Mayın 23-də paytaxtın Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Əzimova təhsil ocağında AXC ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, məktəbdə AXC-nin fəaliyyətini əks etdirən guşə yaradılıb, divar qəzetləri, bukletlər hazırlanıb. Direktor bu mövzuda “açıq dərs”lər, debatlar, diskussiyalar, “ən yaxşı təqdimat”lar, bilik, idman və hərbi yarışların keçirildiyini diqqətə çatdırıb. S.Əzimova yubileyə həsr olunan bədii və sənədli filmlərin məktəbdə nümayiş olunduğunu, şagirdlərin İstiqlal və Tarix muzeylərinə ekskursiyalar etdiyini də vurğulayıb. Qeyd edilib ki, AXC-nin 100 illik yubileyi ilə bağlı keçirilən məktəblərarası bilik yarışında tədris ocağının şagirdləri fərqlənib.

 

Tədbirdə məktəbin tarix müəllimi Rita Novruzova çıxış edərək AXC-nin  yaranması, dövlət quruculuğu, xarici və daxili siyasəti haqqında iştirakçılara ətraflı məlumat verib.

 

Sonra Səbail Rayon Badamdar bələdiyyəsinin AXC-nin 100 illik yubileyi ilə bağlı qəsəbədəki məktəblər arasında keçirdiyi inşa yazı müsabiqəsinin qalibləri açıqlanıb.  Məktəbin şagirdləri- Aynur Cəfərova və Nigar Mirzalıyeva inşa yazı müsabiqəsində qalib olduqları üçün bələdiyyə sədri tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Niyazi RƏHİMOV