Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq hər bir müəllimin arzusudur

 

Artıq bir neçə ildir ki, respublikanın  ümumtəhsil məktəbləri və eyni zamanda  müəllimlər  ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən keçirilən   “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı  müəllim” müsabiqələrində iştirak etmək  imkanı əldə ediblər. Bir ənənəyə çevrilən və  mütəmadi olaraq hər il keçirilən  həmin müsabiqələrdə müvəffəqiyyət qazanan  50 ümumtəhsil məktəbinin hər birinin 10000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn  100  müəllimin  hər birinin isə 5000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılması müəllim əməyinə,  Azərbaycan məktəbinin inkişafına olan dövlət qayğısının bariz nümunəsidir.

Bu il də  keçirilən müsabiqələr təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın bütün bölgələrindən olan müəllimlərinin iştirak etdiyi “Ən yaxşı  müəllim” müsabiqəsinin  gedişini biz də izləyərək, iştirakçı müəllimlərin təəssüratlarını öyrəndik.


Aynurə ORUCOVA,

Gəncə şəhəri 22 nömrəli tam orta məktəbin biologiya müəllimi 

“Ən yaxşı müəllim” müsabiqəsi, belə deyək də, yaxşıların yaxşısı olan  müəllimlərin seçilməsində, onların  ictimaiyyətə daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. İnsan əməyinin qiymətləndirildiyini görəndə öz işinə məsuliyyəti daha da artır. Müsabiqənin təşkili, qiymətləndirilməsi, obyektivliyi şəxsən məndə qalibiyyətə inamı daha da artırır.

Onu da yaxşı bilirik ki, respublikamızda təhsilin inkişafı biz müəllimlərin fəaliyyətindən, üzərimizə düşən vəzifələri necə yerinə  yetirməyimizdən asılıdır. Belə bir müsabiqənin keçirilməsini müəllim əməyinə verilən ən yüksək  qiymət hesab edirəm.


Sona NURİYEVA,

Zaqatala  şəhər akademik  Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi 

“Ən yaxşı müəllim” müsabiqəsi biz müəllimlərin ürəyincədir. Açığını deyim ki, bütün müəllimlər kimi mən də həmin müsabiqədə iştirak etmək arzusunda olmuşam. Ancaq daha yaxşı nailiyyətlərlə bu yarışmaya qoşulmaq istəyim yalnız bu il fikrimi reallaşdırmaq arzusunu daha da gücləndirdi və müsabiqədə  iştirak etmək qərarına gəldim. 25 ildir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Bu illərdə bir sıra nailiyyətlərim olub. 2008-ci ildə  Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. Müsabiqənin qalibi olaramsa  bu mənim müəllimlik fəaliyyətimin ən unudulmaz bir hadisəsi olacaq.


Tamella HƏMİDOVA,

Oğuz şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi 

35 il pedaqoji iş stajına malik müəllim kimi deyə bilərəm ki, işini dövrün tələblərinə uyğun qurmağı bacaran müəllim hər zaman cəmiyyət tərəfindən qəbul olunur, onun fəaliyyəti dövlət tərəfindən qiymətləndirilir. Mənim həyatım da belə xoş, əlamətdar hadisələrlə zəngindir. Dəfələrlə əməyimə müxtəlif səviyyələrdə qiymət verilmiş, fəaliyyətim yüksək dəyərləndirilmişdir. Ən böyük mükafatım isə 2013-cü ildə dövlət başçısı cənab İlham Əliyevin  müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına  layiq  görülməyimdir.  “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmaqla əldə  etdiyim  uğurlarla kifayətlənmədiyimi, əksinə, mənə olan etimadı hər zaman doğrultmağa hazır olduğumu göstərməkdir.


Gülnar HÜSEYNOVA,

Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi 

Mən işlədiyim müddət ərzində bir çox təlimlərdə iştirak etmişəm. 2012-ci ildən fənn kurikulumlarının tətbiqi üzrə təlimçi işləyirəm. 2015-ci ildən respublikanın müxtəlif  bölgələrində mentor kimi təlim keçirəm. Təhsildə tətbiq edilən yenilikləri hər zaman izləyir və dərslərimdə müasir təlim metodlarından istifadə edirəm. Daim axtarışda olan yaradıcı bir müəllim kimi dərslərimdə elektron tədris vəsaitlərindən istifadə edərək resurslar hazırlamışam. Özüm bloq səhifə yaratmışam. Umid edirəm ki, müsabiənin bu gün  keçirilən  3-cü mərhələsində Təşkilat  Komitəsinin qarşısında  etdiyim təqdimatda   özümün  potensial imkanlarımı, bilik və bacarığımı göstərə bildim. Belə bir nüfuzlu müsabiqənin qalibi olmaq ən böyük arzumdur.


Adilə AŞUROVA,

Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin informatika müəllimi 

Hər bir müəllimin qüruru  uğurlu nəticələri ilə təhsil aldığı məktəbə başucalığı gətirən şagirdləridir desəm, məncə yanılmaram. Mən  dərs dediyim şagirdlərimlə və vaxtilə şagirdlərim olmuş oğul və qızlarımla fəxr edirəm. Məktəb mənim ikinci evimdir. Müəllim kimi hər zaman öz üzərimdə çalışmışam. Bu müsabiqə biz bölgə təhsil işçilərinə də özlərini bir peşəkar, bacarıqlı müəllim olaraq göstərmək imkanı yaradır. Müsabiqənin artıq 3-cü mərhələsində iştirak edən bir şəxs kimi onu da deyim ki, qiymətləndirmənin tam obyektiv  keçdiyini görürəm. İnanıram ki, ölkənin ən layiqli müəllimləri  müsabiqənin qalibi olacaq.


Söylü XƏLİLOVA,

Qazax rayon Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin fransız dili müəllimi 

33 ildir ki, fənnimi sevə-sevə tədris edirəm. Bu müsabiqədə artıq ikinci dəfədir ki, iştirak edirəm. Birinci dəfə 2010-cu ildə müsabiqəyə qatıldım və qalib oldum. Həmin sevinc hisslərini yenidən yaşamaq istəyirəm. Məhz bu məqsədlə yenidən müsabiqədə iştirak etmək qərarına gəldim. Onu da deyim ki,  yola salmağa hazırlaşdığımız  2015-ci il mənim üçün uğurlu bir il kimi yadda qalacaq. Məhz bu il dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Ümid edirəm ki, “Ən yaxşı müəllim” müsabiqəsində növbəti dəfə öz müəllimlik fəaliyyətimi, peşəkarlığımı yüksək səviyyədə nümayiş etdirəcəyəm.


Heyrət VƏLİYEV,

Gədəbəy rayonu Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin coğrafiya müəllimi 

Pedaqoji fəaliyyətim zamanı öz üzərimdə daim işləyərək biliyimi təkmilləşdirməyə, təhsil sahəsində tətbiq edilən yenilikləri öyrənib tədris prosesində tətbiq etməyə çalışıram. Bu günün müəllimi müasir düşüncəyə, yaradıcı təfəkkürə malik olmalı, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacarmalıdır. Mən də öz fəaliyyətimdə  məhz bu məsələləri xüsusi diqqətdə saxlayıram. İlk dəfədir ki, “Ən yaxşı müəllim” müsabiqəsində iştirak edirəm. Belə bir nüfuzlu müsabiqədə iştirak etməyimi  müəllimlik fəaliyyətimdə  ən uğurlu hadisə kimi qiymətləndirirəm. Buraya  qatılmağımın  özü belə mənim üçün qürurvericidir. 600 müəllimin içərisindən seçilərək 3-cü mərhələyə gəlməyim məndə özümə qarşı bir güvən oyadıb.


Rübail ƏFƏNDİYEVA,

Qax rayonu 4 nömrəli  tam orta  məktəbin ibtidai sinif müəllimi 

Bu müsabiqə, mən deyərdim ki, cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəlməsində, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasında əhəmiyyətli rol oynayır. Bəzən bölgə müəllimlərinin peşəkarlığına, bacarıqlarına bir qədər tərəddüdlə yanaşan insanlar da olur. Əslində bu müsabiqə həmin  insanların nə qədər yanlış düşünmələrinə əyani  bir sübutdur. Bütün ölkəni əhatə edən “Ən yaxşı müəllim” müsabiqəsi bölgələrdəki müəllimlərlə paytaxt müəllimləri arasında təcrübə mübadiləsinə, qabaqcıl tədris üsullarının yayılmasına imkan yaratmaqla yanaşı, peşəkarlıq, bilik və bacarıq baxımından da bizim şəhər məktəblərinin müəllimlərindən heç də geri qalmadığımızı göstərməyə şərait yaradır.


Könül ƏLİYEVA,

Zaqatala  şəhər akademik  Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi 

Mən sənətimi çox sevirəm. Bu sevgi məni daim öyrənməyə  və öyrətməyə yaxşı mənada sövq edir.

“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmaq  ən böyük arzumdur.  Bu müsabiqə  biz müəllimlərə öz yaradıcılıq potensialımızı üzə çıxarmağa , pedaqoji ustalığımızı nümayiş etdirməyimizə əlverişli imkan yaradır. Paytaxt məktəblərinin müəllimləri ilə yanaşı, bölgələrdə çalışan müəllimlərin də nəyə qadir olduqlarını göstərmələri  üçün əla bir şansdır. Artıq müsabiqənin 3-cü mərhələsini keçmişəm. Son nəticə  yaxın günlərdə  bilinəcək. Özümə və həmkarlarıma bu müsabiqənin  qalibi olmağı arzu edirəm. 

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”
Fotolar: Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov