Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Dekabr 2015 - №46

 

“Bu müsabiqənin təşkilatçılarına minnətdarlığımı bildirirəm”

 

Son illər informatika müəllimləri arasında təşkil olunan “Ən yaxşı videotədris resursu” müsabiqəsi nəinki paytaxt, eləcə də bölgə müəllimlərinin bu sahədə yaradıcılığını, bilik və bacarığını təkmilləşdirməyə imkan verir. Məlumat üçün bildirək ki, informatika dərsliklərinin müəllifləri olan Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayeva Azərbaycan dilində videotədris resurslarının az olduğunu nəzərə alaraq bu problemin həlli üçün müəllimlərə kömək məqsədilə “Ən yaxşı videotədris resursu” müsabiqəsinin keçirilməsi ideyasını irəli sürüblər. 2012-ci ildən reallaşdırılan müsabiqədə paytaxtın ümumtəhsil müəssisələrinin müəllimləri ilə yanaşı, respublikanın müxtəlif regionlarında çalışan müəllimlər də  iştirak edirlər.

Naxçıvan  Muxtar Respublikası Şərur rayonu Nəzmi Cəfərov adına Tənənəm kənd tam orta məktəbinin riyaziyyat-informatika müəllimi Ramil Cəfərov da həmin müsabiqənin iştirakçılarından və  müvafiq yerlərə layiq görülənlərdəndir. Bizimlə həmsöhbət olan Ramil müəllim müsabiqənin informatika müəllimləri tərəfindən böyük maraqla qarşılandığını deyərək bununla bağlı fikirlərini bölüşdü:

- Uzun illər informatika fənninin tədrisi ilə məşğul olan bir müəllim kimi deyə bilərəm ki, bu fənnin şagirdlər  tərəfindən mükəmməl mənimsənilməsi, onlarda  bu sahəyə marağın  yaradılması  bizlərdən asılıdır. Yaxşı informatika müəllimi olmaq üçün daim öz üzərimizdə işləməliyik. İnformatika digər fənlərdən fərqli olaraq daha sürətlə inkişaf edir. Proqramlaşdırma dilləri sürətlə təkmilləşir, təzələnir və təbii ki, çox qısa  bir müddətdən sonra köhnəlir. İnformatika müəllimi daim yeniliklərdən xəbərdar olmalı, yeni məlumatlar əldə etməlidir. Mən də dərslərimi müasir tələblərə uyğun qurmağa çalışıram. Onu da deyim ki, ilk vaxtlar keçəcəyim mövzularla bağlı dərs nümunələri axtardığım zaman məlum oldu ki, İnternet şəbəkəsində Azərbaycan dilində kifayət qədər müasir  dərs nümunələri yoxdur. Belə qərara gəldim ki, dərs nümunələrinin yaradılmasında, həmçinin yayılmasında biz müəllimlər  daha fəal olmalıyıq. Dərslərimi təqdimatlar,videodərslər üzərində qurmağa başladım. Bir çox mövzuların videodərslərini və yaxud da onları təqdimatlar formasında hazırladım. Belə ki, təqdimatların hazırlanmasında istifadə olunan bir sıra tətbiqi proqramların olmasına baxmayaraq digər fənn müəllimlərinin onlar üzərində işləməkdə çətinlik çəkdiklərini görürdüm. Bu səbəbdən də özümə borc bildim ki, təqdimatların hazırlanması üçün istifadə edilən proqramlardan birinin yararlanma qaydasını  geniş şəkildə videodərs formasında hazırlayım. Müasir dövrdə istifadə olunan belə  tətbiqi proqramlardan biri də “Mimio Studio”-dur ki, onun da videodərsini izahlı şəkildə hazırladım. “Mimio Studio proqramı ilə işləmə qaydası”adı ilə “You Tube.com” video portalında  yerləşdirdim. Hazırda minlərlə istifadəçi ondan yararlanır. 

Qeyd etdiyim kimi, informatika ilə bağlı yenilikləri, həyata keçirilən tədbirləri izləyən bir insan olduğumdan Bakıda “Ən yaxşı videotədris resursu” müsabiqəsinin keçirildiyini bilirdim və qərara gəldim ki, həmin yarışa mən də qatılım. Müsabiqənin şərtlərinə görə, informatika fənni üzrə dərsliklərdə olan mövzulardan biri seçilərək  Azərbaycan dilində izahlı dərs formasında hazırlanmalı idi. İlk dəfə bu müsabiqəyə  2013-cü ildə qatıldım. Həmin vaxt təqdim etdiyim videodərs “Fraktal qrafika” mövzusunda idi. Müsabiqənin münsiflər heyətinin qərarına əsasən II yerə layiq görüldüm. 2014-cü ildə müsabiqə üçün hazırladığım videodərs “Paint qrafik redaktorunda fraqmentlər üzərində iş”  adlı videodərs III, 2015-ci ildə isə “Python dilində şərt və dövr” mövzusunda olan videodərsim yenidən III yeri tutdu. Belə bir müsabiqənin keçirilməsini bir müəllim kimi yüksək qiymətləndirir, onun təşkilatçılarına minnətdarlığımı bildirirəm.  

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov