Andreas Şleyxer: “Hesabatdan alınacaq dərslər var”


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) 2022-ci il tədqiqatının nəticələrini açıqlayıb. 

 

Tədqiqatda 81 ölkədən 690 min 15 yaşlı təhsilalanın riyaziyyat, oxu və təbiət elmləri sahəsində savadlılıq səviyyəsi qiymətləndirilib. Hər 3 ildən bir yayımlanan PISA tədqiqatı (bu dəfə koronavirus pandemiyasından sonra bir il təxirə salınıb) hökumətlərin diqqətlə izlədiyi qlobal etalona çevrilib. 2000-ci ildən tətbiq olunan  PISA təhsil sistemlərinin səmərəliliyini qiymətləndirir. Hər dəfə bu 3 sahədən biri daha ətraflı nəzərdən keçirilir. Bu dəfə təhsil sistemlərinin riyaziyyat sahəsində səmərəliliyinə daha ətraflı baxılıb. İştirakçılar bir saat riyaziyyatla bağlı sualları cavablandırıb, digər bir saat isə oxu, elm və ya yaradıcı təfəkkürün qiymətləndirilməsinə sərf olunub. Məktəb və şəxsi həyatla bağlı yekun sorğu da tədqiqatın bir hissəsi olub. OECD ölkələrindəki şagirdlərin  orta hesabla 69% -i ən azı əsas riyaziyyat biliklərinə sahibdir.

 

Bu, o deməkdir ki, onlar sadə həyati vəziyyətlərdə riyaziyyatdan istifadə etmək bacarığını və təşəbbüsünü nümayiş etdirməyə başlayırlar.

 

Azərbaycanı PISA-2022 tədqiqatında Bakı məktəbləri təmsil edib. Ölkəmiz sıralamada 81 ölkə arasında 56-cı yeri tutub. Beləliklə də Azərbaycan Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyadan daha yuxarı nəticə göstərib.

 

Orta müvəffəqiyyət səviyyəsi xeyli azalıb

 

OECD-nin məlumatına görə, dünyada şagirdlərin orta müvəffəqiyyət səviyyəsi xeyli azalıb. Bu azalma xüsusilə bir neçə ölkədə, o cümlədən Almaniyada nəzərə çarpır. Məsələn, Polşa, Norveç, İslandiya və Almaniyada 2018-ci ildən 2022-ci ilə qədər riyaziyyat üzrə nəticələrin 25 və daha çox bal azalması qeydə alınıb. “Riyaziyyat və oxuma ballarının kəskin azalması bir çox ölkələrə eyni vaxtda təsir edən mənfi şoku göstərir”, - tədqiqatda qeyd olunur.

 

Riyaziyyat üzrə ABŞ-ın da göstəriciləri aşağı düşüb. ABŞ Konqresinin məktəblərə pandemiyadan xilas olmaq üçün 190 milyard dollar sərmayə qoymasına baxmayaraq, təhsil katibi Miguel Cardona ölkənin riyaziyyat ballarının kəskinliklə aşağıda qaldığını söyləyib: “Biz rahat ola bilmərik, riyaziyyat qlobal rəqabət qabiliyyətimiz və liderliyimiz üçün vacib olan səviyyədə deyil”.

 

OECD ölkələrində pandemiyadan sonra şagird nailiyyətlərinin misli görünməmiş azalması müşahidə olunur. Ekspertlər isə qeyd edirlər ki, üç ölçülən sahədə göstəricilərin azalmasını qismən pandemiya ilə izah etmək olar, çünki “oxuma və təbiət elmlərində nəticələr artıq azalırdı, riyaziyyatda mənfi meyillər isə 2018-ci ilə qədər tədqiqat aparılarkən Fransa da daxil olmaqla bir neçə ölkədə nəzərə çarpırdı”.

 

Tədqiqat müəlliflərinin fikrincə, performansın qlobal azalması qismən pandemiya ilə əlaqələndirilə bilər. Buna baxmayaraq, PISA nəticələri qısamüddətə  və uzunmüddətə bağlanan  məktəblər arasında performans baxımından aydın fərqlər göstərmir. PISA-nın direktoru Andreas Şleyxer hesabatın təqdimat mərasimində qeyd edib: “Maraqlısı odur ki, PISA-da pandemiya zamanı belə irəliləyiş əldə edən və öz performansını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilən ölkələr var”. Tədqiqatın müəllifləri qeyd edib ki, yalnız bir neçə OECD ölkəsi 2018-ci ildən 2022-ci ilə qədər bəzi nəticələrini yaxşılaşdıra biliblər, məsələn, Yaponiya - oxu və təbiət, İtaliya, İrlandiya və Latviya isə təbiət elmləri üzrə. Orta hesabla, Yaponiya və Koreyadakı gənclər riyaziyyatda ən yüksək bacarıqlara malikdirlər.  Oxu sahəsində İrlandiya, Yaponiya, Koreya və Estoniya birinci yerdədir. Təbiət elmləri sahəsində ən yaxşı nəticələrə Yaponiya, Koreya, Estoniya və Kanada nail olmuşdur.

