Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) SABAH qrupları və Sağlam təhsil-sağlam millət” layihəsinin əməkdaşlığı çərçivəsində hesabat görüşü keçirilib.

 

ADPU-nin SABAH qruplarında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan III və IV kurs tələbələrinin “Sağlam təhsil” siniflərində keçdiyi pedaqoji təcrübənin yekunlarına həsr olunan görüşdə bu ali məktəbin rektoru Cəfər Cəfərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin sədri Şamil Süleymanlı, prorektorlar, metodist və psixoloqlar, müəllim və tələbələr iştirak edib.

 

Görüşdə təcrübə keçmiş tələbələr, habelə “Sağlam təhsil” siniflərinin müəllimləri sertifikat və təşəkkürnamələrlə təltif olunublar.

 

Cari ilin fevralında 16 məktəbin “Sağlam təhsil” siniflərində keçirilmiş təcrübədə 41 SABAH tələbəsi iştirak edib. Tələbələrə təcrübə müddətində “Sağlam təhsil” siniflərinin müəllimləri, həmçinin metodist, pedaqoq və psixoloqları davamlı dəstək göstərib. Tələbələrin təcrübə dövrünə hazırlığı məqsədi ilə onlara sağlam təhsil texnologiyaları, sinif gigiyenası və digər mövzularda 10 saatlıq təlimlər keçirilib. Eyni zamanda tələbələr təcrübə dövründə öncədən müəyyən olunmuş mövzular üzrə tədqiqat işləri üzərində çalışıblar. Seçilmiş ən yaxşı 3 tədqiqat işi hesabat görüşündə nümayiş olunub.

 

SABAH tələbələrinin “Sağlam təhsil” siniflərində təcrübə proqramı artıq üçüncü dəfədir ki, təşkil olunur.