Məlum olduğu kimi, bu il Azərbaycanda təhsildə keyfiyyət ili elan edilib. Bu mənada xeyli iş görüldüyünü inkar etmək olmaz. Prosesin çox ciddi bir məqamı var. Təhsilin yüksək səviyyədə təşkili üçün təkcə məsələnin texniki həlli, yəni inzibati binaların təmiri, konfranslara, beynəlxalq tədbirlərə ev sahibliyi etmək, qanunvericilik bazasını yeniləmək, o cümlədən xarici ölkələrin təcrübəsini öyrənmək, treninqlər, seminarlar keçirmək yetərli deyil. Bunun üçün vacib, bəlkə də ən vacib məqam yüksək peşəkarlıq səviyyəsi olan pedaqoqlar yetişdirməkdir. Əslində, bu məsələdə vəziyyət ictimai rəyə təqdim olunan qədər acınacaqlı da deyil. Amma qənaətbəxş də sayılmır. Bu məqamda vacib olan başqa bir nüans da var. Müəllim hazırlamaq işində ölkədə durum nədir?! Yəni obrazlı desək, müəllim “istehsal” edən tədris ocaqlarında lazımi texniki və peşəkar heyət yığa bilmişikmi? Ya da bunu dünya standartları ilə etmək istəyiriksə, bizə nə lazımdır? 

 

Bütün bu suallar ətrafında bir neçə gün öncə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsil strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda keçirilən müzakirələrdə geniş danışıldı. Ali təhsil müəssisəsinin rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi dinləmədə maraqlı nüanslar üzə çıxdı. Məsələn, anlaşıldı ki, hazırda ölkədə ən böyük pedaqoji təhsli müəssisəsi olan ADPU-nun müəllim heyətinin dünyəvi məlumatlara çıxış bazası zəifdir. Daha dəqiqi, bunu etmək üçün həm maliyyə, həm də kadroloji dəstəyə ehtiyac yaranıb. Məlum olduğu kimi, bu gün adıçəkilən təhsil müəssisəsinin xeyli yaşlı müəllim heyəti var. Təbii ki, perspektivə hesablanan keyfiyyət planlarından biri də məhz bu istiqamətdə iş aparmaq olmalıdır. Yəni indiyə qədər çalışan mütəxəssisin təcrübəsindən istifadə etmək, yeni nəsil pedaqoq hazırlayacaq mütəxəssisləri yetişdirmək. Böyük həmişə böyüklüyündə, zirvəsində, təbii ki, qalır. Ancaq zaman və inkişaf sürəti bəzən insanları vermək istəmədikləri qərarları belə qəbul etməyə məcbur edir. Bu gün Azərbaycanın gələcəyi bütün sahələrdə olduğu kimi, ali təhsil sahəsində də məhz bu islahatlardan və qərarlardan keçir. Bundan başqa, bizim hazırkı səviyyə üçün mütəxəssislərimizin müasir İT texnologiyaları ilə tanış olması zərurəti də artıq böyükdür. Bu məsələdə yaş kateqoriyası təbii ki, önəm daşımır. Məsələn, bu gün dünya böyük elektron kitabxanalardan və praktika üçün laboratoriyalardan istifadə edir. Azərbaycanda, xüsusilə də ADPU-da bu sahədə müəyyən axsamalar var. Universitet rəhbərliyi mediaya açıqlamasında yaxın perspektivdə bu müəssisədə yeni bazanın, daha dəqiqi, keyfiyyətli mütəxəssis yetişdirmək üçün bünövrənin möhkəm qurulması istiqamətində dəstək üçün dövlətə müraciət edəcəyini də istisna etmir. Əminik ki, Azərbaycanda ali təhsilin inkişafı yolunda atılan bu addım mütləq böyük dəstəyini alacaq. Və ölkədə  pedaqoq hazırlanması üçün pedaqoq, yəni “müəllimin müəllimi” işinin tam sona yetməsi prosesini bizlər də izləyəcəyik. O üzdən bu prosesin reallaşması üçün, necə deyərlər, qolunu çırmalayıb önə atılan hər kəsə uğurlar diləyək və gələcəyimiz adından minnətdarlıq edək. 

 

Jalə MÜTƏLLİMOVA

 

Bölmənin digər xəbərləri