 

Avropa ölkələri arasında riyaziyyat üzrə ən yaxşı onluğa daxil olan Estoniya da liderdir. Fransadan başqa, ən kəskin azalma Almaniya və Polşada müşahidə olunub, burada şagirdlərin müvəffəqiyyəti 2018-ci ildə bir yaş kiçik olanlar üçün tipik səviyyədə idi.

 

Asiya Avropadan öndədir

 

Tədqiqatın nəticələrinə görə, Asiya ölkələri PISA-2022-də ən yaxşı nəticəni göstəriblər. Təhsil mütəxəssislərinin fikrincə, Asiya ölkələrindən olan  məktəblilər qlobal savadlılıq reytinqində liderdir. Tədqiqatın nəticələrinə görə Sinqapur liderlik edir. Onun ardınca Makao, Tayvan, Honkonq, Yaponiya və Cənubi Koreya gəlir.   

 

“Biz Asiya ölkələrinin, xüsusən də riyaziyyat sahəsində həqiqətən də lider mövqeyə çıxdığını müşahidə etməyə davam edirik”, - deyə OECD-də təhsil mütəxəssisi Erik Şarbonye izah edir.

 

Tədqiqatda hər 3 sahədə ilk top-5-likdə olan ölkələr:

Riyazi savadlılıq üzrə: Sinqapur - 575; Makao (ÇXR) - 552; Tayvan - 547; Honkonq (ÇXR) - 540; Yaponiya - 536.

Oxu: Sinqapur - 543; Yaponiya - 516; İrlandiya - 516; Koreya - 515; Tayvan - 515.

Təbiət elmləri üzrə: Sinqapur - 561; Yaponiya - 547; Makao (ÇXR) - 543; Tayvan - 537; Koreya - 528.

 

Ayrı -ayrı ölkələrdə PISA dinamikası

 

Türkiyə. Türkiyənin riyaziyyat üzrə orta göstəricisi 453, təbiət elmləri üzrə orta orta göstəricisi 476, oxu üzrə 456 bal olub. Qardaş ölkə məktəbliləri 2018-ci il tədqiqatı ilə müqayisədə bütün ölçmələrdə irəliləyiş əldə ediblər. Sənəddə qeyd olunur ki, “Türkiyə son 20 ildə riyaziyyat sahəsində sabit irəliləyiş əldə edən iki ölkədən biridir”. Təbiət elmləri sahəsində də Türkiyənin göstəriciləri yüksək qiymətləndirilir: “Türkiyə son iyirmi ildə elm sahəsində sabit irəliləyiş əldə edən dörd ölkədən biridir”.

 

Estoniya. PISA testinin nəticələrinə əsasən estoniyalı uşaqlar riyaziyyat, oxu və təbiət elmləri üzrə liderdirlər. Estoniyalı məktəblilər bütün testlərdə OECD üzrə orta səviyyədən daha yaxşı nəticələr göstəriblər. Estoniyada məktəblilərin 85%-i  riyaziyyat testində 2 və daha yüksək səviyyədə olub (OECD üzrə orta hesabla 69%). Estoniyada riyaziyyat üzrə testdə iştirak edənlərin təxminən 13%-i     5-ci və 6-cı səviyyəyə çatıb - yalnız 81 ölkənin və iqtisadiyyatın 16-sında iştirak edən şagirdlərin 10%-dən çoxu bu səviyyəyə çatıb. Oxuma hissəsində şagirdlərin 86%-i 2 və daha yüksək səviyyəni təsdiqləyiblər (OECD üzrə orta göstərici - 74%). 11%-i oxuma baxımından 5 və 6 səviyyələrini alıb (OECD üzrə orta hesabla - 7%).    Təbiət elmlərində Estoniyada şagirdlərin 90%-i 2 və daha yüksək səviyyəyə çatıb. Eyni zamanda, 12%-i 5 və 6 səviyyələrini göstərib, orta hesabla isə OECD üzrə bu şagirdlərin yalnız 7% -i bəhs olunan səviyyəni göstərə bilib...

