mükafatdan başqa, mənə nadir hallarda tapa biləcəyim daxili bir rahatlıq vermişdir. Bundan başqa, gələcək nəsil türk tədqiqatçıları biokimya və molekulyar biologiya dərslərində bunu görüb “Bu kəşfi bizdən biri etdi” - deyəcəklər. Onlara bu etimadı verməklə vətən torpağıma xidmət etdiyimi hiss edirəm”. 

Məqalədə Nobel Mükafatları Komitəsinin, 
Şimali Karolina Çapel-Hill Universitetinin materiallarından istifadə olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov