Bu ali məktəbin bir qrup məzunu yeni dərs ilindən doğma universitetdə əmək fəaliyyətinə başlayıb


Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində Bilik günü təntənə ilə qeyd edilib.

 

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə universitetin rektoru, professor Elxan Hüseynov  professor- müəllim, tələbə heyətini, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini 2018-2019-cu tədris ilinin başlanması  və Azərbaycan xalqını Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyi münasibətilə təbrik edib. Rektor bildirib ki, xalqımızın döyüşkənlik ruhu bu gün də yüksəkdir və cənab Ali Baş Komandanın əmri olacağı təqdirdə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdır. Ordumuzun qüdrəti, Ali Baş Komandanın qətiyyəti, xalqımızın ordumuza və rəhbərinə sonsuz inam və sevgisi onu deməyə əsas verir ki,  tezliklə doğma Qarabağımız işğaldan azad olunacaq, əlamətdar günlərimizi orada qeyd edəcəyik.

 

“Bilik günü”nə həsr olunmuş tədbirdə rektor ümummilli lider Heydər Əliyevin strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin elmə, təhsilə göstərdiyi böyük qayğı və diqqətdən söz açıb. Bildirib ki, dünyada siyasi nüfuzu durmadan yüksələn, müntəzəm olaraq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi  tolerant Azərbaycanda təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.

 

Rektor onu da bildirib ki, Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Bir qrup məzunlarımız yeni tədris ilindən laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayacaq.  Bu gün  Prezident cənab İlham Əliyevin apardığı gənclər siyasəti Sumqayıt Dövlət Universitetində davamlı olaraq uğurla həyata keçirilir.

 

Rektor tələbələrə səslənərək onlara bu uğurlarının davamlı olmasını diləyib: “Sizin üçün bu gündən həyatınızın tam yeni mərhələsi, tələbəlik illəri başlayır. Hər birinizin üzərinə böyük məsuliyyət düşür. Tələbəlik illəri nə dərəcədə maraqlı, sevilən, emosional olsa da, bir o qədər məsuliyyətli, vacib illərdir. Bu yolda sizə uğurlar diləyirəm.”

 

Sonra rektor qəbul zamanı yüksək bal toplamış tələbələrin bir qrupuna tələbə bileti və hədiyyələr təqdim edib.

 

Tədbirdə universitetin professoru, Əməkdar müəllim, Ağsaqqallar Şurasının sədri, Prizident təqaüdçüsü Həsən Sadıqov, Mühəndislik  fakültəsinin I kursuna yüksək balla qəbul olmuş Seymur Talıbov, Tarix və coğrafiya fakültəsinin I kursuna qəbul olmuş Aygün Səfərova, Kimya və biologiya fakültəsinin magistratura pilləsinə qəbul olmuş magistrant Arzu Novruzova çıxış edərək   gənclərə göstərilən dövlət qayğısından danışıb,  tələbələrə uğurlar arzulayıblar.

 

Tədbirdə təhsil aldıqları müddətdə universitetin elmi və ictimai həyatında fəallığı ilə seçilən Elşad Əliyev və Çinarə Quluzadə çıxış edərək rektor professor Elxan Hüseynovun əmri ilə işlə təmin olunduqlarına görə dərin təşəkkürlərini bildirib və öz fəaliyyətləri ilə doğma ali məktəbin adını həmişə uca tutacaqlarına söz veriblər.

 

Valideynlər adından Filologiya fakültəsinin I kursuna yüksək balla qəbul olmuş Rəhilə Əhədovanın  atası Rəfail Əhədov çıxış edərək professor-muəllim və tələbə heyətini təbrik edib, onlara muvəffəqiyyətlər arzulayıb.

 

Tədbir universitetin marşı ilə başa çatıb.