 

Qazaxıstan. Qazax məktəbliləri təbiət elmləri üzrə göstəriciləri 26 bal artıraraq iştirakçı ölkələr arasında ən yüksək artım göstəriblər, riyaziyyat və oxu üzrə nəticələrini səkkiz OECD ölkəsi ilə eyni səviyyədə saxlaya biliblər.  Bu, Qazaxıstana riyaziyyat və təbiət elmləri  üzrə top-50 ölkələr sırasına daxil olmağa imkan verib. Qazaxıstan  81 ölkə arasında riyaziyyat üzrə 46-cı yeri (2018- ci ildə 54-cü), oxu üzrə 61-ci yeri (2018- ci ildə 69-cu), təbiət elmləri üzrə 49-cu yeri (2018- ci ildə 69-cu) tutub. PISA-2022 yekunlarına əsasən, Qazaxıstanın şəhər və kənd şagirdləri arasında biliklərin keyfiyyətində fərqlərin azalması müşahidə olunur.

 

Almaniya. Alman məktəbliləri 2022-ci il PISA  tədqiqatında əvvəlkindən daha pis nəticələr göstəriblər. Onlar 2019-cu il PISA tədqiqatındakı 500 bal ilə müqayisədə 475 bal toplayıblar. Bu, oxu, riyaziyyat və təbiət elmləri üzrə Almaniya üçün PISA araşdırması tarixində ən aşağı göstəricidir. Almaniyalı deputatlar PISA nəticələrinə əsasən, müəllim çatışmazlığına qarşı mübarizə üzrə səylərini genişləndirmək tələblərini irəli sürüblər. Məhz PISA-nın nəticələri alman təhsil sistemində tədbirlərin görülməsinin zəruriliyini aydın göstərib. Riyaziyyat və oxu bacarıqları sahələrində alman tələbələrin göstəriciləri OECD ölkələrinin orta göstəricisinə yaxın, təbiət elmləri sahəsində isə bir qədər yüksək olub - 492 balla lider Sinqapurdan 69 bal geri qalır. 2012-ci ildə Almaniyanın 524 ballıq zirvəsindən bəri 32 ballıq azalma müşahidə olunub.

 

Müəllim-şagird əlaqələrinin yaxşılaşdırılması

 

PISA tədqiqatı şagirdlər və müəllimlər arasındakı əlaqəni də nəzərə alır. A.Şleyxer bu xüsusda qeyd edir: “Ümumilikdə, biz görürük ki, PISA-da yaxşı nəticə göstərən və hətta təkmilləşmiş ölkələr çox vaxt müəllimlər və tələbələr arasında normal sinifdə tədrisdən kənara çıxan çox güclü əlaqələrə malikdirlər”. A.Şleyxerə görə belə ölkələrdə şagirdlər müəllimlər tərəfindən özlərini yaxşı başa düşüldüklərini, onlara qayğı göstərildiyini, dəstəkləndiyini, eyni zamanda problem olduğunu hiss edirlər. Məsələn, Finlandiyada tələbələrin 30 faizindən çoxu bildirib ki, pandemiya dövründə məktəblərindən kimsə onlarla əlaqə saxlayıb fərdi təhsil üçün faydalı məsləhətlər verib. Bu, OECD ölkələri üzrə orta göstəricidən təxminən iki dəfə çoxdur.

 

Hesabatdan alınacaq dərslər var

 

OECD-nin təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer hesabatdan alınacaq dərslərin olduğunu vurğulayıb: “Təməl struktur amilləri var. Çox güman ki, bunlar bizim təhsil sistemlərimizin daimi xüsusiyyətlərinə çevriləcək ki, siyasətçilər buna ciddi yanaşmalıdırlar”.

 

A.Şleyxer əlavə edib ki, son PISA nəticələri göstərir ki, təhsil sistemləri hər kəs üçün həm yüksək keyfiyyətli öyrənmə, həm də bərabər öyrənmə imkanları təmin edə bilər və onlar akademik mükəmməlliyi şagirdlərin, tələbələrin rifahı hesabına deyil, tələbələrin özlərinin rifahı hesabına dəstəkləyə bilərlər. Eyni zamanda, nəticələr bir çox təhsil sisteminin bu vəzifəni yerinə yetirmədiyini göstərir. Bu nəşrdə bunu dəyişdirmək üçün nə edə biləcəyimizə dair bir çox işarə var. PISA-da iştirak edən ölkələr və iqtisadiyyatlar mədəni cəhətdən müxtəlifdir və iqtisadi inkişafın müxtəlif səviyyələrinə çatıb. Bununla birlikdə, uşaqlara və gənclərə tam potensiallarına çatmaları üçün dəstək olmaq məqsədilə ortaq bir vəzifə daşıyırlar. PISA, ölkələrin bu məsələləri həll etməsi üçün lazım olan faktiki məlumatları və siyasi fikirləri təqdim edir. Təcili tədbirlər görməyə ehtiyac var. Hökumətlərin vəzifəsi təhsil sistemlərinin bu vəzifəni yerinə yetirməsinə kömək etməkdir”.

 

Oruc MUSTAFAYEV