Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Uşaq tərbiyəsində 7 məqam

 

Valideynlər uşağın şəxsiyyətinin formalaşdığı 3-4 yaşdan etibarən onun davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrətməyə başlamalıdırlar. Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək.  Ona görə də valideynlər gərək bütün yaş dövründə, xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyəsinə xüsusi diqqət yetirsinlər. Bu dövrlərdə valideynlər  hansı nöqtələrə diqqət etməlidirlər.

1. Valideynlər uşağa yaxşı bir nümunə olmalıdırlar. Davamlı yalan danışan, küfr edən, uşaqlarının yanında insanların zəifliklərini və eyiblərini açıqlayan  valideynlərin uşaqlarının da bu davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən ata və analar öz əziz övladlarının yanında çıxış edərkən, danışarkən diqqətli olmalıdırlar. Əgər istəyiriksə cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib övlad təqdim edək, onda gərək gözəl sözlər danışaq.

2. Sevgiyə arxalanan bir tərbiyə metodu olmalıdır. Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun sizə qucaq açmasına səbəb olacaq. O da sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyiniz əmrləri sevərək yerinə yetirəcək. Yox əgər öz övladınıza əxlaqi dəyərləri qəzəb və kin ilə öyrətməyə və ya deməyə çalışsanız, onda övladınız nəinki sizə qulaq asacaq, bəlkə sizdən intiqam almağa da çalışacaq.

3. Əxlaqi dəyərlər “qadağa zənciri” kimi təqdim edilməməlidir. Çünki bu cür yanaşma tərzi uşağın əxlaqi dəyərlərə qarşı sərt reaksiya verməsinə səbəb olacaq. Valideynlər məqbul və məntiqli izahlarla əxlaqi dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin gündəlik həyatdakı əhəmiyyətini uşağa başa salmalıdırlar. Ümumiyyətlə, təlim və tərbiyə məsələlərində zor tətbiq etmək düzgün metod deyil. Bu cür tərbiyə tərzi uşağın formalaşmasındakı mənfi təsirini həyatın bütün sahələrində özünü əks etdirir.

4. Ana və ata birlikdə hərəkət etməlidirlər. Atanın səhv tərbiyə metoduna ana düzəliş verməlidir. Və həmçinin ananın yanlış tərbiyə tərzinə ata düzəliş verməldir. Birlikdə övladın tərbiyəsində çalışmalıdırlar. Ata və ana tərbiyədə fərqli mövqedən çıxış etməməlidirlər. Çünki bu, uşaqda çaşqınlıq yaradacaq.

5. Uşaqlar üçün yaxşı dostlar seçilməlidir. Pis dost və ya mühit uşağın əxlaqi inkişafının önündəki ən böyük maneələrdən biridir. Çünki ailənin uşağa qazandırmağa çalışdığı müsbət davranışlar pis yoldaşlarının təsiriylə aradan gedir. Bu bir bənnanın gün ərzində min bir zəhmətlə tikdiyi divarın eyni günün sonunda bəziləri tərəfindən yıxılmasına bənzəməkdədir. Ona görə də övladlarınızın kimlərlə dostluq etməsinə xüsusi diqqət yetirin.

6. Uşağı özbaşına buraxmayın. Uşaqların yanlış davranışlarını böyüdüb təlaşlanmaq səhv bir addım olsa da, səhvlərini ciddi qəbul etməmək də bir o qədər səhv addımdır. Uşağın etdiyi səhvlər düzəldilməzsə və xəbərdarlıq edilməzsə uşaq bunun normal bir davranış olduğunu düşünəcək və bu səhv addımları təkrarlamağa başlayacaq. Bu addımları nəinki evdə ailəsinə qarşı, hətta cəmiyyətdə dostlarına, böyüklərə qarşı da edəcək. Çünki  valideynlər vaxtında lazım olan xəbərdarlığı ona etməyiblər.

7. Uşağınızı kütləvi informasiya vasitələrinin, xüsusilə internetin zərərlərinə qarşı qorumalısınız. İndiki vaxtda bir xəstəlik halına gələn “internet” və “televiziya əsarəti” də uşaqları əxlaqi bir çöküşə sürüməkdədir. Xüsusilə teleseriallarda uşaqlara nümunə olaraq təqdim edilən şəxslərin səviyyəsiz hərəkətləri, açıq-saçıq geyimi uşaqların şəxsiyyət kimi inkişafına mənfi təsir göstərir. Bu cəhətdən övladınızın bu vasitələrdən istifadəsini həmişə nəzarət altında saxlayın.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov