Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Musiqi Kollecində dahi bəstəkar Arif Məlikovla görüş

 

Böyütmək üçün seçinAzərbaycan Milli Konservatoriyasi nəzdində Musiqi Kollecində mütəmadi olaraq respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirilir. Bu günlərdə növbəti görüş görkəmli bəstəkar, SSRİ xalq artisti,  Dövlət mükafatı laureatı, akademik Arif  Məlikovla olub. Musiqi Kollecinin müəllim və tələbələri ilə keçirilən tədbiri giriş sözü ilə kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq bildirib ki, Arif Məlikov 1949-cu ildə Asəf  Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfini bitirib. O vaxtdan etibarən görkəmli bəstəkarımız bu təhsil ocağı ilə sıx əlaqə saxlayır, tez-tez qonağımız olur, keçirdiyimiz tədbirlərdə həvəslə iştirak edir. Bu gün o yenə bizim qonağımızdır.

Sonra görkəmli bəstəkar Arif Məlikov çıxış edib. Tələbəlik illərini yada salan bəstəkar Musiqi Kolleci ilə bağlı xatirələrini bölüşüb. Arif Məlikov çıxışında habelə o illərdə kollecdə çalışmış, musiqi mədəniyyətimizdə özünəməxsus yer tutan görkəmli  şəxsiyyətlərdən söhbət açıb. Bildirib ki, kollecdə təhsil alarkən tar alətinin incəliklərini ustad sənətkarlarımız  Adil Gəraydan, muğamlarımızın sirlərini isə Əhməd Bakıxanovdan öyrənib. Arif  Məlikov tələbələrə son illərdə Azərbaycanın mədəniyyət və incəsənət sahəsində qazandığı uğurlardan, bu sahəyə göstərilən dövlət qayğısından, gənc ifaçılarımızın müxtəlif səviyyəli müsabiqələrdə  əldə etdikləri uğurlardan  danışıb. Daha sonra bəstəkar tədbirdə iştirak edən tələbələrə dəyərli məsləhətlər verib, oxuduqları adlı-sanlı təhsil müəssisəsinin ənənələrini davam etdirməyi tövsiyə edib.

Tədbirdə beynəlxalq pianoçular müsabiqəsinin laureatları  Ülviyyə Kazımova və Gülnarə Kərimova konsert proqramı ilə çıxış edib.  Konsertdə Arif Məlikovun yetirməsi, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Ceyhun Allahverdiyevin bir necə romansı Aytac Şixəlizadənin ifasında səslənib. Konsertdə  eyni zamanda klassik bəstəkarlardan, Raxmaninovun, Şumanın, Şostakoviçin əsərləri də yer alıb.

Tədbirin sonunda Arif Məlikov keçirilən görüşdən  və maraqlı konsert proqramından məmnun qaldığını, böyük zövq aldığını bildirib, Musiqi Kollecinin rəhbərliyinə və kollektivinə təhsildə və yaradıcılıqda müvəffəqiyyətlər arzulayıb, dəvət üçün təşəkkür edib.  

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov