Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2015 - №45

 

Xarici mətbuatdan

 

Məktəblərə analitiklər lazımdır

Uşaqlarda XXI əsrin vərdişlərinin inkişaf etdirilməsi təcrübəsindən 

Yalnız son vaxtlarda qeyri-akademik bacarıqlar - tənqidi düşüncə,  komandada işləmək vərdişləri, müştərək  iş, kompüter savadlılığı barədə ciddi  surətdə danışmağa başlayıblar. Standartlaşdırılmış testlərin məktəblərə  axını  davam edərkən  bütün ölkələrdən olan   ekspertlər  rəqəmsal dünyada yaşam üçün zəruri olan məktəbli vərdişlərini  necə inkişaf etdirmək  haqqında düşünürlər. Avstraliyanın Melburn Universitetinin professoru, “ATS21S”  tədqiqat layihəsinin qurucusu və Təhsili Qiymətləndirmə  Tədqiqatları Mərkəzinin direktoru  Patrik Griffinin sözlərinə görə, məktəbli vərdişlərini  necə inkişaf etdirmək  məsələsi  bu gün çox ciddi  məsələ kimi aktualdır.  Onun bu məqaləsinin  müəllimlərimiz üçün də maraqlı ola biləcəyini düşünürük. 

Gələcəkdə  bizə lazım olacaq bacarıqlar  barədə çox danışırlar.  Tədqiqatçılar  bu vərdişlər nə olan şeydir, onlar  nə qədərdir və birmənalı olaraq necə adlandırılır  məsələsində, nəhayət, razılığa gələ biliblərmi?

Hər bir ölkədə vərdişlər dəsti fərqlənir, lakin onların  XXI əsrdə bizim üçün zəruri olacaq vərdişlərlə -  rəqəmsal mühitdə tənqidi düşünmə, ünsiyyət bacarıqları və komanda halında işləmək,  yaradıcı yanaşma,  bacarıq, davranışla  əlaqəsi var.  Sinqapur təhsil sistemi  məhz bunu tələb edir.  Oxşar tədqiqatlar  Avropa,  Böyük Britaniya, Avstraliya,  Cənubi Amerikanın ispandilli  ölkələrində aparılır.

Səbəblərdən biri  iqtisadiyyatdır.  Böyük şirkətlər  biliklər iqtisadiyyatına əsaslanan müasir dünyada  işləməyə  və  yaşamağa  hazır  olmayan  universitet məzunlarından narazıdırlar.

1995-ci ildə mən “Məktəb nailiyyətlərinin monitorinqi” (Monitoring School Achievements) adlı bir kitab yazdım. Bu kitabda  sənaye iqtisadiyyatından postsənaye iqtisadiyyatına keçidi təhlil etməklə məktəbin inkişafının gələcəyini proqnozlaşdırmağa çalışdım. Sənaye əsrində  hakimiyyət  əmək məhsullarına  nəzarət edirdi.  Karl Marks isə sənaye cəmiyyətində ən böyük dəyərlərin  əsl daşıyıcıları olan muzdlu fəhlələri  öz maraqlarını qorumağa, necə müdafiə  etməyi öyrənməyə  çağırırdı.  Müasir informasiya cəmiyyətində isə Marks kimi insanların yerində müəllimlər durur. Məsələn, bizim əlimizdədir ki, insanlar KİV -ə bütün məlumatlar üzərində nəzarət etməyə imkan verməsinlər və tənqidi təfəkkür vərdişlərinə malik olsunlar.     İnsanın  iş yerini necə dəyişdiyini izləmək olar,  əvvəlcə bu ferma, sonra fabrik,  daha sonra ofis,  sonda isə,  nəhayət, virtual  iş yeri. Təhsil sistemi  onlarla eyni zamanda dəyişməlidir. Əgər bu sistem əvvəlki kimi faktları əzbərləmə səviyyəsində qalsa, heç vaxt insanları  həyata  hazırlaya bilməz. Bizim dünyadakı vəziyyətimiz informasiyaya olan münasibətimizlə müəyyən edilir. Kimsə onu istehsal edir, kimsə yayır, kimsə, sadəcə, istifadə edir.

Hətta bacarıqların vacibliyini anlayan müəllimlərə  belə, çox sıx tədris proqramında işləmək üçün vaxt tapmaq çətindir.

