Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Xarici mətbuatdan

 

Məktəb testləri dərs saatının  iki faizini təşkil etməlidir 

Barak Obama Konqresə müraciət edib 

Amerika prezidenti Barak Obama  bildirib ki, standartlaşdırılmış  məktəb testləri  dərsə ayrılan vaxtın  2%-dən artığını təşkil etməməlidir. “EdSurge” saytının məlumatına əsasən,    standartlaşdırılmış  testlərin  təsiri  altına düşən ABŞ təhsil sistemində   böyük dəyişikliklər gözlənilir.  Bu günlərdə prezident B.Obama Konqresə müraciət edərək dövlət təhsil müəssisələrində  testlərə ayrılan vaxtın məhdudlaşdırılmasını   xahiş edib.  Ekspertlər qeyd edirlər ki, ola bilsin ki, buna  səbəb təhsil prosesinin milli qiymətləndirilməsinin nəticələridir.  Məlum olub ki, qiymətləndirmənin yaxşılaşdırılması ilə yoxlama işlərinə ayrılmış vaxt arasında birbaşa əlaqə yoxdur.

Dövlət məktəbləri onsuz da təyin olunmuş rəqəmə yaxındır.  İndi səkkizinci sinif şagirdləri öz vaxtlarının  2,34 faizini  test üzərində keçirirlər.  Məktəb üzərində nəzarətin gücləndirilməsində  öz rolunu təsdiqləməklə B.Obama administrasiyası hər halda, illik testlərin keçirilməsinin davam etdirilməsini, lakin bu işin daha  təkmilləşdirilmiş formada  reallaşdırılmasını təklif edib.


Argentinada qəbul imtahanları ləğv olundu 

Ölkə senatı  qanun qəbul edib 

Argentinanın dövlət universitetlərinə qəbul imtahanları  ləğv olundu. “Uçitelskaya qazeta”nın məlumatına əsasən,  bu barədə ölkə senatı qanun qəbul edib. Bununla da abituriyentlər qəbul imtahanlarından azad olunublar.  Bundan əlavə, dövlət ali məktəblərində təhsil haqları da ləğv olunur. Beləliklə də indi bütün orta təhsil almış məzunlar ölkənin ali məktəblərinə sərbəst və maneəsiz qəbul ola biləcəklər. Universitetlərə  tələbələrdən təhsil haqqı tələb etmək qadağan olunur.   Eyni zamanda universitetlərə  təhsilalanların tələbə hesab olunmaları üçün əməl etməli olduqları  tələblərin müəyyən edilməsi üzrə səlahiyyət verilib. Əvvəllər bu hüquqdan  50 mindən artıq  tələbəsi olan universitetlər faydalana bilərdi. Digərləri üçün isə vahid tələb mövcud idi: tələbə il ərzində  bir fəndən,  bəzi hallarda isə bir neçə fəndən imtahan verməli idi.  Bu gün Argentinada 54 dövlət,  49 özəl ali təhsil müəssisəsi var.


97 yaşlı amerikalı qadın məktəbi bitirib 

Qoca məzun attestatını göz yaşları içində qəbul edib 

ABŞ-ın Miçiqan ştatının 97 yaşlı sakini Marqaret Tom  97 yaşında məktəbi bitirib.  Xərçəng xəstəliyindən əziyyət çəkən anasına və özündən yaşca kiçik bacı-qardaşlarına baxan M.Tom  təxminən 80 il əvvəl 17 yaşında məktəbi atmalı olub. Oktyabrın 30-da  Marqaret Toma orta məktəbi bitirməsinə dair attestat təqdim olunub. “ The Daily Mail” qəzetinin yazdığına əsasən,  qoca qadın  sevincindən özünü saxlaya bilməyərək  ağlayıb.  Axı, orta təhsilini bitirmək bu illər ərzində onun ən böyük arzusu olub.  Nəhayət, o öz arzusuna çata bilib.  O, attestata görə məktəb rəhbərliyinə təşəkkür edib.  

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov