Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsilin
keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında
rəqabət mühiti yaratmaq, onların tədris prosesində
fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq
məqsədi ilə
QƏRARA ALIRAM:
1.
“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və
şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30
avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə
988) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada
verilsin:
“1.2. ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 120 manat
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 105
manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85
manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55
manat
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95
manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80
manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50
manat
1.3. orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50
manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40
manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35
manat”.
1.2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Azərbaycan Respublikasının ali təhsil və orta
ixtisas təhsili müəssisələrində əyani təhsil alan
tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər
dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla
təhsil almalarından asılı olmayaraq, ümumi orta
müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə
akademik nailiyyətlərinə görə bu sərəncamın 1.2-ci və
1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə
ödənilsin.”.
1.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali
təhsil və orta ixtisas təhsili müəssisələrində
ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına
təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən
təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.”.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. doktorantlara, ali təhsil, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və
şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi
qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etsin;
2.2. bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3.
Bu sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 noyabr 2015-ci il |