Paytaxtın Sabunçu rayonunda yerləşən 148 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Haqverdiyev fəaliyyət göstərdiyi təhsil ocağında yeddinci siniflər arasında “Türk dövlətləri tarixi” mövzusunda bilik yarışması keçirib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Rəşad Haqverdiyev yarışın keçirilməsində əsas məqsədin şagirdlərə erkən yaşlarda türk xalqları birliyini təbliğ etmək, onlara dövlət siyasətinin mahiyyətini aşılamaqdan ibarət olduğunu deyib.
 
O bildirib ki, VII sinif şagirdlərindən ibarət dörd komandanın iştirakı ilə təşkil olunan bilik yarışması 5 mərhələdən ibarətdir. 
 
Şagirdlərə açıq tipli suallar təqdim ediləcəyini  deyən tarix müəllimi sonda qalib komandanın mükafatlandırılacağını da sözlərinə əlavə edib.
 
Qeyd edək ki, gərgin və həyacanlı keçən yarışmada məktəbin “Göytürk” komandası birinci olub. 
 
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Esmira Babayeva belə yarışların şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi rolu olduğunu deyib. Bu yarışda iştirak edən bütün şagirdlərin qalib olduğunu sözlərinə əlavə edən məktəb rəhbəri qalibləri mükafatlandırıb.
 
Qeyd edək ki, Rəşad Haqverdiyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
 
Niyazi RƏHİMOV