Mayın 23-də YAP-ın Yasamal Rayon Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə  həsr olunmuş tədbir  keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, ADPU-nun nəzdində Azərbaycan Dövlət  Pedaqoji Kollecinin tələbələri, ali məktəb müəllimləri, tanınmış  ziyalılar  və başqa qonaqlar iştirak ediblər.

 

Tədbirdə YAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov öncə qonaqları salamlayıb  və Azərbaycan Xalq Cümhuriyyətinin   (AXC) yaranmasının  tarixindən və  fəaliyyətindən  danışıb. Bildirib ki, 1918-ci il mayın 28-də AXC-nin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix ölkəmizdə Respublika Günü kimi  hər il təntənə ilə qeyd edilir.

 

Tədbirdə   çıxış edənlər vurğulayıblar ki,  tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Cümhuriyyət 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə xalqımız və dövlətçiliyimiz üçün çox işlər həyata keçirildi.

 

Sonra bir qrup YAP üzvü Azərbaycan Xalq Cümhuriyyətinin  100  illiyi münasibətilə   fəxri  fərmanla  təltif olunub.  Onların  arasında ADPU-nun  nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov da   vardır.

 

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Xor” və “Rəqs” ansambllarının   maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Kollecin tələbələri  qarşıdan  gələn  bayram münasibətilə  hazırladıqları ədəbi- bədii kompozisiyanı nümayiş etdiriblər. Tələbələr  şeir  söyləyib, mahnı oxuyub və rəqs ediblər. 

 

Şakir CƏFƏROV