Şagirdlər çox vaxt, xüsusən də texniki vərdişlər sahəsində  müəllimləri üstələyirlər, Nəticədə müəllimlər öz diqqətlərini  əsasən   təhsil uğurları  az olan uşaqlara yönəldirlər. Uğurlu uşaqlar isə  öz-özlərini təqdim edə bilirlər. Müəllim şagirdə  yalnız öz bildiklərini öyrədə bilər.  Elə ki səviyyələr bərabərləşir, tədris prosesi dayanır.  Yeganə görə biləcəyimiz iş uşaqlara müstəqil və motivasiya olunmalarında köməklik göstərməkdir. Müəllim uşaqlara qeyri- müəyyənlikləri  öyrədən, hər şeyə yaradıcı yanaşan, informasiyanı tənqidi təhlil edən,  digər insanlarla  işləməyi və əməkdaşlıq etməyi bacaran, ünsiyyətcil,  səbirlə işləməyi bacaran   bir  insan  olmalıdır.  Gələcək işəgötürənlər məhz bu cür insanları tələb edirlər.

Siz XXI əsrin zəruri vərdişlərini sadalaya bilərsinizmi? Onlar dəyişir və  ya dəyişməz olaraq  qalır?

Əlbəttə, onlar daim dəyişir. 2009-cu ildə  biz uşaqlara gələcəkdə lazım olacağı  nəzərə  alınaraq bu  vərdişləri  belə  ümumiləşdirdik:  komandada işləmək bacarığı,  texnologiyalardan baş çıxarmaq,  həmkarları ilə konstruktiv əməkdaşlıq etmək.  Söhbət  rəqəmsal texnologiyaların tam sirayət etdiyi  sosial mühitdə yaşamaq,  başqa mədəniyyətlərə hörmət etmək bacarığından gedir, çünki   rəqəmsal dövrdə sərhədlər yox olur.  2015-ci  ildə  isə  Dünya Təhsil  Forumu  üç zəruri biliklər qrupunu  vurğulamaqla  təxminən eyni nəticələrə gəldi. Beləliklə,   XXI  əsrin bacarıqlarını belə qruplaşdırmaq olar:   savadlılıq -  dillər üzrə  baza bilikləri,  hesablama,  maliyyə, elm və mədəniyyət;   səriştələr - tənqidi düşüncə, problemi həlletmə, yaradıcı düşüncə, əməkdaşlıq;  şəxsi keyfiyyətlər - maraq, təşəbbüskarlıq, əzmkarlıq, liderlik.

Gərəkli vərdişlər məktəblərdə tezliklə tədris olunacaqmı?

Biz  vərdişlərin qiymətləndirilməsi sisteminin və  birgə tapşırıqların  şagird nailiyyətlərinin  beynəlxalq qiymətləndirməsində (PISA)  nəzərə alınmasını təklif etdik, lakin onların çox sərt 5 illik planlaşdırma dövrü  var. Biz gözləməli olduq və  bu, bizə müxtəlif oyunlar düşünərək uşaqların öz aralarında bir-biri ilə necə işləmələrinə dair  çox böyük həcmdə məlumatlar toplamağa imkan verdi. Və başa düşdük ki, təhsili  adamlar  arasında birbaşa ünsiyyət yaradılması ilə  məhdudlaşdırmaq lazım deyil,  buna görə də biz qarşılıqlı fəaliyyətin digər növlərini  ölçmək üsullarını  axtarırıq. Ola bilsin ki, kollektiv iş tələb edən məsələlərin tədrisə daxil edilməsi reytinqdə qüvvələrin mövqeyinə təsir etsin. Hələlik isə bu vərdişlər üzrə tədrisin şagirdlərin  məktəb   proqramına daxil  edilməsi  azı 10-15 il vaxt çəkəcək.

İndi nə etmək olar?

Təhsil sistemi  hədsiz dərəcədə ətalətlidir.  Apple şirkətinin rəhbəri Stiv Cobs kimi insanlar  universitetlərdən  gedirdilər, çünki onlar hiss edirdilər ki, onları  nə isə əvvələ,  geriyə, keçmişə çəkir. Yaxın Şərqə baxın:  universitet məzunlarının  təxminən 60 faizi  işləmir və onların çoxu heç vaxt  iş tapa bilməyəcək.  Avstraliya  iqtisadiyyatı  resursların  Çinə satılması üzərində qurulub, lakin XXI əsrin çağırışlarına cavab vermək üçün  onu  dəyişdirmək lazımdır. Korrupsiya  məhz  ona görə çiçəklənir ki,  insanların bir çoxu   manipulyasiyalara  müqavimət göstərməyi və tənqidi düşünməyi bilmirlər. Təhsil sistemini dəyişmək üçün  kadrları tam dəyişmək  lazımdır:  məktəblərdə nənələr  deyil,  dəyişiklikləri izləməyi, məlumatları təhlil etməyi bacaran  insanlar işləməlidir.  Biz  indi bunu öyrənməyə başlayırıq. Rusiyada əlavə təhsil sistemi  çox inkişaf edib.  Hazırda valideynlərə müxtəlif  təkliflər gəlir,  uşaqlarda XXI əsrin vərdişlərinin  inkişaf etdirilməsi vəd olunur. Lakin əgər mütəxəssislər  bu vərdişlərlə uşaqları necə öyrətmək və bu cür təlimin keyfiyyətini necə qiymətləndirməyi tam müəyyən edə bilməyiblərsə,  valideynlər bu cür  təklifləri necə süzgəcdən keçirsinlər? Bu barədə “Economist “ jurnalı öz tədqiqatında  yaxşı yazmışdır:  təhsil sistemləri şagirdlərə zəruri bacarıqları  vermir  və  onlar özləri  oxumalı olurlar.  Bu gün məktəbə gedən uşaqlar 2032-ci ildə məzun olacaqlar.  Qoy valideynlər özləri təsəvvür etsinlər - onların uşaqlarının gələcəyi və peşələri, hətta ənənəvi hüquqşünas və ya həkim kimi,    necə olacaq? Kiçik detal: Bu gün ABŞ-da məhkəmə çəkişmələrinin 18 faizi vəkillər cəlb olunmadan aparılır. İnsanlar özləri öz hüquqlarını qoruyurlar. Onlar  bütün zəruri informasiyanı internetdə  axtarır və hüquq  firmalarına yalnız məsləhət almaq üçün  gəlirlər.   Tibb sahəsində də belədir - insanların çoxu getdikcə  özünüdiaqnostika ilə məşğuldur  və  həkimə isə yalnız öz diaqnozlarının  təsdiqi  üçün gedirlər.  Peşələr  sürətlə dəyişir və bugünkü peşəkarlar  informasiya daşıyıcısı rolunda, az-az hallarda,  çox vaxt isə məsləhətçi rolunda çıxış edirlər.   Bununla  məhz müəllimlər məşğul olmalıdır. Əgər   təhsil sistemini dəyişməsək, onda  bizi gələcəkdə böyük problemlər gözləyir: universitetləri  bitirən uşaqlarımız  iş tapa, özlərini, bizi də saxlaya bilməyəcəklər. Bu cür  təhsilin keyfiyyətinin qiymətləndirilməsinə gəldikdə, biz valideynlərə daha çox  müəllimin onlara nə dediklərinə diqqət yetirməyi məsləhət görürük. Əgər o,  sadəcə, qiymət deyirsə,  bu pisdir,  yox əgər o, tədris prosesini təsvir edə, onun məqsədlərini   və  növbəti rübdə  daha nəyə  nail olmaq istədiklərini deyə   bilirsə, bu, çox yaxşıdır.  Amma təəssüf ki, belə yanaşmanı  məktəblərdə tətbiq etmək çox çətindir.

Biz valideynlərin diqqətinə çatdırmalıyıq ki, onların  uşaqlarını  məhz  bu yolla öyrətmək lazımdır.  Mən başa düşürəm ki, bu, yaxşı səslənmir, amma siz uşaqlara əzbərçiliklə əziyyət verən ölkələrə baxın. Bu ölkələrdə  patentlərin az qeydə alınmasına  baxın. Bu insanlar demək olar ki, heç nə icad etmirlər, çünki onların marağını, oxumaq arzularını əllərindən alıblar.  Əgər biz testlər və  qiymətlər vasitəsi ilə uşaqların  bilik və bacarıqlarının qiymətləndirilməsi  praktikasını dayandırsaq,  onların  verilən tapşırıqları birgə səylərlə həll etməsi bacarıqlarına baxmağa başlasaq,  biz tamam başqa problemi görəcəyik.


“Facebook”un yeni servisi proqramçı olmağa kömək edir

 

Facebook hər bir fərd üçün proqramlaşdırma təlimi planı  tərtib  edəcək  təhsil servisini  istifadəyə verib.  “Techprep”  adlı   tövsiyə servisi  proqramlaşdırma üzrə  tədris planını əldə etməyə imkan verəcək.    Layihənin bazasına ingilis və ispan dillərində minlərlə  onlayn-kurslar,  saytlar,  birliklər, kitab və seminarlar  daxil edilib.  Sual olunur - niyə?  Çünki 2020-ci ildə informasiya texnologiyaları sahəsində  bir milyona yaxın yüksək maaşlı iş yerləri olacaq. Saytda işləmək maksimum dərəcədə sadədir. Əvvəlcə profil seçmək lazımdır: sən kimsən- müəllim, valideyn və ya müstəqil tələbə. Proqramlaşdırma təcrübənizdən, yaş və maraqlarınızdan asılı olaraq servis uyğun resurslar (məsələn, onlayn-kurslar, əlavələr, oyunlar və hətta tövsiyə olunan ədəbiyyat siyahısı) seçir.

 


Kompüter oyunları məktəblilərin dərslərinə təsir göstərir 

Yeni araşdırmaya görə,  kompüter oyunları uşaqların məktəbdəki fəaliyyətinə təsir göstərə bilər. Şimali İrlandiya alimləri tərəfindən aparılmış araşdırmanın nəticələri göstərir ki, kompüterdən həddən artıq istifadə etmək tələbələrin imtahanda yaxşı qiymət almasına təsir göstərir. Kompüter bacarığı indiki dövrdə ən çox tələbat olan qabiliyyətdir və kompüter oyunları oynamaq bacarıqları daha da gücləndirir. Britaniyada 600 şagird arasında aparılan araşdırmaya əsasən həftədə bir dəfə oyun oynayan iki və daha çox oyun oynayandan yaxşı qiymət alır. Araşdırma həmçinin göstərir ki, hər gün sosial mediadan istifadə etmək şagirdlərin qiymətlərinə təsir etmir. Tədqiqat gedişində məlum olub ki, valideynlər daim uşaqlarının kompüter oyunlarından ayrılmamasından şikayətlənir. Kompüter oyunları uşaqların axşamlar gec saatlara qədər oyaq qalmasına,  onların yorulmasına, səhər  tezdən məktəbə gedəcəklərinə dair az düşünmələrinə səbəb olur.  Yeni araşdırma maarifləndirici kompüter oyunlarının şagirdlərə necə təsir göstərdiyini tam anlamaq üçün əlavə tədqiqatlara  ehtiyac  olduğunu üzə çıxarıb.


Pensilvaniya Universiteti elektron dərsliklər yaratmağı təklif edib

 

ABŞ-ın Pensilvaniya Universiteti  öz  müəllim və tələbələrinə açıq resurslar əsasında sərbəst surətdə  elektron dərsliklər yaratmağı   təklif edib.  “BBOOKX” aləti əsas  sözlər bazasında dərsliklər yaratmağa imkan verir:  alqoritm uyğun materialları seçməyə  kömək edir, müəllif isə onlardan ən yaxşıları seçir və  onları öz istəyi ilə redaktə edəcək. Mətnlərin başlıqlarını ardıcıllıqla hazırlamaq və bəzi fraqmentləri dəyişərək başqasını  yaratmaq olar.  Ehtimal olunur ki, servis nəinki tədris materiallarına qənaət etməyə kömək edəcək, həm də tələbələrin  təlim prosesində daha fəal rol  oynaması təmin olunacaq. Gələcəkdə onlar özləri  üçün də fərdi dərsliklər yarada biləcəklər. Servis universitetin müəllimləri, doktorantları və  tədqiqatçıları tərəfindən hazırlanıb.  İndi texnologiya bir sıra kurslarda test kimi tətbiq olunur,  uğurlu nəticələr  əldə olunduğu təqdirdə bütün ali məktəbə yayılacaq. Hələlik əsas material mənbəyi kimi “Vikipediya”dan istifadə olunur,  lakin final mərhələdə digər resurslar  da əlavə olunacaq.  İxtiraçılar ümid edirlər ki, proqramı məktəblərdə də tətbiq etmək mümkün olacaq.


İdeal universitet saytı necə yaradılmalıdır? 

Təhsil sahəsində  İKT-nin geniş tətbiqi  ilə məşğul olan mütəxəssislər qeyd  edirlər ki,  universitet  brendi  kifayət dərəcədə sosial şəbəkələrdə formalaşır. İdeal universitet saytı  mobil qurğularla səmərəli qarşılıqlı  əməkdaşlıq etməli və mobil qurğularda açılmalıdır.  Təcrübələrin göstərdiyi kimi,  müxtəlif  video və interaktiv materiallar, şəkillər diqqət çox  cəlb edən  resurslardır. Kontent diqqətlə seçilməlidir: əksər universitetlər  çox  nəhəng sayda səhifələr yaradırlar.  Mütəxəssislər isə   sayt rəhbərlərinə,   xüsusilə də əsas səhifənin materiallarının  seçiminə çox diqqətlə  yanaşmağı (fakültələrə  hər istədiklərini yazmağa icazə verməməyi) tövsiyə edirlər. 

Dizayn və universitetin missiyası əlaqələndirilməlidir; saytın  ilk səhifəsində  akademik proseslərlə  birbaşa  bağlı olmayan  daha səmərəli materiallar  yerləşdirmək lazımdır. Maraqlı formatlar universitetin missiyasının  (məsələn, güclü birliyin yaradılması) illüstrasiyası üçün yaxşı vasitə ola bilər.

Bütün universitet kollektivi bu prosesdə iştirak etməlidir; saytın yaradılması və istifadəyə verilməsində ən yaxşı dayaq  universitetin  tələbə və müəllimlərinin  dəstəyidir.  Onların hər birinə  saytın quruluşu və hədəflərinin izah olunduğu məktub göndərmək də olar.


Müəllimlər təhsil texnologiyalarından nə gözləyirlər? 

Bill və Melinda Geyts  Fondu  növbəti tədqiqatını açıqlayıb  

Bill və Melinda Geyts  Fondu  (Bill & Melinda Gates Foundation) özlərinin “Teachers Know Best” (“Müəllimlər Hamıdan Yaxşı Bilirlər”)  tədqiqatlarının sayca ikinci versiyasını təqdim edib. Tədqiqatlar 5 istiqamətdə aparılıb: bugünkü siniflər nəyə bənzəyir; müəllimlərin rəqəmsal texnologiyalardan istifadə etməsi;  standartların məzmunu ilə bağlı məsələlərin öhdəsindən gəlmələri  üçün resursların əlyetərliyi və kifayət qədər  olmasına müəllimlərin əminliyinin artması; müəllimlərdə rəqəmsal alətlərdən istifadənin səmərəliliyinə dair  təsəvvürlərin inkişaf etdirilməsi;  məktəb mühiti və pedaqoji seçim.

Yeni versiyada belə bir sual qoyulub:müəllimlər əslində təhsil texnologiyalarından nə istəyirlər? Layihə müəlliflərinin bu layihəsi   təhsil texnologiyalarının istehsalçıları və istehlakçıları - yəni texnologiyaların yaradıcıları, müəllimlər və şagirdlər  arasında fərqi azaltmaq məqsədi daşıyır. Məktəbdə əslində hansı servis və texnologiyalara gərək olduğunu öyrənmək üçün fondun əməkdaşları son 2 il ərzində  3100 müəllim və şagird arasında sorğu aparıblar. Tədqiqatların  ilk versiyası 2015-ci ilin iyun ayında  dərc edilib, ikincisi isə bir neçə gün əvvəl açıqlanıb.

Tədqiqatların nəticələrini öyrənməyə uzun vaxt tələb olunur.  Lakin tədqiqatdan hasil olan əsas  nəticə  budur: müəllimlərin təxminən 56  faizi hesab edir ki, texnologiya onlara dərsi daha yaxşı tədris etməyə  kömək edir.  Müəllimlər tədris gedişində istifadə etmək istədikləri alətlər arasında  3 tip texnologiyanı ayırd ediblər:  uşaqların  keçilən mövzunu öyrənib-öyrənmədiyini başa düşməyə kömək edən servislər;  adaptiv platformalar;  mövcud olan alətlərin inteqrasiyasını asanlaşdıran  qərarlar. 

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
xarici mətbuat
materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov